Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2672/2023 14.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 0.016 ha torpaq sahəsində İddiaçı tərəfindən iki mərtəbəli, ümumi sahəsi 280.0 kv.m olan fərdi yaşayış evi inşa olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilən çıxarışa və torpaq sahəsinin plan və ölçüsünə dair sənədə əsasən xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsidir. İddiaçı ünvan 2 ünvanda yerləşən 0.016 ha torpaq sahəsində İddiaçı tərəfindən iki mərtəbəli, ümumi sahəsi 280.0 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********72 nömrəli məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi yaşayış binasından 8.2 metr məsafədə yerləşir. Həmçinin, qeyd olunmuşdur ki, fərdi yaşayış evində təmir tikinti işləri tam başa çatdırılmamışdır. Lakin, göründüyü kimi, cavabdehin imtina əsası tamamilə qanunsuz və əsassızdır. İlkin olaraq nəzərə alınmalıdır ki, cavabdehin məktubundan göründüyü kimi cavabdeh qurumun əməkdaşları əsassız olaraq təmir tikinti işlərinin başa çatdırılmamasını və yaşayış binasından 8.2 metr məsafədə yerləşməsini Nazirlər Kabinetinin müvafiq qərarına istinad etməklə əsaslandırmışdırlar. Halbuki sözü gedən mənzildə təmir tikinti işləri başa çatdırılmış və Nizami rayon İcra Hakimiyyətinə tikinti barədə “məlumatlandırma icraatı” qaydasında ərizə ilə müraciət olunmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş,Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 1 D saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4də yerləşən ümumi sahəsi 0.016 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüquqları xx.xx.2015-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********68 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasındadır. - eskiz layihənin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" MMC tərəfindən işlənib hazırlanmışdır - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş AA 074442 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 4də yerləşən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. - iddiaçı tərəfindən Nizami rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizədən və poçt qəbzindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında bildirmişdir ki, mülkiyyətində (istifadəsində) olan 0.016 ha torpaq sahəsində Nizami rayonu, Nəsimi küçəsi, 1 D saylı sahə ünvanında yerləşən sahəsi 280 kv.m, hündürlüyü 10.8 kv.m, mərtəbəliliyi 2 olan fərdi yaşayış (bağ) evini inşa etmişdir. Ərizəyə xx.xx.2022-ci il tarixli poçt qəbzi əlavə edilmişdir. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********72 nömrəli “Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktubun surətindən görünür ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan ünvanda inşa edilmiş fərdi yaşayış evi yaşayış binasından 8.2 kv.m məsafədə yerləşir. Odur ki, Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaları” nəzərə alınmamışdır. Bundan əlavə, qeyd olunan fərdi yaşayış evində təmir-tikinti işləri tam başa çatdırılmamışdır - "xxxx" MMC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Fərdi yaşayış evinin texniki göstəricilərini müəyyən etmək üçün dəqiqləşdirmə hesabatı”- nın surətindən görünür ki, İddiaçı məxsus ünvan 6 ünvanında mülkiyyətdə olan 0.016 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki göstəricilərinin naturada uyğunluğunu müəyyən etmək üçün tədqiqat işi "xxxx" MMCnin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Fərdi yaşayış evinin ümumi xarakteristikası və parametrləri – 2 mərtəbə və mansarddan ibarət fərdi yaşayış evi, ümumi sahəsi 380.70 kv.m. Aparılmış tədqiqat işlərinin nəticəsi aşağıdakı kimidir: fərdi yaşayış evinə baxış keçirilmiş və təqdim olunmuş layihə üzrə natura ölçüləri yoxlanılmışdır. Mövcud tikilinin layihəsi ilə natura ölçülərində heç bir kənaraçıxma aşkar edilməmişdir. Fərdi yaşayış evi 2 (iki) mərtəbə və mansarddan ibarətdir: 1-ci mərtəbənin ümumi sahəsi 130.10 kv.m; 2-ci mərtəbənin ümumi sahəsi 134.60 kv.m, mansardın ümumi sahəsi 116.0 kv.m təşkil edir. Cəmi ümumi sahəsi 380.7 kv.m, yaşayış shaəsi 46.20 kv.m təşkil edir. Hazırkı iş üzrə birinci instanisya iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin hallarından görünür ki, ünvan 4də, yaşayış məntəqələrinin torpaqları kateqoriyasında yerləşən ümumi sahəsi 0.016 ha olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. İnşa edilmiş fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli məlumatlandırma icraatı qaydasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə təqdim edilmiş, sonuncu tərəfindən hər hansı bir etiraz bildirilməmişdir. İddiaçı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim edərək, mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü, torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşməsi mübahisələndirilməmişdir. Cavabdehin imtinasının əsası kimi elektron kadastr məlumatlarına əsasən qeyd olunan ünvanda inşa edilmiş fərdi yaşayış evinin yaşayış binasından 8.2 metr məsafədə yerləşməsinə, ara məsafəsi ilə bağlı müfəssəl qaydaların nəzərə alınmaması təşkil etmişdir. Sonradan cavabdeh İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilən yerli baxış zamanı fərdi yaşayış evinin yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsinin 46.2 kv.metr təşkil etsə də, faktiki 147.6 kv.metr, köməkçi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 334.5 kv.metr təşkil etsə də, faktiki 150.6 kv.metr təşkil etməsini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, mütəxəssis rəyindən göründüyü kimi, fərdi yaşayış evinə baxış keçirilmiş, təqdim olunmuş layihə üzrə natura ölçüləri yoxlanılmış, mövcud tikilinin layihəsi ilə natura ölçülərində heç bir kənaraçıxma aşkar edilməmiş, fərdi yaşayış evi 2 (iki) mərtəbə və mansarddan ibarət olması: 1-ci mərtəbənin ümumi sahəsi 130.10 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 134.60 kv.m, mansardın ümumi sahəsi 116.0 kv.m təşkil etməsi, cəmi ümumi sahəsi 380.7 kv.m, yaşayış sahəsinin 46.20 kv.m təşkil etməsi, ümumilikdə fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Normalarına uyğun inşa edilməsi və yaşayışa yararlı olması müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş, təqdim olunmuş layihəyə dair hər hansı bir irad sifarişçiyə təqdim edilməmişdir Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir Göründüyü kimi yuxarıda qeyd edilən qanunvericiliyin normalarında müəyyən edilmiş müvafiq icra hakimiyyəti olan inzibati orqan tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına müvafiq surətdə araşdırılmasa belə, iddiaçı tərəfindən artıq sözügedən fərdi yaşayış evi tam həcmdə inşa edilmiş, belə olan təqdirdə həmin səhvin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməz olardı. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2672/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2672/2023
14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver