Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2677/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 və iddiaçının iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3405/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.33.1). İddianın əsaslarına görə iddiaçının mərhum əri M.Hüseynov vəfat etdikdən sonra o, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı 22 sentyabr 2021-ci il tarixli cavab məktubu ilə mərhum ərinin əmək kitabçasında xx.xx.1981-xx.xx.1998-ci illərdə “Bakı Qalantereya” 3 saylı Filialın 80 saylı mağazasında, Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsinin 81 saylı X3 56 və 1 saylı Filialındakı fəaliyyət dövrləri üzrə arxiv sənədləri, əmək haqqı cədvəlləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Arxivində müəyyən edilmədiyini əsas gətirərək, ərizəsini təmin etməkdən imtina etmişdir. Halbuki, göstərilən əmək stajları mərhumun əmək kitabçasında qeyd edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının mərhum ərinə məxsus ******* nömrəli əmək kitabçasına və ******* nömrəli hərbi biletə əsasən sosial sığorta stajı 6 il 11 ay 29 gün (tələb olunan müddət 15 il 8 aydan az) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3405/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və X2 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, iddiaçının mərhum əri M.Hüseynovun xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək (3 il 7 ay) və Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsindəki xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək (2 il 5 ay 1 gün) işləməsi əmr kitabı, əmək haqqı cədvəlləri, şəxsi vərəqəsi və digər arxiv sənədləri olmadığı, həmçinin, Lənkəran rayon Mebel fabrikində xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək (8 ay 14 gün) və xx.xx.1976-cı il il tarixdən xx.xx.1977ci il tarixədək (10 ay 24 gün) işləməsi əmək kitabçasında öz əksini tapmadığı halda sığorta stajı kimi qəbul etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********980100 nömrəli məktubuna münasibət bildirilməmişdir. Belə ki, “Bakı Qalantereya” Səhmdar Cəmiyyəti və Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsi hüquqi şəxs kimi dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olmadığı halda, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Beləliklə, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərti ödəmədiyindən, yəni mərhum əri M.Hüseynovun sosial sığorta stajının 14 il 09 ay 28 gün olduğu müəyyən edilmiş iddiaçı X4 ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərti ödəmədiyindən, yəni tələb olunan 15 il 8 aydan az olduğuna görə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Həşimova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə...; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi cavabdehə müraciət etmiş, sonuncunun imtina cavabından sonra məcburetmə haqqında iddia qaldırmış və birinci instansiya məhkəməsinin qərarı ilə iddiası təmin olunmuşdur. İş materiallarına (iddiaçının 04211079 nömrəlişəxsiyyət vəsiqəsinə, mərhum ərinin 4 saylı ASAN xidmət tərəfindən ferilmiş xx.xx.2017-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnaməyə) əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il tarixində anadan olmuş, onun mərhum əri M.Hüseynov isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfat etdiyi vaxt Qanunun qeyd olunan 7-ci maddəsinə əsasən qadınların pensiya yaş həddi 60 yaş təşkil edirdi. Belə olan halda iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ mərhum ərinin ölüm tarixindən, sonuncunun əmək qabiliyyətli yaş dövrü üçün Qanunun qeyd olunan 17.1 və 12.1-ci maddələrinə müvafiq olan sığorta stajı mövcud olduğu təqdirdə yaranmış olur. İddiaçının xx.xx.1955-ci il təvəllüdlü mərhum ərinin 15 yaşından (xx.xx.1970-ci ildən) öldüyü xx.xx.2017-ci il tarixinədək olan əmək qabiliyyətli yaş dövrü isə 47 il təşkil edir. Həmin illərə görə tələb olunan sığorta stajı isə, hər ilinə 5 aydan olmaqla, 19 il 6 ay (47x5):12) təşkil edir ki, iddiaçının mərhum ərinin, əmək qabiliyyətli yaş dövrü üzrə isə iş materiallarına əsasən 19 il 6 aydan da çox sığorta stajının mövcud olduğu müəyyən olunur. Cavabdeh isə apellyasiya şikayətində tələb olunan sığorta stajının 15 il 8 ay təşkil etdiyi halda, mərhum ərinin 14 il 09 ay 28 gün sığorta stajının mövcud olduğunu əsas gtirərək sonuncunun əmək kitabçası üzrə xx.xx.1992- xx.xx.1995-ci illər üzrə (3 il 7 ay) və xx.xx.1995-xx.xx.1998-ci illlər (2 il 5 ay 1 gün) üzrə işləməsi əmr kitabı, əmək haqqı cədvəlləri, şəxsi vərəqəsi və digər arxiv sənədləri təsdiq olunmadığı, həmçinin, xx.xx.1972-xx.xx.1973-cü illərdə (8 ay 14 gün) və xx.xx.1976-0.10.1977-ci il illərdə (10 ay 24 gün) işləməsi əmək kitabçasında öz əksini tapmadığı halda, həmin dövrlərin məhkəmə tərəfindən sığorta stajına daxil edilməsini mümkünsüz sayır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır və belə hesab edir ki, qeyd olunan əsaslara görə iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina edilməsi tamamilə qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının cavabdeh orqana müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır. Birincisi, cavabdehin mübahisələndirdiyi, iddiaçının mərhum ərinin xx.xx.1992xx.xx.1995-ci illər üzrə əmək fəaliyyəti onun əmək kitabçasının qeydlərində öz əksini tapmışdır. Həmin qeydlərdən görünür ki, ərinin əmək fəaliyyəti “Bakı Qalantereya” Ticarət” müəssisəsinin mağazasında çalışdığı dövrün bir hissəsidir. Belə ki, iddiaçı xx.xx.1981xx.xx.1995-ci illərdə əri “Bakı Qalantereya” Ticarət müəssisəsində, daha sonra isə xx.xx.1995-xx.xx.1998-ci illərdə və Nizami rayonu Ticarət və İaşə” idarəsinə məxsus mağaza müdiri ivəzifələrində çalışmışdır. Cavabdehin dəlillərindən belə anlaşılır ki, iddianın mərhum ərinin “Bakı Qalantereya”da əmək fəaliyyətinin SSRİ dövrünə düşən, yəni, 1 yanvar 1992-ci ilədək olan hissəsi, Əmək pensiyaları haqqında Qanunun 23.2-ci maddəsinə müvafiq olaraq, sığorta stajı qəbul edilsə də, həmin tarixdən sonrakı xx.xx.1995-ci ilədək olan hissəsi sığorta stajı kimi nəzərə alınmır. Halbuki, əmək kitabçasının qeydlərində həmin tarixə qədər onun işlədiyi mağazaların dövlət tərəfindən özgəninkiləşdirlməsinə dair hər hansı bir qeyd mövcud deyildir. Belə qeydlər Nizami rayonu “Ticarət və İaşə” idarəsinə münasibətdə də mövcud deyildir. Başqa sözlə, həmin ticarət obyektləri hələ dövlət müssisələri hesab olunurdu. Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə sorğusuqna ünvanladığı 08 fevral 2022-ci il tarixli məktubundan da görünür ki, “ünvan 1üəssisəsinin ticarət obyekti 2002-ci ildə, Nizami rayonu “Ticarət və İaşə” idarəsinin iticarət obyektləri isə təsərrüfat subyektləri 1998-ci il taixində özəlləşdirilmişdir. Bu baxımdan, məhz, Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı 03 fevral 2022-ci il tarixli məktubunda, məhz, həmin illərdə sözügedən müəssisələrin qeydiyyatı barədə məlumatın aşkar olunmamasının qeyd olunması təbiidir və əslində, bu hal əmək kitabçasının mübahisələndirilən qeydlərinin həqiqliyini təsdiq edir. Sözügedən qurumlar tərəfindən sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsinə gəldikdə isə bu hal da iddiaçının təqsiri deyildir və onun pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Onu da qeyd etmək lazımdır ki, mərhumun əmək kitabçasının xx.xx.1981— xx.xx.1998-ci illəri (16 il 2 ay 20 gün) əhatə edən qeydlərində onun işə qəbul edilməsi, vəzifə köçürmələri, işdən azad olunma tarixləri, müvafiq əmrlər, qeydlərin kadrlar üzrə məsul şəxsin imzası, müəssisənin möhürü təsdiqi öz əksini tapmış, qeydlərdə qaralama və anlaşılmaz yazılar mövcud deyil, vərəqlərin tamlığı pozulmamışdır. Başqa sözlə, qeydlərin inandırıcılığı baxımından mərhumun həmin ticarət müəssisələrində 16 il 2 ay 20 gün çalışmasını şübhə altına ala biləcək halllar aşkar olunmur. “ İnzibati icraat haqqında” Qanunun 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Eyni zamanda, işdə olan Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arxiv arayışlarına əsasən mərhumun xx.xx.1972-xx.xx.1973-cü (8 ay 13 gün ), xx.xx.1976-xx.xx.1977-ci (10 ay 24 gün) illərdə cəmi 1 il 7 ay 7 gün - laklayıcı və dülgər peşələrində işlədyi və onun 1972-ci il üzrə oktyabr ayı 23 manat, noyabr ayı 129 manat, dekabr ayı 80 manat; 1973-cü il üzrə yanvar ayı 109 manat, fevral ayı 72 manat, mart ayı 63 manat, aprel 126 manat, may 133 manat, iyun 116 manat, avqust 47 manat; 1976-cı il üzrə dekabr 133 manat; 1977-ci il üzrə yanvar 89 manat, fevral 60 manat, mart 46 manat, aprel 58 manat, may 51 manat, avqust 60 manat. əmək haqqı aldığı müəyyən olunur. Bundan əlavə, əmək kitabçasına əsasən mərhumun cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.1979-xx.xx.1981-ci illərdə “Bakı sənaye malları ticarət”də əmək fəaliyyəti (2 il 6 ay), habelə, xx.xx.1974-xx.xx.1976-cı illərdə (2 il 25 gün) keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidməti, eləcə də, 1978-1980-cı illərdə (2 il) Bakı Ticarət Texnikumunda təhsil müddəti də onun sığorta stajına daxil edildikdə, mərhumun 47 il əmək qabiliyyətli yaş dövründə, ümumlikdə 24 il 3 ay sığorta stajı toplanır (İddiaçının mərhum ərinin hərbi xidmətdə olduğu və orta ixtisas təhsili aldığı vaxt xx.xx.1956-cı ildən xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş, “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin «v» bəndinə əsasən xx.xx.1992-ci ildən 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında X9 67-ci maddəsinin 3-cü hissəsinin “ğ” bəndinə əsasən hərbi xidmət dövrü və orta ixtisas təhsil müddətləri də iş sajına daxil edilirdi). Beləliklə də iddiaçının mərhum ərinin öldüyü xx.xx.2017-ci il tarixinə onun cavabdehin qeyd etdiyi kimi 14 il 09 ay 28 gün deyil, 24 il 3 ay sığorta stajı mövcud olur ki, belə olan halda da iddiaçının xx.xx.2017-ci tarixindən (həmin tarixdə qadınlar üçün pensiya yaş həddi 60 yaş təşkil edirdi. iddiaçının isə həmin günə olan yaşı 61 yaş 10 ay 21 gün təşkil edirdi) ailə başçısını itirməyə görə pensiya hüququ yaranmış olur. Cavabdehin işə əlavə olunmuş imtina məktubundan görünür ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün 2021-ci ilin sentyabr ayında müraciət etmişdir. Əmək pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasəq əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya ailə başçısını itirməyə görə xx.xx.2017-ci tarixdən əmək pensiyası təyin edilməklə, onun cavabdehə müraciət etdiyi 2021-ci ilin sentyabr ayından əvvəlki 3 il üçün (yəni, 2018-ci ilin sentyabr ayından) əmək pensiyası məbəlğini hesablayb ödəmək cavabdehin öhdəliyidir. Lakin cavabdeh tərəfindən əmək pensiyaları haqqında və inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən həmin öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, qanunvericiliyin tələblərinin pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3405/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında pensiyanın təyin edilmə tarixi və hesablanıb ödənilməsi müddəti göstərilmədiyi nəzərə alınmaqla, nəticə hissəsində, “X2 ailə başçısını itirməyə görə” sözlərindən sonra “xx.xx.2017-ci tarixindən” sözləri, “əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra isə “ və pensiya təyinatı üçün müraciət etdiyi 2021-ci ilin sentyabr ayından əvvəlki 3 il üçün, yəni, 2018-ci ilin sentyabr ayından hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdiriləmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3405/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı nəticə hissəsində “X2 ailə başçısını itirməyə görə” sözlərindən sonra “xx.xx.2017-ci tarixindən” sözləri, “əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra isə “ və pensiya təyinatı üçün müraciət etdiyi 2021-ci ilin sentyabr ayından əvvəlki 3 il üçün, yəni, 2018-ci ilin sentyabr ayından hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdiriləmədən qüvvədə saxlanılsın Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2677/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2677/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver