Məhkəmə qərarları › İş №2-1(103)-2673/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2673/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2673/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “pensiyanın yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-656/2023 saylı 02 mart 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1945-ci il təvəllüdlüdür. İddiaçıya məxsus NZ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli hərbi biletdən görünür ki, o, 1964-1967-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1969-cu il tarili əmək kitabçasından görünür ki, o, müxtəlif dövrlərdə müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Savalan” kooperativində sədr vəzifəsində çalışmışdır. İddiaçıya məxsus 055059 saylı pensiya işinin materiallarından görünür ki, ona xx.xx.2007-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin bu zaman iddiaçının xx.xx.1991-xx.xx.1998-ci illərdə “Savalan” kooperativində işlədiyi müddət kooperativin hüquqi ünvanı məlum olmadığından həmin müddətin yoxlanılması da mümkün olmadığı üçün onun sığorta stajına daxil edilməmiş və buna görə də həmin müddət iddiaçıya pensiya hesablanarkən nəzərə alınmamışdır. Bununla bağlı cavabdeh qurumun apardığı hesablamalarla razılaşmayan iddiaçı pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzbati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, ona xx.xx.2006-cı ilədək 23 il 5 ay stajı nəzərə alınmaqla keçmiş dövr üçün yaranmış 202.86 manat fərq məbləğinin ödənişi xx.xx.2021-ci il tarixinə təmin edilmişdir. Beləliklə, iddiaçının tələbinin təmin olunmasından cavabdeh qurum imtina etmişdir. Bundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “1991-1998-ci illər üzrə işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1945-ci il tarixdə Lerik rayonunda doğulmuşdur. 25 noyabr 1964-cü il tarixdən 10 oktyabr 1967-cı il tarixədək hərbi xidmətdə olmuş, 6 fevral 1968-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 2007-ci ildə pensiya yaşı çatdığı üçün Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Sosial Təminat Şöbəsinə müraciət etmişdir. Əmək kitabçasında 30 ildən artıq əmək fəaliyyəti olduğu halda ona stajı 23 il 5 ay hesablanaraq əmək pensiyası təyin edilmişdir. Bundan razı qalmadığını bildirsə də, ona “Savalan” Kooperativində işlədiyi dövrün sığorta stajına daxil olunmadığı bildirilmişdir. Lakin iddiaçı vaxtilə 26 dekabr 1990-cı il tarixli 326 nömrəli sərəncamla Abşeron rayonu ərazisində 50 il müddətinə torpaq istifadəyə götürülməklə “Savalan” Kooperativini təsis etmiş və bununla əlaqədar 24 fevral 1991-ci il tarixdə 112 nömrəli Texniki Peşə Məktəbində müəllim vəzifəsindən azad olunmuş, kooperativdə fəaliyyətə başlamışdır. Beləliklə, 1991-cı ildən 1998-ci ilədək “Savalan” Kooperativi fəaliyyət göstərmişdir. Kooperativin fəaliyyəti ilə bağlı Binə qəsəbəsində yerləşən Donuzkökəltmə Sovxozundan torpaq sahəsi icarəyə götürülmüşdür. 1998 – 2007-ci illərdə işləməmiş və sonradan 2007-ci ildə ona əmək pensiyası təyin olunmuşdur. Beləliklə, onun 1991-ci ilədək 23 il 5 ay stajı olmuşdur, 1991 – 1998-ci illərdə isə 7 il stajı toplandığından, ümumilikdə 30 il 5 ay staja malikdir. 23 il 5 ay pensiya stajı nəzərə alındığından, 25 illik əmək stajı toplanmadığından, 85 faizlə pensiya təyin olunmuşdur. 2006 – 2010-cu illərdə qulluqçulara 85 faizlə pensiya təyin olunurdu. O da həmin ərəfədə, yəni 2007-ci ildə pensiyaya çıxmışdır. O, “Savalan” Kooperativinin sədri olmuş və 6 nəfər ailə üzvləri ilə birlikdə bu qurumda işləmişdir. 290 – 400 ay əmək haqqı almışlar. 6 nəfərin əmək haqqının 1 faizi 7 ildə pensiya fonduna köçürülmüşdür. Həmin şəxslərdən yalnız onun əmək kitabçasında 7 il üzrə qeydlər var. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 6 may 2021-ci il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, lakin “Savalan” Kooperativinin hüquqi ünvanı məlum olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilərək yenidən hesablanması mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Belə ki, İddiaçı 24 fevrak 1991-ci il tarixdən 5 yanvar 1998-ci il tarixədək “Savalan” Kooperativində işlədiyi müddət mübahisələndirilən sosial sığorta stajıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçının təqdim etdiyi hərbi biletə əsasən 25 noyabr 1964cü il tarixdən 10 oktyabr 1967-ci il tarixədək 2 il 10 ay 15 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən 25 yanvar 1968-ci il tarixdən 1 yanvar 1969-cu il tarixədək, 13 may 1969-cu il tarixdən 30 iyun 1978-ci il tarixədək, 6 oktyabr 1978-ci il tarixdən 25 yanvar 1979-cu il tarixədək, 12 may 1979-cu il tarixdən 23 noyabr 1979-cu il tarixədək, 21 may 1980-ci il tarixdən 12 may 1981-ci il tarixədək, 22 iyun 1981-ci il tarixdən 12 oktyabr 1982-ci il tarixədək, 16 mart 1983-cü il tarixdən 1 aprel 1983-cü il tarixədək, 7 sentyabr 1983-cü il tarixdən 26 noyabr 1983-cü il tarixədək və 2 yanvar 1984cü il tarixdən 23 fevral 1991-ci il tarixədək 20 il 6 ay 29 gün əmək fəaliyyəti dövrü daxil olmaqla onun 1 yanvar 2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 23 il 5 ay 14 gün təşkil edir. Onun 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçıya 25 sentyabr 2007-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “Savalan” Kooperativinin hüquqi ünvanı məlum olmadığından, onun 24 fevral 1991-ci il tarixdən 5 yanvar 1998-ci il tarixədək adıçəkilən qurumda işlədiyi müddətin yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya 16 avqust 2022-ci il tarixli **********4 nömrəli cavab məktubunda “Savalan” Kooperativinə aid hesabat məlumatlarının təhvil verilmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq hesab olunmur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-656/2023 saylı 02 mart 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı “Savalan” Kooperativində işlədiyi 22 iyul 1994cü il tarixdən 5 yanvar 1998-ci il tarixədək olan müddət sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə yaranmış fərq məbləğinin müraciət etdiyi 6 may 2021-ci il tarixdən əvvəlki son üç ilə aid hissəsinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın dəyişdirilməsi, onun “Savalan” Kooperativində işlədiyi 22 iyul 1991-ci il tarixdən 5 yanvar 1998-ci il tarixədək olan müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə yaranmış fərq məbləğinin, pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq göstərilmişdir ki, o, məhkəmə qərarına görə 1994-cü ildən 1998-ci ilə qədər olan dövrdən hesablanması ilə razılaşmır. Hesab edir ki, onun sığorta stajı 1991-ci ildən 1998ci ilə qədər olan dövrü əhatə edir. Onun sığorta stajına daxil olan 7 il müddətinin 5 il hesablanması ilə razı deyildir. Belə ki, "Savalan" koperativi 1994-cü ilə qədər olan dövrdə Xəzər (Əzizbəyov ) rayonunda hüquqi şəxs kimi qeydiyyat alınsa da, sonradan hüquqi şəxslərin qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində aparılmışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyata alındığı dövr sosial sığorta və vergi orqanları lazımı qaydada məlumatlı olmayaraq onun sığorta stajını düzgün hesablamayıblar. Hesab edir ki, Bakı İnzibati məhkəməsinin qərarı onun sığorta stajının 1994-cü ildən 1998-ci ilə qədər hesablanmasında yanlışıqlığa yol vermişlər. Bu səbəbdən şikayət edilən qərara düzəliş edilməlidir,onun sığorta stajı 1991-ci ildən 1998-ci ili əhatə etməlidir. Buna görə də məhkəmənin qərarı “onun 1991-1994-cü illərdə işlədiyi müddətin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə fərq məbləğinin ödənilməsi” barədə tələbinin rədd edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq göstərilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Tərəflərin izahatları: İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının onun iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin olunmasını, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə cavabdeh orqanın apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İmtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallaından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçıya məxsus 055059 saylı pensiya işinin materiallarından görünür ki, ona xx.xx.2007-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin bu zaman iddiaçının xx.xx.1991-xx.xx.1998-ci illərdə “Savalan” kooperativində işlədiyi müddət kooperativin hüquqi ünvanı məlum olmadığından həmin müddətin yoxlanılması da mümkün olmadığı üçün onun sığorta stajına daxil edilməmiş və buna görə də həmin müddət iddiaçıya pensiya hesablanarkən nəzərə alınmamışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı tələbi “onun 1991-1998-ci illərdə “Savalan” Kooperativində işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə “5 oktyabr 1990-cı il tarixli iclasda təsis edilmiş “Savalan” Kooperativinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 162 saylı şəhadətnamə ilə 22 iyul 1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsinə istinad edərək iddiaçının xx.xx.1994-xx.xx.1998-ci illərdə işlədiyi müddətin stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə yaranmış fərq məbləğinin müraciət tarixindən son üç il nəzərə alınmaqla ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçıya məxsus xx.xx.1969-cu il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1991-ci ildə “Savalan” K/T kooperativinin sədri təyin edilmiş, xx.xx.1998-ci ildə vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı həmin dövrlərin onun sığorta stajına əlavə edilərək pensiyasının yenidən hesablanmasını və ötən dövr üzrə fərq məbləğinin ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki işdə iddiaçının onun sığorta stajına daxil edilməsini tələb etdiyi xx.xx.1991xx.xx.1998-ci illər üzrə “Savalan” K/T kooperativində işləməsi barədə qeydlər onun əmək kitabçasında öz əksini tapmışdır. Lakin həmin dövrü cavabdeh qurum “müəssisənin hüquqi ünvanının məlum olmaması” səbəbindən qəbul etmir və iddiaçının sığorta stajına daxil edilməsindən imtina edir. Bu barədə birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, qeyd olunan dövrlərdə iddiaçının işlədiyi “Savalan” mütəqil kooperativinin nizamnaməsi 1993-cü ildə təsdiq edilmiş, Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 2988 saylı xx.xx.1993-cü il tarixli şəhadətnaməyə əsasən “Savalan” Kooperativi Bakı şəhərində xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 162 saylı 22 iyul 1994-cü il tarixli şəhadətnaməsindən görünür ki, “Savalan” Kooperativi Abşeron rayonunda 4 iyul 1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Odur ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi “Savalan” Kooperativinin xx.xx.1994-xx.xx.1998-ci illərdə mövcud olduğuna istinad edərək həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilərək onun pensiyasının yenidən hesablanması qənaətinə gəlmişdir. Lakin məhkəmənin həmin qənaəti ilə razılaşmayan hər iki tərəf apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası tərəfindən tərəflərin mübahisələndirdiyi məsələlər bir daha araşdırılmışdır. Bu məqsədlə aparılan məhkəmə araşdırmaları zamanı iş materiallarından və iddiaçının təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdu ki, “Savalan” Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.1990-cı il tarixli 1 saylı protokolu ilə Kooperativin təşkil edilməsi, onun nizamnaməsinin qəbul və təsdiq edilməsi və Kooperativin adının “Savalan” olması barədə qərar qəbul olunmuşdur. Bundan sonra Abşeron rayon XDS İcraiyyə Komitəsinin 326 saylı xx.xx.1990-cı il tarixli Qərarından çıxarışa əsasən Donuzkökəltmə sovxozu nəzdində “Savalan” kənd təsərrüfatı məhsullarının istehsalı kooperativinin nizamnaməsinin qeydə alınması haqqında qərar qəbul olunmuşdur. Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 326 saylı sərəncamı ilə qeydə alınmış “Savalan” kooperativi ilə Abşeron rayon İcra Hakimiyyəti arasında müvafiq ərazidən ayrılmış torpaq sahəsinin onun icarəsinə verilməsi ilə bağlı xx.xx.1992-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi kooperativin sədri İddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunan torpaq sahəsinin icarə hüquqları əsasında məhz kooperativ sədri İddiaçı təhkim olunması ilə bağlı müvafiq akt da tərtib olunmuşdur. Bundan sonra 1991-ci ildən etibarən müəssisə tərəfindən müvafiq hesabatların verilməsi də məhz kooperativin sədri İddiaçı tərəfindən həyata keçirilmişdir. AB seriyalı xx.xx.1991-ci il tarixli şəhadətnamədən görünür ki, “Savalan” kooperativi vergi ödəyicisi kimi də qeydə alınmışdı. Qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçının işlədiyi “Savalan” kooperativi xx.xx.1991-xx.xx.1998-ci illər ərzində mövcud olmuş və İddiaçı həmin kooperativin direktoru olmuşdur. Belə olan halda göstərilən dövrlər onun iş stajına daxil edilməli və ona pensiya təyinatı aparılarkən həmin staj da cavabdeh qurum tərəfindən nəzərə alınmalı idi. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə müvafiq olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının xx.xx.1991-xx.xx.1998-ci illər üzrə “Savalan” K/T kooperativində işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin məhz həmin dövrlərdə mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (1991- 1998) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki vəziyyətdə iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək “Savalan” K/T kooperativində işlədiyi dövrün onun iş stajına daxil edilib pensiyasının yenidən hesablanmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Digər tərəfdən, iddiaçının “keçmiş dövr üzrə pensiyasında yaranmış fərq məbləğinin ödənilməsi” barədə tələbinə münasibətdə də birinci instansiya məhkəməsi haqlı olaraq həmin fərq məbləğinin iddiaçının cavabdeh quruma müraciət etdiyi tarixdən üç il əvvəlki dövr üzrə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Hazırki vəziyyətdə iddiaçının 24 fevral 1991-ci ildən 21 iyul 1994-cü ilədək olan (xx.xx.1994-xx.xx.1998-ci illər birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır) dövr üzrə tələbləri də əsaslı olub, təmin olunduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ötən dövr üzrə fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq hesablanıb verilərkən qeyd olunan dövr də (24 fevral 1991-ci ildən 21 iyul 1994-cü ilədək) nəzərə alınmalıdır. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, buna görə də iddiaçı apellyasiya qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, cavabdeh orqanın apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-656/2023 saylı 02 mart 2023-cü il tarixli qərarı qismən, “iddiaçının “Savalan” Kooperativində işlədiyi 24 fevral 1991-ci ildən 21 iyul 1994-cü ilədək olan müddətin onun sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ötən dövr üzrə fərq məbləğinin ödənilməsi ilə bağlı tələbinin rədd edildiyi” hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-656/2023 saylı 02 mart 2023-cü il tarixli qərarı qismən, “iddiaçının “Savalan” Kooperativində işlədiyi 24 fevral 1991-ci ildən 21 iyul 1994cü ilədək olan müddətin onun sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ötən dövr üzrə fərq məbləğinin ödənilməsi ilə bağlı tələbinin rədd edildiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. İddiaçı “Savalan” Kooperativində işlədiyi 24 fevral 1991-ci ildən 21 iyul 1994-cü ilədək olan müddətin onun sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ötən dövr üzrə fərq məbləğinin müraciət etdiyi 06 may 2021-ci il tarixdən əvvəlki son üç ilə aid hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayna bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar