Məhkəmə qərarları › İş №2-1(103)-2675/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2675/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2675/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “3-cü şəxsin qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “3-cü şəxs X2 qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1266/2023 saylı 16 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 28.5 kv.m olan, 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı olunun adına daşınmaz əmlakın dövlət reyestrində **********50-05101-093001 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmiş, həmin çıxarışın arxa vərəqəsində daşınmaz əmlakın dövlət reyestrində bağışlama hüququ əsasında qeydiyyat alınması qeyd edilmişdir. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, xx.xx.1957ci il təvəllüdlü X7 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin R/S-1814 saylı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü madəsinə əsasən fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də, onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. İddiaçı ünvan 3 ünvanından X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 078-8833S saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə onun qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanından X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 14 aprel 2022-ci il tarixli 078-88338 saylı məktubu ilə X2 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 31 saylı evin 12 saylı mənzilindən qeydiyyatdan çıxarılması barədə müraciətindən imtina edilmişdir. İmtinanın səbəbi kimi məhkəmə qərarının tələb olunduğu göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 31 saylı evin ümumi sahəsi 28.5 kv.m olan 2 otqalı 12 saylı mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə o, arvadı, iki qızı və bir nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. X1 mənzildə pasport qeydiyyatında olsa da, orada heç vaxt yaşamamışdır və indi də, yaşamır. Belə ki, X7 onun həmin mənzilə qeydiyyata salınmasını ondan xahiş etmiş, o da razılıq vermişdir. X7 hazırda Azərbaycan Respublikasının vətəndaşı deyildir və Azərbaycanda yaşamır. Onda olan məlumata görə X7 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və oranın vətəndaşıdır. Özünə qeydiyyatdan çıxmasını dəfələrlə desə də, nəticəsiz qalmışdır. Şərh olunanlardan göründüyü kimi, X7 ona məxsus olan mənzildə faktiki olaraq yaşamamaqla özü öz hərəkətləri ilə həmin mənzildən istifadə hüququna xitam vermişdir, başqa sözlə onun sözügedən mənzilə istifadə hüququ artıq itirilmişdir. Belə olan halda, X2 formal olaraq mənzildə istifadə hüququnun qalması onun mülkiyyət hüququnu məhdudlaşdırır, o, bir mülkiyyətçi olaraq sərbəst və maneəsiz şəkildə mənzildən qanunla müəyyən olunmuş qaydada öz istəyinə uyğun olaraq sahiblik, istifadə edə və sərəncam verə bilmir. Odur ki, X7 həmin mənzildən istifadə hüququ itirdiyindən, onun qeydiyyatdan çıxarılması barədə cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı ünvan 5 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciətləri Nərimanov RPİ-nə daxil olmuşdur. Tərəflərindən məktubla ərizəçiyə rəsmi qaydada cavab verilərək bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılmasının tərəflərindən mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələrinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2023 saylı 16 mart 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Nəsrəddin Teymurovun qeyd olunan mənzildə heç bir hüquqi əsas olmadan qeydiyyatda qalması, onun istifadə və sərəncamvermə hüquqlarını məhdudlaşdırır. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «evdə yoxdur» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxs X7 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnizbati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin nümayəndəsinin və 3-cü şəxs X2 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, X7 iddiaçının qardaşı olaraq mübahisəli ünvana xx.xx.2006-cı il tarixdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. O, sözügedən ünvana qeydiyyata alındığı vaxt həmin ünvandakı mənzil iddiaçının atasının mülkiyyətində olmuşdur. Atası mənzili iddiaçıya bağışladığı zaman mənzilə dair kommunal istismar sahəsi tərəfindən verilmiş forma 2 arayışında mübahisəli ünvanda qeydiyyatda olanların siyahısında 3-cü şəxsin adı göstərilməmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı tələbi “X3 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə 3-cü şəxsin sözügedən ünvana qeydiyyata alındığı vaxt həmin mənzilin əvvəlki mülkiyyətçisi X10 ailə üzvü olmasına, tərəflərin ailə münasibətlərinin 2009-cu ilin oktyabr ayının 1-dək yarandığına görə hazırki mübahisədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarının nəzərə alınmalı olmasına, eyni zamanda həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranan istifadə hüququnun mahiyyət etibarilə şəxsi servutut olduğuna, şəxsi servitut əsasında əldə edilən istifadə hüququnun öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyaclarını qarşılamaq imkanı verdiyinə və mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən yaşayış sahəsinə olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilməsinə istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunvericiliyin tələblərindən aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi, istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X7 onun qardaşıdır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********89 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 31, 12 saylı mənzilə dair sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizaəd küçəsi, ev 31, 12 saylı mənzil üzərində istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2-2935/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən X19 ilə X14 arasında Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunda bağlanmış 19 iyul 2002-ci il tarixli 155893 saylı alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında Bakı şəhəri Tİ və MHQİ-si tərəfindən Bakı şəhəri, M.Əlizadə küçəsi, 31 saylı evin 12 saylı mənzilinə X4 adına verilmiş ÖM seriyalı, 128475 saylı qeydiyyat vəsiqəsi ləğv edilmiş, X22 ilə X20 arasında Nərimanov rayon, M.Əlizadə küçəsi, 31 saylı evin 12 saylı mənzilinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin mənzilə X11 adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilmiş, X4 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, M.Əlizaəd küçəsi 31 saylı evin 12 saylı mənzilindən çıxarma tələbinə dair qarşılıqlı idddiası əsasız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-393/2003 saylı, 24 mart 2003-cü il tarixli qətnaməsinə əsasən X4 apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qəntamənin 3-cü səhifəsində göstərilmişdir ki, cavabdeh M.T.Əhmədovun mübahisəli mənzilin pulunun O.Sadıqov deyil, guya oğlu Nəsrəddin Sadıqov tərəfindən verilməsinə dair izahatı məhkəmə kollegiyasında öz təsdiqini tapmadı. Belə ki, hazırda Rusiyada yaşayan N.Sadıqovun məhkəmə iclasında dindirilməsi mümkün olmasa da, sonuncunun həyat yoldaşı Zərniyar İsmayılovanın notariat qaydasında təsdiq edilən izahatından və məhkəmə kollegiyasında verdiyi ifadəsindən də aydın olur ki, mübahisəli evin alqı-satqısına dair razılaşma cavabdehlərlə Oruc Sadıqov arasında olmuş və evin razılaşdırılmış pulu sonuncu tərəfindən ödənilmişdir. Mübahisəli evə dair o və əri Nəsrəddin Sadıqov tərəfindən heç bir pul məbləği verilməmişdir. Z.İsmayılova məhkəmə kollegiyasında həmçinin göstərmişdir ki, mübahisəli ev alınarkən onların Bakı şəhərində evləri olmuş, sonradan onu satmışlar. xx.xx.2013-cü il tarixli “Mənzilin bağışlanma müqaviləsi”nə əsasən X22 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013- cü il tarixdə verilmiş 11/10229 nömrəli arayış və Azərbaycan Respublikası DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********50-05101-093001 reyestr nömrəsi, 564 reyestr kitabı 51855 səhifə., ********* qeydiyyat., xx.xx.2007-ci il tarixdə verilmiş çıxarış əsasında mülkiyyətində olan iki otaqlı, 28.5 kv.m yaşayış sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ünvanında yerləşən 31 saylı evin 12 saylı mənzilini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 28.5 kv.m olan, 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********50- 05101-093001 reyestr nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********640 nömrəli, xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, X15, X8 və X16 öz izahatlarında bildirirlər ki, X7 ünvan 3 ünvanında yaşamır. xx.xx.2013-cü il tarixli “Mənzilin bağışlanma müqaviləsi” ilə bağlı notariat işinin materiallarından görünür ki, sözügedən alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən 53 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 53/840 nömrəli forma 2 arayışına əsasən ünvan 7 ünvanında yerləşən 12 nömrəli mənzil X17 məxsusdur. Onun ailəsi 4 nəfərdən ibarətdir. Onlardan daimi qeydiyyatda olanlar: oğlu - 1961-ci il təvəllüdlü İddiaçı – qeydiyyata alındığı tarix xx.xx.2004-cü il; gəlini – 1970-ci il təvəllüdlü X12 – qeydiyyata alındığı tarix xx.xx.2003-cü il; nəvəsi – 1989-cu il təvəllüdlü X5 – qeydiyyata alındığı tarix xx.xx.2005-ci il; nəvəsi – 1991-ci il təvəllüdlü X9 – qeydiyyata alındığı tarix xx.xx.2005-ci il. Müqavilə rəsmiləşdirilərkən sözügedən şəxslər notarial qaydada razılıq ərizələri təqdim edərək sözügedən mənzilin bağışlanılmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh tərəfindən 078-37993 saylı xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan və ona əlavə edilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə ünvan 8 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəflərindən məhv edilmişdir. Bu səbəbdən sənədlərin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Qeydiyyata alınmasına əsas olan sənəd qismində 30/330 nömrəli qeydiyyat vəsiqəsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub, orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göründüyü kimi, ailə münasibətlərindən irəli gələn istifadə hüququ mahiyyət etibarı servitutdur. Konstitusiya Məhkəməsinin qərarlarında isə ailə münasibətləri nəticəsində yaranan həmin istifadə hüququnun xitamının hansı şərtlər çərçivəsində mümkünlüyü ilə bağlı mövqe nümayiş etdirmişdir. İddiaçı isə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələr üzrə nəzərə alınmalı olan həmin mövqeyin həmin məhkəmədənkənar məhz inzibati icraat çərçivəsində həll edilməsini iddia edir. Belə ki, iddiaçının polis orqanına hazırkı tələb üzrə müraciəti heç bir məhkəmə qərarı olmadan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, spesifik olaraq isə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında adlanan 5-ci bəndin mövcudluğunun müəyyən edilməsi ilə bağlıdır. Hazırki işdə iddiaçı istifadə hüququ ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun qardaşının həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni, iddiaçının qənaətinə görə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə, istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki, həmin halların, yəni üçüncü şəxsin yaşayış sahəsində yaşayıbyaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub-olmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulubpozulmamasını araşdırır. Yəni, inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etdiyi qardaşı (3-cü şəxs) mübahisə predmetinin əvvəlki mülkiyyətçisi olan iddiaçının mərhum atasının digər oğludur, yəni mərhumun ailə üzvü olduğundan və sözügedən mənzilə xx.xx.2009-cu il tarixədək, yəni 2006-cı ildə qeydiyyata düşdüyündən, onun həmin mənzilə istifadə hüququnun mövcud olub-olmadığı mülki məhkəmələr tərəfindən araşdırılmadan iddiaçının “qardaşının onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması” barədə tələbinin təmin olunması hazırki vəziyyətdə mümkün olmadığı üçün cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası da qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1266/2023 saylı 16 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2023 saylı 16 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar