Məhkəmə qərarları › İş №2-1(103)-2671/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2671/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2671/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin göndərişin təqdim edildiyi tarixdən müəyyən edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova Asif qızı və X3 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin göndərişin təqdim edildiyi tarixdən müəyyən edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1640/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.

2. İddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Bronxial astma i/a forma, ağır gedişli, tez-tez tutmaları ilə. Mədənin xorası, qanaxma meyilli. TÇ İİ dər. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə. X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri=J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=J45-Astma=J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma.” 1 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Bronxial astma i/a forma, ağır gedişli, tez-tez tutmaları ilə. ÜİX-yi. Qeyri-stabil gərginlik stenokardiyası stent qoyulmasından s/V. Xroniki qastrit. TÇ İİ dər. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə. X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri=J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=J45-Astma=J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma” 1 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-cü il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Bronxial astma i/a forma TÇ. Allergik renit. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə. X2: X Sinif- Tənəffüs sistemi xəstəlikləri= J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri= J45- Astma=J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma” 1 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir.

5. İddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və 5 il müddətlə “Diaqnozun mətni: Bronxial astma i/a forma TÇ. Allergik renit. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə. X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri= J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri= J45-Astma=J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma” 5 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir.

6. İddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-cı il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Bronxial astma qarışıq variant, ağır gedişli. Kəskinləşmə fəzasında. Hormondan asıllıq. Tam nəzarət. Ağciyərlərin emfizeması. Tənəffüs çatmamazlığı İİ dər. Onikibarmaq bağırsağın xora xəstəliyi. ÜİX. Stabil gərginlik stenokardiyası lifs. İnfarkdan sonrakı kardioskleroz. Asteno-nevrotik vəziyyət. Hipertoniya xəstəliyi. İİ dər. X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri=J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=J45-Astma=J45.0- Allergik komponentin üstünlüyü ilə gedən astma”. İmtina: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: “Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı var.”

7. İddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-cı il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma, tez-tez boğulma tutmaları ilə. Hormondan asıllıq. X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri= J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=J45-Astma=J45.8-Qarışıq astma. İmtina: Göndərişin natamam doldurulması - Səbəb “Son 5 il ərzində stasionar müalicəsi haqqında məlumat yoxdur (2021-ci ildən başqa).”

8. İddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-cı il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma tez-tez boğulma tutmaları ilə.Hormondan asılılıq ağır gedişli Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlıgı İİİ dərəcə. Ağırlaşma J43.9 Dəqiqləşdirilməmiş emfizema, Ağ ciyərlərin emfizeması Yanaşı xəstəliklər F48.8 Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Asteno-nevrotik vəziyyət Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, i20.8-ÜİX.İnfarkdan sonrakı kardioskleroz. Yanaşı xəstəliklər K26.4 Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə Onikibarmaq bağırsağın xora xəstəliyi. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mər Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ritm pozğunluğu,ekstrosistolik aritmiya.Stend implantasiyası (2014); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41...;” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

9. İddiaçı əlilliyinin təyinat tarixinin dəyişdirilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş 9 ayın pensiya məbləğinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1964-cü il iyun ayının 08-də Bakı şəhərində anadan olmuşdur. xx.xx.2012-ci il tarixdə ona 2-ci qrup əlilliyə görə təqaüd təyin edilmişdir. 2021-ci il iyun ayında TSEK-dən keçmək üçün Yasamal rayonu 3 saylı poliklinikaya müraciət etmişdir. Sahə həkimi müayinə və müalicə olunması üçün bir aydan sonra xx.xx.2021-ci il tarixdə ona X7 göndəriş vermişdir. Göndərişə əsasən xəstəxanada müayinə və müalicə alıb xx.xx.2021-ci il tarixdə ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı sahə həkiminə təqdim etmişdir. Buna baxmayaraq yalnız yenə də bir aydan sonra xx.xx.2021-ci il tarixdə telefonuna “Əlavə müalicəyə ehtiyac olması səbəbindən əllilik təyinatından imtina edilmişdir” mesajı gəlmişdir. Bununla əlaqədar sahə həkiminə müraciət etmişdir. Yenə də, bir aydan sonra heç bir səbəb olmadan sahə həkimi ona xx.xx.2020-ci il tarixdə “X12 Cinayət Xəstəliklər İnstitutuna” göndəriş vermişdir. Həmin xəstəxanada müayinə və müalicə olunub xx.xx.2021-ci il tarixdən çıxarışı poliklinikaya təqdim etmişdir. Sahə həkimi 3-cü dəfə ona “X10” göndəriş vermişdir. X11 təkrar müayinə və müalicə olunub xx.xx.2021-ci il tarixdə xəstəlik tarixində çıxarışı sahə həkiminə təqdim etmişdir. Yenə də, bir aydan sonra xx.xx.2021-ci il tarixdə telefonuna 2750003AA FPU № göndəriş natamam doldurma səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır mesajı gəlmişdir. Bununla əlaqədar poliklinikaya dəfələrlə müraciət etməsinə baxmayaraq yalnız 3 aydan sonra xx.xx.2022-ci il tarixdə yenə də, telefonuna “2750003 AA FXC № göndəriş natamam doldurma səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır” mesajı gəlmişdir. Bundan sonra məcbur olub “Dost” xidmətinə müraciət etmişdir. Orada ona bildirmişlər ki, bu süründürməçilikdir və DTSEK-yə getməlidir. O da, həmin Komissiyaya müraciət etmişdir. Orada əlliliyi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Bildirir ki, bütün sənədləri 4 ay müddətində səhiyyə müəssisəsinə təqdim etməsinə baxmayaraq, heç bir səbəb olmadan yalnız 9 aydan sonra xx.xx.2022-ci il tarixdə əlliliyi bərpa edilmişdir.

12. Məhkəmənin 2-1(112)-11830/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.

13. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2022-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin, tibb müəssisəsinin göndərişi təqdim etdiyi xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmiş, sonradan iddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma tez-tez boğulma tutmaları ilə.Hormondan asıllıq ağır gedişli Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlıgı İİİ dərəcə. Ağırlaşma J43.9 Dəqiqləşdirilməmiş emfizema, Ag ciyərlərin emfizeması Yanaşı xəstəliklər F48.8 Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Asteno-nevrotik vəziyyət Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, i20.8-ÜİX.İnfarkdan sonrakı kardioskleroz. Yanaşı xəstəliklər K26.4 Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə Onikibarmaq bağırsağın xora xəstəliyi. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mər Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ritm pozğunluğu,ekstrosistolik aritmiya.Stend implantasiyası (2014); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41...;” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1 -ci bəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də, daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdikdən 8 ay keçdikdən sonra qiymətləndirmə əlillik qiymətləndirilməsi nəticəsində yenidən əlillik müəyyən edilmişdir. İddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1640/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin, tibb müəssisəsinin göndərişi təqdim etdiyi xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

16. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdehin apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki halları tam hərtərəfli araşdırılmamış, bununla da prosessual normaların tələbləri pozulmuş, nəticədə qanunsuz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1640/2024 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qanuni qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1640/2024, xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, qərar ləğv edilməli, iddia rədd olunmalıdır.

27. Məhkəmə kollegiyası mübahisələndirilən qərarın ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

28. Mübahisəyə dair işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Bronxial astma i/a forma TÇ. Allergik renit. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə. X2: X Sinif- Tənəffüs sistemi xəstəlikləri= J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri= J45- Astma=J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma” 5 il müddətlə xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir.

29. İddiaçı göndərişlərin məzmunu və diaqnozun eyniliyinə istinadla xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin müəyyən edilməsi haqqında onun barəsində qəbul edilmiş qərarda təyinat tarixinin xx.xx.2021-ci il tarixə dəyişdirilməsini tələb edir.

30. Birinci instansiya məhkəməsi iddianı təmin edərək yekun qərarında ona əsaslanmışdır ki, “iddiaçıya ilk dəfə xx.xx.2012-ci il tarixdə “Bronxial astma i\a forma, ağır gedişli, tez-tez tutmaları ilə. Mədənin xorası, qanaxmaya meyilli. TÇ İİ dər.” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Sonradan eyni diaqnozla əlillik müddəti 1 il və 5 il uzadılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlilliyin müəyyən edilməsi üçün tibb müəssisəsi xx.xx.2021-ci il tarixdə və daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehə müvafiq göndərişləri (088 nömrəli forma) təqdim etmiş, cavabdeh - əlavə müalicəyə ehtiyacı olması, göndərişin natamam doldurulmasıəsasları ilə iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir. Halbuki, daha sonra tibb müəssisəsinin göndərişi əsasında iddiaçının əlillik dərəcəsi təkrar qiymətləndirilərək xx.xx.2022-ci il tarixdə ikinci dərəcəli müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 5 ilə təyin olunmuş əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmiş və eyni diaqnozla iddiaçıya növbəti əlillik müddətsiz olaraq xx.xx.2022-ci ildə müəyyən edilmişdir. İddiaçının tələbi göstərilən maddi hüquq normalarının tələbi baxımından əsaslıdır.”

31. Lakin mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçıya xx.xx.2012ci il tarixdən xx.xx.2021-ci il tarixədək eyni diaqnozla fasilələrlə ikinci dərəcə əlillik təyin edilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-cı il tarixli göndərişi əsasında əsasında iddiaçının əlillik vəziyyəti növbəti dəfə qiymətləndirilərkən cavabdeh tərəfindən ona “əlavə müalicəyə ehtiyacın olması – Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı var.” “səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-cı il tarixli göndərişi əsasında növbəti dəfə iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış və “göndərişin natamam doldurulması - son 5 il ərzində stasionar müalicəsi haqqında məlumat yoxdur (2021-ci ildən başqa).” səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir.

32. İddiaçının əlillik vəziyyətinə sonra Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-cı il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma.teztez boğulma tutmaları ilə.Hormondan asıllıq ağır gedişli Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlıgı İİİ dərəcə. Ağırlaşma J43.9 Dəqiqləşdirilməmiş emfizema, Ağ ciyərlərin emfizeması Yanaşı xəstəliklər F48.8 Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Asteno-nevrotik vəziyyət Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, i20.8-ÜİX.İnfarkdan sonrakı kardioskleroz. Yanaşı xəstəliklər K26.4 Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə Onikibarmaq bağırsağın xora xəstəliyi. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mər Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ritm pozğunluğu,ekstrosistolik aritmiya.Stend implantasiyası (2014); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41...;” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

33. Kollegiya qeyd edir ki, iddiaçının əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmağı, müvafiq sənədlər göndərilməsi iddiaçının avtomatik olaraq ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsinə əsas vermir. Çünki bu halda gəlinmiş nəticə müvafiq inzibati orqanın həyata keçirdiyi kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.

34. Hazırki iş üzrə iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi barədə xx.xx.2022ci il tarixli həmin qərar qüvvədə olduğu halda, məhkəmə yanlış olaraq iddiaçının ötürüİmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçı sonuncu qiymətləndirməyə qədər müvafiq inzibati orqanın əlilliyin təyini ilə bağlı Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-cı il tarixli və xx.xx.2021-cı il tarixli göndərişləri əsasında qəbul edilmiş əlverişsiz inzibati aktlarını mübahisələndirməmişdir.

35. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda 6 aylıq müddət imperativ tələb olmaqla birbaşa tənzimlənmiş, müddətin buraxılmasının üzrlü hesab edilməsi şərtləri isə nəzərdə tutulmamışdır. Buna görə də müddətin iddiaçıdan asılı olmayan səbəblərdən ötürülməsi belə özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və iddiaçının qeydşərtsiz həmin ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsinə səbəb olmur.

36. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi sonuncu təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 9 ay 9 gündən çox (xx.xx.2021ci ildə bitmiş) müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsindən cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir.

37. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.

38. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında da hüquqi mövqe bu cür olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-864/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı).

39. Kollegiya vurğulamışdır ki: ”... Nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. 31. Hazırkı mübahisəyə münasibətdə iddiaçı ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərarın mübahisələndirilməsi və əlilliyin ilk göndəriş əsasında müəyyən edilməsi barədə cavabdehə qarşı iddia qaldırmaq hüququndan istifadə edə bilərdi. Lakin iddiaçı qeyd olunan hüquqi müdafiə imkanından yararlanmamışdır və bunun neqativ nəticələri onun məsuliyyət sferasına aid olunmalıdır.”

40. Göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə birinci instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

41. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1640/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin göndərişin təqdim edildiyi tarixdən müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar