Məhkəmə qərarları › İş №2-1(103)-2673/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2673/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2673/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4613/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (3-cü şəxs "xxxx" (Azərbaycan) ASC) işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Bank VTB (Azərbaycan)” ASC-dən götürdüyü kreditlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq kredit borcunun restrukturizasiya tətbiq edilməli fiziki şəxslərin siyahısına daxil edilməsi və artıq ödənilmiş vəsaitin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4613/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" (Azərbaycan) ASC ilə İddiaçı arasında 125657CNS-4996 nömrəli, xx.xx.2014-cü il tarixli nağd pul kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı illik 20 % dərəcəsi ilə 3 il (36 ay) müddətinə İddiaçı 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında həmin kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşma imzalanmışdır. Sözügedən razılaşmaya əsasən, kredit alanın banka 23 iyul 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 6796.00 ABŞ dolları məbləğdə müəyyən edilmiş, razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və 23 iyul 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 20 % ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında xx.xx.2016-cı il tarixdə 125657-1-17845 nömrəli nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma imzalanmışdır. Sözügedən razılaşmaya əsasən, kredit alanın banka 04 iyul 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 6360.00 USD məbləğdə müəyyən edilmiş, hazırki razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 50 ay müddəti ərzində istifadə etməyi və 04 aprel 2020-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 20 % ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1431/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması tələbinə dair iddia qismən təmin edilərək, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 29 may 2014-cü il tarixli, 125657- CNS4996 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən 5353,51 ABŞ dolları məbləğində əsas borc, 562.43 ABŞ dolları məbləğində faiz borcu, 97.73 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6013.67 ABŞ dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), habelə 29 may 2014-cü il tarixli, 125657-1-11226 saylı kredit xətti müqaviləsinə əsasən 1768.71 manat məbləğində əsas borc, 290.70 manat məbləğində faiz borcu, 25.20 manat məbləğində cərimə olmaqla, cəmi 2084.6 manat məbləğində borc və 30 manat dövlər rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, 2014-2021-ci ilə kimi o banka ümumilikdə 16000 min manatdan çox pul ödəməsinə baxmayaraq hazırki vaxta kimi bank onun əmək haqqından ödəmələr tutmaqda davam edir. Baxmayaraq ki, onun banka olan borcu çoxdan bağlanmalı idi. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən 2014-cü ildən onun banka yaranmış “Kredit borcuna görə restrukturizasiya tətbiq edilməsi və artıq ödənilmiş vəsaitin qaytarılması” tətbiq edilməli idi. Lakin, bank sözügedən Fərmandan irəli gələn halları nəzərə almamışdır. Artıq o, iki ildir dəfələrlə həm banka, həm Mərkəzi Banka, həm də digər orqanlara müraciət etməsinə baxmayaraq, lakin bu vaxta kimi onun götürdüyü kreditin restrukturizasiyası tətbiq edilmir və əmək haqqından kredit borcunun tutulması davam etdirilir. Belə ki, o, cavabdehə müraciət edərək, onun “Bank VTB (Azərbaycan)” ASC-yə xarici valyutada ABŞ dolları olan kredit borcunun “Kredit borcuna görə restrukturizasiya tətbiq edilməsini xahiş etmişdir. Sonradan bankın öz saytına yerləşdiydirdiyi cavabında ona bildirilmişdir ki, onun krediti üzrə 3871.77 məbləği həddində restrukturizasiya məbləği müəyyən edilmişdir. Bununla əlaqədar, o, ərizə ilə “Bank VTB (Azərbaycan)” ASC-yə müraciət edərək, onun kredit borcuna Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən 2014-cü ildən onun Banka yaranmış “Kredit borcuna görə restrukturizasiya tətbiq edilməsi və artıq ödənilmiş vəsaitin qaytarılması” tətbiq edilməsini xahiş etmişdir. Lakin, “Bank VTB (Azərbaycan)” ASC-nin xx.xx.2021-ci il tarixli, 4943 nömrəli cavab məktubunda yalan yazaraq guya onun kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən onun banka yaranmış “Kredit borcuna görə restrukturizasiya tətbiq edilmədiyini qeyd edir və məktubun sonunda onu icra məmurunun adı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə hədələyir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıl əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MRK) məlumat bazasına əsasən, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. “Bank VTB (Azərbaycan)” ASC tərəfindən təqdim edilmiş məlumatlarla MKR-ə ötürülmüş məlumatlar arasında uyğunsuzluq olduğu üçün ilkin mərhələdə iddiaçının adı Fərmanın təsiri dairəsinə düşməmişdir. Bununla bağlı iddiaçının müvafiq qaydada müraciəti əsasında yenidən araşdırma aparılmış və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən təqdim edilmiş iş materiallarına əsasən ona cəmi 6093,25 manat kompensasiya hesablanmışdır. Ötən ilin dekabr ayında sözügedən kompensasiya məbləği Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-də olan hesbaına köçürülmüşdür. Bu zaman Fərmanın 2-ci hissəsinin tələbləri nəzərə alınmaqla, hesablanmış bu kompensasiya məbləği iddiaçını ödəniş müddəti keçmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə borcların proporsional qaydada ödənilməsinə yönəldilmişdir. Belə ki, birinci müqavilə üzrə borca 882,04 manat kompensasiya yönəldikdən sonra həmin müqavilə üzrə 359,86 manat əsas borc, ikinci müqavilə üzrə borca 5209,20 manat kompensasiya yönəldikdən sonra isə 283,32 ABŞ dolları əsas borc qalmışdır. “Fiziki şəxslərin xarici valyutarada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanın - 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; -3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; -7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır;

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: - 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin tapşırığın icra edilməsi nəticəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 27 mart 2019-cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. 6.2. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. 6.3. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. 6.6. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. 6.7. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. 6.8. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. 6.9. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. 6.15. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 2019-cu il 28 noyabr 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının qanunlarına maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. İşin hallarından müəyyən edilir ki, 2020-ci ilin dekabr ayında sözügedən kredit müqavilələri və ona əlavə edilmiş razılaşmalarda nəzərdə tutulmuş borc məbləği üzrə kompensasiya məbləği Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-də olan hesabına köçürülmüşdür. Həmin məbləğin iddiaçının ödəniş müddəti keçmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə borclarından proporsional qaydada ödənilməsinə yönəldilib-yönəldilməməsi isə hazırki mübahisənin predmetini təşkil etmir. Belə ki, hazırki iş üzrə cavabdeh “Bank VTB (Azərbaycan)” ASC deyil, Azərbaycan Respublikası Mərkəzi Bankıdır və o, həmin məsələnin həyata keçirilməsi vəzifəsini daşımır. Məhkəmə iclasında da iddiaçı bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən onun hesabına pul köçürülmüş, lakin “Bank VTB (Azərbaycan)” ASC tərəfindən borca yönəldilmə həyata keçirilməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.13-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq, iddiaçı tərəfindən sözügedən müddətədək kredit müqaviləsinin restrukturizasiyası məsələsinə baxılması ilə bağlı müraciət edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4613/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar