Məhkəmə qərarları › İş №2-1(103)-2683/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2683/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2683/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3680/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı onun “şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində" uçota alınması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971 -ci il təvəllüdlüdür. Oğlu xx.xx.1995-ci il təvəllüdlü X8 vətəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-cı Qarabağ müharibəsi döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur. xx.xx.2021-ci il tarixindən ona vəsiqə 004957 №-si olan “şəhid ailəsi üzvünün” vəsiqəsi verilmişdir. Qeyd edir ki, o uzun müddət Gürcüstan Respublikasının vətəndaşı olaraq orada yaşamış, oğlunun şəhid xəbərini alandan sonra daimi yaşamaq üçün vətənin Azərbaycan Respublikasına gəldi. Oğlunun dəfn olduğu vətənində daimi yaşamaq qərarı bu səbəbdən yaranmışdır. Beləliklə o 2021 -ci ildən daimi olaraq vətəni Azərbaycan Respublikasında yaşamağa başladı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi ilə bağlı müraciətə müsbət cavab verilmişdir. Şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmağına köməkliyin göstərilməsi haqqında ərizə ilə müraciət etsə də xx.xx.2024cü il tarixli məktubla müraciətinə imtina edilmişdir. İmtina səbəbi isə: ünvan 3 ünvanına xx.xx.2023cü il tarixdən qeydiyyat alındığından və son 5 (beş) il müddətində Bakı şəhərində qeydiyyatının olmadığından AR-sı Mənzil Məcəlləsinin 53.1.2. maddəsinə əsasən müraciətinin müsbət həllinə imtina edilmişdir, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 5 il ərizndə fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. Beləliklə cavabdehin onun rəsmi müraciətini yuxarıda qeyd edilən iki səbəbi əsas gətirərək imtina etməsini hesab edir ki, əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3680/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ddiaçı İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “Cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur.”

6. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə məktuba uyğun tərtib edilmişdir.

IV. Tərəflərin izahatları:

7. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tədqiq olunmuş sənədlər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 004957 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, X1 şəhid ailəsi üzvünün vəsiqəsi xx.xx.2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-20/2-Ə-238-068/2024 saylı məktubundan görünür ki, şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmağa köməklik göstərilməsi haqqında ünvanladığı ərizəyə Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. ASAN xidmətdən RİH-ə təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən xx.xx.2023-cü il tarixdən Bakı şəhərində qeydiyyata alındığından yuxarıda qeyd olunan qaydalara əsasən müraciətin təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-20/2-Ə-70-068/2023 saylı məktubdan görünür ki, şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmağına köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Nəzərə çatdırılır ki, ünvan 5 ünvana xx.xx.2023-cü il tarixdən qeydiyyata alındığından və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatı olmadığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2 maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətin təmin edilməsi səlahiyyətləri xaricindədir. Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05/Q-275/69 saylı məktubdan görünür ki, X8 xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 201№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur(atası: İddiaçı, anası:X2). Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 149201 nömrəli xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində digər növ partlayış və ya qəlpə törəmiş zədələr səbəbi ilə ölmüşdür. Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-20/2-3009/2024 saylı məktubdan görünür ki, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasl” tələbinə dair icraatda olan inzibati işlə bağlı bildirilir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə yəni Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. İddiaçının xx.xx.2023-cü il tarixdən Bakı şəhərinə qeydiyyata alındığını və yaşayış yeri üzrə Bakı şəhərində ardıcıl 5 il qeydiyyatda olmadığını nəzərə alaraq yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-585/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlaklar barədə məlumatların təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının X10 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 190 nömrəli xx.xx.2025- ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsindəki ümumi yaşayış sahəsi 75.2 kv.m, yaşayış sahəsi 53.8 kv.m olan 4 otaqlı 37/1 saylı evdə yaşayır. X5 məxsusdur.Vətəndaş İddiaçı ailəsi 1 nəfərdən ibarətdir. Onlardan daimi qeydiyyatda olanlar : İddiaçı, X11, X14, X4r. Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsinin 86 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsindəki ümumi yaşayış sahəsi 75.2 kv.m, yaşayış sahəsi 53.8 kv.m olan 4 otaqlı 37/1 saylı evdə qeydiyyatda olan İddiaçı Qaraçuxur bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmamışdır.

VI. Tətbiq olunan hüquq

8. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4- cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

VII. Məhkəmənin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

10. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

11. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

12. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

13. İmtinanın əsası kimi iddiaçının xx.xx.2023-cü il tarixdən Bakı şəhərində qeydiyyata alınması və son 5 il ərzində rayon ərazisində yaşamaması göstərilmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, imtina əsassızdır.

15. Belə ki, qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır.

16. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).

17. Məhkəmə nəzərə alır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi).

18. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

19. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

21. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, yeni Mənzil Məcəlləsi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciəti əsasında həyata keçirildiyini bildirir və bunun üçün onların həmin ərazidə minimum yaşama həddini müəyyənləşdirmir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

23. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

24. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X13 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X18 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

25. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3680/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3680/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar