Məhkəmə qərarları › İş №2-1(103)-2674/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2674/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2674/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarların ləğv olunması) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2023-cü il tarixli **********543300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 26426,73 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Üzüm, Badımcan, Alma, Avakado və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Vergi Məcələsinin 13.2.82-ci maddəsinin tələblərinə nəzərə alaraq, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 dekabr 2023-cü il tarixli **********378400 nömrəli qərarına əsasən 2022-ci il gəlir vergisi üzrə iddiaçıya 18.120,56 manat məbləğində vergi borcu məbləği hesablanmışdır. Qərarın qəbul edilməsinə əsas kimi, təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-cij, "Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), "Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), "Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), &qııot;Nəqliyyat xərcləri" (1233-cü), "Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 75864.81 manat), tərəflərindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların və alış aktlarının məbləği (0.00 manat) (->-) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar iizro ödəmələr) (+) 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 0.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 75864.81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24 iyul 2023-cü il tarixli **********777300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması braədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmişdir.

4. Cavabdeh orqan tərəfindən iddiaçının parnik sahəsindən fotoşəkillər, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş “iddiaçının vergi ödəyicisi kimi Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmaması barədə” məktub, Kənd Təsərrüfatı Nazirliyi X5 İnkişaf Mərkəzi tərəfindən verilmiş “2022-2023-cü il bəyan dövrü üzrə İddiaçı aid (VÖEN: **********) X3 İnformasiya Sistemində məlumat taılmaması barədə” məktub məhkəməyə təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********740200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********740200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında ona 2022-ci il üçün kameral qaydada 17001,44 manat əlavə vergi məbləği hesablanmışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfindən 2022-ci il ərzində “Emsa Food“ Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) elektron qaimə fakturalar əsasında 91037,79 manat dəyərində müxtəlif növ meyvə məhsulları təqdim edilmişdir. Həmin dövriyyəyə uyğun olaraq tərəfindən dövlət büdcəsinə 1119,12 manat məbləğində gəlir vergisi hesablanmış, lakin vergi orqanı tərəfindən təqdim edilmiş bəyannamə qəbul edilməmiş və ona mübahisələndirilən qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən 2022-ci il üzrə malların təqdim edilməsi ilə bağlı yalnızca 435 manat sığorta məbləği xərc kimi nəzərə alınmış və buna uyğun olaraq (91037,79-435)* 20 % = 18120,56) ödənilməli olan gəlir vergisinin məbləği 18120,56 manat müəyyən edilmiş, həmin məbləğdən də, təqdim edilmiş bəyannamə üzrə bəyan edilmiş vergi məbləği çıxılmaqla əlavə 17001,44 manat əlavə vergi məbləği hesablanmışdır. Bu şəkildə hesablamanın aparılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, vergi orqanı malların alış sənədlərinin olmamasını əsas götürərək bu şəkildə hesablama aparmışdır. Lakin vergi orqanı tərəfindən qüvvədə olan vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

7. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********378400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, hazırda mübahisə predmetini təşkil edən qərar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 26426,73 manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Üzüm, Badımcan, Alma, Avokado və.s.” qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş, xidmət) elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Həmçinin vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi cdəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********543300 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirirlər ki, iddiaçı tərəfindən “Emsa Food“ Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) elektron qaimə fakturalar əsasında 91037,79 manat dəyərində müxtəlif növ meyvə (portağal, ananas, alma, greyfrut, banan, alça, laym, gilas, kivi, şaftalı, avokado, ərik, armud, limon, nar, xurma, korolyok, əncir, kaju kokos, gavalı, heyva, feyxoa, mandarin), tərəvəz (pomidor, bibər, kartof, soğan, xiyar, badımcan, kələm, çiyələk, kök, kahı, üzüm, rukola, sarımsaq, göbələk, kabaçki, çuğundur, badyan, turp, dəfnə yarpağı, göyərti, kəklik otu, nanə, rozmarin, dərəotu, qarpız, dağ keşnişi və s), göyərti, göbələk və çörək məhsullarının təqdim edildiyi, elektron qaimə fakturalar və elektron alış aktları əsasında mallar əldə edilmədiyi, Beyləqan rayonu ünvanında yerləşən ümumi sahəsi 500,0 m2 olan **********-39001 obyekt kodlu “Əkin sahəsi" adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, Salyan rayonu, Qarabağlı ünvanında yerləşən ümumi sahəsi 6000,0 m2 olan **********-70001 obyekt kodlu “İstixana” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə uçota alındığı, idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablandıqdan sonra vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə fəaliyyət növünü “sair tərəvəz və bostan məhsullarının becərilməsi”nə dəyişdirmiş, eyni gündə 2022-ci il üçün dəqiqləşmiş gəlir vergisi bəyannaməsinin təqdim edərək hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı vergi orqanına müraciət etmişdir. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim edərək bəyannamənin gəlirlər hissəsində 91037,78 manat, xərclər hissəsində 860,52 manat qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququnu nəzərə alaraq 4508,86 manat gəlir vergisi bəyan etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün gəlir vergisi bəyannaməsini bəyan ediləcək məlumatlar olmadan təqdim etmişdir. Vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə sonuncu bəyannamə üzrə kamerai vergi yoxlaması keçirilmiş və təqdim edilmiş elektron qaimələrin cəmi olan 91037,78 manat gəlir kimi, 435,0 manat sığorta haqqı məbləği xərc kimi nəzərə alınaraq 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 18120,56 manat vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablandıqdan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə Beyləqan və Salyan rayonlarında müxtəlif şəxslərin adına olan torpaq sahələrini icarə müqaviləsi əsasında vergi orqanında uçota qoyulmuşdur. Sonradan xx.xx.2023-cü il tarixdə gəlir vergisi bəyannaməsini təqdim edərək bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1 -ci (malların təqdim edilməsindən gəlir) sətrində 96854,85 manat və 1224.8-ci (vergilərdən azad edilən gəlirlər) sətrində 74472,47 manat qeyd edərək 22382,38 manat gəlir kimi, bəyannamənin "hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1238-ci (cəmi xərclər) sətrində 1300,0 manat və 1239-cu (ümumi gəlirdən çıxılmayan xərclər) sətrində 74472,47 manat qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 1119,12 manat gəlir vergisi bəyan etmiş və bəyannamənin 1 nömrəli əlavəsinə əsasən ilin sonuna 33638,62 manat debitor borc məbləği qeyd etmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kamerai vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********481600 nömrəli və xx.xx.2023-cü il tarixli **********185300 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37ci, 67-ci, 83-cü maddələrinə əsasən kamerai vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 18120,58 manat (91037,78-435)*20% əlavə vergi məbləği hesablanmışdır. Sonuncu dəfə iddiaçı tərəfindən verilmiş dəqiqləşdirilmiş bəyannamə ilə əlaqədar yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə "Kamerai vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********531400 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 18120,58 manat (91037,78-435)*20%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 21,12.2023-cü il tarixli **********378400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin bildirirlər ki, iddiaçı tərəfindən inzibati qaydada şikayət verilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023cü il tarixli **********777300 nömrəli Qərar qəbul edilmişdir. İnzibati icraat çərçivəsində izahat verən iddiaçının nümayəndəsi ödəyicinin məlumatsız olduğu üçün təsərrüfat subyektini 2022-ci ildə qeydiyyata almadığını, sonradan icarə müqaviləsinə əsasən obyekt qeydiyyata alındığını, icarə müqaviləsinin 2022-ci ildə bağlandığını, satılmış mallarla bağlı ödənişlərin bank hesabı vasitəsi ilə aparıldığını, fərdi sahibkar tərəfindən təqdim edilmiş bütün meyvələrin və bunlardan əlavə albuxara, “Çin maydanozu” (cəfərisi), Antep fıstığının da Meyvəli bazarından alındığını, kənd təsərrüfatı məhsullarının yetişdirilib satışından başqa ailə üzvləri tərəfindən yufka (un məmulatı) və lavaşın da bişirilərək satıldığını, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində ailə üzvlərinin kömək etdiyini, müəyyən günlər kənd camaatının günəmuzd işlədiyini və ödənişin nağd qaydada aparıldığını, fərqli qulluq tələb edən müxtəlif növ tərəvəzin eyni istixanada becərilməsinin mümkünlüyünün əsası kimi hər məhsul ayrılıqda qulluq olunduğunu və bir birindən ayrıldığını bildirmişdir. Vergi ödəyicisi Beyləqan rayonunda yerləşən təsərrüfat subyektində keçirilən yerində baxış zamanı verdiyi izahatında icarəyə götürdüyü torpaq sahəsində 2022-ci ildə əsasən kartof və soğan məhsulu yetişdirdiyini, ümumilikdə həmin sahədə təxmini olaraq 1000,0 kiloqram kartof və 1000,0 kiloqram soğan məhsulunu yetişdirdiyini, 2023-cü ildə həmin sahədə qarğıdalı becərdiyini bildirməyinə baxmayaraq təqdim edilmiş elektron qaimə fakturalara əsasən 2022-ci ildə 5488,8 kiloqram kartof və 5721,2 kiloqram soğan (adı və qırmızı) təqdim edildiyi müəyyən edilmişdir. Salyan rayonu Qarabağlı ünvanında yerləşən təsərrüfat subyektində keçirilən yerində baxış zamanı vergi ödəyicisi izahatında iki nəfər fiziki şəxsi yarımştat olaraq işə qəbul etdiyini, yetişdirdiyi kənt təsərrüfatı məhsullarını iyun ayından başlayaraq Bakı şəhərində yerləşən ictimai iaşə obyektinə təqdim etdiyini bildirmişdir. Fərdi sahibkar tərəfindən təqdim edilmiş elektron qaimə fakturaların araşdırılması zamanı satılmış malların böyük əksəriyyətinin pomidor məhsulu (32584,9 manat) olmasına baxmayaraq vergi ödəyicisinin hər iki təsərrüfat subyektində keçirilən yerində baxış zamanı çəkilmiş şəkillərə əsasən pomidor məhsulu müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci və 2023-cü illərdə elektron qaimə fakturalar əsasında kənd təsərrüfatı mallarını təqdim etdiyini, izahatlarında işlərin yerinə yetirilməsinə muzdlu işçiləri cəlb etdiyini bildirməsinə baxmayaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanılmadığı müəyyən edilmişdir. Eyni zamanda kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən verilmiş arayışlarda vergi ödəyicisinin 2022-ci ildə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı heç bir məlumatlarının olmadığını bildirmişlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən vergi ödəyicisinin eyni predmet barəsində şikayəti təmin edilməmiş, kameral vergi yoxlaması barədə Qərarın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçı tərəfindən qeyd olunmuş “şərti rentabellik norması əsasında hesablama“ya münasibətdə isə bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə müəyyən edilmiş mənfəətin (gəlirin) hesablanması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir.

9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının təqdim etdiyi bütün meyvələrin və bunlardan əlavə albuxara, “Çin Maydanozu (cəfərisi), Antep fıstığının da Meyvəli bazarından alındığı, bu zaman ona hər hansı bir elektron qaimə faktura təqdim edilməməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilib satışından başqa ailə üzvləri tərəfindən yufka (un məmulatı) və lavaşın da, bişirilərək satıldığını, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində ailə üzvlərinin kömək etməsi, müəyyən günlər kənd camaatının günəmuzd işləməsi və ödənişin nağd qaydada aparıldığını, fərqli qulluq tələb edən müxtəlif növ tərəvəzin eyni istixanada becərilməsinin mümkünlüyünün əsası kimi hər məhsulun ayrılıqda qulluq olunduğunu və bir-birindən ayrıldığı əsas göstərilmişdir. Cavabdehin iddiaçının qida təhlükəsizliyi qeydiyyatına alınmaması və X3 İnformasiya Sistemində barəsində məlumat tapılmaması ilə bağlı dəlilləri isə bütovlükdə iddiaçının dəlillərinin əsassız hesab edilməsi üçün əsas deyildir.Həmçinin mübahisəli qərarla iddiaçıya gəlir vergisi hesablanarkən cavabdeh vergi orqanı mikro sahibkar olan iddiaçıya 75 % güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi Beyləqan rayonunda yerləşən təsərrüfat subyektində keçirilən yerində baxış zamanı verdiyi izahatında icarəyə götürdüyü torpaq sahəsində 2022-ci ildə əsasən kartof və soğan məhsulu yetişdirdiyini, ümumilikdə həmin sahədə təxmini olaraq 1000,0 kiloqram kartof və 1000,0 kiloqram soğan məhsulunu yetişdirdiyini, 2023-cü ildə həmin sahədə qarğıdalı becərdiyini bildirməyinə baxmayaraq təqdim edilmiş elektron qaimə fakturalara əsasən 2022-ci ildə 5488,8 kiloqram kartof və 5721,2 kiloqram soğan (adı və qırmızı) təqdim edildiyi müəyyən edilmişdir. Salyan rayonu Qarabağlı ünvanında yerləşən təsərrüfat subyektində keçirilən yerində baxış zamanı vergi ödəyicisi izahatında iki nəfər fiziki şəxsi yarımştat olaraq işə qəbul etdiyini, yetişdirdiyi kənt təsərrüfatı məhsullarını iyun ayından başlayaraq Bakı şəhərində yerləşən ictimai iaşə obyektinə təqdim etdiyini bildirmişdir. Fərdi sahibkar tərəfindən təqdim edilmiş elektron qaimə fakturaların araşdırılması zamanı satılmış malların böyük əksəriyyətinin pomidor məhsulu (32584,9 manat) olmasına baxmayaraq vergi ödəyicisinin hər iki təsərrüfat subyektində keçirilən yerinde baxış zamanı çəkilmiş şəkillərə əsasən pomidor məhsulu müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci və 2023-cü illərdə elektron qaimə fakturalar əsasında kənd təsərrüfatı mallarını təqdim etdiyini, izahatlarında işlərin yerinə yetirilməsinə muzdlu işçiləri cəlb etdiyini bildirməsinə baxmayaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanılmadığı müəyyən edilmişdir. Eyni zamanda kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən verilmiş arayışlarda vergi ödəyicisinin 2022-ci ildə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı heç bir məlumatlarının olmadığını bildirmişlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən vergi ödəyicisinin eyni predmet barəsində şikayəti təmin edilməmiş, kameral vergi yoxlaması barədə Qərarın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçıya gəlir vergisi hesablanarkən cavabdeh vergi orqanı mlkro sahibkar olan iddiaçıya 75 % güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır. Bununla əlaqədar bildirmək istəyirlər ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunan meyarlara əsasən iddiaçı tərəfindən riskli əməliyyatların aparılması onun gəlirlərinin və xərclərinin uçotunu düzgün aparmadığını da göstərir, hansı ki, bu da iddiaçını 75 faiz vergi güzəşt hüququndan məhrum edir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda, habelə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz vergi güzəşti tətbiq olunmur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının vəkili məhkəməyə ərizə göndərərək işə onsuz baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

17. Vergi Məcəlləsinin: 13.2.69- cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70- ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71- ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3- cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1- ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2- ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1 inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

22. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir:

23. İşin hallarından göründüyü kimi, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 18.120,97 manat əlavə gəlir vergisi hesablamışdır.

24. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

25. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, 20%-lə gəlir vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 18.085,97 manat əlavə gəlir vergisi hesablamışdır.

26. İddiaçı bu halla razılaşmır və hesab edir ki, alınmış malların alış sənədləri təqdim edilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkildiyindən, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri tətbiq edilməklə vergini hesablamalı idi.

27. Həmçinin, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

28. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir.

29. Həmin Meyarların: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

30. Hazırki mübahisədə cavabdeh iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 26426,73 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışında “Üzüm, Badımcan, Alma, Avokado və s.” qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların müəyyən edilməməsini əsas gətirərək istinad edilən normalara əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Nəticədə həmin mallara çəkilmiş xərclər iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə cavabdeh tərəfindən nəzərə alınmamış və cavabdeh tərəfindən ümumilikdə 75864.81 manat məbləğində sənədlərlə təsdiqlənməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmçinin bəyannamədə iddiaçı tərəfindən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi cavabdeh tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərk kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

31. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir.

32. Belə ki, Qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir.

33. Hazırkı işdə isə, normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında “Üzüm, Badımcan, Alma, Avokado və s.” göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar həmin mallar deyil, başqa mal olsun.

34. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının təqdim etdiyi bütün meyvələrin və bunlardan əlavə albuxara, “Çin Maydanozu (cəfərisi), Antep fıstığının da Meyvəli bazarından alındığı, bu zaman ona hər hansı bir elektron qaimə faktura təqdim edilməməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilib satışından başqa ailə üzvləri tərəfindən yufka (un məmulatı) və lavaşın da, bişirilərək satıldığını, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində ailə üzvlərinin kömək etməsi, müəyyən günlər kənd camaatının günəmuzd işləməsi və ödənişin nağd qaydada aparıldığını, fərqli qulluq tələb edən müxtəlif növ tərəvəzin eyni istixanada becərilməsinin mümkünlüyünün əsası kimi hər məhsulun ayrılıqda qulluq olunduğunu və bir-birindən ayrıldığı əsas göstərilmişdir. Cavabdehin iddiaçının qida təhlükəsizliyi qeydiyyatına alınmaması və X3 İnformasiya Sistemində barəsində məlumat tapılmaması ilə bağlı dəlilləri isə bütovlükdə iddiaçının dəlillərinin əsassız hesab edilməsi üçün əsas deyildir.

35. Həmçinin mübahisəli qərarla iddiaçıya gəlir vergisi hesablanarkən cavabdeh vergi orqanı mikro sahibkar olan iddiaçıya 75 % güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır.

36. Vergi Məcəlləsinin: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

37. Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır.

38. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, vergi ödəyicisi Beyləqan rayonunda yerləşən təsərrüfat subyektində keçirilən yerində baxış zamanı verdiyi izahatında icarəyə götürdüyü torpaq sahəsində 2022-ci ildə əsasən kartof və soğan məhsulu yetişdirdiyini, ümumilikdə həmin sahədə təxmini olaraq 1000,0 kiloqram kartof və 1000,0 kiloqram soğan məhsulunu yetişdirdiyini, 2023-cü ildə həmin sahədə qarğıdalı becərdiyini bildirməyinə baxmayaraq təqdim edilmiş elektron qaimə fakturalara əsasən 2022-ci ildə 5488,8 kiloqram kartof və 5721,2 kiloqram soğan (adı və qırmızı) təqdim edildiyi müəyyən edilmişdir. Salyan rayonu Qarabağlı ünvanında yerləşən təsərrüfat subyektində keçirilən yerində baxış zamanı vergi ödəyicisi izahatında iki nəfər fiziki şəxsi yarımştat olaraq işə qəbul etdiyini, yetişdirdiyi kənt təsərrüfatı məhsullarını iyun ayından başlayaraq Bakı şəhərində yerləşən ictimai iaşə obyektinə təqdim etdiyini bildirmişdir. Fərdi sahibkar tərəfindən təqdim edilmiş elektron qaimə fakturaların araşdırılması zamanı satılmış malların böyük əksəriyyətinin pomidor məhsulu (32584,9 manat) olmasına baxmayaraq vergi ödəyicisinin hər iki təsərrüfat subyektində keçirilən yerinde baxış zamanı çəkilmiş şəkillərə əsasən pomidor məhsulu müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci və 2023-cü illərdə elektron qaimə fakturalar əsasında kənd təsərrüfatı mallarını təqdim etdiyini, izahatlarında işlərin yerinə yetirilməsinə muzdlu işçiləri cəlb etdiyini bildirməsinə baxmayaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanılmadığı müəyyən edilmişdir. Eyni zamanda kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən verilmiş arayışlarda vergi ödəyicisinin 2022-ci ildə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı heç bir məlumatlarının olmadığını bildirmişlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən vergi ödəyicisinin eyni predmet barəsində şikayəti təmin edilməmiş, kameral vergi yoxlaması barədə Qərarın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçıya gəlir vergisi hesablanarkən cavabdeh vergi orqanı mlkro sahibkar olan iddiaçıya 75 % güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır.

39. Məhkəmə Kollegiyası şikayətindəlilinə münasibətdə qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olsa belə, cavabdeh iddiaçıya tətbiq etdiyi vergi məbləğini düzgün hesablamamışdır.

40. Belə ki, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20% tətbiq edilməklə hesablanmışdır.

41. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır.

42. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir.

43. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

44. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

46. Baxılan işdə cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normaların tələblərinə əməl etməmişdir.

47. Məhkəmə cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi, şərti rentabelllik norması əsasında verginin hesablanmasının vergi orqanını hüququ olması ilə bağlı qeyd edir ki, istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir.

48. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir.

49. Vergi Məcəlləsi: 23.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

50. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

52. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

53. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar