Məhkəmə qərarları › İş №2-1(103)-2672/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2672/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2672/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrdən çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrdən çıxarışın verilməsi” barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3689/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Bakı şəhəri Nəsimi rayon VVAqD Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 130702 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X3 16 aprel 2005ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci il in may ayının 23-ü günündə 404 nömrə ilə qeyd edilmişdir.

2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 107 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, S.Salayev küçəsi, 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilində yaşayan İddiaçı ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzilə dair onunla icarə müqaviləsi bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Nəsimi rayonu, S.Salayev küçəsi, 35 nömrəli ev 4 otaqlı yaşayış sahəsi, 46.4 kv.m olan 21 nömrəli mənzilinin icarədarı vətəndaş İddiaçı anası X3 olmuş və xx.xx.2005-ci ildə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda həmin mənzildə İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) 1993-cü ildən qeydiyyatda olmaqla yaşayır. Vətəndaşın müraciətinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.2-ci və 81.2-ci maddələrinə əsasən: 1. Nəsimi rayonu, S.Salayev küçəsi 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilinin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. 2. 59 saylı MKİS-də vətəndaş İddiaçı adına 1 nəfər ailə tərkibi ilə (özü) şəxsi hesab vərəqəsi açılması qərara alınmışdır.

3. 59 saylı Mənzil Kommunal İstismarı Sahəsi ilə İddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilinə dair xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi bağlanılmışdır.

4. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı xx.xx.2019cu il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

5. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 12 dekabr 2024-cü il tarixli, 5-15/2-1623/2024 nömrəli məktubla mənzilin icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 1047 nömrəli sərəncamı və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-2592/2024 nömrəli məktubla bildirlmişdir ki, Nəsimi rayon İH-nin arxiv fondu üzrə xx.xx.2020-ci il tarixli, 170 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-212-3-30/2-3002/2025 nömrəli məktubla ünvan 3 ünvanının İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 29 ünvanında yerləşən 5 saylı mənzil Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 538 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əvəzsiz qaydada İddiaçı mülkiyyətinə verilmişdir.

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-A-0641-8/222 **********00 nömrəli məktubla imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 35 nömrəli evin, 21 nömrəli mənzilinin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 107 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilinin icarə müqaviləsinin onunla bağlanması qərara alınmış və mənzilin icarədarı hesab edilmişdir. Sərəncamın təsviri hissəsində də, qeyd edildiyi kimi, həmin mənzilin icarədarı onun anası X3 olmuş və xx.xx.2005-ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Hazırda həmin mənzildə İddiaçı 1 nəfər ailə tərkibi ilə 1993-cü ildən qeydiyyatda olmaqla yaşayır. Anası öldükdən sonra onunla Nəsimi rayon İcra Hakimiyyəti arasında həmin mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı 20 ildən artıq müddətdə istifadə etdiyi və anasının adına ayrılmaqla ölümündən sonra ona qalan mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. İddiaçı mənzil üzərində mülkiyyət hüquqarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin, müraciətlərinə heç bir cavab verilməmiş, mənzilə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir hərəkət aparılmamışdır. Odur ki, cavabdeh inzibati orqanın hərəkətsizliyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

11. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 35 saylı evin, 21 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 107 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 60.2 kv.m olmaqla iddiaçı tərəfindən təqdim edilmiş sxem ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 29 saylı evin, 5 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına qeydiyyata alındığı müəyyən edilmişdir. Nəzərə çatdırırlar ki, iddiaçının İdarəyə əvvəlki müraciətləri zamanı qeyd olunan mənzilə dair təqdim etdiyi 042378 saylı, xx.xx.1993-cü il tarixli order və orderə əsas olmuş Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 118/3 saylı sərəncamı ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 656/d saylı, xx.xx.2021-ci il tarixli sərəncamı rayon İcra Hakimiyyətində aşkar olunmadığından orderə münasibət bildirilməsi mümükn olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-01284-2021 saylı, xx.xx.2021ci il tarixli məktubu ilə sorğuya cavab olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 1993-cü il tarixli, 118/3 saylı sərəncamının Dövlət Arxivinin Bakı Filialında mövcud olduğunu, lakin qeyd olunan sərəncamın tarixinin xx.xx.1993-cü il deyil, xx.xx.1993-cü il tarixli olmaqla İddiaçı və X3 barəsində hər hansı məlumatın olmadığı bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, 042378 saylı, xx.xx.1993-cü il tarixli order və ona əsas olmuş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 118/3 saylı, xx.xx.1993-cü il tarixli sərəncamı arxivdə aşkar olunmadığından ərizəyə əlavə edilən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci iltarixli, 107 saylı sərəncamına əsasən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması mümkün olmamışdır.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3689/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, artıq bir dəfə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci və 7-ci maddələri ilə oan verilmiş hüququndan (dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək) istifadə etdiyi üçün, onun hazırda mübahisələndirilən mənzili əvəzsiz özəlləşdirmək hüququ istisna olunur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyəti başçısının ünvan 5 ünvanında yerləşən 21 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamı iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə bilə və bu baxımdan dəyərləndirilə bilməz.

15. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3689/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, ilk dəfə dövlət mənzil fondundan mənə ayrılmış mənzil mənim adıma özəlləşdirilsə də, hazırda iddianın predmeti olan mənzil mərhum anamın adına ayrılmış, mən də həmin mənzildə onun qayğısına qalmaqla onunla birlikdə yaşamışam. Hazırda da həmin mənzil üzrə mənimlə kirayə müqaviləsi bağlanmışdır. Həmçinin, qeyd edirəm ki, oxşar mübahisə ilə bağlı Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3 ulduzlu qərarı qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, "qeyd olunan səbəbdən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusən həmin Qanunun 7ci maddəsi sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, istinad olunan həmin normaya görə, əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət yalnız dövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur. Bundan əlavə, həmçinin nəzərə almaq lazımdır ki, mənzilin ayrıldığı zaman iddiaçı ilə mənzilə dair sosial kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmamış, eləcə də mənzilin həmin məqsədlərlə ayrıldığı hər hansı şəkildə rəsmiləşdirilməmişdir və bunun üzərindən mənzilin qeyd-şərtsiz onun mülkiyyətinə verilməsinə dair iddiaçıda qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ da nəzərə alınmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun

Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

30. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2-1(112)-3689/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

31. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir

32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 5 ünvanında yerləşən 21 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir

33. İş materialına əsasən Bakı şəhəri Nəsimi rayon VVAqD Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 130702 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X3 16 aprel 2005-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci il in may ayının 23-ü günündə 404 nömrə ilə qeyd edilmişdir.

34. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 107 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, S.Salayev küçəsi, 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilində yaşayan İddiaçı ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzilə dair onunla icarə müqaviləsi bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Nəsimi rayonu, S.Salayev küçəsi, 35 nömrəli ev 4 otaqlı yaşayış sahəsi, 46.4 kv.m olan 21 nömrəli mənzilinin icarədarı vətəndaş İddiaçı anası X3 olmuş və xx.xx.2005-ci ildə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda həmin mənzildə İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) 1993-cü ildən qeydiyyatda olmaqla yaşayır. Vətəndaşın müraciətinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.2-ci və 81.2-ci maddələrinə əsasən: 1. Nəsimi rayonu, S.Salayev küçəsi 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilinin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. 2. 59 saylı MKİS-də vətəndaş İddiaçı adına 1 nəfər ailə tərkibi ilə (özü) şəxsi hesab vərəqəsi açılması qərara alınmışdır.

35. 59 saylı Mənzil Kommunal İstismarı Sahəsi ilə İddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilinə dair xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi bağlanılmışdır.

36. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı xx.xx.2019cu il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

37. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 12 dekabr 2024-cü il tarixli, 5-15/2-1623/2024 nömrəli məktubla mənzilin icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 1047 nömrəli sərəncamı və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.

38. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-2592/2024 nömrəli məktubla bildirlmişdir ki, Nəsimi rayon İH-nin arxiv fondu üzrə xx.xx.2020-ci il tarixli, 170 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

39. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 212-3-30/2-3002/2025 nömrəli məktubla ünvan 3 ünvanının İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 29 ünvanında yerləşən 5 saylı mənzil Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 538 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əvəzsiz qaydada İddiaçı mülkiyyətinə verilmişdir.

40. İddiaçı həmin sərəncama əsasən ona ayrılmış mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-A-0641- 8/222 **********00 nömrəli məktubla imtina edilmişdir.

41. Cavabdeh tərəfindən imtinanın və iddia ərizəsinə qarşı məhkəməyə təqdim edilmiş etirazın əsaslarında göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 35 saylı evin, 21 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 107 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 60.2 kv.m olmaqla iddiaçı tərəfindən təqdim edilmiş sxem ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 29 saylı evin, 5 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına qeydiyyata alındığı müəyyən edilmişdir. Nəzərə çatdırırlar ki, iddiaçının İdarəyə əvvəlki müraciətləri zamanı qeyd olunan mənzilə dair təqdim etdiyi 042378 saylı, xx.xx.1993-cü il tarixli order və orderə əsas olmuş Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 118/3 saylı sərəncamı ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 656/d saylı, xx.xx.2021-ci il tarixli sərəncamı rayon İcra Hakimiyyətində aşkar olunmadığından orderə münasibət bildirilməsi mümükn olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-01284-2021 saylı, xx.xx.2021ci il tarixli məktubu ilə sorğuya cavab olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 1993-cü il tarixli, 118/3 saylı sərəncamının Dövlət Arxivinin Bakı Filialında mövcud olduğunu, lakin qeyd olunan sərəncamın tarixinin xx.xx.1993-cü il deyil, xx.xx.1993-cü il tarixli olmaqla İddiaçı və X3 barəsində hər hansı məumatın olmadığı bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, 042378 saylı, xx.xx.1993-cü il tarixli order və ona əsas olmuş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 118/3 saylı, xx.xx.1993-cü il tarixli sərəncamı arxivdə aşkar olunmadığından ərizəyə əlavə edilən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci iltarixli, 107 saylı sərəncamına əsasən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması mümkün olmamışdır.

42. İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu hər hansı səlahiyyətli orqan tərəfindən mübahisələndirilmədiyi halda, ona imtina cavabı verilmişdir.

43. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə (48-108-ci maddələrə) əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.

44. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.

45. Kollegiya qeyd edir ki, iddiaçıya verilmiş mənzil sosial təyinatlı olmadığından, hazırkı iddia tələbinə qiymət verilərkən cavabdeh orqanın yuxarıda qeyd edilən maddi hüquq normalarına istinadı düzgün deyildir.

46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

47. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının iddiası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd deyildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

48. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

49. Mənzil Məcəllənin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

50. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

51. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, artıq bir dəfə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci və 7-ci maddələri ilə oan verilmiş hüququndan (dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək) istifadə etdiyi üçün, onun hazırda mübahisələndirilən mənzili əvəzsiz özəlləşdirmək hüququ istisna olunur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyəti başçısının ünvan 5 ünvanında yerləşən 21 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamı iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə bilə və bu baxımdan dəyərləndirilə bilməz.

52. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmamasının hüquqi əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir.

53. Qeyd olunan səbəbdən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusən həmin Qanunun 7-ci maddəsi sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, istinad olunan həmin normaya görə, əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət yalnız dövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur.

54. Həmçinin, nəzərə almaq lazımdır ki, mənzilin ayrıldığı zaman iddiaçı ilə mənzilə dair sosial kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmamış, eləcə də mənzilin həmin məqsədlərlə ayrıldığı hər hansı şəkildə rəsmiləşdirilməmişdir və bunun üzərindən mənzilin qeyd-şərtsiz onun mülkiyyətinə verilməsinə dair iddiaçının anasının qanuni gözləntilər yaranmış və həmin gözlənti də vərəsəlik qaydasında iddiaçıya keçmişdir. Belə hallarda iddiaçının etimad hüququ da nəzərə alınmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir.

55. Eyni zamanda yuxarıda qeyd edilənləri nəzərə aldıqda iddiaçının anası X2 mənzilin ayrıldığından və o, həmin mənzili özəlləşdirmək hüququnu özündə saxladığından, yəni mənzilə dair qanuni gözlənti hüququ olduğundan sözügedən mənzil ayrıldıqdan sonra artıq dövlət mənzil fondunun hesabından çıxmışdır.

56. Belə ki, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

57. Məhkəmə kollegiyası qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

58. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməsi, iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol vermişdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli 3 ulduzla işarələnmiş qərarında qeyd edilmişdir ki, İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.

61. Həmçinin Kollegiya qeyd edir ki, iddiaçının anası X3 ölmədən sözügedən mənzilə dair mülkiyyət hüququnu qeydə alınmasına nail olsa idi, hazırkı halda iddiaçı vərəsəlik hüququ əsasında mənzilə dair mülkiyyət hüququnu qeydə aldırmış olacaqdı. Eyni zamanda iş materiallarında göründüyü kimi, mənzil icarə müqaviləsinin bağlanması barədə Nəsimi Rayon İcra Hakimiyyətinin 107 nömrəli, 28 avqust 2020-ci il tarixli Sərəncamı hazırkı hüquq münasibətlərində hüquq müəyyənedici sənəd statusundadır. Hansı ki, həmin hüquq müəyyənedici sənəd hazırda qüvvədədir və ləğv edilməmişdir.

62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilənlər nəzərə alınaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 107 nömrəli, 28 avqust 2020-ci il tarixli Sərəncamına əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə ünvan 5, yaşayış sahəsi 46,4 kv.m. olan 4 otaqlı, 21 saylı mənzili verildiyindən, həmin mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı mövcud olduğundan, iddiaçının anası X2 mənzilin ayrıldığından və o, həmin mənzili özəlləşdirmək hüququnu özündə saxladığından, yəni mənzilə dair qanuni gözlənti hüququ olduğundan və iddiaçı anasının vərəsəsi olduğundan sözügedən mənzil artıq dövlət mənzil fondu hesabında olmadığından mənzil ayrıldıqdan sonra artıq dövlət mənzil fondunda olmadığından mənzilin özəlləşdirilməsi «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmadığından qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Bakı İnzibati Məhkəmsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 3689/2025 nömrəli qərarı ləğv edilməli, qeyd edilən əsaslardan irəli gələrək iddia təmin edilməli və ünvan 5, mənzil 21-ə İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3689/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan 5, mənzil 21-ə İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar