Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2678/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, X1, İddiaçı (xx.xx.1978-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Təhsildə X2rşı “diplomların tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7040/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Mirzəyev Gülağasi Ağahüseynoviç 01.06.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının X4ndan iddiaçıya verilmiş bakalavriyyat üzrə 137724 ******* nömrəli, 17.04.2015-ci il tarixli diplomun və magistratura üzrə Rusiya Federasiyası Sinergiya Moskva Maliyyə və Sənaye Universitetinin magistratura üzrə 137705 ******* nömrəli, 18.11.2019-cu il tarixli diplom ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, diplomun tanınması ilə bağlı müraciətə cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Belə ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina müvafiq ekspertizanın mənfi rəyinin tələb olunması və bu rəyin Qaydaların 3.7-ci maddəsində göstərilən 3 haldan birində verilə bilməsi ilə şərtləndirilmişdir. Lakin, cavabdeh inzibati orqanın imtina məktubundan da göründüyü kimi, ixtisasın tanınmasından imtina edilərkən həmin hallardan heç birinə istinad olunmamış, çünki bu hallar iddiaçıya münasibətdə mövcud olmamışdır. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə cavabdehin Təhsildə Keyfiyyət Təminatı Agentliyi kimi göstərilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7040/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 20 sentyabr 2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7040/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. 25.11.2021-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7040/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - -X4 tərəfindən verilmiş 17.04.2015-ci il tarixli diplomun surətindən görünür ki, iddiaçı Sənətşünaslıq proqramını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. - Moskva Maliyyə-Sənaye Universiteti “Sinergiya” tərəfindən verilmiş 18.11.2019-cu il tarixli diplomun surətindən görünür ki, iddiaçı “İdarəçilik” proqramını müvəffəqiyyətlə bitirmiş və ona magistr ali ixtisas dərəcəsi verilmişdir. - İddiaçı qeyd olunan diplomların tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının aldığı bakalavr ixtisası üzrə adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisensiya) verilməməsi, magistr ixtisası üzrə isə baza rolunu oynayan bakalavr diplomu üzrə əldə etdiyi xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması səbəbi ilə müraciətlərinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanununun («Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş) 12-ci maddəsinə görə hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər. Həmin Qanunun 22-ci maddəsinə görə bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Prezidenti 04 oktyabr 1997-ci il tarixdə 637 nömrəli Fərman imzalamışdır. Həmin Fərmana görə Təhsil Nazirliyi ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti üzrə lisenziya verən orqan kimi müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2010-2015-ci tədris illərində həmin təhsil müəssisəsində qiyabi əsaslarla Bakı innovasiyalar texnologiyaları mərkəzinin bazasında təhsil almışdır. Bakı innovasiyalar texnologiyaları mərkəzi qanuni əsaslara fəaliyyət göstərməmişdir. Bundan başqa, həmin mərkəz ümumiyyətlə hər hansi bir xarici şirkətin filialı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı aldığı təhsilin distant formada həyata keçirildiyini bildirsə də, bu hal bakalavr diplomunda və Rusiya Federasiyası X4 tərəfindən İddiaçı ünvanlanmış olan məktub ilə təkzib olunmuşdur. Belə ki, həmin sənədlərdən görünür ki, 1978-ci il təvəllüdlü İddiaçı 2010-cu ildən 2015-ci ilədək qiyabi formada təhsil almışdır. Göründüyü kimi iddiaçının izahatı, onun iddia ərizəsi və iş materialları arasında zidiyyətli məqamlar mövcuddur. Həmçinin, onun aldığı təhsil qiyabi formada tədris olunduğu halda, tədris müddəti ərzində təhsil aldığı ali təhsil müəssisəsində yalnız 8 gün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8- 18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Məhkəmə kollegiyası iddiaçının magistr diplomu üzrə kvalifikasiyanın tanınmaması ilə bağlı qeyd edir ki, iddiaçının X4 tərəfindən aldığı təhsilin və həmin təhsil əsasında verilmiş olan diplomun ölkə ərazisində tanınmadığından onun magistr diplomu üzrə kvalifikasiyanın tanınması yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7040/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7040/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2678/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2678/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver