Məhkəmə qərarları › İş №2-1(103)-2682/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2682/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2682/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 758/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. EZ seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. PV seriyalı 014598 saylı xx.xx.1988-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə Azərbaycan SSR X3 “zootexniya” ixtisasına daxil olmuş, həmin ixtisas üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 18 may 1988-ci il tarixli Qərarı ilə ona “zoomühəndis” ixtisası verilmişdir. İddiaçıya məxsus 04 iyun 1980-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Sovet Ordusunda xidmət etmiş, xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilədək SSRİ Əlvan Metallurgiya Nazirliyinin “Soyuzzoloto” Tökmə Sexində 4-cü dərəcəli qəlibçi işləmiş, xx.xx.1980-cı ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olmuş, xx.xx.1982-ci ildə “Soyuzzoloto” Tökmə Sexinə 4-cü dərəcəli qəlibçi işinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixindən Selxozinistuta qəbul edildiyinə görə işdən azad olunmuş, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixədək SSRİ Əlvan Metallurgiya Nazirliyinin “Soyuzzoloto” Tökmə Sexində 4-cü dərəcəli qəlibçi işləmiş, xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək “Qızıl Qum” kooperativində 4-cü dərəcəli qaynaqçı işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 09 fevral 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, "X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindənaz olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-cı il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən duşmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Qanunun 1.0 8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Qızıl-qum” kooperativində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə onun işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. X5 qanunvericiliyin tələblərinə görə məcburi sosial sığorta haqları ödəniləyən dövr sığorta stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan müddətinin onun iş stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Buna görə də onun ümumi iş stajının 25 ildən (4 il 1 gün), güzəştli iş stajının 12 il 6 aydan az ( 4 il 1 gün) təşkil etdiyi, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 45600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6133,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmədiyi qeyd olunaraq müraciətin təmin edilməsindən imtina edilmişdir Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə pensiyaya çıxmağla əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbi təmin edilməmişdir. Onun əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.2006-cı il tarixədək əmək stajı, hərbidə olduğu müddəti və institutda təhsil aldığı müddəti nəzərə alaraq 25 il, 01 ay, 20 gün ümümi stajı vardır. Belə ki, 17 il, 10 ay, 30 gün əmək stajıdır, 5 il, 04 ay, 1 gün təhsil aldığı müddətdir, 1 il, 10 ay, 01 gün hərbi xidmət etdiyi müddətdir. İddiaçı qeyd edir ki, 25 il, 01 ay, 20 gün ümümi stajından 14 il, 10 ay, 29 gün zərərli staj olaraq yəni xx.xx.1991-ci ildən - xx.xx.2005-ci il tarixdədək AR Lərik Rayonu “Qızıl Qum” Kooperativində İV dərəcəli qaz qaynaqçısı işləmişdir. Bu faktı təsdiq edən arayış iddia ərizəs inə əlavə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahıda 23200000-11620 kodla həmən vəzifə qeyd olunub. Onun xx.xx.2006-cı il tarixədək 25 il 01 ay 20 gün ümümi stajı, 14 il 10 ay 29 günü zərərli iş stajı vardır və qanunvericiliyə əsasən 57 yaşı tamam olduğu gündən, yani xx.xx.2019-cü il tarixindən pensiya hüququ vardır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddiasını əsassız və qanunsuz hesab edir. Belə ki, “X5" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1 -ci maddədə "57” rəqəmləri "60” rəqəmləri ilə, “52” rəqəmləri "55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. İddaçıya münasibətdə hal-hazırda qüvvədə olan “X5” Qanun, nə də ki, hal-hazırda qüvvədə düşmüş "Vətəndaşların pensiya təminatı" haqqında Qanun tətbiq edilə bilməz. Belə ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərlə onun xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasında “Qızıl-Qum” kooperativində işləməsi qeyd edilmişdir. Bununla əlaqədar inzibati orqan tərəfindən iddiaçının işlədiyi adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə "Sığorta Alt Sistemi (monitoring) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin DSMF-da sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Cavabdeh həmçinin onu da xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Yanında Dövlət Xidmətinin internet saytında Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sisteminə baxdıqda "Qızıl Qum” Kooperativi adlı hüquqi şəxs aşkar edilməmişdir. Məhz bu səbəbdən iddiaçının xx.xx.1991xx.xx.2005-ci il arasındakı dövr onun iş stajına sayıla bilməz və bu səbəbdən də onun ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulan 25 ildən az (04 il 02 gün), Güzəştli iş stajı da 12 il 05 aydan az (04 il 01 gün). İddiaçıya 9.1-ci maddənin 01 iyul 2017-ci ilədək olan mətni tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş, qeyd edilən tarixdə isə artıq 9.1-ci maddənin yeni mətni qüvvədə (60 yaş və pensiya kapitalı) olmuşdur. Yəni həmin qanuna edilmiş dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 6133,70 manatdır. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı bəzi qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçının əmək kitabçasının xx.xx.1991-ci (7-ci qrafa) ildə işlədiyi müəssisənin üzərinə vurulmuş möhürün üstündəki yazılar həm kiril həm də latın əlifbası ilə yazılmışdır. Lakin, Latın qrafikalı Azərbaycan Respublikası əlifbasının bərpa edilməsi barədə Qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 25 dekabr 1991-ci il tarixində imzalanmışdır. Həmin əmək kitabçasında xx.xx.2005-ci (8-ci qrafa) il tarixli qeydinin üstündə də vurulmuş möhürdə həm latın qrafikası, həm də kiril qrafikası istifadə edilmişdir. Cavabdehin etirazına yazılı münasibət: Cavabdehin iddiaya dair yazılı etirazına verilmiş münasibət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində dörd əsasla bildirir ki, cavabdehin əsasları qanunsuzdur. Birinci əsas olaraq cavabdeh etiraz ərizəsində qeyd edir ki, iddiaçı işlədiyi müəsissə DSMF-da sığorta olunan kimi qeydiyyatda olmadığını və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bundan əlavə olaraq qeyd edirlər ki, AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Xidmətinin internet saytında vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sistemində baxdıqda kooperativin adı hüquqi şəxs olaraq aşkar olunmadı. Etirazın birinci əsasına dair iddiaçı bildirir ki, AR Dövlət Sosial Müdafiə Fondu Bakı Şəhəri üzrə Hüquqi Şəxslər iş Departamentinin rəisi Şiraslan Əsədov tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli, 95/132 saylı məktubundan görünür ki, “Qızıl Qum” kooperativi xx.xx.1991-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sosial sığorta ödəmələr keçirtmişdir. Etirazın birinci əsasın ikinci hissəsinə məhkəməyə bildirilir ki, cavabdeh inzibati icraat haqqında qanuna uyğun olaraq vergi orqanına sorğu verib və həmən məlumatları əldə edilməsini kənara qoyaraq, internet resusrlara öz etirazını əsaslandırır. Bununla bağlı iddiaçı qeyd edir ki, hər hansı texniki səhvin nəticəsində “Qızıl Qum” kooperativin adı internet resuslarda çıxmaya bilər, lakin bu demək deyil ki, həmin kooperativ hüquqi şəxs kimi qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunan məlumatlardan görünür ki, “Qızıl Qum” kooperativi sosial sığorta ödənişlərini keçirdiyi təqdirdə mütləq hüquqi şəxs kimi qeydiyyatda olmalı idi, əks təqdirdə həmən sosial ödənişləri keçirdə bilməzdi. İddiaçının vəkili tərəfindən "Qızıl Qum" kooperativin hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması ilə bağlı AR İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2021-ci il tarixli, FVB-1081 saylı sorğu göndərilmişdir. Bundan əlavə iddiaçı qeyd edir ki, iddiaçının tələbi xx.xx.2006- cı ilədək əldə edilmiş ümümi pensiya stajına və güzəştli pensiya stajına əsaslanaraq, 57 yaşı tamam olduğuna görə güzəştli pensiyanı təyin edilməsi ilə bağlıdı. Bu halda ümumiyyətlə iddiaçı tərəfindən xx.xx.2006-cı ilədək sosial ödənişlərin edib edilməməsi araşdırılmamalıdır. Çünki tələbin təmin edilib edilməməsinə heç bir təsir etmir. Qeyd edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş iş yerindən arayışlarda, iddiaçının işlədiyi müddət və vəzifəsi qeyd olunur, həmçinin əmək haqqının ödənilməsi də qeyd olunur. Əmək haqqı ödənilməsi müəsisənin həmən tarixlərdə sosial sığorta ödənişlərin ödənilməsi ilə təsdiqlənir. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2006-cı ilədək əldə edilmiş ümümi pensiya stajına və güzəştli pensiya stajına əsaslanaraq, 57 yaşı tamam olduğuna görə güzəştli pensiyanı təyin edilməsi ilə bağlıdır. “X5" qanunun 9.8 ci maddəsində qeyd edilib: “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir." Əvvəlki qüvvədə olan “vətəndaşların pensiya təminatı" haqqında qanunun 13-cü maddəsinə əsasən “Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa”. Qeyd etmək istəyirəm ki. 13 iyun 1997- ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır və bu səbəbdən iddiaçı 2005-ci ildə stajı topladığına görə 57 yaşdan pensiya hüququnu əldə edir. Cavabdeh etiazın üçüncü hissəsində qeyd edir ki, əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində 45600 manat olmalıdı, iddiaçının isə fərdi hesabın sığorta hissəsində cəmi 6133.70 manat olduğuna görə, əmək pensiyası təyin edilə bilməz. Görünür ki, iddiaçının tələbini cavabdeh ümumiyyətlə araşdırmamışdır. Bir daha qeyd edilir ki, iddiaçı xx.xx.2006-cı ilədək əldə edilmiş ümümi pensiya stajına və güzəştli pensiya stajına əsaslanaraq, 57 yaşı tamam olduğuna görə güzəştli pensiyanın təyin edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-758/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı bəzi qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının xx.xx.1991-ci (7-ci qrafa) ildə işlədiyi müəssisənin üzərinə vurulmuş möhürün üstündəki yazılar həm kiril həm də latın əlifbası ilə yazılmışdır. Lakin latın qrafikalı Azərbaycan Respublikası Əlifbasının bərpa edilməsi barədə qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 25 dekabr 1991-ci il tarixində imzalanmışdır. Həmin əmək kitabçasında xx.xx.2005-ci (8-ci qrafa) il tarixli qeydinin üstündə də vurulmuş möhürdə həm latin qrafikası, həm də kiril qrafikası istifadə edilmişdir. Qeyd edilən tarixdə isə Azərbaycan Respublikasının ərazisində kiril əlifbası istifadə edilmirdi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddia müddəti mübahisələndirilmir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı tələbi “ona 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az, yəni 4 il 1 gün, güzəştli iş stajının isə 12 il 6 aydan az, yəni 4 il 1 gün təşkil eməsi, həmçinin pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 ildən, xüsusi iş stajının 12 il 6 aydan artıq olmasına, həmçinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya kapitalının tələb olunmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X5” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X5” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “X5” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil alması barədə sənədi (diplomu), əmək kitabçasını, işləməsi və işlədiyi peşənin güzəştli olması barədə arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən və təhsil haqqında sənəddən görünür ki, o, müvafiq olaraq xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1982-ci ildən 1988-ci ilədək təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Hazırda qüvvədə olan “X5” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qüvvədə olan “X5” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırki işdə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi və xüsusi stajının, eləcə də pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Qızıl-qum” kooperativində işlədiyi müddəti mübahisələndirir. Bununla bağlı apellyasiya baxışı zamanı da müvafiq araşdırma aparılmış, sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq məhkəməyə təqdim edilmiş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş nizamnamədən görünür ki, adı çəkilən müəssisə Lerik rayon XDS İcraiyyə Komitəsinin 3 saylı xx.xx.1990cı il tarixli iclas protokolu ilə qeydə alınmışdır. Odur ki, iddiaçının xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövrdə işlədiyi müəssisə- “Qızıl-qum” kooperativi mövcud olmuşdur. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən müxtəlif müəssisələrdə, həmçinin “Qızıl-qum” kooperativində işlədiyi müddət, hərbi xidmət dövrü (1 il 10 ay, 19 gün) və təhsil dövrü (05 il 08 ay 27 gün) də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 06 ay 16 gün) ümumi iş stajı mövcud olmuşdur. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Həmçinin Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan Lerik rayon “Qızıl Qum” Kooperativi tərəfindən verilən xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, kooperativ 2015-ci il tarixdən fəaliyyətini dayandırdığı, həmin səbəbdən arxiv sənədlərinin əldə edilməsinin mümkün olmadığı qeyd edilmiş, barəsində sorğu edilən İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək “Qızıl Qum” kooperativində 4 cü dərəcəli qaz qaynaqçısı işlədiyi, xx.xx.1993-cü il tarixli 2 saylı siyahı üzrə işlədiyi sahənin 23200000 kodu üzrə güzəştli sahə hesab olunduğu qeyd olunmuşdur. Bununla da, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Qızıl Qum” kooperativində işlədiyi 4-cü dərəcəli qaz qaynaqçısı peşəsinin zərərli olması faktı onun işlədiyi iş yeri tərəfindən təsdiq olunaraq, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş Siyahının “XXXİİİ. Ümumi peşələr bölməsində “qaz qaynaqçıları” (kod 23200000- 11620) peşəsinə uyğunlaşdırılmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. Hazırki işdə həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının kifayət qədər olması da mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşı xx.xx.2019-ci il tarixdə tamam olsa da, o, güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 25 il ümumi və 12 il 6 ay xüsusi stajını xx.xx.2006-cı il tarixədək toplamış və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “X5” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə edən şəxsdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin onun tələbinin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. O ki qaldı cavabdehin apellyasiya şikayətində istinad etdiyi hala- iddiaçının əmək kitabçasında olan xx.xx.1991-ci (7-ci qrafa) və xx.xx.2005-ci (8-ci qrafa) il tarixli qeydinin üstündə də vurulmuş möhürdə həm latin qrafikası, həm də kiril qrafikasının istifadəsinə, bu barədə qeyd olunur ki, bu hala görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz, çünki həmin məsələ işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun vəzifənin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət ona aid edilə bilməz. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması ilə bağlı tələbi əsaslı olub birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edildiyi üçün onun bu tələbinə əlavə olaraq verdiyi digər- məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi də əsaslıdır və düzgün olaraq da təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 758/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-758/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar