Məhkəmə qərarları › İş №2-1(103)-2681/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2681/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2681/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Aida Hüseyn Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leya Asəf qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (3-cü şəxs X12) qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə X3 vəsatətinə ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC barəsində Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və akta baxılması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4701/2020 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1 (103)-2016/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 462/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(104)- 2016/2020 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4701/2020 saylı qəraradadı qismən-iddia tələbinin mümkün sayılmayan "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********196367 nömrəli qərarın ləğv edilməsi" hissəsində ləğv edilmiş və iş həmin hissədə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə X4 vəsatətlə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilməmişdir. Vəsatət bununla əsaslandırılmışdır ki, X4 “Nigar Klinikası" MMC-nin həmtəsisçisidir və “Nigar Klinikası" MMC-də 50 faiz paya sahibdir. “Nigar Klinikası" MMC-nin nizamnanməsindən və vergi orqanları tərəfindən verilmiş reyestrdən görünür ki, digər təsisçi X8r. Belə ki, X5 və X6 şikayət ərizəsi əsasında ünvan 1 ünvanında yerləşən, X10 Əliyevin birlikdə həmtəsisçi olduğu "xxxx" MMC-də Bakı şəhər prokuroru Vəkil1 tərəfindən xx.xx.2019-cu il tarixdə fakta görə AR CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddəlləri ilə cinayət işi başlanmışdır. AR DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Ziyafət Mənsimov tərəfindən Şahbazov Şahbaz xx.xx.2020-ci il tarixdə AR CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmişdir. Cəlb qərarından görünür ki, Şahbaz Şahbazov öz qulluq mövqeyindən istifadə edərək təsisçisi olduğu ünvan 1 ünvanında yerləşən Nigar Klinikası MMC-də xx.xx.2011-ci il tarixdən xx.xx.2016cı il tarixədək normal doğuş, qeysəriyyə və stasionar əməliyyatlarından, tibbi müayinə və digər tibbi xidmətlərdən əldə olunan 3.788.241 manat məbləğində xalis mənfəəti nağd qaydada götürərək şəxsi məqsədləri üçün sərf edib etibar edilmiş özgə əmlakını talayaraq mənimsəmiş və Nigar Klinikası MMC-nin təsisçisi X2 miqdarda ziyan vurmuşdur. Həmin cinayət işi üzrə hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində ibtidai istintaq aparılır və cinayət işi üzrə icraat dayandırılmışdır. Bundan başqa X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin 1-ci şöbəsində AR CM-nin 192.2.2 və 213.1-ci maddəlləri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs qismində cəlb edilmişdir. Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində cəlb etmə qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal gəlirlər Baş İdarəsində qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərlik edən X4 xeyli miqdar təşkil edən, 160433,39 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, həmçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində cəmiyyətdə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti- xəstəxanaların fəaliyyəti və doğuşa yardım xidmətləri ilə məşğul olma nəticəsində ümumilikdə külli miqdar təşkil edən, 374939,19 manat məbləğində gəlir əldə etmişdir. xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və akta baxılması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********196367 nömrəli qərarı X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin 1-ci şöbəsində AR CMnin 192.2.2 və 213.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs qismində cəlb edilməsi üçün əsas olmuşdur. Qeyd olunanlardan göründüyü kimi hazırda məhkəmə tərəfindən baxılan inzibati iş X3 qanunla qorunan maraqlarına toxunduğundan o inzibati iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və 3-cü şəxsə, həmçinin Şahbazov Şahbaza lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir İş materiallarında olan **********142295 nömrəli Səyyar Vergi yoxlaması Aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196367 nömrəli Qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mənfəət vergisinin 21905,31 manat, əlavə dəyər vergisinin 145681,78 manat yayındırılması, sadələşdirilmiş verginin isə 7153,7 manat artıq hesablanması müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunanlara əsasən vergi məsuliyyətinə cəlb edilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə ərizə ilə Cavabdehə müraciət edərək xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması əsasında çıxarılmış xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçının müraciətini cavablandıraraq bildirmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********141892 nömrəli qərarına əsasən Cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama əsasında ümumilikdə 160433,39 manat təşkil edən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı aşkar edilmişdir. Məlum olmuşdur ki, səyyar vergi yoxlaması nəticəsində hesablanmış külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi üzrə istintaqın (və ya məhkəmə istintaqının) davam etdiyini nəzərə alaraq şikayətə Vergilər Nazirliyində baxılmasının mümkün olmaması qeyd olunmuşdur. Ərizəyə əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışdan görünür ki, X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmtəsisçisidir və "xxxx" MMC-də 50 faiz paya sahibdir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadında müəyyən edilmişdir ki, “iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər.” Vəsatətdən görünür ki, Ş.Şahbazov hazırda cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********196367 nömrəli qərarının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 1-ci şöbəsində AR CM-nin 192.2.2 və 213.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas olmasına istinad edərək üçüncü şəxs qismində cəlb edilməsini xahiş edir. Vəsatətdən görünür ki, Ş.Şahbazov həm İPM-in 28.1-ci madəsinə, həm də 28.2-ci maddəsinə istinad etmiş, hansı cəlbemə qaydasında cəlb olunmasını tələb etdiyini göstərməmişdir. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin İK-nın istinad olunan qərardadına göstərilir ki, “İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. ...Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Məsələn, qonşu A tərəfindən qaldırılmış iddia əsasında tikintiyə verilmiş icazənin ləğvi ilə bağlı işə baxılarkən onun hüquqi statusuna birbaşa təsir etdiyi nəzərə alınmaqla B icazə sahibi kimi zəruri cəlbetmə qaydasında icraata qoşulmalıdır. Çünki üçüncü şəxs (B) tikinti hüququnun normaları baxımından həmin mübahisəli hüquq münasibətinin iştirakçısıdır və məhkəmə icraatının sonunda mübahisəyə dair tərəflər (qonşu A və icazə sənədini vermiş inzibati orqan) və üçüncü şəxs (B) barəsində vahid qərar qəbul edilməli olacaqdır.” İşin hallarını qeyd olunan baxımdan qiymətləndirən məhkəmə hesab edir ki, Ş.Şahbazov iddiaçının təsisçilərindən biri olsa da, hazırda mübahisələndirilən qərar onun deyil, iddiaçı barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1). Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (maddə 52.2). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qiymət verilməli məsələ, hansı vəzifəli şəxsi tərəfindən edilməsindən asılı olmayaraq iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulub pozulmamasıdır. Yəni yekun qəbul ediləcək qərar təsisçilər barəsində deyil, hüquqi şəxs barəsində qəbul ediləcəkdir. Ş.Şahbazov bu iş üzrə məhz hüquqi şəxsin qanuni mənafeyini təmsil edən tərəf olduğundan, onun fiziki şəxs kimi əlavə olaraq üçüncü şəxs qismində cəlb edilməsinə zərurət yoxdur. Çünki məhz təsisçi kimi onun (digər təsisçilər və hüquqi şəxsin orqanları ilə birlikdə) qəbul etdiyi qərarlar vasitəsilə iddiaçı mülki hüquqlar əldə etmiş, öhdəsinə mülki vəzifələr götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə Ş.Şahbazovun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi üçün əsas mövcud deyil və buna görə də vəsatət təmin olunmamalıdır. Ş.Şahbazovun cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, bu hal həmin şəxsin üçüncü şəxs qismində icraat cəlb olunmaı üçün əsas təşkil edə bilməz. İPM-in 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq X3 3-cü şəxs qismind cəlb edilməməsi barədəqərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 28 və 50.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar