Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2678/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(112)-3811/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3811/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin imtinasının qanunsuz sayılması, İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinin rekonstruksiya olunaraq tikintisi məqsədilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən təqdim olunmuş şəhərsalma əsaslandırılmasına dair rəy verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-605/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzi Tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3811/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1853/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli 2-1(103)-605/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldığından 2-1(112)-3811/2022 saylı 31 yanvar 2024-cü il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək məhkəmə qərarının icrasına köməklik göstərilməsi xahiş edilmiş, iddiaçının həmin ərizəsi nəzərə alınmaqla məhkəmə tərəfindən cavabdehə 2-1(112)- 3811/2022 saylı 06 mart 2024-cü il tarixli məktub ünvanlanaraq qərarının icrası ilə bağlı 20 gün müddət müəyyən edilmiş və həmin müddət ərzində məsələ ilə bağlı müvafiq tədbir görülməsi və məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. Əlavə olaraq sözügedən məktubda cavadehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmə qərarı icra olunmadığı təqdirdə cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən yenidən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək cavabdeh tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmadığı, məhkəmə qərarının icrasından cavabdeh tərəfindən 01 mart 2024-cü il tarixli 3-35-2/2-Oxx-xx/2024 məktubla imtina edildiyi bildirilərək məhkəmə qərarının məcburi icraya yönəldilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(112)-3811/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edlməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin istifadəsində olan Təlim Poliqonu iddia etdiyi ərazi üzrə təqdim olunmuş koordinatların daxilində deyil, ətrafında yerləşməsi məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə predmeti olan Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2- 1(112)-3811/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, həmin qərara əsasən cavabdehin imtinası qanunsuz sayılaraq İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinin rekonstruksiya olunaraq tikintisi məqsədilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən təqdim olunmuş şəhərsalma əsaslandırılmasına dair rəy verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin mübahisə ilə bağlı hüquqi mövqeyi, qərarın əsaslandırma hissəsi aşağıdakı kimi olmuşdur: -“Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının müraciəti üzrə inzibati icraatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»nın müddəalarına istinad etməkdə imtina cavabı verməkdə cavabdeh inzibati orqan haqlı olmamışdır. Belə ki, həmin Qaydaların 17-ci bəndi nəzərdə tutur ki, yanacaqdoldurma məntəqələri ilə bağlı məsafələr digər normativ sənədlərlə tənzimlənir. Həmçinin nəzərə alımalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları», eləcə də Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1» təsdiq edilmişdir. Bununla da, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Qanunun 16, 17, 24-cü maddələrinin tələblərinə riayət olunmamışdır. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq reyestrdən çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində “Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolu, 132 saylı YDM” kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi iki şəxsin – İddiaçı və X3 ümumi paylı mülkiyyətindədir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat onlardan yalnız birinin ərizəsi üzrə və iştirakı ilə aparılmışdır. Digər şəxsin inzibati icraatda hər hansı (ərizə ilə müraciət etmiş şəxs və ya iştirakçı kimi icraata cəlb olunmuş şəxs) qisimdə iştirakı təmin olunmamışdır. Bununla da, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Qanunun 36.1, 36.3, 36.4-cü maddələrinin tələblərinə riayət olunmamışdır. Məhkəmə hüquqi mövqeyi belədir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda göstərilən hallar üzrə tədbir görülməli, nöqsan və çatışmazlıqlar aradan qaldırılmalı və bundan sonra iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılaraq, iddiaçının qaldırdığı konkret məsələ ilə bağlı müsbət qərar və ya imtina verilməlidir. Nəzərə alınmalıdır ki, qeyd olunan halların bütövlükdə araşdırılması, aradan qaldırılması və qiymətləndirilməsi məhkəmə baxışı çərçivəsində mümkünsüzdür. Odur ki, məhkəmə cavabdehin imtinasını qanunsuz sayır və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirir.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01 mart 2024-cü il tarixli 3-35-2/2-O-36- 98/2024 saylı məktubla iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı iddiası üzrə 20 dekabr 2023-cü il tarixli 2-1(102)-1853/2023 saylı qərarı Ərazi TikintiPlanlaşdırma Mərkəzinə daxil olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşvfiqabad yolunun sol tərəfindən yerləşən torpaq sahəsində yanacadoldurma məntəqəsinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması barədə təkrar müraciəti müvafiq məhkəmə instansiyalarında araşdırıldığından, həmin müraciətə baxılması tərəflərindən təxirə salınmışdır. Hal-hazırda iş üzrə məhkəmə araşdırmaları yekunlaşdığından, müraciətinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Müraciəti ilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən, yanacaqdoldurma məntəqəsinin tikintisi nəzərdə tutulan torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təlim mərkəzinin (poliqonunun) yaradılması məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə ayrılmış sahənin hüdudları daxilində yerləşir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 504 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı zonasına (qış otlağı və örüş sahələri) aid edilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolunun sol tərəfində yerləşən torpaq sahəsində yanacaqdoldurma məntəqəsinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması ərazinin planlaşdırılması sənədlərinə uyğun olmadığından müvafiq rəyin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının müraciəti üzrə cavabdehin imtinasının əsasları əvvəlcə başqa olmuş və həmin imtinanın əsaslarına məhkəmə tərəfindən hüquqi qiymət verilərək məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının qaldırdığı konkret məsələ ilə bağlı müsbət qərar və ya imtina verilməsi ilə bağlı rəy verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir və sözügedən məhkəmə qərarının icrası ilə bağlı məhkəmənin məktubundan sonra cavabdeh tərəfindən iddiaçıya 01 mart 2024-cü il tarixli 3-35-2/2-O-xx-xx/2024 nömrəli məktub göndərilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Yeni verilmiş imtina məktubunda imtinanın əsasları (1. Yanacaqdoldurma məntəqəsinin tikintisi nəzərdə tutulan torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təlim mərkəzinin (poliqonun) yaradılması məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə ayrılmış sahənin hüdudları daxilində yerləşməsi; 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023- cü il tarixli 504 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən həmin torpaq sahəsinin kənd təsərrüfatı zonasına (qış otlağı və örüş sahələri) aid edilməsi.) əvvəlki əsaslardan tamamilə fərqli olmaqla hazırda icrası mübahisə predmeti təşkil edən məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş məsələlərdən mahiyyəti etibarı ilə əsaslı şəkildə fərqlənir. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, iddiaçının müraciəti cavabdeh tərəfindən yenidən araşdırılaraq onun müraciəti üzrə 01 mart 2024-cü il tarixli 3-35-2/2-O-xx-xx/2024 nömrəli məktubla imtina qərarı verildiyindən və yeni verilmiş imtinada göstərilən əsaslar mübahisə predmeti təşkil edən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş məsələlərdən mahiyyəti etibarı ilə əsaslı şəkildə fərqləndiyindən, beləliklə də, yeni verilmiş imtinanın əsaslarına ayrıca inzibati məhkəmə icraatında baxılaraq hüquqi qiymət verilməli olduğundan iddiaçının “məhkəmə qərarının məcburi icrasının təmin edilməsi barədə” ərizəsi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 117.1.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən: 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı (ərizəçi) i/v- 194-də olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək, bildirir ki, Müdafiə Nazirliyinin istifadəsində olan Təlim Poliqonu iddia etdiyi ərazi üzrə təqdim olunmuş koordinatların daxilində deyil, ətrafında yerləşməsi məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. Bununla bağlı məhkəmə Kollegiyası bir daha vurğulayır ki, göstərilən dəlillər yeni verilmiş imtinanın əsasları ilə bağlıdır, odur ki, həmin dəlillərə də ayrıca inzibati məhkəmə icraatında baxılaraq hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(112)-3811/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2678/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2678/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver