Məhkəmə qərarları › İş №2-1(103)-2691/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2691/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2691/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2458/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2024cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı təqdim etdiyi 094784 nömrəli diplomun surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən xx.xx.1981ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 27 il 1 ay 2 gün sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 27 il 1 ay 2 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının məbləği 8289,5 manat təşkil edir: (27+1/12 ay)x306=8287,5 manat. Həmin kapitalın xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği: 27290,45. SH-27290,45:144=189,52. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2024cü il tarixinədək 11644,82 manat (2024-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitala əsasən əmək pensiyasının sığorta hissəsi: 11644,82:144=80,860. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləği 270,38 manat müəyyən edilmişdir: xx.xx.2024 - 189,52+80,86=270,38. Qanunun 6-1 -ci maddəsinə əsasən əmək pensiyasının məbləği 280 manata çatdırılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977ci il tarixdən xx.xx.1980-cı il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək təhsil aldığı və xx.xx.1981-ci il tarixdən xx.xx.2010-cu illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin, xx.xx.2006-cı il tarixdən pensiyaya çıxdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin pensiyaya çıxdığı zaman nəzərə alınmamış pensiya kapitalının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. 1977ci ildə X3 Nazirliyi Kirov adına X2 texnikomuna daxil olmaş və 1980-ci ildə həmin texnikomu bitirmişdir. İlk dəfə 1981-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1984-cii ildə S.Ağamalıoğlu adına “Şərəf nişanı” Ordeni Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Həmin İnstitutu 1990-cı ildə bitirmişdir. xx.xx.2024-cü ilə kimi müxtəlif idarə və təşkilatlarda çalışmışdır. xx.xx.2024-cü il tarixdən ona 280 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana rəsmi qaydada müraciət etməyinə baxmayaraq əmək pensiasında dəyişiklik olunmamışdır. Sığorta stajı yalnız xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası müəyyən edilmişdir. Lakin 1977ci ildən 2010-cu ilə kimi sosial sığorta stajı cavabdeh tərəfindən nəzərə alınmamışdır. xx.xx.2003-cü ildə dövlət qulluğunun 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının əmək pensiyasının məbləği onun xx.xx.2006-cı il tarixədək avtomatlaşdırılmış qaydada nəzərə alınmış 25 il sığorta stajına və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalına əsasən belə müəyyən edilmişdir: 1. 25 il sığorta stajına əsasən xx.xx.2006-cı il tarixinə hesablanan pensiya kapitalı: 25 il x 306 manat =7650 manat; 27650 manatın xx.xx.2024-ci il tarixədək indeksləşdirilmiş məbləği: 25191,18 manat. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği avtomatlaşdırılmış qaydada hesablandıqda onun əmək pensiyasının sığorta hissəsi xx.xx.2024-cü il tarixədək cəmi 36836 manat (25191,18+11644,82=36836 manat; 36836:144=255,80 manat) pensiya kapitalına əsasən 255,80 manat təşkil etmiş və əmək pensiyasının minimum məbləğindən aşağı olmuşdur. Lakin iddiaçının minimum 25 il stajı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla əmək pensiyası minimum məbləğə çatdırılmaqla (280 manat) ödənilmişdir. İddiaçının əmək pensiyasının Qanunun 22-1.3-cü maddəsinə əsasən yenidən hesablanması zamanı onun Mərkəzi Filiala təqdim etdiyi 094784 nömrəli diplomun surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən xx.xx.1981ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, 21,07.1994-cü il tarixdən xx.xx.1995- ci il tarixədək, xx.xx.1995-ci il tarixdən 16.11,2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 27 il 1 ay 2 gün müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 1 ay 2 gün faktiki sığorta stajına əsasən pensiya kapitalı xx.xx.2024-cü il tarixə 27296,05 manat təşkil edir ki, bu da bu qaydada hesablanmışdır: 1.(27 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 1 ay) + (306 : 12 ay : 30 gün x 2 gün)=8289,20 manat; 2.8289,20 manatın xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği: 27296,05 manat. İddiaçının xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajına əsasən müəyyən edilmiş 27296,05 manat və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2024- cü il tarixinə pensiya kapitalı cəmi 38940,87 manat (27296,05+11644,82=38940,87 manat) təşkil edir. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği xx.xx.2006- cı il tarixədək faktiki sığorta stajı nəzərə alınmaqla hesablandıqda belə 270,42 manat (38940,87: 144 = 270,42 manat) olmaqla Qanunla müəyyən edilmiş minimum pensiya məbləğindən aşağı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla minimum məbləğə (280 manat) çatdırılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2458/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

6. İddiaçı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5. 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 15.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

18. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən pensiyaya çıxdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin pensiyaya çıxdığı zaman nəzərə alınmamış pensiya kapitalının yenidən hesablanmasını tələb edir.

19. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya 12 iyun 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 27 il 1 ay 2 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək 27 il 1 ay 2 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8209,2 manat təşkil edir. (27+(1+2/30)/12)x306=8209,2 İddiaçı xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 27296,05 manat təşkil edir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 11644,82 manat pensiya kapitalı (xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixinə əmək pensiyasının sığorta hissəsi 270,42 manat məbləğində hesablanmışdır. Qanunun 6-1-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixində 280 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 302,68 manata çatdırılmışdır. Eyni zamanda bildirilir ki, Qanunun 6-1-ci maddəsinə 3 fevral 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə uyğun olaraq əmək pensiyasının məbləği xx.xx.2025-ci il tarixində 320 manata çatdırılmışdır. 20.İş materiallarından göründüyü kimi iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1980ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995- ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 27 il 1 ay 2 gün müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 1 ay 2 gün faktiki sığorta stajına əsasən pensiya kapitalı xx.xx.2024-cü il tarixə 27296,05 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajına əsasən müəyyən edilmiş 27296,05 manat və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə pensiya kapitalı cəmi 38940,87 manat (27296,05+11644,82=38940,87 manat) təşkil edir.

21. Kollegiya qeyd edir ki, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği xx.xx.2006- cı il tarixədək faktiki sığorta stajı nəzərə alınmaqla hesablandıqda belə 270,42 manat (38940,87: 144 = 270,42 manat) olmaqla Qanunla müəyyən edilmiş minimum pensiya məbləğindən aşağı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla minimum məbləğə (280 manat) çatdırılmışdır.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 23.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 24.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2458/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2458/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar