Məhkəmə qərarları › İş №2-1(103)-2679/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2679/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2679/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2679 /2023 (Açar sözlər: “əlilliyə görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 26 sentyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2023 saylı, 05 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1983-cü il təvəllüdlüdür.

2. xx.xx.2007-ci il tarixli qərar ilə əlillik səbəbi - “Ümumixəstəliklə əlaqədar” olmaqla İİİ dərəcə müddətsiz əlillik müəyyən edilmişdir.

3. İddiaçı əlilliyə görə sosial müavinət alır.

4. İddiaçı xx.xx.2011-ci ildən əmək fəaliyyəti ilə məşğuldur və ididaçının xeyrinə hər ay məcburi dövlət sosial sığorta haqları ödənilməklə 8 il 10 ay sosial sığorta stajı vardır.

5. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 4 saylı DOST Mərkəzinə müraciət edərək ona hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi və ötən dövlər üzrə ödənilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı (bundan sonra – cavabdeh) iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3400,97 manat olmaqla qanunvericilikdə (39 yaş üçün) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) azdır və minimum pensiya təminatına imkan vermir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məlum olmuşdur ki, stajı olduğu üçün əslində sosial müavinət yox, əlilliyə görə pensiya ala bilər. Buna görə də, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 4 saylı DOST Mərkəzinə müraciət edib. Lakin 25 noyabr 2022-ci il tarixində cavabdeh onun müraciətinə imtina cavabı vermişdir. İmtina cavabında qeyd olunur ki, təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 8 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (8 il) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 3400,97 manat olmaqla qanunvericiliklə (39 yaş üçün) tələb olunan pensiya kapitalından (16588,80 manat) azdır və minumum pensiya təminatına imkan vermir. Cavabdehin imtinası əsassızdır. Belə ki, imtina cavabından da göründüyü kimi ona 39 yaşa görə imtina verilib, bu yaş üçün tələb olunan pensiya kapitalı istənilib. Halbuki o, 39 yaşından yox, hüququnun yarandığı vaxtdan pensiya istəyir. Yəni onun qanunvericiliklə tələb olunan 5 il stajı tamam olduğu vaxt - 2016-cı ildə pensiya kapitalı tələb olunmurdu.

8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sosial sığorta stajının 8 il 10 ay olmaqla tələb olunan müddətdən (8 ildən) çox olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3400,97 manat olmaqla qanunvericiliklə (39 yaş) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) az olması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ilə İddiaçı xx.xx.2007-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumixəstəliklə əlaqədar” olmaqla İİİ dərəcə müddətsiz əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur. 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006- cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2018-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı ümumilikdə 8 il 10 aydır. İddiaçının 8 il 10 ay sosial sığorta stajı olmağına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3400,97 manat pensiya kapitalı qanunvericiliklə (39 yaş) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) azdır. İddiaçıya İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır.

9. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2016-cı ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və 4.11.2019-cu il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçı İİİ dərəcə əlilliyə görə sosial müavinət alır. Həmçinin xx.xx.2011-ci il tarixdən əmək fəaliyyəti ilə məşğuldur və 8 il 10 sosial sığorta stajı vardır.

12. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının minimum pensiya təyinatına imkan verəcək qədər pensiya kapitalının olmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

13. İddiaçı hazırda ona hüququnun yarandığı vaxtdan əmək pensaiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş edir.

14. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır.

15. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyasına istinad edərək iddiaçının kifayət qədər pensiya kapitalının olmamasını qeyd etmişdir.

16. Lakin məhkəmə hesab edir ki, iddiaçının hüququ xx.xx.2017-ci il tarixdən əvvəl yarandığı üçün ona Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normasına istinad edilməli idi ki, həmin vaxt qüvvədə olan normaya görə, əlilliyə görə əmək pensiyasının təmin edilməsi üçün pensiya kapitalının olması tələb edilmirdi.

17. Belə ki, həmin vaxt qüvvədə olan normaya görə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin olması kifayət edirdi: - 1) iddiaçının əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunan olması; - 2) sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması.

18. Hazırkı işdə hər iki şərtin mövcud olması işin mübahisələndirilməyən halıdır.

19. Eyni zamanda, iddiaçı inzibati orqana pensiya təyin edilməsi üçün 4.11.2022-ci il tarixdə müraciət edib.Ona görə də, məhkəmə hesab edir ki, ona təyin edilmiş pensiya məbləği, iddiaçının cavabdeh orqana müraciət etdiyi 4.11.2022-ci il tarixdən əvvəlki üç il dövr üçün, 4.11.2019-cu ildən hesablanıb ödənilməlidir.

20. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş 12.1-ci, xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş və hazırda qüvvədə olan yeni redaksiyasına, 32.1-1-ci maddəsinə, Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına, Konstitusiya Məhkəməsinin Plenumu 14 iyul 2022-ci il tarixli Qərarına istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2023 saylı, 05 may 2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi’si Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun alaraq, 2006- 2018-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir.İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı ümumilikdə 8 il 10 aydır.İddiaçının 8 il 10 ay sosial sığorta stajı olmağına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3400,97 manat pensiya kapitalı qanunvericiliklə (39 yaş) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) azdır.İddiaçı İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(1121-6019/2023 nömrəli qərarında bildirilmişdir ki, İddiaçı hüququ yaranan tarixdən, yəni xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməlidir.Lakin İddiaçı əlilliyə görə əmək pensiyasının təyin ediİməsi üçün lazım olan fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının qanunveriliciliklə tələb olunan pensiya kapitalından az olması ilə bərabər, eyni zamanda o, xx.xx.2016-cı il tarixdə qanunvericiliklə tələb olunan sosial sığorta stajına da malik olmamışdır. Konkret mübahisəyə münasibətdə qeyd etmək lazımdır ki, məhkəmə həmin mövqeyində haqlı sayıla bilməz. Çünki İddiaçı hüququnun yarandığı tarix xx.xx.2016-cı il kimi nəzərə alınmamalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

c) Prosses iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: - xx.xx.2017-ci ilədək qüvvədə olmuş 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. - Normanın xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş və hazırda qüvvədə olan yeni redaksiyasına əsasən isə, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31- 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

27. Konstitusiya Məhkəməsinin Plenumu 14 iyul 2022-ci il tarixli Qərarı: - Müvafiq işlərə baxan məhkəmələr 32.1-1-ci maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

28. Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadı: - Əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən 4.11.2022ci ildən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Çünki qeyd edilən Qərardadda “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsi qərara alınmışdır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

33. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı İİİ dərəcə əlilliyə görə sosial müavinət alır. Həmçinin xx.xx.2011-ci il tarixdən əmək fəaliyyəti ilə məşğuldur və 8 il 10 sosial sığorta stajı vardır.

34. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının minimum pensiya təyinatına imkan verəcək qədər pensiya kapitalının olmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

35. İddiaçı hazırda ona hüququnun yarandığı vaxtdan əmək pensaiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş edir.

36. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından (Qərarın 26-cı bəndi) çıxış edərək hesab edir ki, iddiaçının tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

37. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qanunun xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyasına istinad edərək iddiaçının kifayət qədər pensiya kapitalının olmamasını qeyd etmişdir.

38. Lakin məhkəmə hesab edir ki, iddiaçının hüququ xx.xx.2017-ci il tarixdən əvvəl yarandığı üçün ona Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normasına istinad edilməli idi ki, həmin vaxt qüvvədə olan normaya görə, əlilliyə görə əmək pensiyasının təmin edilməsi üçün pensiya kapitalının olması tələb edilmirdi.

39. Belə ki, həmin vaxt qüvvədə olan normaya görə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin olması kifayət edirdi: - 1) iddiaçının əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunan olması; - 2) sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması.

40. Hazırkı işdə hər iki şərtin mövcud olması işin mübahisələndirilməyən halıdır.

41. İddiaçıya 2000-ci ildən İİ qrup əlillik, 2007-ci ildən isə İİİ dərəcə müddətsiz əlillik təyin edilib.

42. Eyni zamanda iddiaçı xx.xx.2011-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğuldur və iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilir. Qanunun xx.xx.2017-ci il tarixə qədər 5 ildən çox əmək fəaliyyəti ilə məşğul olmuş və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmuşdur.

43. Cavabdeh isə iddiaçının xx.xx.2017-ci ilədək artıq əlilliyə görə pensiya təyin edilməsi üçün hüququnun yarandığını nəzərə almayaraq onun həmin vaxt qüvvədə olmayan normaya görə pensiya kapitalının olmaması əsası ilə müraciətinin təmin edilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir.

44. Ona görə də, iddiaçıya hüququn yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməlidir.

45. İddiaçı tələbində ona hüququnun yarandığı vaxtdan ötən dövlər üçün də pensiyanın ödənilməsini xahiş etmişdir.

46. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı inzibati orqana pensiya təyin edilməsi üçün 4.11.2022-ci il tarixdə müraciət edib.

47. Hazırkı işdə iddiaçı müraciətin 1 iyul 2017-ci il tarixinədək edilməməsinin onun iradəsindən asılı olmayan (ağır xəstəlik, fövqəladə hal və s.) hallara görə mümkün olmadığına dair sübutlar təqdim edə bilməmişdir. İddiaçı bu halı onun hüququnu bilməməsi ilə əlaqələndirmişdir.

48. Ona görə də, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş pensiya məbləği, onun cavabdeh orqana müraciət etdiyi 4.11.2022-ci il tarixdən əvvəlki üç il dövr üçün, 4.11.2019-cu ildən hesablanıb ödənilməlidir.

49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərarın ləğvinə əsas təşkil etmir, odur ki, təmin edilməməli, Bakı İnzibati 2-1(112)-6019/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar