Məhkəmə qərarları › İş №2-1(103)-2690/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2690/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2690/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3383/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3383/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz etdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Dövlət Sosial Universiteti tərəfindən verilmiş ВСГ5309968 nömrəli xx.xx.2011-ci il tarixli bakalavr diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2011-ci ildə “Maliyyə krediti üzrə iqtisadçı” ixtisası üzrə qiyabi təhsil üzrə tam kursu bitirmiş və bakalavr dərəcəsini əldə etmişdir. Diplom Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamenti tərəfindən xx.xx.2011-ci il tarixdə 119807 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi üçün xx.xx.2020-ci il tarixdə Təhsil Nazirliyinin Təhsildə X2 müraciət etmişdir. Müraciətin nəticəsində cavabdeh orqan iddiaçıya imtina məktubu göndərərək bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı və Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün mənimsənilməsinin qeyrimümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndini əsas tutaraq, aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İddiaçı bildirir ki, o, həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, Rusiya Dövlət Sosial Universiteti Rusiya Federasiyası Təhsil və Elm üzrə Federal Nəzarət Xidmətinin xx.xx.2018-ci il tarixli 2929 nömrəli əmri ilə 6 il müddətinə akkreditə olunmuşdur. Cavabdeh “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinə və Azərbaycan Respublikasının 13 may 2003-cü il № 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 5-ci maddəsi iddiaçının müraciətinə aid etməmişdir. Digər bir məqam ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının təhsil aldığı müddətdə dərslərdə davamiyyətinin yaxşı olması və təhsilini məqbul qiymətlərlə başa vurma halları nəzərə alınmamışdır. İddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəmə məsələsinə qiymət verilməsi cavabdehin deyil, təhsil aldığı təhsil müəssisəsinin imtahan komissiyasının səlahiyyətlərinə aiddir. Cavabdehin imtina əsası kimi iddiaçının tədris dilini zəif bilməyi qeyd edildiyindən iddiaçı hesab edir ki, bu məqamda da cavabdeh tərəfindən onun hüquqları pozulub. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin heç bir rəsmi sənədində iddiaçının dil bilmə səviyyəsinin hansı meyarlar əsasında yoxlanılması qeyd edilməmişdir. Bu gün dünyada dil bilmə səviyyəsinin qiymətləndirilməsi müxtəlifdir. Məsələn, Qərbi Avropa ölkələri dil bilmə səviyyəsini 8 bal üzərində tələb etdiyi halda Şərqi Avropa ölkələri 5 bal üzərindən qəbul edir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən vətəndaşların dil bilmə səviyyəsinin hansı standartlar əsasında aparıldığı barədə meyarlar mövcud deyildir. O, cavabdeh tərəfindən onun tədris dilini bilmə səviyyəsinin yoxlanılmasıını absurd hesab edir. Əgər cavabdeh orqan iddiaçının öz ölkə üçün ixtisasına hansı dərəcədə yiyələndiyini araşdırmaq istəyirdisə, o zaman iddiaçı ixtisası üzrə komissiyadan keçməli idi. Cavabdeh tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normaları pozulmuşdur. Cavabdeh iddiaya etiraz edir və etirazını bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsinə dair müraciətə imtinanın məzmununa uyğun olaraq əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə qanunvericilik sisteminin tərkib hissəsi kimi tanınan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsində qeyd edilir ki, ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır.” d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır.” Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Göstərilir ki, “bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarınm tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.” Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Həmin Konvensiyanın 7-ci maddəsinə görə, ali təhsil müəssisəsinə qəbul edilmə müraciətçinin təhsil müəssisəsində tədris olunan dil və yaxud dillərin kifayət qədər bilik nümayiş etdirilməsindən asılı ola bilər. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Yuxarıda sadalanan normaların göstərişlərindən bu nəticəyə gəlinir ki, iddiaçıya Rusiyada ali təhsil müəssisəsi tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomun tanınması üçün onun aldığı təhsil hər bir halda Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respublikasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları aşağıdakı kimidir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6.3cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə, eləcə də, 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin “Nümunəvi Nizamnaməsi”nin” 1.28-ci bəndinə müvafiq olaraq bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 ildir, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Hazırki iş üzrə qanunvericiliyin tələblərinə əsasən iddiaçının təqdiq edilməsini tələb etdiyi diplom üzrə aldığı təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirməsi üçün səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmış, ekspert qrupu təşkil edilərək, iddiaçının tanınmasını tələb etdiyi diplom üzrə ixtisasa uyğun aldığı təhsilin Azərbaycan Respublikasının təhsil standartlarına uyğunluğu yoxlanılmışdır. Yuxarıda sadalanan Nazirlər Kabinetinin qərarlarından da göründüyü kimi, Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi formada bakalavriat təhsili üçün ümumi normativ müddət ən azı 5 il (hər tədris ili üçün 32 həftə müəyyənləşdirilməklə) müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin bazasında Sərhədkeçmə Hesabatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, Rusiya Federasiyası ərazisində cəmi 3 gün olmuşdur. Halbuki, 3 gün ərzində (yalnız yekun dövlət imtahanında iştirak etmək üçün) 62 fənn mənimsəmək (o cümlədən 1008 auditoriya saatı), 5 kurs işi yazmaq, təcrübə keçmək (istehsalat-4 həftə, diplom qabağı-8 həftə), yekun dövlət imtahanı və Diplom işi yazıb (10 həftə) müdafiə etməsinin mümkünlüyü qeyri-realdır. Həmçinin işin halları ilə müəyyən olunur ki, İddiaçı aldığı bakalavr təhsilinin mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş deyildir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin iddiaçıya diplomun tanınması və ekvivalentliliyin müəyyən edilməsi haqqında imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3383/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar