Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2681/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X8 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadnin katibliyi ilə İddiaçı iştirakı ilə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-6456/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 16 yanvar 2023-cü il tarixli ******* №-li qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X1, X5, X2, X13, X6, X18, X20, X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-6456/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasınınmüvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, ailə və geniş mənada mülki hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, xüsusi hüququn başlıca sahəsi olan mülki hüquq qeyri-ticarət dövriyyəsinin müstəqil subyektləri arasındakı əmlak münasibətləri ilə yanaşı ailə münasibətlərini və bəzi şəxsi hüquqları tənzimləyən normaları da özündə birləşdirir. Bu baxımdan ailə hüququ müstəqil hüquq sahəsi, yaxud da mülki hüququn yarımsahələrindən biri kimi xüsusi hüquqa aid edilir. Digər tərəfdən ailə hüququnun xüsusi hüquq sahəsinə aid olmasına baxmayaraq bu çərçivədə yaranan bəzi münasibətlərə dövlətin müdaxiləsinin şahidi oluruq ki, belə müdaxilələr ərin, arvadın və ya yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi məqsədi güddüyündən, hətta bəzən zəruri xarakter daşıdığından sırf buna istinadən ailə münasibətlərindən doğan hüquqi tənzimetməni ümumi (publik) hüquq sahəsinə aid etmək hüquqi tənzimetmənin məzmununa ziddir. Eləcə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının son məqsədi xüsusi hüququn mühüm sahələrindən biri olan ailə hüququnun uşaqların hüquqları institutunun qanunvericiliklə tənzimlənən təzahürlərinin prosessual baxımdan gerçəkləşdirilməsi olmuşdur. Belə olan halda bu növ iddialara inzibati məhkəmə icraatı çərçivəsində baxılması prosessual qənaət prinsipi baxımından da əlverişsiz olacaqdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 01/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirmişdir. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı hazırkı məhkəmə mübahisəsində xüsusi hüququn subyekti qismində iştirak edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci iltarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİİ hissəsinin 1- ci bəndinə müvafiq olaraq inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı hesab edilsə də, mübahisəyə səbəb olan hərəkət və hərəkətsizliyinin publik hüquqdan irəli gəlməsi də işə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün zəruridir. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2- ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Kollegiyya qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin qərara əsasən vətəndaş İddiaçı tərəfindən, vətəndaşlar X1, X7, X3, X13, X6. X18, X20 və X19 yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olmalarına yaradılan maneələrin aradan qaldırılması; ərizəçilərin yetkinlik yaşma çatmayan X4 ilə uşaq 3 yaşına çatanadək ananın (İddiaçı) iştirakı ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək tərəflərin yaşayış ünvanından kənarda (uşaqlar üçün nəzərdə tutulmuş məkanlarda, istirahət parklarında və s.), uşaq 3 yaşma çatandan sonra isə ananın iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək müddətdə mənzil şəraitindən kənarda ünsiyyətdə olmalarının təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, qərar özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Mübahisələndirilən qərar uşaqlar ilə ünsiyyət qaydasının müəyyənləşdirilməsi ilə bağlıdır ki, bu məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçının hazırki tələbi üzrə iddianın mümkünlük şərtləri ödənilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-6456/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2681/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2681/2023
18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver