Məhkəmə qərarları › İş №2-1(103)-2674/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2674/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2674/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “prezident təqaüdünün təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1385/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. O, orta təhsilini bitirdikdən sonra 1985-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olmuşdur. 1990-cı ildə həmin X7 və Ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Daha sonra təhsilini davam etdirmiş və xx.xx.2010-cu il tarixdə ona pedaqoqika üzrə fəlsəfə doktoru “təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)” ixtisası üzrə elmi dərəcəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə isə ona “Dosent” elmi adı verilmişdir. Ona məxsus olan əmək kitabçasından görünür ki, xx.xx.1985-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif tədris müəssisələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına uyğun olaraq fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, təqaüdün təyin edilməsindən imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 24 il 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi ona məxsus əmək kitabçasının surətindən, iş stajının 25 ildən çox olması öz təsdiqini tapır. Göründüyü kimi, qanunvericiliklə tələb edilən sənədlərin surətini cavabdehə təqdim etsə də, cavabdeh əsassız olaraq Prezident təqaüdünün təyin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı T.İ. İsmayılova 06 may 2022-ci il tarixdə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı “DOST” mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi filialı tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 24 il 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-cı il tarixli ИT-l ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işləmişdir. Lakin qeyd olunan dövrlərdə olan sosial sığorta stajı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olmadığından elmi fəaliyyətə daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sosial sığorta stajı kimi təsdiqlənmədiyindən, İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1385/2023saylı, 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-cı il tarixli ИT-l ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işləmişdir. Lakin qeyd olunan dövrlərdə olan sosial sığorta stajı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olmadığından elmi fəaliyyətə daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sosial sığorta stajı kimi təsdiqlənmədiyindən, İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanının:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasınaəlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Fərmanın tələblərindən göründüyü kimi, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının Azərbaycan Prespublikası Prezidentinin təaqüdünü almaq hüququ təsbit edilmişdir. Fərmanda elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində elmi fəaliyyətlə məşğul olan müddəası nəzərdə tutulmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsində göstərilmişdir ki: 31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları; 31.0.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndistexniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri; ...

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin cavabdeh orqan tərəfindən mübahisələndirilməyən halı iddiaçının 24 il 4 gün sığorta stajına malik olmasıdır. İş materiallarında olan: - TB-İ seriyalı, 085856 nömrəli diplomun surətindən görünür ki, İsmayılova Təranə İmran qızı 1985-ci ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1990-cı ildə həmin X7 və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komisisyasının 30 iyun 1990-cı il tarixli qərarı ilə ona rus dili və ədəbiyatı müəllimi ixtisası verilmişdir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdə Tovuz rayon Pioner Evinə dərnək rəhbəri təyin edilmiş, xx.xx.1989-cu il tarixdə öz ərizəsinə əsasən pionerlər evinin dərnək rəhbəri vəzifəsinddən azad edilmiş, xx.xx.1990-cı ildə Lenin rayonu 96 nömrəli məktəbə müvəqqəti rus dili müəllimi təyin edilmiş, xx.xx.1990-cı ildə Lenin rayonu 96 nömrəli məktəbin müəllimi, analıq məzuniyyətində olan R.Məmmədovanı əvəz edən müvəqəti rus dili müəllimi vəzifəsindən azad edilmiş,xx.xx.1991-ci il tarixdə Azərbaycan EPTM üzrə Azərbaycan dilinin tədrisi metodikası şöbəsinə laborant vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə həmin şöbəyə böyük lobarant vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin laborantı, 04 fevral 1998-ci il tarixdən Ali və Orta ixtisas təhsili şöbəsinə elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə Ali və Orta ixtisas təhsili şöbəsinin elmi işçisi azərbaycan dilinin tədrisi və metodikası şöbəsinə elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdən Azərbaycan dilinin tədrisi metodikası şöbəsinə elmi işçi vəzifəsinə keçirilmiş hesab edilmiş, xx.xx.2000-ci il tarixdə Azərbaycan Rspublikası Təhsil Nazirinin 706 nömrəli əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2000-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmiş, xx.xx.2001-ci il tarixdə Təhsil Problemləri İnstitutunun əlavə təhsil şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə əlavə təhsil şöbəsinin kiçik elmi işçi vəzifəsindən direktorun məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə Təhsil Problemləri İnstitutunda Struktur dəyişikliyi ilə əlaqədar direktorun məsləhətçisi, direktorun köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilərək müsabiqə olanadək X3 təhsil kurikulumu şöbəsinə aparıcı elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdə Struktur dəyişikliyi ilə əlaqədar müsabiqə olunanadək EPTM-də Ümumi orta təhsil şöbəsinə böyük elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə Elmi Şuranın 10 oktyabr 2011-ci il tarixli iclasının (protokol No 4) qərarı, gizli səsvermə nəticələrinə əsasən yenidən öz vəzifəsinə seçilmiş hesab edilmiş, xx.xx.2011-ci ildə tam orta və ümumi orta təhsilin nəzəri problemləri şöbəsində aparıcı elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə gizli səsvermənin nəticələrinə əsasən öz vəzifəsinə keçirilmiş hesab edilmiş, xx.xx.2014-cü il tarixdə İnstitutun strukturunun yeni redaksiyasının təsdiq olunması ilə əlaqədar müsabiqə olunanadək ümumi təhsilin və məktəbdən kənar təhsilin kurikrulumu şöbəsinə aparıcı elmi işçi təyin edilmiş, xx.xx.2014-cü il tarixdə ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-ci il tarixdə Bakı Slavyan Universiteti Folklor Araşdırmaları EPH-yə 1 (bir) il müddətinə 0.5 ştat vahidi kiçik elmi işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən ərizəsi nəzərə alınmaqla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 06 aprel 2010-cu il tarixli (protokol № 15 – k) qərarı ilə İddiaçı pedoqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 may 2013-cü il tarixli (protokol № 15 – k) qərarı ilə İddiaçı təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədris metodikası) ixtisası üzrə dosent elmi adı verilmişdir. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının xx.xx.1985ci il tarixdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işləməsi ilə bağlıdır. Qeyd olunan fakt iddiaçının ИT-l ******* nömrəli əmək kitabçasının surətinə əsasən öz təsdiqini tapır. Lakin cavabdeh hesab edir ki, qeyd olunan dövrlərdə olan sosial sığorta stajı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olmadığından elmi fəaliyyətə daxil edilməmişdir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində araşdırma zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq sonuncu tərəfindən 30 dekabr 2022-ci il tarixli, 10-10-128/12 nömrəli məktubla daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dərnək rəhbəri vəzifəsi təhsil prosesinin iştirakçıları (Maddə 31) kateqoriyasına aidir və Təhsil Qanununun 31-ci maddəsinin 31.0.2-ci bəndinə əsasən təhsilverənlər (pedoqoji işçilər) sırasında daxil edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, elmi fəaliyyət elmi araşdırmalarla bağlı fəaliyyət növü olduğundan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsil sistemində elmi araşdırmaları özündə ehtiva edən 25-ci maddəsi ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 25.1-ci bəndinə uyğun olaraq təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tableiyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat instituları, mərkəzilər, kafedralar, laboratoriyalar və s.) aparılır. Qeyd olunan səbəblərdən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işlədiyi müddət elmi deyil, pedoqoji fəaliyyət sahəsinə aiddir. İddia tələbinin qanuni əsası olan Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanın təsir altına düşən şəxslərə aşağıdakılar aiddir: Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslər. Cavabehin məhz iddiaçının mübahisəli dövrdəki fəaliyyətinin elmi fəaliyyətə daxil olmaması ilə bağlı imtinası əsassızdır. Belə ki, sözügedən Fərmanda şəxslərin məhz elmi fəaliyyətlə məşğul olması kimi tələb yoxdur. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi mübahisələndirilən dövrdə iddiaçının işlədiyi dərnək rəhbəri vəzifəsi təhsil müəssisəsində təhsil prosesinin iştirakçısı kimi təsbit edilməklə pedaqoji fəaliyyət sahəsinə aiddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında, etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına əsas olmuşdur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1385/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1385/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar