Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2686/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı (Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) “mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-7128/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında 1-ci qrup gözdən əlil kimi ailə tərkibi nəzərə alınmaqla mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 7 nəfər ailə üzvü ilə birlikdə ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 33,6 kv.m, yardımçı sahəsi 26,6 kv.m olan 2 otaqlı mənzildə 2008-ci ildən hal-hazıradək yaşayır və 1-ci qrup gözdən əlildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli, 2(005)-2010/2015 saylı qətnaməsi əsasında Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 15 may 2015-ci il tarixli 182 nömrəli Sərəncamı ilə 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyi xx.xx.1992-ci ildən hesab edilmişdir. Həmin Sərəncamın surəti aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə göndərilmişdir. Mənzil şəraitinin yaxşılaşdırılması barədə növbəliliyi xx.xx.1992-ci ildən hesab olunmasına baxmayaraq, cavabdeh və 3-cü şəxs dolayısı yollarla onun 15 may 2015-ci il tarixdən növbədə dayanmağını gündəmə gətirməklə hazırda inşa olunmuş və bölgüsü gedən ünvan 1 ünvanında inşa edilmiş Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə məxsus olan çoxmənzilli binadan növbəlilik əsasında mənzilin ayrılmasının mümkün olmayacağını bildirmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti 2 otaqlı mənzillə təmin olunduğu zaman onun əlilliyindən istifadə edərək aldadılma nəticəsində 1 otaqlı mənzilini bağışlama yolu ilə ondan almış, əvəzində 3 otaqlı mənzil vermək adı ilə hazırda yaşadığı 2 otaqlı mənzili vermişlər. Hazırda ailə üzvələrinin tərkibinə daxil olan övladlarının biri 2-ci dərəcəli, digəri isə 3-cü dərəcəli əlildir. Müraciətləri əsasında cavabdeh eyni məzmunda, eyni formada dəfələrlə imtina cavabı vermişdir. Cavabdeh müraciətini təmin etməkdən imtina edərkən 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ünvan 2 ünvanında iki otaqlı 35 nömrəli mənzillə təmin edilməsi qeyd edilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, mövcud qanunvericiliyin hansı normaları ilə mübahisəli məsələnin tənzimlənməsi açıqlanmır və hazırda müşahidə edilən hərəkətlər ilə müəyyən olunur ki, çoxmənzilli binadan mənzillər digər vətəndaşlara ayrılır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda iki otaqlı 35 nömrəli mənzillə təmin edilmişdir. Ona görə də, iddia tələbi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-7128/2023 saylı qərardadı ilə (hakim B.Cəlalov) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-7128/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş mənzil hüququ pozulduğundan, cavabdehə, 3-cü şəxsə aidiyyəti üzrə dəfələrlə müraciətlər olunmuş, iddia müddətlərinə əməl edilmiş və sonda hüququn müdafiəsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət edilmişdir. Deməli, o hazırki iddia tələbi üzrə subyektiv hüquqa malikdir. Plenum qərarının göstərişlərinə əməl etmədən, məhkəmə zalında, sürətli halda, iddianı hazırki cavabdehə qarşı mümkün hesab etməmiş, fikrlərini dəqiqləşdirmək üçün müvafiq qaydada müddət təyin etməmişdir. Birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalı idi. Məhkəmə qərardadında Sosial Xidmətlər Agentliyinin Nizamnaməyə uyğun hüquq və vəzifələri sadalanmış, lakin onun 1-ci qrup gözdən əlil kimi irəli sürdüyü iddia tələbinə aidiyyəti olmayan arqumentlər qeyd edilmişdir. Bu vəziyyətdə, inzibati işin hazırlıq mərhələsində işin həqiqi və faktiki hallarından məhkəmənin tam məlumatlı olmaması və dərhal iddianın mümkünsüz hesab etməsi barədə qərardad qəbul etməsi ilə bir daha təsdiqlənir. Cavabdeh iddia tələbinə qarşı məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında etiraz təqdim etmiş və həmin etirazda qeyd olunmuş təhrifedici fikirlər məhkəmə tərəfindən nəzərə alınmadan Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin bəndləri olduğu kimi qəbul edilmişdir. Cavabdehin nümayəndəsi şifahi olaraq bildirmişdir ki, həmin ünvanda inşa edilən yaşayış binası Xidmətlər Agentliyinin balansında deyildir. Söhbət binanın kimin balansında olubolmamasından getmir. Torpaq sahəsi dövlətin, sifarişçisi Azərbaycan GƏC İB-i, inşa edən "xxxx" MMC, mənzillə təmin olunma öhdəliyi Sosial Xidmətlər Agentliyinin birbaşa səlahiyyətindədir. Məhkəmə qərardadında qeyd edir ki, Nərimanov rayon İH-i tərəfindən məhkəməyə daxil olmuş məktubdan müəyyən olunur ki, ünvanda inşa olunan yaşayış evi MKTB-nin balansındadır. Lakin MKTB-nin xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavabdan məlum olur ki, həmin ünvanda inşa edilən bina MKTB-nin balansında deyildir. Ziddiyyətli cavabları araşdırmaq məhkəmənin vəzifə səlahiyyəti olmasına baxmayaraq, bu yönümdə prosessual hərəkət etməmiş, əsassız qərardad qəbul etmişdir. Cavabdehin nümayəndəsi də məhkəmədə bildirmişdir ki, Bakı şəhərinin digər ərazilərində inşa edilən yaşayış binalarından mənzil ayrılmağı məsələsinə Agentlik baxır. Məhkəmə qərardadı əsassızdır, iddia mümkün sayılmalı və mahiyyəti üzrə baxılmalı, müvafiq qərar qəbul edilməlidir. Sərəncamdan görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Gözdən əlilliyi olan şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. İnzibati iş materiallarından bəlli olur ki, Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyəti və Azərbaycan GƏC İB-i tərəfindən müvafiq siyahılar Sosial Xidmətlər Agentliyinə təqdim edilmiş və o, Respublika üzrə mənzil şəraitinin yaxşılaşdırılması üzrə növbədə 1-ci sıradadır. Məhkəmə iş üzrə cavabdeh Sosial Xidmətlər Agentliyinin ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının Xidmətlər Agentliyinin balansında olmaması əsası ilə iddianı mümkünsüz hesab etməkdə haqlı olmamışdır. İnzibati iş üzrə toplanmış müraciətlər və verilmiş cavablardan da məlum olur ki, cavabdeh birbaşa Sosial Xidmətlər Agentliyidir. Həmçinin, məhkəmə konkret olaraq hansı orqana müraciət etməni qərardadda göstərməmiş, təkrar olaraq İPM-nin normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı məhz ünvan 1 ünvanında yerləşən binadan mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında isə həmin mənzilin cavabdehin balansında olmadığı müəyyən edilir. Bu hal iddiaçının birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin fikrlərini dəqiqləşdirmək üçün müvafiq qaydada müddət təyin etməməsi, yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymaması ilə bağlıdır. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı da iddiaçının kifayət qədər vaxtı olsa da, tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci madəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə görə hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar”. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı qanunvericilik xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur. İstinad olunan normalardan görünür ki, gözdən əlilliyi olan şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-14/2- 604/2023 nömrəli məktubdan müəyyən edilir ki, ünvan 1 ünvanında Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sifarişi əsasında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binası Bakı şəhər Mənzil Kommunal Təsərrfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh hazırkı iddia tələbinə cavab verməli olan şəxs deyildir. Bundan əlavə, işin materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 182 №-li Sərəncamı ilə İddiaçı güzəştli şərtlərlə olan mənzil növbəliyi xx.xx.1992-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Nərimanov Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş gözdən əlil olan şəxslərin siyahısında iddiaçının növbəsi birincidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-7128/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2686/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2686/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver