Məhkəmə qərarları › İş №2-1(103)-2682/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2682/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2682/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Nizami rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(82)-3725/2017 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçıya, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək «Mərkəzielektriktökmə» (keçmiş «Elektrosentrolit») zavodunda xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993- cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş № 2-1(82)-3725/2017) iddianın təmin edilməsi; iddiaçıya xx.xx.1993cü il tarixdən xx.xx.2004-cü il tarixədək «Mərkəzielektriktökmə» zavodunda (keçmiş «Elektrosentrolit») xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 167/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 3-17-1/2-27925/2024 saylı xx.xx.2024-cü il tarixli ərizəsində bildirilmişdir ki, İddiaçı adından yazılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş müvafiq iddia ərizəsində xx.xx.2008-ci il tarixindən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi qoyulmuşdur. Həmin iddiaya baxılmış və vətəndaşın lehinə qərar qəbul edilmişdir. Lakin İddiaçı şöbə tərəfindən heç bir növ əmək pensiyası təyinatı aparılmadığı halda məhkəmə yenidən hesablanma barədə müvafiq qərar qəbul etmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması və yaranmış iri miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Məhkəmə qərarlarından göründüyü kimi, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək “Mərkəzielektriktökmə” zavodunda (keçmiş Elektrosentrolit, indiki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) metaləritmə və tökmə sexində usta, sahə ustası vəzifələrində işlədiyi müddət nəzərə alınmaqla və 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilmişdir. Lakin hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun zərərli iş şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Habelə, Ali Məhkəmənin qərarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Bunlardan əlavə, əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-xx.xx.2004-cü il dövrünün iş stajının və həmin dövrdə hesablanmış və ödənilmiş əməkhaqqının düzgünlüyünün hazırda da fəaliyyət göstərən zavodda şöbə tərəfindən yerində ilkin sənədlərlə qarşılıqlı üzləşdirilərək yoxlanılmaması bu işdə maraqlı şəxslərə görə həyata keçirilməmişdir. Araşdırmanın gedişində İddiaçı bilavasitə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaratmış müvafiq iş stajına görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə İddiaçı əməkhaqqı və digər zəruri sənədlərinin yerində qarşılıqlı araşdırılması ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, sözügedən müəssisə tərəfindən buna şərait yaradılmamışdır ki, bu da vətəndaşın həmin müəssisədə işləməsinə əsaslı şübhələr yaradır. Pensiya işinə tikilmiş və seriya nömrəsi ******* olan əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1979-xx.xx.1979-cı il tarixləri arasındakı dövr ərzində R.A.Lixaçev adına Avtozavodda istehsalat təcrübəsində olmuş, xx.xx.1980-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Bakı “Elektroştamp” təcrübə zavodunda mühəndis, mühəndis-konstruktor və müfəttiş, xx.xx.1993xx.xx.2004-cü il tarixlərində “Mərkəzielektirktökmə” zavodunda usta və sahə ustası, xx.xx.2004-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2017-ci il tarixinədək “BP” Exsploreyşn (Kaspian Si) LTD şirkətində texniki xidmət üzrə texnik vəzifələrində işləmiş və hazırda da orada işləyir. Pensiya işinə tikilmiş diplomun surətinə əsasən İddiaçı xx.xx.1975-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. Hərbi xidmətdə olması barədə hərbi biletdə müvafiq qeyd aşkar edilməmişdir. Məhkəmə qərarları şöbəyə daxil olduqdan sonra şöbənin Pensiya üzrə komissiyasının aprel 2018-ci il tarixli 1177 №-li qərarı ilə əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 25 il sosial sığorta stajı nəzərə alınmaqla “BP” Exsploreyşn (Kaspian Si) LTD şirkəti tərəfindən İddiaçı adına tərtib edilmiş 2004-2005-ci illərin əməkhaqqı cədvəlinə və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”sına istinad etməklə 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən 687,38 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2008-ci il tarixindən təyin edilmiş əmək pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə pensiyaların baza hissəsinin artırılması ilə və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2018-ci il tarixindən 1253,58 manat məbləğində ödənişinə başlanılmışdır. Bununla belə, əmək kitabçasındakı qeydlərə əsasən pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixinədək İddiaçı 10 il əvvəl, yəni 2008-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. İddiaçı əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında xx.xx.2018-ci il tarixində şöbəyə müraciət etdiyi kompüterdə yazılmış ərizəsi əsasında xx.xx.2018-ci il tarixindən pensiyasının məbləği yenidən hesablanaraq 1253,58 manatdan 3271,98 manata, xx.xx.2019-cu ildən 3370,14 manata çatdırılaraq ödənişə göndərilmişdir. xx.xx.2008-ci ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə 111.804,21 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən xx.xx.2018-xx.xx.2019-cu il aralığı üzrə 20 ay ərzində müxtəlif yüksək məbləğlərlə cəmi 54.698,72 manat vəsait aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, xx.xx.2019-cu il tarixində isə ötən dövrlər üçün hesablanmış fərq məbləğinin 57.105,49 manat qalıq hissəsi birdəfəlik vətəndaşın plastik kart hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixindən vətəndaşın aylıq pensiyası indeksləşdirmə nəticəsində 3370,14 manata çatdırılmış və xx.xx.2020-ci il tarixinədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Qeyd olunduğu kimi, məhkəmə qərarları nəzərə alınmadan İddiaçı pensiya təyin edilməsi zamanı yalnız şöbəyə təqdim etdiyi əmək kitabçasının surətindəki qeydlər nəzərə alındıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ qanunvericiliklə xx.xx.2013-cü il tarixindən 57 yaşından yarandığı müəyyən olunur. Belə ki, Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” 1992-ci il 21 dekabr tarixli 676 nömrəli Qərarının 1-ci, 4-cü və 6-cı bəndləri, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli və “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli 676 nömrəli Qərarına əlavə edilməsi barədə” 1996-cı il 24 sentyabr tarixli 128 nömrəli qərarları qüvvədən düşmüş hesab edilmişdir. Eyni zamanda, Qanunun 9.1-ci və 9.7.2-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” ilə müəyyən edilir. Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Siyahı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman tətbiq edilir. Siyahıda nəzərdə tutulan işləri Qanunun 9.1-ci və 9.8-ci maddəsindəki şərtlər üzrə tam iş günü ərzində yerinə yetirən işçilər güzəştli şərtlərlə pensiya hüququ qazanırlar. Beləliklə, Fondun Nizami rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyanın təyin edilməsi, yenidən hesablanması və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 133.762,13 manat təşkil etmişdir. Araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2020- ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-283-20/185 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib. Həmçinin, hazırkı iş üzrə ərizəçi olan Fondun Nizami rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-3725/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Mərkəzielektriktökmə” zavodunda (keçmiş Elektrosentrolit) xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin siyahısında göstərilmiş xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Nizami rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(82)-3725/2017 saylı qərardadı ilə (hakim A.Almazova) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsi mümkün sayılmamışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(82)-3725/2017 saylı qərardadının ləğv edilməsini, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti iş üzrə icraatın təzələnməsi barədə ərizənin məzmunu ilə eyni məzmunda əsaslandırılıb, qanunvericilik normaları sadalanmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda, qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməyib, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarından, o cümlədən “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizədən məlum olur ki, iş üzrə cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3725/2017 saylı iş üzrə 18 avqust 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi mübahisələndirilmiş, həmin məhkəmənin 2-1(102)-167/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubu ilə cavabdehə qərarın surəti təqdim edilərək onun icrası barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 15/1624 saylı xx.xx.2018-ci il tarixli məktub ilə 2- 1(82)-3725/2017 saylı xx.xx.2017-ci il tarixli qərarın icra edilərək İddiaçı hüququ yarandığı gündən əmək pensiyası təyin edildiyi bildirilmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi məhkəməyə 13 fevral 2024-cü il tarixdə - ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 6 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. İPM-in 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir (İPM-nin 103.3cü maddəsi). Apelyasiya şikayətindən görünür ki, cavabdeh iddianın mümkünlüyü ilə bağlı normaları sadalamış, sonda özü də hazırki mübahisənin yeni açılmış hallara dair ərizə ilə bağlı olmasını qeyd etmişdir ki, bu zaman da birinci instansiya məhkəməsi düzgün olaraq İPM-in 103-cü maddəsinə istinad edilməklə müvafiq qərar qəbul etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı ərizənin mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(82)-3725/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar