Məhkəmə qərarları › İş №2-1(103)-2676/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2676/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2676/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4221/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında "Dövlət Sosial Müdafiə Fondu"nun tabeliyində "Xüsusi Şərtlərlə Pensiya idarəsi"nin üzərinə onun M.Ə.Sabir adına kitabxana klubda 1995-ci ildən 2003-cü ilə kimi əmək müqaviləsi ilə, 2004-2006-ci illərdə isə icarə müaviləsi əsasında) işləməklə qazandığı əmək stajı və cavabdehin hərəkət (və ya hərəkətsizliyi) səbəbindən itirilmiş illər nəzərə alınmaqla ona 57 yaşdan pensiya təyin edilməsi öhdəliyi qoyulması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarı ilə onun işlədiyi M.Əzizbəyov adina kimya istehsalatında operator, NÖC üzrə çilingər, Bakıbaştikinti idarəsinin 3 nömrəli tikinti idarəsində 1985-2000-ci ilə qədər işlədiyi bənna (kaменшик) və hal hazırda fəaliyyət göstərdiyi "televiziya təmiri" peşələri zərərli işlər və peşələr siyahısına daxil edildiyindən onun zərərli işlər və peşələr üzrə fəaliyyəti kimya istehsalatında 6-il, 3 №li tikinti idarəsində 15 il və ən nəhayət televizor təmiri peşəsi üzrə 27 il olmaqla toplam 48 il təyin edilməsi, Xüsusi şərtlərlə pensiya idarəsinin onun işi üzrə uzun illər müxtəlif məzmunlu qərarlar qəbul etmiş, qəbul edilən qərarların və vətəndaşa verilən cavabların nə dərəcədə prosedur qaydalara düzgün əməl edib-etməmələrinə hüquqi qiymət verilməsi, bununla da onun qanuni hüquq, maraq və mənafelərini inzibati qaydada həllinə açıq-aydın maneçilik törətmiş aidiyyəti şəxs (və ya şəxslər) müəyyən edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi və ona vurduqları maddi ziyan hesablanaraq (dövlət büdcəsindən deyil) şəxsi hesablarından ödənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəyişdirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən tərtib edilmiş “zərərli işlərin və peşələrin siyahısı”na əsasən əmək fəaliyyəti dövründə çalışdığı peşələr ona 57 yaşında xüsusi şərtlərlə təqaüdə çıxmaq imkanı verdiyindən DSMF-nun tabeliyində Xüsusi Şərtlərlə Təyinat idarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməməsinə dair ünvanladığı inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, o, toplam halda 43 ildən yuxarı əmək stajına malikdir. Bunun xx.xx.1979-cu idən xx.xx.1985-ci ilə qədər (1980-1982-ci illər hərbi xidmət daxil olmaqla) 6 il o vaxtkı “M.Əzizbəyov adına Sumqayıt Kimya İstehsalatı Birliyi”ndə, xx.xx.1985-ci ildən 2000-ci ilə qədər "BakıBaşTikinti idarəsi"nin nəzdində olan "3 №-li tikinti idarəsi"ndə (1997-ci ildə mərhum prezident cənab H.Ə.Əliyevin Fərmanına uyğun olaraq Dövlətin bir ictimai formasiyadan digər ictimai formasiyaya yəni, “Sosializim sistemi”ndən “Bazar iqtisadiyyatı sistemi”nə keçidi ilə əlaqədar dövlətin inhisarında olan nəhəng tikinti idarəsi “BakıBaşTikinti” idarəsi özəlləşdirməyə açıq elan edilənə qədər) bənna (kamenşik) peşəsində çalışmışdır. Bundan əlavə, Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq 2-ci iş yerində “əmək müqaviləsi” əsasında xx.xx.1995-ci ildən 2003-cü ilə qədər, 2004-2006-cı ilə qədər isə icarə müqaviləsi əsasında M.Ə.Sabir adına kitabxana klubda, 2006-cı ildən bu vaxta qədər isə fiziki şəxs kimi (VÖEN **********) radioteleviziya təmiri peşəsində çalışır. Göründüyü kimi fəaliyyət göstərdiyi peşələrin 3-də Nazirlər Kabinetinin 12 saylı qərarına əsasən tərtib edilmiş "Zərərli işlərin və peşələrin siyahısı"nda zərərli işlər və peşələr kimi göstərilməsinə baxmayaraq, cavabdehin ona 57 yaşdan pensiya təyin etməkdən imtina etməklə haqlı deyildir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh xx.xx.2021-il tarixində imzalayaraq (qeydiyyat nömrəsi **********0) ünvanladığı məktubda ona münasibətdə “imtinaedici akt” qəbul edib. Cavabdeh "imtinaedici akt"ını onunla əsaslandırmışdır ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçanın 6-7-ci səhifələrində əmək fəaliyyətinə dair aparılmış qeydlərdə onun xx.xx.1985-ci il tarixində 3 №-li tikinti idarəsində işə qəbul olduğu qeyd edilsə də, işdən çıxma barəsində heç bir qeyd öz əksini tapmamışdır. Bu səbəbdən də onun əmək kitabçasına və oradakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranır. Eyni zamanda, təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 25811,94 manat hesablandığı halda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 19988,19 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Çoxlu sayda yazılmış imtinalardan biri xx.xx.2022-ci tarixli **********7 nömrəli imtina məktubundan sonra o, "hüquqi faktların müəyyən edilməsinə dair" imtina məktubunda mübahisələndirilən tələbə uyğun olaraq iş stajının müəyyən edilməsi faktı ilə Xətai rayon məhkəməsinə müraciət etdi. Xətai rayon məhkəməsi 2(011)-3451/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə ilə onun "BakıBaşTikinti idarəsi"nin 3 nömrəli tikinti idarəsində 1985-ci ildən 2000-ci ilə qədər bənna peşəsi üzrə işləməsi faktını rəsmi sənədlər və şahid ifadələri əsasında müəyyən etdi. Bundan sonra, o, xx.xx.2022-ci il tarixində qətnamə qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixində 4-saylı DOST mərkəzinə müraciət edib. Qəbul zamanı ona bildirildi ki, ona pensiya təyin olunub, çox güman ki, yeni aydan yəni noyabr ayından veriləcək. Bir müddət gözlədikdən sonra ona pensiya kartının verilmədiyini görüb yenidən xx.xx.2022-ci il tarixində DOST mərkəzinə müraciət etdikdə bu dəfə ona bildirdilər ki, ona imtina yazılıb, imtina məktubunu aldıqda məlum oldu ki, onun 2-ci iş yerində işlədiyi iş stajını nəzərə almadıqları üçün ümumi olaraq iş stajı 11 il hesablanmışdır, bundan əlavə ondan iş yerindən hansısa arayışın gətirilməsi tələbi qoyulmuşdur. Halbuki, məhkəməyə qədər bu tələblərin heç biri mübahisələndirilməmişdir. Görünən odur ki, inzibati orqan onun məhkəməyə qədər təqdim etdiyi bütün sənəd və sübutları tanıdığından onları mübahisələndirməmiş, yeganə olaraq əmək kitabçasındakı qeydlərdən şühbələndiyi üçün təkcə bu məsələni mübahisələndirmişdir. O da mübahisələndirilən məsələ ilə bağlı məhkəməyə müraciət etmiş və bunun da əsasında məhkəmə məlum qətnaməni qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 06 ayını zərərli və ağır islərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: tələb olunan yaş həddinə çatdıqda (57 yaş); xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda; stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qanunvericiliklə tələb olunan şərtlərə münasibətdə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçı tərəfindən Filiala təqdim edilmiş sənədlərə əsasən, onun 01 yanvar 2006-ci il tarixinədək ümumi is stajı 25 ildən az (21 il 07 ay 04 gün (xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1985-ci il və xx.xx.1985- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin, istinad olunan Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alman vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında’’ Qanunun 1.0.1. 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı işlədiyini iddia etdiyi digər dövrlərin əmək müqaviləsi və icarə müqavilələri əsasında sığorta stajına daxil edilməsini tələb edir. Lakin müvafiq müqavilələrə münasibətdə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edilir. Belə ki, İddiaçı tərəfindən əmək müqaviləsi kimi təqdim edilmiş sənədin məzmununa diqqət yetirdiyimiz zaman həmin müqavilənin mülki-hüquq müqaviləsi (xidmət müqaviləsi) olması aydın görünür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsində, bu Məcəllənin şamil edilmədiyi şəxslər dairəsi qeyd olunmuşdur: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə isləri yerinə yetirən şəxslərə. Müvafiq iş üzrə tərəflər arasında yalnız xidmət müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasibət deyil, yalnız mülki xarakterlidir. Belə ki, icraçı müəyyən tapşırıqları verinə yetirməyi öhdəsinə götürmüş, sifarişçi tərəf isə həmin işə görə xidmət haqqı ödəyir. Buna görə də, həmin müddət əmək stajı hesab edilə bilməz. Bu səbəbdən həmin dövrlər İddiaçı sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş icarə müqavilələrinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilən normanın məzmunundan göründüyü kimi icarə müqaviləsi şəxsin işləmə faktını təsdiq edən bir sənəd deyil. Bu səbəbdən həmin dövrlər İddiaçı sosial sığorta stajına daxil edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın uğurlu olması vətəndaşın pensiya təyinatına səbəb olduqda mümkündür. Lakin, İddiaçı əmək müqaviləsi və icarə müqavilələri əsasında işlədiyini iddia etdiyi dövrlər sığorta stajına daxil edilsə belə, qanunvericiliklə tələb olunan ümumi stajı 24 il 04 ay 02 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983- xx.xx.1985-ci il; xx.xx.1985xx.xx.2000-ci il; xx.xx.2001-xx.xx.2002-ci il; xx.xx.2004- xx.xx.2004-cü il; xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi qanunvericiliklə tələb olunan ümumi stajı (25 il) tamamlanmır. Əlavə olaraq, qanunla tələb olunan "ümumi stajının 12 il 06 ayını əmək şəraiti zərərli və ağır islərdə işləməli” tələbinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qavdaları”na 2 nömrəli Əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı tərəfindən əmək şəraiti zərərli və ağır işlərdə işlədiyini iddia etdiyi dövrlər üzrə güzəştli arayış təpdim edilməmişdir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbinin ikinci hissəsinə münasibətdə aşağıdakıları qeyd etmək lazımdır: Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. Hesab edilir ki, təqdim edilən sübutlardan cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli oiduğu xərclər də öz təsdiqini tapmır. Eyni zamanda qeyd olunmalıdır ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Həmçinin, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri nəticəsində baş verməsi sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onlar tərəfindən ödənilməsi qanunauyğun deyildir. Əlavə olaraq qeyd olunur ki, müvafiq tələb üzrə (ona dəymiş maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması) İddiaçı inzibati orqana müraciəti olmamış, bu baxımdan da imtina almamışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4221/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-4221/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin iddiaçının 2004-cü ildən vergi ödəyicisi kimi uçotu olduğundan və vergi ödəyicisi kimi hesabatlarını təqdim edərək həmin M.Ə.Sabir adına kitabxana klubu ilə icarəçi kimi münasibətlərini davam etdiyindən həmin dövrün onun sığorta stajına daxil edilməli olması mövqeyinə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, müvafiq dövrlər üzrə İddiaçı tərəfindən sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmamışdır. Müvafiq iş üzrə iddiaçının əmək şəraiti ağır və zərərli işlərdə işləməsi faktını təsdiq edən güzəştli arayış mövcud deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2018-ci il tarixindən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İş materiallarından məlum olur ki: -İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. -İddiaçının əmək kitabçasına əsasən xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1985-ci illərdə əmək fəaliyyətinə dair qeydlər var. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3451/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 1985-ci ildən 2000-ci ilin dekabr ayınadək 3 nömrəli Tikinti İdarəsində işləməsi faktı müəyyən edilmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə İddiaçı M.Ə.Sabir adına kitabxana kluba qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının alınması tələbinə dair iddiası ilə bağlı tərəflərin bağladığı barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. -Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və məhkəməyə 2004-cü ildə vergi orqanına təqdim etdiyi hesabatları vermişdir. Hazırda da iddiaçının vergi ödəyicisi kimi uçotu (VÖEN: **********) mövcuddur. -İddiaçı tərəfindən məhkəməyə M.Ə.Sabir adına kitabxana klubu ilə icarəçi qismində bağlanmış xx.xx.2004-cü il tarixli və xx.xx.2005-ci il tarixli icarə müqavilələri təqdim edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi:

1. yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52)

2. iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi:

1. yaş (kişilərdə 57, qadınlarda 52)

2. iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi:

1. yaş (kişilərdə 60, qadınlarda 55);

2. iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 3.fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 2 şərtə birlikdə əməl olunmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməli; 12 il 6 ay güzəştli iş stajının və 25 il ümumi iş stajı 57 yaşınadək mövcud olmalıdır; İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti və hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq ümumi iş stajına da daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarına əsasən: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisələndirilən qərarında qeyd etmişdir ki, xüsusi icraat qaydasında şəxsin stajı hüquqi nəticə yarandığı halda hüquqi fakt kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçının 1985-ci ildən 3 dekabr 2000-ci ilə olan stajı qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilib. İddiaçı tərəfindən məhkəməyə 2001-2003-cü illərdə M.Ə.Sabir adına kitabxana klubu ilə əmək münasibətlərində olmasına dair bəzi sənədlər (əmək müqaviləsi, əmr) təqdim edilib. 2003-cü ilə qədər olan dövr üzrə isə M.Ə.Sabir adına kitabxana klubu ilə əmək mübahisəsinə dair iş üzrə icraata barışıq sazişinin bağlanması ilə xitam verilib. Odur ki, məhkəmə qeyd edilən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməli olduğu, həmçinin iddiaçının 2004-cü ildən vergi ödəyicisi kimi uçotu olduğundan və vergi ödəyicisi kimi hesabatlarını təqdim edərək həmin M.Ə.Sabir adına kitabxana klubu ilə icarəçi kimi münasibətlərini davam etdiyindən həmin dövrün onun sığorta stajına daxil edilməli olduğu qənaətində olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya şikayəti ümumilikdə tələbin təmin edilməsindən imtinanın və iddiaya dair etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtinadan və iddiaya dair etiraz dəlillərindən əlavə olaraq apelyasiya şikayətində göstərilən 2004-cü ildən vergi ödəyicisi kimi uçotu olduğu dövrlər üzrə İddiaçı tərəfindən sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmamasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun preambulasına əsasən, qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir. Həmin Qanunun 3-cü maddəisnə əsasən, Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: b) fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, iddiaçının həqiqi hərbi xidmətdə olduğu (xx.xx.1980-xx.xx.1982-ci il), əmək fəaliyyəti ilə məşğul olduğu (əmək kitabçasına əsasən xx.xx.1979-xx.xx.1980; xx.xx.1983-xx.xx.1985; məhkəmə qətnaməsi ilə müəyyən olunan 1985-2000-ci illər; məhkəmə qərardadı ilə barışıq sazişi əsasında işə bərpa olunan 2001-2003-cü illər) və vergi ödəyicisi kimi uçota alındığı dövr (xx.xx.2004-cü ildən bu günə kimi) nəzərə alındığı halda xx.xx.2006-cı il tarixə kimi ən azı 25 il sığorta stajı mövcuddur. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3451/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 1985-ci ildən 2000-ci ilin dekabr ayınadək 3 nömrəli Tikinti İdarəsində işləməsi faktı müəyyən edilmiş, məhkəmə qətnaməsinə əsasən iddiaçının həmin idarədə bənna vəzifəsində işləməsi faktının sübut olunduğu müəyyən edilmişdir. İddiaçının həmin idarədə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİ bölməsinin (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar (kod 2290000a—12680) uyğun olmaqla əmək şəraiti ağır və zərərli işlərdə stajı ən azı 12 il 6 aydır (1985-ci ildən 2000-ci il). Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının tələbinin təmin edilməməsi istiqamətində dəlilləri sadalamaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutların əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4221/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar