Məhkəmə qərarları › İş №2-1(103)-2685/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2685/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2685/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qarşı (üçüncü şəxs "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 101 A nömrəli yaşayış binasındakı ona məxsus olan 27 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqlarına dair dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, 101 A nömrəli ünvanda inşa edilmiş bir bloklu 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 114 kv.m olan 3 (üç) otaqlı 31 saylı mənzil 04 noyabr 2017-ci il tarixli müqavilə əsasında pay dəyəri tam şəkildə ödənilməklə iddiaçıya satılmışdır. Lakin bu günə kimi həmin mənzilin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla, bu barədə ona verilməsinə nail ola bilməmişdir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətinə xx.xx.2023-cü ildə vermiş olduğu imtina məktubunda göstərilir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə verən sənəd tərəfindən təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmərtəbəli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyat üçün əsaslardan biri hesab edilir. İmtina məktubunda həmçinin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən qeyd edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququn təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Hal-hazırda yaşadığı binanın tikintisinə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 288 №-li sərəncamı ilə icazə verilmiş və uzun illərdir ki, yaşayış üçün payçıların istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi S.Ə.Dadaşov adına ElmiTədqiqat və Layihə-X2 İnstitutu tərəfindən 2011-ci ildə tərtib edilmiş Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti 101 A ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş 1 girişli 16 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında müayinə protokoluna əsasən müayinə zamanı yükdaşıyan dəmir-beton konstruksiyalarında zədələrə rast gəlinməmiş əsas yükdaşıyan elementlərdə betonun qoruyucu qatının qalınlığı 20-30 mm, betonun konstruksiyalarda faktiki möhkəmliyi 370- 470 kqq/cm2 təşkil edir. Binanın əsas yükdaşıyan dəmir-beton konstruksiyalarında istifadə olunan polad armaturların sayı və diametri layihə tələblərinə uyğun quraşdırılmışdır. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında betonun möhkəmliyi layihə tələbinə uyğundur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə X3 Agentliyinin 18 dekabr 2019-cu il tarixli 1033 nömrəli rəyindən görünür ki, Agentliyin xx.xx.2019-cu il tarixli, 007 saylı əmrinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 101 A ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş 1 girişli, zirzəmili, 16 mərtəbəli (+ mansarda mərtəbə) yaşayış binasının dayanaqlığı yoxlanılmış və dayanaqlığın tələblər səviyyəsində təmin olunduğunu qəbul etmək olar. Şərh olunanlara əsasən hesab etmişdir ki, cavabdehin - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin ona məxsus olan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və hüquqlarıma dair dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməsinin heç bir hüquqi əsası yoxdur. Buna görə də hesab edir ki, ona məxsus olan mənzilin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində aparılan icraat: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair qəbul etdiyi qərarda mübahisəli yaşayış binasının istismarına icazə verilən sənədin mövcud olmamasına istinad edərək, cavabdehin imtinasını qanuna zidd olmayan və hüquqlarının pozulmasına səbəb olmayan hal kimi qiymətləndirmişdir. Məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Belə ki, hal-hazırda iddiaçının yaşadığı binanın tikintisinə Bakı şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 288 №-li sərəncamı ilə icazə verilmiş, tikinti işi başa çatdırılmış və uzun illərdir ki, həmin bina yaşayış üçün payçıların istıfadəsindədir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 S.Ə.Dadaşov adına Elmi-tədqiqat və Layihə-X2 İnstitutu tərəfindən 2011-ci ildə tərtib edilmiş müayinə protokoluna əsasən yaşadığı binanın texniki vəziyyəti yoxlanılmış və yükdaşıyan dəmir-beton konstruksiyalarda zədələrə rast gəlinməmiş, istifadə olunan polad armaturların sayı və diametri, betonun möhkəmliyinin lahiyə tələblərinə uyğun olması müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi-nin 16 dekabr 1919-cu il tarixli 1033 №-li rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 101 A №-li ünvanda "xxxx" MTK tərəfindən inşa olunmuş 1 girişli, zirzəmili, 16 mərtəbəli yaşayış binasının dayanıqlığı yoxlanılmış və dayanaqlığın tələblər səviyyəsində təmin olunduğu müəyyən edilmişdir. Buna görə cavabdehin – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1saylı Bakı Ərazi İdarəsinin iddiaçıya məxsus olan mənzilin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və onun hüquqlarına dair dövlət reyestrindən Çıxarışın verlməsindən imtina etməsinin heç bir hüquqi əsası olmamışdır. Tərəflərin izahatları Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101A ünvanında inşa edilmiş yaşayış binasının 31 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə öz növbəsində qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin olmadığından müraciətinin təmin olunmasından imta etmişdir. Bundan sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməməsi ilə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; İş materiallarında olan sənədlər: "xxxx" Kooperativ Binada Mənzil-Tikintisi haqqında xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı ilə "xxxx" MTK-i arasında Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 101 A ünvanda yerləşən "xxxx" MTK-nin tikməkdə olan 114 kv.m. 3 otaq olan 31 nömrəli payçıya müqavilə şərtləri çərçivəsində təqdim etməyə dair müqavilə bağlanılmışdır. "xxxx" MTK-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, 31 nömrəli mənzilin payının dəyəri 28.000 ABŞ dolları payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 101A ünvanında çoxmərtəbəli yaşayış binasının Dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-35/2-9307/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə X3 X4 18 dekabr 2019-cu il tarixli 1033 nömrəli rəyində qeyd edilmişdir ki, Agentliyin xx.xx.2019-cu il tarixli 007 saylı əmrinə uyğun olaraq Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 101-A ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş 1 girişli, zirzəmili, 16 mərtəbəli ( + mansarda mərtəbə) yaşayış binasının dayanaqlığı СНиП İİ-7-81-in tələbləri səviyyəsində təmin olunduğunu qəbul etmək olar. Göründüyü kimi, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 101 A ünvanda yerləşən binanın istismara icazə sənədinin iş materiallarına əlavə edilmədiyi, məhkəmə sorğusu sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi cavabdehin imtinasını (hərəkətləri) qanuna zidd olmayaraq və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirməmişdir. Eyni zamanda işin obyektiv araşdırılması məqəsi ilə məhkəmə cavabdehə sorğu ünvanlanyaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 101 A nömrəli yaşayış binasında yaşayan mənzil sahiblərinə çıxarışın verilib-verilməməsi, verilmişdirsə, həmin çıxarışların verilməsinə əsas olan sənədlərin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Məhkəmənin sözügedən sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024cü il tarixli məktubla bildirilmişdir ki, Metropark” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 101A nömrəli yaşayış binasının istismarına icazə sənədinin İdarəyə daxil olması ilə bağlı məlumat aşkar edilməmişdir. Apelyasiya şikayətinin “...tikintinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 288 №-li sərəncamı ilə icazə verilməsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə X3 Agentliyinin müvafiq müsbət rəyinin olması ilə bağlı” dəlili ilə razılaşmayan Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi mənzilin daxil olduğu çoxmənzilli binanın istismara icazə aktı olmadığından cavabdeh orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. İPM-nin : 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apelyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar