Məhkəmə qərarları › İş №2-1(103)-2685/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2685/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2685/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğvi və qaçqın vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6763/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Pakistan İslam Respublikasının vətəndaşı olan xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli İQ-76/1 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “...Ərizəçi Qucrat şəhərində Abid adlı bir nəfərin yanında şəxsi sürücü olaraq işə düzəldiyini, 6 ay işlədikdən sonra Abidin onun avan tayfasından olduğunu öyrəndiyini, özünün isə daha üstün olan racput tayfasına mənsub olduğu üçün növbəti gün ondan işə gəlməməyi tələb etdiyini söyləmişdir. Ərizəçi pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə və polisə şikayət etdiyini, sonra Lahor şəhərinə gəldiyini, məhkəməyə şikayət etdiyi üçün Abid tərəfindən təqib edildiyini, bu səbəbdən də həyatı üçün təhlükə ola biləcəyini ehtimal edərək ölkəsini tərk etdiyini, 10 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir.

3. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir.

4. Bununla belə ərizəçinin ərizə-anketin qeydiyyatı və müsahibə zamanı bildirdikləri ifadələrdə bəzi ziddiyyətli məqamlar aşkar edilmiş, onun Pakistanda ciddi şəkildə təhdidə məruz qalması ilə bağlı müəyyən şübhələr yaranmışdır. Belə ki, ərizəçi Abid adlı şəxsdən məhkəməyə və polisə şikayət etdiyini bildirərək bunu təsdiq edən sənədləri gətirəcəyini bildirsə də, sonradan heç bir təsdiqedici sənədlər təqdim etməmişdir. Bundan əlavə o, məhkəməyə şikayət etdiyini bildirsə də, məhkəmə tərəfindən onun haqlı olmaması barədə qərar qəbul edildiyini bildirmişdir. Ərizəçinin şəxsi sürücü olaraq işdən azad olunduqdan sonra təqib olunması kimi iddiaları inandırıcılıq baxımından qənaətbəxş hesab edilməmişdir. İddiaçı müsahibə zamanı dediklərindən Abidin onu işdən qovmasından sonra heç bir ciddi təqib və təzyiqə məruz qalmadığı, həmçinin Lahor şəhərində yaşadığı müddət ərzində həyatı üçün təhlükənin yaranmadığı aydın olur.

5. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, dini etiqadına və siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanlar tərəfindən təqibə məruz qalmamışlar...”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh DMXnin İQ-76/1 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsini, cavabdeh AR DMX-nin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktları iddiaçının ərizə-anketində qeyd edilib və həmin faktları olduğu kimi qəbul edirlər.İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucrat şəhərinin Şampur kəndində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Qucrat şəhərində “X2“ school adlı məktəbdə 12 illik orta təhsil aldığını, məktəbi bitirdikdən sonra şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı subay olduğunu, valideyinləri, 3 qardaşının və 1 bacısının hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir.Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı Qucrat şəhərində Abid adlı bir nəfərin yanında şəxsi sürücü olaraq işə düzəldiyini, 6 ay işlədikdən sonra Abidin onun avan tayfasından olduğunu öyrəndiyini, özünün isə üstün olan racput tayfasına mənsub olduğu üçün növbəti gün ondan işə gəlməməyi tələb etdiyini söyləmişdir. İddiaçı pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə və polisə şikayət etdiyini sonra Lahor şəhərinə gəldiyini, məhkəməyə şikayət etdiyi üçün Abid tərəfindən təqib edildiyini, bu səbəbdən də həyatı üçün təhlükə ola biləcəyini ehtimal edərək ölkəsini tərk etdiyini, 10 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-76/1 nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının müsahibəsində mövcud olmuş uyğunsuzluqlardan əlavə olaraq görünür ki, əcnəbi sürücü kimi fəaliyyət göstərmiş, işdən azad olunduqdan sonra hər hansı təqibə məruz qalmamışdır. Şəxs həmçinin, polis və məhkəməyə müraciət etdiyini bildirsə də, buna dair sənəd və ya ya mötəbər sübut təqdim edə bilməmişdir. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni Dövlət tərəfindən təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6763/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür.

11. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış və siyasi fəaliyyətlə məşğul olmamışdır. Onun irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığına dair də hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir. Bundan başqa, iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6763/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı inzibati Məhkəməsi iddiaçının iddiasını rədd edərək, öz qərarını cavabdehlə eyni əsaslarla istinad etməklə əsaslandırıb. İş üzrə mühüm fakt iddiaçının ailə üzvləri və iş yoldaşları tərəfindən təqiblərə məruz qalması, dövlət tərəfindən müdafiəsinin effektiv müdafiə olunmamasıdır. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. İş materialında olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları, qaynının qohumları tərəfindən ölkəsində təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işin hallarına münasibətdə spesifikdir. Eləcə də, həmin izahatlar bir-biri ilə ziddiyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, iddiaçının izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

17. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digərqanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1 ..... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. ... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

22. Məhkəmə qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər.

23. Qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı və real təqib qorxusunun mövcud olub-olmadığını müəyyən etməkdən, eləcə də bununla bağlı real riskləri qiymətləndirməkdən ibarətdir.

24. Hazırkı mübahisəyə münasibətdə iddiaçının öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür.

25. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış və siyasi fəaliyyətlə məşğul olmamışdır. Onun irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığına dair də hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir. Bundan başqa, iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

26. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz.

27. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

28. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir.

29. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

30. Oxşar ilər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-3182/2019 nömrəli, 25 noyabr 2020-ci il tarixli, 2- 1(102)- 2143/2020 nömrəli, 24 fevral 2021-ci il tarixli, 2-1(102)-366/2021 nömrəli, 31 mart 2021-ci il tarixli, 2-1(102)-535/2021 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)- 2567/2024 saylı qərarlarında mövqe eyni olmuşdur.

31. Odur ki, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6763/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6763/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar