Məhkəmə qərarları › İş №2-1(103)-2676/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2676/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2676/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 06.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Aysu Əli qızı Orucovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 06.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5250/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 11.11.1980-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 11.11.1980-cı ildən 15.12.1982-ci il tarixdə kimi hərbi xidmətdə olmuşdur. MT-İ seriyalı 284686 saylı 12 mart 1990-cı il tarixli diplomdan görünür ki, İddiaçı 1986-cı ildən 1989-cu ilə qədər texnikumda təhsil almışdır. Laçın rayon İcra Hakimiyyəti başçısının 08/542 saylı 28 iyul 2000-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1991-ci ilin may ayından oktyabr ayına kimi Laçın rayon özünümüdafiə dəstəsində xidmət etmişdir. Laçın rayon Hərbi Komissarlığının 4/816 saylı 31.08.2000-ci il tarixli arayışından görünür ki, İddiaçı 1991-ci ilin may ayından oktyabr ayına kimi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda erməni işğalçı quldur dəstələrinə qarşı əməliyyatlarda iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 25.09.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 1991-ci ilin may ayından oktyabr ayına kimi Laçın rayon özünümüdafiə dəstəsində döyüş əməliyyatında iştirak etmişdir. M/V seriyalı 04325 saylı 20.09.2000-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 29.01.1983-cü il tarixdən 25.02.1984-cü il tarixədək H.Hacıyev adına Ət-Südçülük sovxozunda fəhlə, 10.05.1984-cü il tarixdə “Lenineft”neftçıxarma idarəsi, 8 saylı Neft və qaz hasilatı (neft mədəni) sexinə neft və qaz çıxarma üzrə əməliyyatçı işinə qəbul edilmiş, 01.03.1985-ci il tarixdə əməliyyatçı üzrə 5-ci dərəcə verilmiş, 01.07.1989-cu il tarixdə neft və qaz çıxarma üzrə əməliyyatçısı üzrə 4-cü dərəcə verilmiş, 01.04.1992-ci il tarixdə neft və qaz çıxarma üzrə əməliyyatçısı üzrə 5-ci dərəcə verilmiş və 31.12.2011-ci il tarixdə işdən azad olunmuş; 01.01.2012-ci il tarixdən hal-hazıra kimi X4 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialının 6 saylı Neft və qazçıxartma sexinə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsində işləyir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə hər hansı münasibət bildirilməmişdir. Sonradan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan, yəni 06.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 57 yaşdan, yəni 06.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1983-cü il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. 01.01.2006-cı il tarixədək fəaliyyət göstərdiyi neft və qaz hasiları üzrə operator vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda 1100000a-15824 saylı kod altında nəzərdə tutulmuşdur. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti cavablandırılmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabunçu rayon İdarəsinin ona dair 25.09.2019-cu il tarixli 213 nömrəli arayışında 1991-ci ilin may-oktyabr ayları arasındakı dövr ərzində Laçın rayon özünümüdafiə dəstəsinə döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmiş, əsas olaraq isə Laçın rayon İcra Hakimiyyətinin 08/542 saylı 28.07.2000-ci il tarixli arayışı və Sabunçu rayon Hərbi komissarlığının 043425 saylı 20.09.2000-ci il tarixli müharibə veteranı vəsiqəsi göstərilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* saylı hərbi biletinin surətinin 23-24-cü səhifələrində aparılmış qeydlər möhür və imza ilə təsdiq edilməmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi İ4T-İ ******* nömrəli əmək kitabçasının 42-43-cü səhifələrində 29.01.1983-25.02.1984-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5250/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni 06.07.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. 01.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. 26.11.2021-ci il tarixdə iddiaçı tərəfindən daxil olmuş ərizədə o, səhhəti ilə əlaqədar onun məhkəmə iclasında iştirak etməyəcəyi və məhkəmə iclasının onun iştiakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 22.10.2021-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin icraatında olan vaxt inzibati iş araşdırılmış və xüsusilə qeyd edilmişdir ki, hərbi biletdə qeydlər yazıldıqdan sonra möhürlə təsdiq edilməsə də, Sabunçu rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə İdarə tərəfindən arayış verilmiş və bu da öz növbəsində hərbi biletdə olan qeydlərin həqiqiliyini təsdiq etmişdir. Cavabdehin qeyd etdiyi onun əmək kitabçasının 43-43-cü səhifələrində olan möhürlərin oxunmamasına münasibətdə isə qeyd edilmişdir ki, 03.07.2019-cu il tarixli 28 saylı Sığortaolunanların ümumi iş stajı barədə məlumat vərəqəsində onun 1983-1984-cü illərdə savxozda işləməsi öz təsdiqini tapmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı 07.02.2021-ci il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş (bu müraciətin edilməsi i.v. 26-da olan poçt qəbzi və sifarişli məktubun xəbərnaməsi ilə təsdiq olunur), lakin sonuncu tərəfindən həmin ərizəyə münasibətdə hərəkətsizlik edilmişdir. İddiaçı isə 30.03.2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 39.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunduğu üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun onun müraciətinə 35 gün müddətində münasibət bildirməmiş, hərəkətsizlik göstərmiş və beləliklə tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* saylı hərbi biletinin surətinin 23-24-cü səhifələrində aparılmış qeydlər möhür və imza ilə təsdiq edilməmiş, əmək kitabçasının 42-43-cü səhifələrində 29.01.1983-25.02.1984-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinə qədər ümumi stajı 25 ildən çox, xüsusi iş stajı 12 il 6 aydan çox, yəni - 21 il 07 ay 23 gün təşkil edir və bu səbəbdən də ona 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, hərbi xidmətdə olması barədə arayışı, təhsil alması barədə sənədi, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. İddiaçıya məxsus ******* saylı 11.11.1980-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 11.11.1980-cı ildən 15.12.1982-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Həmçinin Laçın rayon İcra Hakimiyyəti başçısının 08/542 saylı 28 iyul 2000-ci il tarixli, Laçın rayon Hərbi Komissarlığının 4/816 saylı 31.08.2000-ci il tarixli və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 25.09.2019-cu il tarixli arayışlarından görünür ki, İddiaçı 1991-ci ilin may ayından oktyabr ayına kimi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda erməni işğalçı quldur dəstələrinə qarşı Laçın rayon özünümüdafiə dəstəsində döyüş əməliyyatında iştirak etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Bununla yanaşı, iddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, 29.01.1983-cü il tarixdə əmək fəaliyyətinə başlamış, 29.01.1983-cü ildən 25.02.1984-cü ilə kimi (1 il 26 gün) H.Hacıyev adına “Ət Südçülük” sovxozunda fəhlə, 10.05.1984-cü ildən 31.12.2011-ci ilədək (01.01.2006-cı ilədək 21 il 7 ay 20 gün) “Lenineft”neftçıxarma idarəsi, 8 saylı Neft və qaz hasilatı (neft mədəni) sexində neft və qaz çıxarma üzrə əməliyyatçı (operator) işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Beləliklə, iddiaçının 11.11.1980-ci ildən 15.12.1982-ci ilədək (2 il 1 ay 4 gün) hərbi xidmət dövrü, 29.01.1983-cü ildən 25.02.1984-cü ilə kimi (1 il 26 gün), 10.05.1984-cü ildən 31.12.2011-ci ilədək (01.01.2006-cı ilədək 21 il 7 ay 20 gün) işlədiyi dövrlər, 1991-ci ilin may ayından oktyabr ayına kimi (5 ay ikiqat hesablanır) döyüş əməliyyatlarında iştirak etdiyi dövr də nəzərə alınmaqla, 1986-cı ildən 30.06.1989-cu ilədək təhsil aldığı dövr isə iş stajı ilə üst-üstə düşdüyü üçün nəzərə alınmadan ümumi iş stajı 25 ildən çox təşkil edir. Hazırki işdə iddiaçının 01.01.2006-cı il tarixədək ümumi stajının 25 ildən çox təşkil etməsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilərək, hərbi biletinin surətinin 23-24-cü səhifələrində aparılmış qeydlərin möhür və imza ilə təsdiq edilmədiyi, əmək kitabçasının 42-43-cü səhifələrində 29.01.1983-25.02.1984-cü il tarixləri arasındakı dövr ərzində isə aparılmış qeydlərdə möhürlərin oxunmadığına istinad olunur. Bu barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında qeyd olunanlarla razılaşaraq hesab edir ki, hərbi biletin 23-24-cü səhifələrindəki qeydlər iddiaçının 1991-ci ilin may ayından 1991-ci ilin oktyabr ayına kimi Laçın rayon özünümüdafiə dəstələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədardır, bu fakt hərbi biletdə imza və möhür ilə təsdiq olunmasa da, iddiaçının həmin dövrdə döyüş əməliyyatlarında iştirak etməsi faktı iş materiallarındla olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş arayışla tam təsdiq olunur. Digər tərəfdən, cavabdehin “əmək kitabçasının 42-43-cü səhifələrində 29.01.1983- 25.02.1984-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunmasının mümkün olmadığı” barədə dəlilinə münasibətdə qeyd olunur ki, həmin dövr əmək kitabçasında qeyd olunmaqla yanaşı, DSMF-nun Sabunçu rayon Şöbəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş sığortaolunanın ümumi iş (sığorta stajı) stajı barədə məlumatda da əksini tapmışdır. Bundan başqa, cavabdeh tərəf qeyd olunan dövrün onda şübhə doğurması ilə bağlı həmin müddətin iddiaçının sığorta stajına daxil edilməsini istisna edən daha mötəbər arqumentlər gətirə bilmədiyindən Kollegiya hesab edir ki, yalnız istinad olunan dəlil iddiaçının qazandığı hüququndan məhrum edilməsi üçün yetərli deyil və buna əsas da vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Həmçinin iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Xüsusi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsə də, Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan “X2 LTD” Şirkətinin AZərbaycan Respublikasındakı Filialının 02/26 saylı 03.07.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 01.01.2012-ci il tarixdən hal-hazıra kimi Filialın 6 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10-cu bölməsinin “Neft, qaz və qaz konsendantının hasilatı” 10.2 “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. SOCAR-ın 09.07.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 10.05.1984cü ildə “Leninneft” NQÇİ-nin 8 saylı NQÇS-nə neft və qazçıxarma üzrə 3-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. 01.03.1985-ci ildə neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, 01.09.1987-ci ildə 6 saylı NQÇS-yə neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, 01.09.1988-ci ildə neft və qazçıxarma üzrə 3-cü dərəcəli operator peşəsinə keçirilmiş, 01.07.1989-cu ildə neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, 01.04.1992-ci ildə neft və qazçıxarma üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, 31.12.2011-ci il tarixdə işdən azad edilmişdir. SOCAR-ın 14.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı fəaliyyət göstərdiyi “Balaxanıneft” NQÇİ quruda yerləşən təşkilatdır və quruda yerləşən təşkilatlarda mövcud olan peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na aiddir. İddiaçının “neft və qazçıxarma üzrə operator” peşəsində 10.05.1984-cü il tarixdən 23.01.2007-ci il tarixədək işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİ bölməsinin “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” 2-ci Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinə (kod 2130200a-15824) və 23.01.2007-ci il tarixdən 31.12.2011-ci il tarixədək işlədiyi müddət isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10-cu bölməsinin “Neft, qaz və qaz konsendantının hasilatı” yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək (sığorta) stajı sayılır. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi adı çəkilən müəssisədə işlədiyi “neft və qazçıxarma üzrə operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın X bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1100000a-15824 şifrəsinə (neft və qaz hasilatı üzrə operatorlar) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 ildən artıq təşkil edir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin hərəkətsizlik göstərməklə tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 06.07.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5250/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar