Məhkəmə qərarları › İş №2-1(103)-2673/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2673/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2673/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********110600 nömrəli xx.xx.2023-cü il tarixli **********024900 nömrəli Qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********110600 nömrəli, xx.xx.2023-cü il tarixli **********024900 nömrəli Qərarların ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya mərhələsində İddiaçı MMC elektron məhkəmə və informasiya sistemində yaradılmış e-kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırda ərizənin geri götürülməsi zərurəti yarandığını bildirərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan, ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsində göstərilənləri nəzərə alıb və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.3.-cü maddəsinin tələbinə görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri götürülməsini, onun tərəfindən artıq qaldırılan iddia tələbinə hüquqi marağını itirməsi kimi qiymətləndirilməli və bu baxımdan, ona münasibətdə İPM-in 55.3-cü maddəsinin tətbiq edilməsi mümkün sayılmalıdır. Çünki, həmin normanın mənası onu ehtiva edir ki, qanunverici tərəfindən iddiaçının 30 gündən çox müddət ərzində məhkəmə icraatından yayınması onun iddiaya maraq göstərib onu müdəfiə etməməsi kimi nəzərə alınaraq geri götürülmüş hesab edilir. Konkret halda da, məhz, iddiaçının ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarıması xahiş etməsi, onun tərəfindən iddianın geri götürülmüş sayılmasına əsas verir. İPM-in 55.5-ci maddəsi isə nəzərdə tutur ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının iddia ərizəsi geri götürülmüş sayılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar