Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2675/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin 16.07.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin 16.07.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-9032/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 16.07.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İsmayıllı Bələdiyyəsinin icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilmiş və iddiaçıya bildiriş göndərilmişdir. Həmin qərar qanunsuz və əsassız hesab edilir. Belə ki, icra sənədində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə olmuş və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Həmin qətnamələr nəticəsində Bələdiyyənin pulun tutulması ilə bağlı iddiası rədd edilmişdir. Lakin icarə haqqının tutulması ilə bağlı Bələdiyyə inzibati akt qəbul edib icra şöbəsinə göndərmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-9032/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-9032/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı əsassız olduğundan ləğv edilməlidir. Komitə tərəfindən iddia tələbində cavabdehin müvafiq qərar qəbul etmək səlahiyyətinin ona aid olub-olmaması ilə bağlı hər hansı bir məsələ mübahisələndirilməmişdir. Tərəflər arasında aidiyyət və ya səlahiyyətlə bağlı heç bir mübahisə yaranmamışdır. Mübahisə barədə artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan cavabdehin qəbul etdiyi 27.05.2021-ci il tarixli inzibati akt tamamilə əsassızdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 16.07.2021ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən iddiaçıya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin 16.07.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi”ni tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə inzibati icraatın inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsinin nəzərdə tutulmasına, lakin hazırkı mübahisənin hər iki tərəfində inzibati orqanlar olmasına istinad edərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Hazırki işdə iddiaçı cavabdeh inzibati orqanın digər inzibati orqanın inzibati aktının icrası ilə bağlı icraata başlamaq haqqında qəbul etdiyi qərarı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İnzibati Prosessual Məcəllənin 118.2-ci maddəsinə əsasən icranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Bu barədə qeyd olunmalıdır ki, inzibati orqanlar suverenlik daşıyıcıları olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirdikləri üçün əksər hallarda funksional vəzifələrinin icrası ilə bağlı konkret məsələni nizama salmaq məqsədilə müstəqil qaydada inzibati akt qəbul etmək və həmin aktları bir qayda olaraq qanunvericilikdə təsbit edilmiş məcburetmə vasitələri ilə özləri icra etmək imkanlarına malikdirlər. Belə inzibati aktlar iki kateqoriyaya aid edilirlər- pul tələblərinin ödənilməsinə dair və ya borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktlar. Hazırki işdə mübahisələndirilən icra İPM-nin 118.2-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirildiyi üçün iddiaçı həmin icranı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının qaldırdığı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növünə aid olduğu halda, birinci instansiya məhkəməsi belə iddianın yuxarıda göstərilən məsələləri araşdırmadan qərardadında qeyd olunanlarla bağlı qeyri-mümkün saymaqla düzgün nəticəyə gəlməmişdir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 30.08.2021-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-9032/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2675/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2675/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver