Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2686/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı “qətnamənin icra edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07.09.2021-ci il tarixli, 2-1(112)-5617/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26-27 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, 29.07.2019-cu il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 13 yanvar 2015-ci il tarixdə özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 2578-ci məhəllədə yerləşən və X6 məxsus iki hissədən ibarət olan sexin təmiri və tikintisi ilə əlaqədar Beton Piltələr alıb gətirərək sexin tavanına düzdürmüşdür. O, həmin vaxtı X1 işləyərkən sexin ikinci mərtəbəsinə döşənmiş betonun dayağı olmadığı üçün uçmuş və beton piltələrin iri parçaları onun üstünə düşərək onu ölümcül vəziyyətə salmışdır. Bundan sonra heç nə yadıma gəlməmiş və təxminən 10-15 gündən sonra özünə gəldikdə Sabunçu rayon 3 saylı Şəhər klinik Xəstəxanasının Reanimasiya şöbəsində olduğunu bilmişdir. Hadisənin üzərindən 5 il keçməsinə baxmayaraq bu müddət ərzində X7 tərəfindən ona heç bir köməklik göstərilməmişdir. Halbuki, o, onun mülkiyyətində olan sexin ikinci mərtəbəsindən yıxılaraq ömürlük şikəst olmuşdur. Ona 2-ci dərəcəli əlillik verilmişdir. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi başlamış və cinayətkar cinayət məsuliyyətinə cəlb edimişdir. Eyni zaman da Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı 29.07.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X3 ona vurulmuş maddi və mənəvi zərər görə 9084.6 manat və 16.08.2018-ci il tarixdən başlayaraq 22.07.2021-ci il tarixədək ona təyin edilmiş əlillik dövrü üçün hər ay 164,50 manat həddində pulun ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və 06.03.2020-ci il tarixində İcra Vərəqəsi verilmişdir. Sonradan, yəni 18.05.2020-ci ildə Sabunçu rayon İcra Şöbəsi işin icraata götürülməsi barədə icra məmuru X2 qəbul etmişdir. İşin icrası Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə həvalə edilməsinə baxmayaraq, İcra Şöbəsi uzun müddət icra işini hərəkətsiz saxlamış və daha sonra icra məmuru Şəmmədli Şəhram icra işi üzrə heç bir qanuni tədbir görməmidir. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 8.2-ci maddəsinə əsasən “ icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir “. Lakin İcra məmuru öz üzərinə düşən öhdəliyi icra etməmişdir. O, bu barədə dəfələrlə Sabunçu rayon İcra Şöbəsində olmuş və işin icrası həvalə edilmiş icra məmuru X5 qəbulunda olmuş və icra işini nə üçün icra edilməməsini soruşduqda icra məmuru müxtəlif bəhanələr gətirərək icra işini icra etməkdən dolayı imtina etmişdir. Dəfələrlə müraciətinə əsasən borclu ona bu vaxta kimi 100 manat pul ödəmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2021 saylı 20.04.2021-ci il tarixli qərardadı ilə iddia inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olması əsası ilə mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1716/2021 saylı 22.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2021 saylı 20.04.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş materialları iş üzrə müvafiq hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir Bakı İnzibati Məhkəməsinin 07.09.2021-ci il tarixli, 2-1(112)-5617/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.(hakim: A.Oruczadə) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, İcra Haqqında Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən “icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirir”. Qanunun mənasından da görünür ki, icra qurumunun hərəkət və hərəkətsizliyindən verilən şikayətlərə İnzibati Məhkəmələr tərəfindən baxılmalıdır. Lakin, İcra qurumunun qanunsuz hərəkətindən verdiyi şikayətə İnzibati Məhkəmə tərəfindən baxılsa da, əsasız olaraq mümkün saymamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci i1 tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatının” 2.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti inzibati orqanlara aid edilir. Lakin İnzibati Məhkəmə qanuni səhv təfsir edir və qeyd edir ki, bu xidmətin icra sənədinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquqi sahəsi kimi qəbul edilməməlidir. Ona görə hesab edir iş üzrə məhkəmənin gəldiyi nəticə əsasızdır və qəbul edilmiş məlikəmə qərardadı ləğv edilməli və onun şikayəti icraata qəbul edilməklə baxılmalı və iş üzrə günahkar icra məmuru barədə qanuni tədbir görülməklə icra işini başa çatdırılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, 29.07.2019-cu il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 üzərinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı mülki mübahisə zamanı qəbul edilmiş qətnamənin icra edilməsini tələb edir. Məhz, “Homsbi” Yunanıstana qarşı işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir” Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə, icra sənədlərinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri ilə yanaşı həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Məhkəmə qeyd etmişdir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir, qanuni qüvvəsini almış məhkəmə qərarının (qərardadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımından, icra orqanına qarşı onun hərəkət və hərəkətsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2889/2019 saylı, 29.07.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(008)-6635/18 saylı qətnaməsi qismən ləğv edilmiş, iş üzrə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddia qismən təmin edilmiş, iddiaçının işləmədiyi dövr üçün 6784,6 manat, mənəvi zərərə görə 2000 manat, hüquqi xidmətə görə 300 manat, cəmi 9084,6 manat məbləğində pul vəsaiti və 16.08.2018-ci il tarixdən başlayaraq iddiaçıya təyin olunmuş əlilliyin müddəti bitdiyi 22.07.2021-ci ilədək hər ay 164,50 manat cavabdeh Məmmədov Mədət Çilingər oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.01.2020-ci il, 2(102)-266/2020 tarixli qərarından görünür ki, cavabdeh Məmmədov Mədət Çilingər oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, 29.07.2019-cu il tarixli icra sənədi icra edilməsi üçün cavabdeh orqana göndərilmiş və sonuncu tərəfindən həmin icra sənədi çərçivəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş üzrə iddiaçı hazırda Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07.09.2021-ci il tarixli, 2-1(112)-5617/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2686/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2686/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver