Məhkəmə qərarları › İş №2-1(103)-2689/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2689/2025

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-2689/2025 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, tələbkar İddiaçı, tələbkarın vəkili vəkil1, borclunun nümayəndələri X1 və X10 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddiasına dair iş üzrə məhkəmə qərarının izah edilməsi barədə tələbkar İddiaçı ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Cavabdeh ##.##.2016-cı il tarixli **/**-** nömrəli əmri ilə İddiaçı Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış ##.##.2013-cü il tarixli əmək müqaviləsinə (kontraktına) ##.##.2016-cı il tarixdə xitam verilmişdir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsindəki işdən çıxarma barədə ##.##.2016-cı il tarixli **/**-** nömrəli əmri qanunsuz və əsassız hesab edilərək əmr ləğv edilmiş, iddiaçının işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün ona aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Cavabdeh ##.##.2020-ci il tarixli əmrinə əsasən, iddiaçı İddiaçı qulluq keçdiyi Cavabdeh Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsi və Strateji araşdırma şöbəsi ləğv edilərək Təhlil və strateji planlaşdırma şöbəsi yaradılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı qismən - məcburi işburaxma müddəti üçün mükafatların ödənilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2020ci il tarixli qərarı icra edilməsi üçün Cavabdeh göndərilmişdir. Cavabdeh ##.##.2021-ci il tarixli əmri ilə iddiaçının vəzifədən azad edilməsi barədə əmr ləğv edilmiş və o, ehtiyat kadrlar siyahısına daxil edilmişdir. Tələbkar ##.##.2021-ci ildə Nazirliyə dəvət olunmuş və ona Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhəri Idarəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsi (dövlət qulluğu üzrə inzibati vəzifə) və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin * saylı filialına aparıcı mütəxəssis vəzifəsi (publik hüquqi şəxsdə müvafiq vəzifə) təklif olunmuş, lakin tələbkar həmin vəzifələrdən imtina etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ##.##.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı İddiaçı qulluq keçdiyi Cavabdeh Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsi və Strateji araşdırma şöbəsi Nazirliyin ##.##.2020-ci il tarixli əmri ilə ləğv edilərək Təhlil və strateji planlaşdırma şöbəsi yaradılmışdır. Iddiaçının ixtisası (Əlvan metalların metallurgiyası) ali təhsilin bakalavriat səviyyəsinin texniki istiqamətlər qrupuna aid olduğundan və yeni yaradılmış Strateji araşdırma şöbəsində iddiaçının əvvəllər tutduğu vəzifə ləğv edildiyindən məhkəmənin qərarı qismən icra edilmişdir. Nazirliyin ##.##.2021-ci il tarixli əmri ilə iddiaçının vəzifədən azad edilməsi barədə əmr ləğv edilmiş və o, ehtiyat kadrlar siyahısına daxil edilmişdir. Iddiaçı ##.##.2021-ci ildə Nazirliyə dəvət olunmuş və ona Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhəri Idarəsində baş məsləhətçi baş əmək müfəttişi vəzifəsi (dövlət qulluğu üzrə inzibati vəzifə) və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin * saylı filialına aparıcı mütəxəssis vəzifəsi (publik hüquqi şəxsdə müvafiq vəzifə) təklif olunmuş, lakin o, təklif olunan vəzifələrdən imtina etmişdir. Bundan başqa, məhkəmənin qərarının icrası ilə əlaqədar iddiaçıya məcburi işburaxma dövrünə görə əmək haqqının hissə-hissə ödənilməsi təmin ediləcək. Bakı Inzibati Məhkəməsi tərəfindən ##.##.2021-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2020-ci il tarixli qərarı əsasında icra vərəqəsi tərtib edilərək icra olunması üçün Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinin ##.##.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Borclu tərəfindən ##.##.2021-ci ildə tələbkara ##.##.2016-cı ildən ##.##.2020-ci ilədək olan məcburi işburaxma günləri üçün əmək haqqı ödənilmişdir. Tələbkar ##.##.2022-ci ildə borclu Cavabdeh ərizə ilə müraciət edərək Nazirliyin sistemində müvafiq vəzifəyə təyin olunmasını xahiş etmişdir. Borclunun ##.##.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2020-ci il tarixli qərarına uyğun olaraq, tələbkar ##.##.2022-ci ildən Cavabdeh yanında X5 Xidmətində işə bərpa olunmuş və Xidmətin Bakı Şəhər Idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinin ##.##.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, tələbkara məcburi işburaxma ilə bağlı 38000 manat əmək haqqı ödənilmiş, o, ##.##.2022-ci ildən Cavabdeh yanında X5 Xidmətində işə bərpa olunmuş və Xidmətin Bakı Şəhər Idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilmişdir ki, bununla da icra sənədi tam icra olunmuşdur. Tələbkar ##.##.2024-cü ildə borclu Cavabdeh ərizə ilə müraciət edərək öz xahişi ilə 1 aylıq xəbərdarlıq müddəti gözlənilmədən ##.##.2024-cü ildən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Borclunun ##.##.2024-cü il tarixli əmri ilə tələbkar öz arzusu ilə ##.##.2024-cü ildən tutduğu vəzifədən azad edilmiş və onunla ##.##.2022-ci ildə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Tələbkar İddiaçı ##.##.2024-cü ildə Bakı Inzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)****/**** nömrəli ##.##.2020-cü il tarixli qərarının lazımi qaydada icrasının təmin edilməsi məqsədilə məcburi işburaxma günlərinə görə ödənilməmiş qalan əmək haqqının və ona əlavələrin yenidən düzgün hesablanmaqla tam ödənilməsini və nazirlikdə istənilən şöbəyə işə bərpa edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında göstərilənlərə əməl edilməyərək o, əvvəllər işlədiyi Nazirlikdə dövlət qulluğuna deyil, Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər idarəsində məsləhətçi vəzifəsinə işə götürülmüşdür. ##.##.2024-cü ildə rəhbərlik onu yanına çağıraraq işdən çıxması barədə təcili ərizə yazmasını tələb etmiş, əks halda, özlərinin çıxaracaqlarını bildirmiş, ona hədə-qorxu gələrək məcburi ərizə yazdırmış və həmin gün işdən azad olunması barədə əmr verilmişdir. Beləliklə, məhkəmənin qərarı həm işə bərpa hissəsində qanunauyğun icra edilməmiş, həm də məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqı ödənilməmişdir. Belə ki, borclu tərəf məhkəmə aktının göstərişinə əməl etməyərək 5 il 5 ay məcburi işburaxma günlərinə görə ödənilməli olan məbləği düzgün olmayaraq həmin müddət üzrə hesablamamış, əmək haqqında əlavələr nəzərə alınmamaqla ##.##.2020-ci ilədək hesablanmış, ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək ödənilməli olan məbləğ ödənilməmiş qalmışdır. Bundan sonra tələbkar həmin ərizəsinə əlavə olaraq məhkəməyə başqa bir ərizə də verərək, ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək ödənilməmiş qalan məbləğin tam ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Borclu ərizəyə yazılı şəkildə münasibət bildirərək göstərmişdir ki, İddiaçı ##.##.2013-cü ildən ##.##.2016-cı ilədək Cavabdeh Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçmiş, həmin şöbə Nazirliyin ##.##.2020-ci il tarixli əmri ilə ləğv edilərək Təhlil və strateji planlaşdırma şöbəsi yaradılmışdır. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1997-ci il tarixli * nömrəli qərarına uyğun olaraq, iddiaçının ixtisası (Əlvan metalların metallurgiyası) ali təhsilin bakalavriat səviyyəsinin texniki istiqamətlər qrupuna aid olduğundan və yeni yaradılmış Təhlil və strateji planlaşdırma şöbəsində iddiaçının əvvəllər tutduğu vəzifə ləğv edildiyi üçün məhkəmənin "işə bərpa olunma haqqında" qərarının bu hissəsini icra etmək üçün ona analoji vəzifə təklif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası"nın 11-ci hissəsinə əsasən, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməsi qanunvericilikdə müəyyən edilmiş vəzifənin tutulma şərtlərinə uyğun aparılır. Nazirliyin ##.##.2021-ci il tarixli əmri ilə iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmr ləğv edilmiş və o, Nazirliyin ##.##.2020-ci il tarixli əmrinə edilmiş dəyişikliklə ehtiyat kadrlar siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasr Ali Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2020-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarına uyğun olaraq ona məcburi işburaxma müddəti üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi təmin edilmişdir. Iddiaçı ##.##.2021-ci ildə Nazirliyə dəvət olunmuş və ona Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsi (dövlət qulluğu üzrə inzibati vəzifə) və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin * saylı filialına aparıcı mütəxəssis vəzifəsi (publik hüquqi şəxsdə müvafiq vəzifə) təklif olunmuş, lakin o, təklif olunan vəzifələrdən imtina etmişdir (akt əlavə olunur). Həmçinin, ##.##.2021-ci ildə məhkəmə qərarının icrası ilə əlaqədar əmək kitabçasını müvafiq qeydlərin aparılması üçün təqdim etməsi xahiş olunsa da, iddiaçı bundan imtina etmiş və müvafiq akt tərtib edilmişdir. Bakı Inzibati Məhkəməsində ##.##.2022-ci ildə E.Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı iddiaçı məhkəməyə müraciət edərək, *-*(***)-**/**** nömrəli iş üzrə (məhkəmə qərarının icra edilməsi) ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul olunmasını xahiş etmiş və məhkəmə iş üzrə icraata xitam vermişdir. Qərardaddan rəsmi qaydada 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasına şikayət vermək hüququ göstərilmiş, lakin şikayət verilməmişdir. Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 55-ci maddəsinin 4-cü bəndinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinin ##.##.2023-cü il tarixli **/**-******/** nömrəli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd edilən sənəddən də iddiaçı tərəfindən şikayət verilməmişdir. Həmçinin, Nazirliyin ##.##.2022-ci il tarixli əmri ilə iddiaçı ##.##.2022-ci ildən öz arzusu ilə Nazirlik yanında X5 Xidmətində işə bərpa edilmiş və Xidmətin Bakı Şəhər Idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar İddiaçı ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək olan dövr üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuş, qalan hissədə isə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tələbkar ##.##.2021-ci ildə Nazirliyə dəvət olunmuş və ona Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhəri Idarəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsi (dövlət qulluğu üzrə inzibati vəzifə) və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin * saylı filialına aparıcı mütəxəssis vəzifəsi (publik hüquqi şəxsdə müvafiq vəzifə) təklif olunmuş, lakin tələbkar həmin vəzifələrdən imtina etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə icra edilməli olan tələblərdən (borclunun üzərinə qoyulmuş vəzifələrdən) heç biri ##.##.2021-ci ilədək icra olunmamış, borclu tərəfindən bu yöndə hərəkət edilməmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Tələbkar birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin *- *(***)****/**** nömrəli ##.##.2020-cü il tarixli qərarının tam icra edilərək, ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək ödənilməli olan məbləğlərin ödənilməsinə dair ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bundan sonra ##.##.2025-ci ildə tələbkar apellyasiya şikayətinə əlavə verərək Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)****/**** nömrəli ##.##.2020-cü il tarixli qərarının tam icra edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əvvəlki vəzifəsinə uyğun işə bərpa olunmasını və ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək ödənilməli olan məbləğlərin ödənilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Daha sonra ##.##.2025-ci ildə tələbkarın nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayətinə əlavə verərək Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadının mübahisələndirilən hissədə ləğv edilməsini, tələbkarın ərizəsinin tam təmin edilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)****/**** nömrəli ##.##.2020-cü il tarixli qərarının icrası ilə əlaqədar tələbkarın əvvəlki işinə bərpa edilməsi, ona məcburi işburaxma günləri üçün ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək olan dövr üzrə aylıq vəzifə maaşı və vəzifə maaşına əlavələrin, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi öhdəliyinin borclunun üzərinə qoyulmasını xahiş etmişdir. Tələbkarın apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavələr bununla əsaslandırılmışdır ki, məhkəmə qərarının tələbkarın əvvəlki işinə bərpa olunması barədə hissəsinin icrası məqsədilə borclunun ##.##.2021-ci ildə tələbkara təklif etdiyi vəzifə onun əvvəlki vəzifəsinə uyğun olmamışdır. Bundan başqa, tələbkarın ##.##.2022-ci ildən təyin olunduğu Cavabdeh yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsi onun əvvəlki vəzifəsinə ekvivalent olmamış, həmin vəzifədən həm ranq, həm də əmək şəraiti şərtləri etibarilə aşağı vəzifə olmuş, tələbkar borclunun yaxın perspektivdə onu ekvivalent vəzifəyə keçiriləcəyi ilə bağlı vədlərinə etimad göstərmiş, həmçinin uzun müddət işsiz qalması nəticəsində maddi təminatlarının məhdudluğu, habelə müvəqqəti kompromis kimi bu vəzifəni şərti olaraq qəbul etmək məcburiyyətində qalmış, lakin bu vəzifə ilə razılaşmamışdır. Borclu apellyasiya şikayətinə etirazında bildirmişdir ki, mövcud məhkəmə təcrübəsinə uyğun olaraq, borclu ##.##.2021-ci ildə iddiaçıya iki vəzifə təklif etməklə məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi icra etmişdir, ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında tələbkar İddiaçı və onun vəkili vəkil1 apellyasiya şikayətinin və şikayətə əlavələrin məzmununa uyğun izahatlar verdilər. Borclunun nümayəndələri X1 və X10 isə apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və "Icra haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 230.1. Işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu: 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: ... 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası":

2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X6 (bundan sonra – Mərkəz) məlumat verməlidir.

11. Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin analoji vakant vəzifəyə təyin edilməsi qanunvericilikdə müəyyən edilmiş vəzifənin tutulma şərtlərinə uyğun aparılır.

12. Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər aşağıdakı əsaslarla ehtiyat kadrlar siyahısından çıxarılırlar: ... 12.3. dövlət qulluğu vəzifəsinə təyin edildikdə;

"Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli ** nömrəli Qərarı:

1. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra – IPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. ...

33. Məhkəmələr nəzərə almalıdırlar ki, IPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və "Icra haqqında" Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası ilk növbədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının işə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarının icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisənin mahiyyəti bundan ibarətdir ki, borclu tələbkara ##.##.2021-ci ildə başqa vəzifə təklif etməklə qərarın işə bərpa hissəsini və tələbkara onun işdən çıxarıldığı ##.##.2016-cı ildən başlayaraq əvvəllər işlədiyi vəzifənin ləğv olunduğu ##.##.2020-ci ilədək olan müddət üçün əmək haqqı ödəməklə qərarın əmək haqqı ödənilməsi hissəsini tam icra etdiyini iddia edir, tələbkar isə bununla razılaşmır. Tələbkar hesab edir ki, məhkəmə qərarının nə işə bərpa hissəsi, nə də əmək haqqı ödənilməsi hissəsi tam icra edilmişdir. Belə ki, ona ##.##.2021-ci ildə təklif edilmiş vəzifələr, eləcə də onun ##.##.2022-ci ildə təyin olunduğu vəzifə bərpa edilməli olduğu vəzifəyə ekvivalent olmamış, bundan başqa, ona əmək haqqı ##.##.2016-cı ildən ##.##.2020-ci ilədək olan müddət üçün deyil, başqa vəzifəyə təyin edildiyi ##.##.2022-ci ilədək ödənilməlidir. Kollegiya bildirir ki, "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli ** nömrəli Qərarının 33-cü bəndinə görə, inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə baxıla bilər. Tələbkar İddiaçı məhkəmə qərarının icrası ilə bağlı Bakı Inzibati Məhkəməsinə verdiyi ərizənin məzmunu yuxarıda sadalanan ərizə növlərindən "məhkəmə aktının izah edilməsi" barədə ərizəyə uyğundur. Tələbkarın ərizələrində və birinci instansiya məhkəməsinin qərardadında bu ifadədən istifadə olunmasa da, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, tələbkarın baxılan ərizəsi məhz məhkəmə aktının izah edilməsi qaydasında həll edilməlidir. Bu qənaət Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş məhkəmə baxışının hədlərinə uyğundur. Nəzərə alınmalı olan digər məsələ tələbkar İddiaçı bəhs olunan ərizəsinə Bakı Inzibati Məhkəməsinin baxmaq səlahiyyətinin olub-olmaması ilə bağlı məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci və 230.2-ci maddələrinin tələbinə görə, məhkəmə aktının izah edilməsi işə baxmış məhkəmə tərəfindən həyata keçirilir, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirildiyi və yeni məhkəmə aktı çıxarıldığı halda isə, qərar iş üzrə son qərarı çıxarmış məhkəmə tərəfindən izah edilir. Işdən görünür ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin qərarı ilə cavabdehin ##.##.2016-cı il tarixli əmri ləğv edilmiş, iddiaçının işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün ona aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin qərarı məcburi işburaxma müddəti üçün mükafatların ödənilməsi hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, hazırda tələbkarın izah edilməsini istədiyi məsələ * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmış hissəsinə aiddir. Ona görə də kollegiya ərizəyə məhz Bakı Inzibati Məhkəməsində baxılmasını düzgün hesab edir. Məsələnin mahiyyətinə gəldikdə isə məhkəmə kollegiyası "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Bununla yanaşı, kollegiya qeyd edir ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən, eləcə də məhkəmə qərarının icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallardan asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarın icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallar icranın həyata keçirilməsi vəziyyətinə obyektiv olaraq təsir edirsə, sözügedən hallar cavabdehin icraya dair öhdəliklərinin həcminə və həyata keçirilməsi qaydasına təsir edə bilər. Bu zaman, həmçinin tərəflərin davranışlarına və icranın baş tutmasına yönəlmiş niyyətlərinə də qiymət verilməlidir. Nəhayət, bu mərhələdə, həm də məhkəmənin xidməti vəzifəsindən irəli gələn öhdəlikləri də vardır. Icraya nəzarət edən məhkəmədən gözlənilən yeni faktiki və hüquqi halları nəzərə almaqla məhkəmə qərarına izah verilməsi, icra barədə qərardad çıxarılması və s. prosessual imkanlardan istifadə etməklə icranın baş tutmasını təmin etməkdir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, borclunun üzərinə məhkəmə qərarı ilə qoyulmuş öhdəlik tələbkarı əvvəlki vəzifəsinə bərpa etməkdən və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir. Işin hallarından müəyyən olunur ki, tərəflər istər tələbkarın əvvəlki vəzifəsinə bərpası, istərsə də ona ödənilməli olan məcburi işburaxma müddəti üçün əmək haqqının məbləği ilə bağlı mübahisə edirlər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tələbkarın işə bərpa tələbinin təmin edilməsi üzrə məhkəmə mübahisələri Ali Məhkəmə tərəfindən ##.##.2020-ci il tarixli qərarın qəbul edilməsi ilə başa çatsa da, məhkəmə mübahisələrinin davam etdiyi dövrdə yeni faktiki və hüquqi vəziyyət yaranmış, yəni tələbkarın əvvəllər işlədiyi və bərpa edilməli olduğu vəzifə ləğv edilmişdir. Beləliklə, yeni faktiki və hüquqi vəziyyət yaranması halı göz önünə alınmaqla icranın hansı qaydada həyata keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Borclunun tələbkarı əvvəlki vəzifəsinə bərpa etmək öhdəliyi ilə bağlı qeyd edilməlidir ki, işin hallarından görünür ki, borclu bununla bağlı tələbkara rəsmi təkliflər etmişdir. Ilk növbədə, nəzərə alınmalıdır ki, tələbkarın işdən çıxarılmasının qanunsuzluğu məhkəmə qərarı ilə öz təsdiqini tapdığından və yeni yaranmış vəziyyətə görə borclu tələbkarı məhz əvvəlki vəzifəsinə bərpa edə bilmədiyindən, borclunun onu əvvəlki işinə ən yaxın olan oxşar işlə təmin etmək öhdəliyi qalır. Bu öhdəlik qanuni qüvvədə olan məhkəmə qərarının icra edilməsi vəzifəsindən doğur. Lakin borclunun sözügedən öhdəliyi oxşar vəzifənin təklif edilməsi ilə məhdudlaşır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsinə görə, dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, dövlət qulluqçusunun vəzifə maaşına və ixtisasına uyğun işə düzəlməsinə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlüyünə təminat verilir. Bu üstünlüyün həyata keçirilməsi qaydası bundan ibarətdir ki, dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Odur ki, məhkəmənin qiymətləndirməli olduğu əsas məsələlərdən biri borclu tərəfindən təklif edilmiş vəzifənin tələbkarın əvvəlki işi ilə oxşarlığının müəyyən edilməsidir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının X12 daxil olmuş ##.##.2025-ci il tarixli məlumatda göstərilmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestri və Dövlət qulluğu - X11 Sisteminə daxil edilmiş məlumatlar Mərkəzdə araşdırılmış və Nazirliyin aparatında ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək İddiaçı malik olduğu "Əlvan metalların metallurgiyasi" ixtisasına uyğun müvafiq vakant vəzifə müəyyən edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının X6 sorğu edilərək, tələbkara borclu tərəfindən ##.##.2021-ci ildə təklif edilmiş Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsində baş məsləhətçi - baş əmək müfəttişi və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin * saylı filialında aparıcı mütəxəssis vəzifələrinin onun əvvəl işlədiyi vəzifəyə analoji olub-olmaması barədə məlumat tələb edilmişdir. X8 ##.##.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, analoji vakant vəzifə dedikdə şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifə başa düşülür. 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmişdir. Ümumi Şərtlərin 3-cü hissəsinə əsasən, Ümumi Şərtlər "Təhsilə dair tələblər", "Iş stajına dair tələblər" və "Bilməlidir" hissələrindən ibarətdir. Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi vəzifəsi üzrə vəzifə təlimatı ("Təhsilə dair tələblər" və "Iş stajına dair tələblər" hissələrinin müqayisəsinin aparılması üçün) və müsahibə proqramı ("Bilməlidir" hissələrinin müqayisəsinin aparılması üçün) Mərkəzdə mövcud olmadığından həmin vəzifənin Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə analoji olub-olmaması məsələsinə münasibət bildirmək mümkün olmamışdır. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin * saylı filialında aparıcı mütəxəssis vəzifəsi isə dövlət qulluğu vəzifəsi deyildir. Bundan sonra cavab məktubunda qeyd olunan sənədlər məhkəmə tərəfindən əldə edilərək X6 göndərilmiş və eyni sualla bağlı məlumat sorğulanmışdır. X8 ##.##.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi vəzifəsi inzibati vəzifələrin beşinci təsnifatına aiddir. Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsində Təminat sektorunun baş məsləhətçisi vəzifəsi isə inzibati vəzifələrin yeddinci təsnifatına aid olmaqla Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi vəzifəsindən aşağı təsnifat vəzifə hesab olunur. Qeyd olunan vəzifələr üzrə təhsilə dair tələblər 1 istiqamət üzrə eyni olduğu halda, iş stajına dair tələblər fərqlidir. Ümumi müsahibə proqramı müsahibəyə təqdim olunmuş bütün dövlət qulluğu vəzifələri, dövlət orqanı üzrə müsahibə proqramı isə Cavabdeh müsahibəyə təqdim olunmuş bütün vəzifələr üzrə eyni olduğundan Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi və Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsində Təminat sektorunun baş məsləhətçisi vəzifələri üzrə eyni olsa da, vəzifə üzrə müsahibə proqramları tam fərqlidir. Beləliklə, X12 alınmış arayışlarla müəyyən edilmişdir ki, tələbkara təklif olunmuş Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsində Təminat sektorunun baş məsləhətçisi vəzifəsi tələbkarın əvvəl işlədiyi vəzifədən aşağı təsnifat vəzifə hesab olunur, təklif olunmuş Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin * saylı filialında aparıcı mütəxəssis vəzifəsi isə, ümumiyyətlə, dövlət qulluğu vəzifəsi deyildir. Deməli, tələbkara borclu tərəfindən ##.##.2021-ci ildə təklif edilmiş iki vəzifənin heç biri onun əvvəl işlədiyi və bərpa edilməli olduğu vəzifəyə analoji (əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan) vəzifə olmamışdır. Ona görə də göstərilən iki vəzifənin tələbkara təklif edilməsi və sonuncunun bu təkliflərdən imtina etməsi borclunu məhkəmə qərarının işə bərpa ilə bağlı hissəsinin icrasından azad etməmişdir. Işin hallarından bu da görünür ki, tələbkar ##.##.2022-ci ildə borcluya ərizə ilə müraciət edərək Nazirliyin sistemində müvafiq vəzifəyə təyin olunmasını xahiş etmiş və borclunun ##.##.2022-ci il tarixli əmri ilə o, ##.##.2022-ci ildən Cavabdeh yanında X5 Xidmətində işə bərpa olunmuş və Xidmətin Bakı Şəhər Idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Həmin əmrdə əmrin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2020-ci il tarixli qərarına istinad edilmişdir. Tələbkar göstərilən vəzifədə 1 il 6 ay 14 gün işləmiş və ##.##.2024-cü ildə öz arzusu ilə vəzifədən azad edilmişdir. Kollegiya hesab edir ki, tələbkar göstərilən vəzifəyə öz razılığı, hətta öz xahişi ilə təyin olunduğuna və bu təyinatın məhz məhkəmə qərarının icrası ilə bağlı həyata keçirilməsi barədə əmri mübahisələndirməyərək uzun müddət işlədiyinə görə borclu ##.##.2022-ci ildə tələbkarı işə bərpa etmək öhdəliyini icra etmiş sayılır. Tələbkar apellyasiya şikayətinə əlavədə həmin vəzifənin onun əvvəlki vəzifəsinə ekvivalent olmamasını, əvvəlki vəzifədən həm ranq, həm də əmək şəraiti şərtləri etibarilə aşağı vəzifə olmasını bildirsə də, kollegiya bununla razılaşmır və qeyd edir ki, burada həlledici məqam iddiaçının razılığı olmuşdur. Tələbkarın göstərilən vəzifəyə təyin olunması onun öz istəyi və razılığı ilə baş verdiyinə görə o, artıq sözügedən dəlilə istinad etməkdə haqlı deyil. Borclunun yaxın perspektivdə onu ekvivalent vəzifəyə keçirəcəyi ilə bağlı vəd verməsi, həmçinin uzun müddət işsiz qalması nəticəsində maddi təminatlarının məhdudluğu, habelə müvəqqəti kompromis kimi bu vəzifəni şərti olaraq qəbul etmək məcburiyyətində qalması, əslində isə bu vəzifə ilə razılaşmaması, bundan başqa, ##.##.2024-cü ildə rəhbərliyin onu yanına çağıraraq işdən çıxması barədə təcili ərizə yazmasını tələb etməsi, ona hədə-qorxu gələrək məcburi ərizə yazdırması barədə tələbkarın dəlilləri isə hər hansı sübutla təsdiq olunmur. Digər tərəfdən, borclu tələbkarı ##.##.2022-ci ildə vəzifəyə təyin etməklə artıq məhkəmə qərarının işə bərpa ilə bağlı hissəsini icra etmiş sayıldığına görə tələbkarın sonradan həmin vəzifədən öz arzusu ilə azad edilməsi borclu üçün eyni öhdəliyi yenidən yaratmır. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmə qərarının işə bərpa ilə bağlı hissəsinin artıq icra olunması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi məsələsinə münasibətdə də oxşar yanaşma tətbiq edilməlidir. Tələbkarın sözügedən ödənişləri almaq hüququ əmək haqqının faktiki ödənildiyinin dayandırıldığı andan başlamaqla tələbkara oxşar vəzifənin təklif olunduğu ana qədər olan dövrü əhatə etməlidir. Borclu tələbkara onun işdən çıxarıldığı ##.##.2016-cı ildən başlayaraq əvvəllər işlədiyi vəzifənin ləğv olunduğu ##.##.2020-ci ilədək olan müddət üçün əmək haqqını ödəmişdir. Birinci instansiya məhkəməsi əmək haqqının ##.##.2020-ci ildən başlayaraq tələbkara başqa vəzifənin təklif olunduğu ##.##.2021-ci ilədək ödənilməli olması barədə nəticəyə gəlmiş, borclu bununla razılaşmış və apellyasiya şikayəti verməmişdir. Lakin kollegiya hesab edir ki, məcburi işburaxma müddəti üçün əmək haqqı ##.##.2021-ci ilədək deyil, tələbkarın faktiki olaraq vəzifəyə təyin olunduğu ##.##.2022-ci ilədək davam etdirilməlidir. Həmin günədək iddiaçının işburaxması cavabdehin təqsirindən baş verməklə məcburi olmuşdur. Bu yanaşma işə bərpa məsələsi ilə bağlı tətbiq olunan yanaşmaya uyğundur. Borclunun etirazının dəlillərindən biri bundan ibarətdir ki, tələbkarın işə bərpasının mümkün olmamasının səbəblərindən biri onun ixtisasının (Əlvan metalların metallurgiyası) ali təhsilin bakalavriat səviyyəsinin texniki istiqamətlər qrupuna aid olmasıdır. Kollegiya qeyd edir ki, tələbkar işdən çıxarılanadək məhz həmin ixtisasla işləmiş və məhkəmənin qərarı çıxarılarkən də həmin ixtisasa malik olmuşdur. Ona görə də tələbkarın göstərilən ixtisasa malik olması məhkəmənin qərarının icra edilməməsinə əsas verə bilməz. Borclunun etirazının digər dəlilləri tələbkarın Bakı Inzibati Məhkəməsinin icraatında olan *-*(***)-**/**** nömrəli iş üzrə (məhkəmə qərarının icra edilməsi) ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etməsi və ##.##.2022-ci ildə məhkəmənin iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməsi, həmçinin, Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinin ##.##.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsi və tələbkarın bu qərardad və qərardan şikayət verməməsidir. Müəyyən edildi ki, ##.##.2022-ci ildə tələbkar İddiaçı "Icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onun üzərinə icra vərəqinin təxirəsalınmadan icra edilməsi öhdəliyinin qoyulması barədə" şikayətlə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş, ##.##.2022-ci ildə isə məhkəməyə ərizə verərək həmin ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)- **/**** nömrəli ##.##.2022-ci il tarixli qərardadına əsasən, ərizənin baxılmadan geri qaytarılması barədə ərizəsi təmin edilmiş, tələbkar İddiaçı borclu Cavabdeh qarşı (barəsində şikayət verilən: Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev) "məhkəmə qərarının icra edilməsi" barədə ərizəsi üzrə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, tələbkarın şərh edilən əvvəlki ərizəsi icra məmurunun hərəkətsizliyindən şikayət olduğu və həmin ərizədə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra məmurunun üzərinə məhkəmə qərarının qısa müddətdə tam şəkildə icra edilməsi və görülmüş tədbirlər barədə tələbkara təxirəsalınmadan məlumat verilməsi öhdəliyinin qoyulması xahiş olunduğu halda, hazırkı ərizədə icra məmurunun hər hansı hərəkətindən, yaxud hərəkətsizliyindən bəhs edilmir. Ona görə də həmin ərizənin mövcudluğu tələbkarın hazırkı ərizəsinə baxılmasına mane olmur. Kollegiya Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə ##.##.2023-cü il tarixli qərarı ilə bağlı da borclunun dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, icra haqqında qərardadın qəbul edilməsi, həmin qərardadda icra tədbirlərinin müəyyən edilməsi və həmin tədbirlərin həyata keçirilməsinin səlahiyyətli orqana tapşırılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Deməli, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının mövcudluğundan asılı olmayaraq, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi üçün zəruri tədbirləri görə bilər və görməlidir. Digər tərəfdən. birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinə icra vərəqəsi verməklə yanaşı, qərarı icra edilməsi üçün bilavasitə borclunun özünə də göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qərara gəldi ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı əmək haqqının ödənilməsi ilə bağlı hissədə dəyişdirilməli, izah edilməlidir ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)- ****/**** nömrəli ##.##.2019-cu il tarixli qərarı ilə borclu tərəfindən tələbkara məcburi işburaxma günləri üçün ödənilməli olan əmək haqqı ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək olan müddət üzrə hesablanmalı, qərardad qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Tələbkar İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi ilə bağlı hissədə dəyişdirilsin. Izah edilsin ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2019-cu il tarixli qərarı ilə borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı məcburi işburaxma günləri üçün ödənilməli olan əmək haqqı ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək olan müddət üzrə hesablanmalıdır. Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar