Məhkəmə qərarları › İş №2-1(103)-2686/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2686/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2686/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2582/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli, 284 saylı sərəncamı ilə İddiaçı Əli oğluna dəymiş 1.402.715,00 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 456,6 kv.m. əsas, 113 kv.m. köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış sahəsi olan “Nərgiz” kafesinə məxsus torpaq sahəsi xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MN ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətindədir. Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərəncamı ilə ona məxsus “Nərgiz" kafesinin torpaq sahəsinin bir hissəsi daxil olmaqla, yanındakı boş sahədən "xxxx" MMC adlı bir şirkətə torpaq ayrılıb. Həmin ərazidə “ÜMİD-VQM" MMC adlı bir şirkət tərəfindən çoxmərtəbəli yaşayış binası inşa edilib. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 22 dekabr 2017-ci il tarixli 284 saylı sərancamla Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə 1485 kv.m torpaq sahəsi ayrılıb. "xxxx" MMC-yə ayrılmış 1485 kv.m torpaq sahəsinin cizgisində (topoqrafiq planı) ''Nərgiz” kafesinə məxsus tikililər göstərilməyib. Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərancamının Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi üzrə “Nərgiz” kafesinin torpaq sahəsi ilə kəsişdiyi hissədə ləğv edilməsi üçün 22 iyul 2021-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilib. İstər Azərbaycan Respublikası Konstitusiyasına, istərsə də Mülki Məcəlləyə əsasən İddiaçı “Nərgiz” kafesinə və onun torpaq sahəsinə mülkiyyət hüquqları var və qorunur, o, bu hüquqlardan öz mülahizəsinə uyğun istifadə edə bilərdi, lakin digər tərəf onun hüquqlarını pozub. Ona görə də Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərancamı nəticəsində iddiaçıya dəymiş ziyan ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-2582/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı (İddiaçı) Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərancamı ilə İddiaçı Əli oğluna dəymiş 1.402.715,00 (bir milyon dörd yüz iki min yeddi yüz on beş) manatın ödənilməsi öhdəliyinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdi. Məhkəmə qərardad qəbul edərkən prosessual hüquq normaları pozulub. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddsəinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin məhkəmə bu vəzifəsini də yerinə yetirməyib. Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərancamının Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi üzrə “Nərgiz” kafesinin torpaq sahəsi ilə kəsişdiyi hissədə ləğv edilməsi üçün 22 iyul 2021-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilib. Binəqədi rayon İcra Hakimiyyəti cavab verməyib, Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərancamının Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi üzrə “Nərgiz” kafesinin torpaq sahəsi ilə kəsişdiyi hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə verilib. Bakı İnzibati Məhkəməsi iddianı rədd edib, qərarın əsaslandırıcı hissəsində bildirib ki, Məhkəmə hesab edir ki, konkret halda iddiaçı pozulmuş hesab etdiyi hüquqlarını zərər vurmuş şəxsə qarşı əsaslandırılmış şəkildə kompensasiya tələbi irəli sürməklə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ziyanın məbləği göstərilməklə ödənilməsi barədə iddia qaldırılmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət olunmamışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl qeyd olunan tələblə əlaqədar cavabdehə müraciətini və ya cavabdeh tərəfindən onun müraciətinə verilmiş imtina cavabını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar cavabdehə müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2582/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar