Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-268/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı) “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-294/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2 saylı Ərazi Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işsiz kimi qeydiyyata alınması və ona 190 manat birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilməsi, hüquq münasibətlərinə aydınlıq gətirilməsi üçün cavabdehin ona birdəfəlik ödəmənin verilməsindən imtina edilməsinə dair qərarını ləğv edilməsi və ona 190 manat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il taixli, 2-1(112)-5388/2020 saylı qərardadı ilə iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2-1(103)-442/2021 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il taixli, 2-1(112)- 5388/2020 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7503/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7503/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetini bitirmiş, 2009-2010-cu illərdə hərbi xidmətdə olmuş, 2009-cu ildə Azərbaycan Universitetinin magistratura səviyyəsinə daxil olmuş, maddi baxımdan imkanı olmadığı üçün oxumamışdır. 2013-cü ildə ADİU-nin Magistratura Mərkəzinə daxil olmuş və orada təhsilini qiyabi formada almışdır. Təhsil haqqı borcuna görə Universitetdən xaric olmuşdur. 2013-2016-cı illərdə də o, AzDBTİA-da Baş mütəxəssis vəzifəsində çalışmışdır və 2016-cı ilin 25 mayında işdən öz xahişi ilə azad olmuşdur. Daha sonra isə yenidən iş axtaran kimi müraciət etmişdir, lakin ona uyğun iş olmadığı üçün həmin ilin 12 aprel 2020-ci il tarixdə işsiz statusu verilmişdir. 23 aprel 2020ci ildə, saat 18:23-də ona (**********) sms gələrək M.H.Q.-4.1.6 maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmaqdan imtina edildiyi bildirilmişdir. O, heç bir yerdə əyani təhsil almır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı barədə MEİS-in «Təhlil» altsistemindən əldə olunmuş məlumata əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdə tələbə olduğuna görə ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Daha sonra qeyd olunan səbəbdən xx.xx.2020-ci il tarixdə şəxsin işsizlik statusu ləğv edilərək şəxs işaxtaran statusuna keçirilmişdir. xx.xx.2020-ci il tarixdən etibarən iddiaçı MEİS-in «Məşğulluq» altsistemində işaxtaran olaraq qeydiyyatdadır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, iddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 24 iyun 2020-ci il tarixli, **********8 saylı məktubda qeyd olunur: Sizin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2 saylı Ərazi Məşğulluq Mərkəzində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. Siz 23 yanvar 2019-cu il tarixli müraciətiniz əsasında 12 aprel 2020-ci il tarixində işsiz kimi qeydiyyata alınmısınız. Əlavə araşdırmalar nəticəsində təhsil aldığınıza görə Sizə 190 manat verilməsindən imtina edilmiş və müvafiq hüququnuz araşdırılarkən məlumatlarınız Azərbaycan Respublikasının Təhsil Nazirliyinin informasiya bazasından əldə edilmişdir. Bununla yanaşı, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatda olduğunuz üçün «Məşğulluq haqqında» Qanuna uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 9-3/2-393/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 2013-cü ildə keçirilmiş magistratura səviyyəsinə qəbul imtahanında iştirak edərək 66 bal toplamış, Azərbaycan Dövlət İqtisad Universitetinin “Sığorta işinin təşkili” ixtisasının ödənişli əyani təhsilalma formasına qəbul olmuş, “Tələbə-məzun” sisteminə daxil edilmiş məlumata görə 2022-ci ildə tələbələr sırasından xaric edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı koronovirus (covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olduğu üçün ona xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Cavabdeh tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə» 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin. 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Göründüyü kimi, iddiaçı birdəfəlik ödəmənin verilməsi üçün müraciət edərkən tələbə olmuş, əyani formada təhsil almışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 2013-cü ildə keçirilmiş magistratura səviyyəsinə qəbul imtahanında iştirak edərək 66 bal toplamış, Azərbaycan Dövlət İqtisad Universitetinin “Sığorta işinin təşkili” ixtisasının ödənişli əyani təhsilalma formasına qəbul olmuş, “Tələbə-məzun” sisteminə daxil edilmiş məlumata görə 2022-ci ildə tələbələr sırasından xaric edilmişdir. İddiaçı tələbə olduğu üçün işsizlik statusu ləğv edilmiş və ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Beləliklə, iddiaçı cavabdehə müraciət etdiyi dövrdə o, tələbə olmuş, əyani formada təhsil almış və işsiz kimi qeydiyyatda olmamışdır. İddiaçının tələb etdiyi birdəfəlik ödəmə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq yalnız Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə təqdim edilir. Bu səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-268/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-268/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver