Məhkəmə qərarları › İş №2-1(103)-2685/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2685/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2685/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6715/2022 nömrəli iş üzrə 01 iyun 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əmək kitabçasına əsasən iş stajının, həmçinin “Buta” kooperativində və "xxxx" firmasında işlədiyi iş stajının sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi “Buta” kooperativinin arxiv sənədlərinin saxlanılmadığı və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi "xxxx" firmasınaı aid işə daxilolma əmrindən başqa sənəd təqdim edilmədiyi müəyyənləşdirilmişdir. Qanunvericiliyə görə, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, “Buta” kooperativinin və "xxxx" firmasının sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" firmasında işlədiyi illərə dair xx.xx.1996-cı il tarixli əmək kitabçasında xx.xx.1996-cı ildə işə qəbul edilməsi, lakin işdən azad olunma tarixi üç fərqli tarix kimi (xx.xx.1997, xx.xx.1997, xx.xx.1999) qeyd olunaraq düzəliş edilmişdir, sonuncu düzəlişin (xx.xx.1999) sonradan başqa şəxs tərəfindən əlavə olunduğu aydın görünür. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçı və onun vəkili şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “... iddiaçıya məxsus xx.xx.2011-ci il tarixdə Xətai RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Şəki rayonu, Baqqal kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 86 №li arayışdan görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək keçmiş SSR-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus 05 fevral 1974-cü ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü ildə Azneftkimya Sənayesi Nazirliyi “Azneftkimyazavodtəmir” trestinin 4 nömrəli təmir-tikinti idarəsinə tikinti qrupuna 1-ci dərəcə ilə fəhlə işinə qəbul edilmişdir (Əmr №-li 12-k xx.xx.1974-cü il); xx.xx.1974-cü ildə 2-ci (ikinci) çilingərlik dərəcəsi verilmişdir (Əmr №-li xx.xx.1974-cü il); xx.xx.1975-ci ildə Sovet Ordusu sıralarına xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 88-k, xx.xx.1975-ci il); xx.xx.1978-ci ildə Hərbiləşdirilmiş Mühafizə dəsətsinə atıcı vəzifəsinə qəbul edilmişdir ( Əmr №-li 5, xx.xx.1978-ci il); xx.xx.1978-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 41, xx.xx.1978-ci il); xx.xx.1978-ci ildə “Xüsusimeliosutikinti” TQİ-yə 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr №-li 56 k, xx.xx.1978-ci il); xx.xx.1979-ci ildə vəzifəsindən azad edilmişdir. - İddiaçıya məxsus ИT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildə “Xüsusimeliosutikinti” TQİ-1-də 3-cü dərəcəli takelajçı işinə qəbul edilmişdir (Əmr 66 k №li, xx.xx.1979-cu il); xx.xx.1982-ci ildə 5-ci dərəcəli maşinist-ekskavatorçu işinə keçirilib (Əmr №-li 48-a, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə “Xüsusimeliosutikinti” TQİ-1 “Aztunelxüsusitikinti” TQİ adı ilə yenidən təşkil edilib (SSRİ Su Təsərrüfatı Nazirliyinin 57 saylı 25.02.83-cü il tarixli əmri); xx.xx.1983-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 106/k, 03.10.83-cü il); xx.xx.1983-cü ildə “Bakıbaştikinti” İdarəsinin 8 №li NSBİ zavoda təmir qrupuna maşinist buldozerçi işinə qəbul edilmişdir (Əmr №-li 155/k, 15.12.83-cü il); xx.xx.1984-cü ildə 6-cı (altıncı) dərəcə verilmişdir (Əmr №-li 43k, xx.xx.1984-cü); xx.xx.1985-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 133k, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə “BŞTİ” tresti TTİ-203-də 6-cı dərəcəli maşinist buldozerçi vəzifəsinə qəbul edilmişdir (Əmr №-li 146/k, xx.xx.1985-ci il); xx.xx.1992-ci ildə işdən azad edilmişdir (Əmr № 10 xx.xx.1992) xx.xx.1992-ci ildə “Buta” Müstəqil Kooperativində iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr №-li xx.xx.1992-ci il); xx.xx.1993-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li xx.xx.1993-cü il); xx.xx.1993cü ildə Nərimanov rayonu Təsəsrrüfat Hesablı TTQS-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr №-li 18-k, xx.xx.1993-cü il); xx.xx.1995-ci ildə “BUTA” Kooperativinə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir ( Əmr №-li 01, xx.xx.1995-ci il); xx.xx.1996-cı ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 21, xx.xx.1996-cı il); xx.xx.1996cı ildə "xxxx" firması ilə əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir; xx.xx.1999-cu ildə "xxxx" firmasında əmək müqaviləsi başa çatmasına görə işdən azad edilmişdir (Əmr №-li xx.xx.1999-cu il; xx.xx.2019-cu ildə "xxxx" MMC-də Xətai rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməçkçi vəzifəsinə qəbul edilmişdir ( xx.xx.2019cu il tarixli əmək müqaviləsi); "xxxx" firması tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 20 №-li əmrin və əmək müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı il tarixdən "xxxx" firmasına əmək müqaviləsinə əsasən qaynaqçı vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli **********519300 saylı məktubda qeyd olunmuşdur ki, qurumun qeydiyyat qovluğunda mövcud olan nizamnaməsinə əsasən xx.xx.1988-ci ildə qeydiyyata alınmış “Buta” Kooperativi Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci ildə 25801 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Eyni zamana "xxxx" Firması xx.xx.1994-cü ildə 7249 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət müddəti, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 21 il 2 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajı (19 il 2 ay 15 gün) uyğun pensiya kapitalı 14638,09 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1632,25 manat olmaqla, ümumilikdə 16270,34 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560 manat, minimum əmək pensiyasının məbləği isə 240 manat müəyyən edilmişdir.Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyi “Buta” kooperativinin arxiv sənədləri saxlanılmadığından, həmçinin xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyi "xxxx" firmasına aid işə girmə əmrini təsdiq edən əmr kitabından başqa sənəd təqdim edilmədiyindən həmin dövrlər sığorta stajına əlavə edilməmişdir.Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. ... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. ... İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) xx.xx.2021-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. ... İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatındam keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşdığı üçün onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Belə ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən “Buta” kooperativində xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, "xxxx" firmasında xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi dövrlər həm əmək kitabçası, həm iş yerindən digər sənədlərlə təsdiq olunur, “Buta” kooperativi 1988-ci ildə, "xxxx" firması isə 1994-cü ildə qeydə alınmışlar. Qanunvericiliyə görə, 2006-ci ilədək iş stajları əmək kitabçasına əsasən müəyyən edilməli olduğundan, cavabdehin iddiaçının həmin dövrlərdə əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisələrdə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.1999cu il tarixədək işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməməsi barədə dəlili də əsassızdır. Belə ki, həmin tələb yalnız “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajlarına aid edilə bilər. Şikayətin iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" firmasında işlədiyi illərə dair xx.xx.1996-cı il tarixli əmək kitabçasında düzəlişlərin edilməsi barədə dəlili də əsassızdır. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçının əmək kitabçasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan düzəlişlər əmək kitabçasında mövcud deyil. Cavabdehin düzəliş dediyi həmin qeydlər isə qaralama, pozulma, əvvəlki yazının üzərindən yenisinin əlavə edilməsi olmamaqla, iddiaçının "xxxx" firması ilə bağladığı xx.xx.1996-cı il tarixli Əmək müqaviləsinə edilmişdir ki, onlar da düzəliş yox, müqaviləyə sonradan edilən əlavələr xarakterli olmaqla, əmək müqaviləsinin müddətinin uzadıldığını göstərir və sənədin mötəbərliyinə xələl gətirməmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2022-ci il tarixli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından da zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6715/2022 nömrəli iş üzrə 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar