Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2687/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş Əlillik haqqında arayışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən, müddətsiz, ikinci dərəcə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir.
2. İddiaçıya məxsus SX seriyalı, ******* nömrəli hərbi biletin 7-ci səhifəsinin 14-cü bəndindəki qeydlərə əsasən, o, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Füzuli, Xocavənd rayonları istiqamətində döyüşlərdə iştirak etmişdir.
3. 7 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı xx.xx.2023cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.1963-cü il təvəllüdlü X2r.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.50 kv.m olan mənzilin tam payda xüsusi mülkiyyətçisidir.
5. 7 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/09/S/152892-23 nömrəli arayışa əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1999-cu il təvəllüdlü İddiaçı aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlılq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 28125/2024 **********5 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına Neftçala rayonu, Kür Qarabucaq kəndində yerləşən ümumi birgə payda olan 0.06 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-108 F nömrəli xx.xx.2001-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.
7. 145 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 560 nömrəli, xx.xx.2024-cü il tarixli forma 2 arayışına əsasən İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır, yaşayır.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı imtiyazlı şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il təvəllüdlü olmaqla 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsində iştirak edərək döyüş əməliyyatlarına qatılmış, Füzuli və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixində ağır yaralanmış və Hərbi Hospitala yerləşdirilmişdir. Sağ ayağı dizdən yuxarı amputasiya olunaraq tamamilə kəsilmişdir. Həmçinin, bədənində qəlpələr qalmışdır. Döyüş əməliyyatlarında ağır yaralanması ilə əlaqədar Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir və Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyi yanıdna Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixində ona ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Xəstəliyinin diaqnozu: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış yaralanması (xx.xx.2020), sağ budun aşağı 1/3-i səviyyəsində amputasiya güdülü. Ağırlaşma Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış yaranlanması (xx.xx.2020): sağ budun aşağı 1/3-i səviyyəsində amputasiya güdülü. Əlillik müddətsiz verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşuun müdafiəsi ilə bağlıdır. Qeyd etdiyi kimi, sağ ayağı dizdən yuxarı amputasiya olunaraq tamamilə kəsilmişdir. Bədənində və əllərində isə qəlpə vardır. Həmin qəlpələr sinir sisteminin üzərində yerləşdiyinə görə, onları çıxarmaq mümkün deyildir. Ona görə də, onun mütəmadi tibbi müayinəyə, müalicəyə və reabilitasiyaya ehtiyacı vardır. Buna görə də, o, yaralandığı gündən bu günə qədər müalicə və reabilitasiya üçün Bakı şəhərində qalmaq məcburiyyətində qalmışdır. Belə ki, əvvəlki yaşayış yeri Neftçala rayonu, Kürqarabucaq kəndi olmasına baxmayaraq, Neftçala rayonunda və ətraf rayonlarda ixtisaslaşmış tibb müəssisələri və reabilitasiya müəssisələri olmadığında görə, sağlamlığının qismən də, olsa, bərpası ilə bağlı məcbur olub 11 avqust 2023-cü il tarixində X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində 136 nömrəli binada yerləşən 68.5 kv.m yaşayış sahəsindən ibarət olan 6 nömrəli mənzilə qeydiyyata düşmüş və orada yaşayır. O, xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraicət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmiş və məktubda bildirilmişdir ki, adına mülkiyyət hüququ ilə yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi mövcud olduğundan məsələnin müsbət həlli mümkün olmamışdır.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Neftçala rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətinə köçürülməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 5-10/1-X24-068/2023 nömrəli ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-X0134-8/2023 **********03 saylı araışında mülkiyyət hüququ əsasında ümumbirgə əsaslarla Neftçala rayonu, Kür Qarabucaq kəndində yerləşən 0.0600 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-108F saylı, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edildiyi müəyyən olunmuşdur. Vətəndaşın adına mülkiyyət hüququ əsasında yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi mövcud olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. “Hərbi qulluqçuların statusu haqqındaa” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Beləliklə də, göründüyü kimi, yaşayış sahəsi olmayan hərbi qulluqçuların sırf mənzillə deyil, torpaq sahəsi ilə də, təmin olunması nəzərdə tutulmuşdur. Bu isə o, deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (mənzil sahəsinə və torpaq sahəsinə) malik olub-olmamarı yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının adına daşınmaz əmlak (ümumbirgə payda yaşayış təyinatlı torpaq sahəsi) mövcuddur. Vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə belə halları (mənzil şəraitinin süni pisləşdirilməsi hallarını) aşkarlamaqdan ötrü ilk olaraq onlardan adlarına Azərbaycan Respubliaksı üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub-olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Mənzil Məcəlləsinin 55.1.5- ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Bu isə o deməkdir ki, hətta vətəndaş mənzil növbəsində olarkən ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verildikdə o, mənzil növbəsindən çıxarılmalıdır. İddiaçıya məxsus oan torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlarıdır. Yəni fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Hesab edirlər ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlil İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
12. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
15. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şiakyətinə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:
2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
17. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
18.”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
24. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Füzuli, Xocavənd rayonları istiqamətində döyüşlərdə iştirak etdiyini, ona xx.xx.2021-ci il tarixdən, müddətsiz, ikinci dərəcə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edildiyini bildirərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını tələb edir.
25. Cavabdeh orqan isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən ümumbirgə əsaslarla Neftçala rayonu, Kür Qarabucaq kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-108F saylı, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadəntamə”nin tərtib edilməsinə istinad edərək, iddianı təmin etməmişdir.
26. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Füzuli, Xocavənd rayonları istiqamətində döyüşlərdə iştirak etmiş, xx.xx.2021-ci il tarixdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci dərəcə əlillik təyin edilmişdir.
27. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Neftçala rayon İcra Hakimiyyətinə müvafiq sorğu verilmiş və 04 iyun 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Neftçala rayon sakini xx.xx.1999-cü il təvəllüdlü İddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi imtiyazlı şəxs olaraq Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 42 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyac olan qismində Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qeydə alınmışdır.
28. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nöməli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir.
29. Həmin Sərəncamın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.
30. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
31. Hazırki iş üzrə cavabdeh orqanın əsas imtina tələbi iddiaçının adına Neftçala rayonu, Kür Qarabucaq kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-108F saylı, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadəntamə”nin tərtib edilməsidir. Cavabdeh təşkilatın etirazda qeyd elədiyi bu arqument ilə məhkəmə kollegiyası razılaşmasa da onun Neftçala rayonunda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində artıq uçotda olması səbəbindən Bakı şəhəri, Binəqədi rayonunda imtiyazlı şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması mümkün hesab etmir.
32. Belə ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatında olmasına baxmayaraq aparılmış araşdırma zamanı iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 42 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində rayon icra hakimiyyətində mənzil növbəsində qeydə alınması müəyyən edilmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının adına torpaq sahəsinin olmasına görə onu uçota almaqdan imtina etməsi qanuni olmasa da, iddiaçının artıq Neftçala rayon icra hakimiyyətində mənzil üçotunda qeydiyyatda olması səbəbindən onun Binəqədi rayon icra hakimiyyətində mənzil sahəsinə ehtiyacı olan şəxs qismində yenidən qeydiyyata alınması mümkün deyil.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlük şərtlərinə cavab verməsi səbəbindən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddianın qeyri-mümkün hesab edilməsi hissəsi ilə razılaşmır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin edərəkən ətraflı araşdırma aparmamış və bunun nəticəsi olaraq düzgün nəticəyə gəlməmişdir.
35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlil İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.