Məhkəmə qərarları › İş №2-1(103)-2692/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2692/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2692/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. ünvan ünvanında yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur.

2. Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13N saylı əmlak kompleksi kimi müəssisə üzərinə Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin ********* nömrəli, xx.xx.2018-ci il tarixli və ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubları əsasında məhdudiyyət qoyulmuşdur.

3. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən ünvan ünvanında yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə olan məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13N saylı əmlak kompleksi kimi müəssisə üzərinə Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx.xx.2018-ci il tarixli və ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubları əsasında məhdudiyyət, həmçinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2967/2019 nömrəli, xx.xx.2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında həbs qoyulmuşdur.

4. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən ünvan ünvanında yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin ********* nömrəli. 14.08 2019-cu il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi. 13N saylı əmlak kompleksi kimi müəssisə üzərinə Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli xx.xx.2018-ci il tarixli və ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubları əsasında məhdudiyyət, həmçinin Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında həbs qoyulmuşdur. Eyni zamanda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13N saylı əmlak kompleksi kimi müəssisəyə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı şəhər Yasamal Rayon Məhkəməsindən 2(004)-1528/2020 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsindən 2(009)-827/2019 saylı bildirişlər İdarəyə daxil olmuşdur.

5. Məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon Məhkəməsi tərəfindən bildirilmişdir ki, iddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə İddiaçı, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu X5 (Azrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə 3-cü şəxs kimi qeyd olunan) qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(009)- 827/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixdə məhkəmə aktı çıxarılmış və mülki işin AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmamışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 5(001)- 428/2019 nömrəli qərarının surəti təqdim edilmişdir. Həmin qərara əsasən ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2, 32.5, 308.2 və 178.2-ci maddələri ilə təqsirləndirilən şəxs İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəklan qəsəbəsi, 2259 saylı bağ sahəsi, Şəki şəhəri, F.X.Xoyski küçəsi, 98 saylı yaşayış evi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13N ünvanında yerləşən əmlak kompleksi üzərinə həbs qoyulmuşdur. 9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" ASCnin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır.Həmin cinayət işi İddiaçı Azərbaycan Respublikası CM-nin 213.2.2, 32.5, 308.2 və 178.3.2-ci maddələri, X3 həmin Məcəllənin 213.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən X16 barəsində və digər faktlara görə ilkin icraatdan 04 iyun 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə ayrıca icraata ayrılmışdır. Belə ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 213.2.2, 32.5, 308.2 və 178.3.2-ci maddələri, X8 Azərbaycan Respublikası CM-nin 213.2.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib onlara həmin maddələrlə ittiham elan edilərək cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Lakin 08 noyabr 2018-ci tarixdə X16 Azərbaycan Respublikası CM-nin 308.2 və 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən ona ittihamın elan edilməsi mümkün olmamış və barəsində həmin tarixdə axtarış elan edilmişdir. Binəqədi rayon məhkəməsinin 26 iyul 2019-cu il tarixli qərarı ilə X10 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin istintaqın hal-hazırki mərhələsinədək X2 yer müəyyən edilərək istintaqa təhvil verilməmişdir. Odur ki, təqsirləndirilən şəxs X2 yer müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İİ. Tərəflərin əsaslandırması

İddiaçının əsaslandırması:

7. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsinin təşəbbüsü ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xüsusi mülkiyyətində olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 ünvanında yerləşən ümumi sahəsi 1686,5 kv.m təşkil edən və qeyri-yaşayış sahəsi 1,1028 ha torpaq sahəsindən ibarət "əmlak kompleksi"nin (reyestr nömrəsi **********69-12301) xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsindən ibarət 2259 saylı bağ sahəsinin üzərinə qoyduğu xx.xx.2019-cu il tarixli məhdudiyyətlərin qanunsuz hesab edilməsi və qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, X11 və iddiaçının barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 2018-ci ilin aprel ayından 2019-cu ilin iyun ayınadək istintaq aparılaraq, ona AR CM-nin 213.2.2, 32.5, 308.2 və 178.2, Vasif Cavadova CM-nin 213.2.2-ci maddələri ilə ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, iş üzrə ittiham aktı 29 iyun 2019-cu il tarixdə təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş üzrə istintaq aparan sabiq müstəntiq Rəsul Həsənov tərəfindən istintaq dövründə xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsi 13 ünvanında yerləşən ümumi sahəsi 1686.5 kv.m təşkil edən və qeyri-yaşayış sahəsi 1.1028 ha torpaq sahəsindən ibarət "əmlak kompleksi"nin (reyestr nömrəsi **********9-12301) və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsindən ibarət 2259 saylı bağ səhəsinin üzərinə məhdudiyyətlər qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi (sədrlik edən hakim Fikrət Qəribov) tərəfindən Vasif Cavadovun və onun əməlində cinayət tərkibi müəyyən olunmadığına, yəni bəraətverici əsasla xx.xx.2021-ci il tarixdə bəraət hökmü çıxarılmışdır. Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq, 17 noyabr 2021-ci il tarixli qərarla protest təmin edilməmiş, bəraət hökmü qüvvəsində saxlanılmış və dərhal qanuni qüvvəyə minmişdir. Apellyasiya Məhkəməsinin qərarını əlavə etməklə Korrupsiyaya qarşı Mübarizə Baş icarəsinin idarə rəisi Nazim Rəcəbova 29 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək, əmlakları üzərinə qoyulmuş qadağaların götürülməsini xahiş etmişdir. Lakin, istintaq idarəsinin rəisi Fərid Nağıyev tərəfindən imzalanmış 25 yanvar 2022-ci il tarixli məktubla ona cavab göndərilərək, Apellyasiya Məhkəməsinin qərarından prokurorluq tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılmadığına görə xahişinin hələlik təmin edilməsi məqsədə müvafiq hesab edilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPMnin 407.2-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Buna baxmayaraq verilmiş kassasiya protestinə baxılmasını gözləməyə məcbur oldu. Ali Məhkəmə tərəfindən kassasiya protestinə baxılaraq, 17 may 2022-ci il tarixli qərarla kassasiya protesti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yəni, xahişinin təmin edilməməsinin məqsədə uyğunsuzluğu üçün əsas kimi prokurorluq tərəfindən irəli sürülmüş amil artıq aradan qalxmışdır. Bundan sonra, prokurorluqdan ona göndərilmiş əvvəlki cavab məktubunun və Ali Məhkəmənin qərarının surətini əlavə etməklə Baş prokuror Kamran Əliyevə və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi Nazim Rəcəbova təkrarən müraciət edib, qanunla nəzərdə tutulmuş bütün maneələrin, həmçinin prokurorluğun mülahizəsinə görə məqsədə uyğunsuzluğa zəmin olmuş səbəblərin aradan qalxdığını nəzərə alaraq, xüsusi mülkiyyətində olan əmlakların üzərinə qoyulmuş qadağaların ləğv edilməsini, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Lakin, bu günə kimi müraciətlərinə baxılmır, ərizələrinin icrası həvalə olunmuş müstəntiq Vasif Əsgərovun və İstintaq İdarəsinin rəis müavini Şəhriyar Məmmədzadənin şəxsən qəbul zamanı ona şifahi formada bildirdiklərinə görə müraciətləri prokurorluğun rəhbərliyinə məruzə olunur, lakin rəhbərliyin mülahizəsinə uyğun olaraq qadağaların (həbsin) götürülməsi hələlik məqsədə uyğun hesab edilmir, bunun səbəbi isə barəsində olmuş cinayət işindən ayrılmış və icraatı dayandırılmış başqa bir cinayət işi üzrə X10 axtarışda olması və tapılmaması ilə izah edilir. Bundan başqa Əmlak Məsələləri üzrə Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə yazılı müraciət etməsinə, qəbula gedərək şifahi şəkildə hüquqlarının hansı səbəbdən bərpa edilmədiyini bildirməyinə baxmayaraq, bu günədək heç bir cavab əldə edə bilməmişdir Sonuncu dəfə qəbulda olarkən həmin idarənin əməkdaşı ona bildirmişdir ki, prokurorluq orqanının razılığı olmadan məhdudiyyətləri götürə bilməzlər. Lakin buna baxmayaraq o, onlara Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov tərəfindən 30 iyun 2022-ci il tarixli iş nömrə 1(101)-67/21 saylı Əmlak Məsələləri üzrə Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış hökmün (məhkəmənin yekun qərarının) icrası barədə göstərişi təqdim etmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ona təqdim etdiyi 21 oktyabr 2022-ci il tarixli arayışda xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsi 13 ünvanında yerləşən ümumi sahəsi 1686.5 kv.m təşkil edən və qeyri-yaşayış sahəsi 1.1028 ha torpaq sahəsindən ibarət əmlak kompleksi"nin (reyestr nömrəsi **********9-12301) və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsindən ibarət 2259 saylı bağ səhəsinin üzərinə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müraciəti əsasında məhdudiyyətlər qoyulduğu qeyd olunmuşdur. Bundan başqa 30 iyun 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Fikrət Qəribov tərəfindən Əmlak Məsələləri üzrə Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri üzrə Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Bakı Ərazi İdarəsinə X1 və onun barəsində olan 1(101)-67/21 saylı xx.xx.2021-ci il tarixli hökmün surəti və 30 iyun 2022-ci il tarixli icra vərəqəsi, əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi hissəsində icra edilməsi üçün hökmün icrası barədə göstəriş göndərilmişdir. Həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq, bu günədək mülkiyyətində olan əmlaklar üzərinə qoyulmuş xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məhdudiyyətlər götürülməmişdir və bunun səbəbləri barədə ona məlumat verilməmişdir. Qeyd olunanlarla əlaqədar Bakı Ağır Cinayətlər məhkəməsinə ərziə ilə müraciət etmişdir. Onun ittiham olunduğu cinayət işi üzrə bəraət hökmü çıxarılmış və hökm qüvvəyə minmişdir. Başqa cinayət işi üzrə kimsənin axtarışda olmasının ona birbaşa və dolayısı ilə hər hansı aidiyyəti olmasını başa düşə bilmir. İdarənin məsul əməkdaşlarının ona bu məzmunda rəsmi və şifahi formada cavabları belə qənaətə gəlməyə əsas verir ki, görünür prokurorluğun yüksək rütbəli əməkdaşları ona qanuni əsasla cavab vermək imkanından məhrumdurlar, əsası olmayan formal bəhanələrlə onun hüquqlarını kobud qaydada pozmaqda maraqlıdırlar. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2259 saylı bağ sahəsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13N ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə iddiaçının xüsusi mülkiyyətindədir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 ünvanında yerləşən ümumi sahəsi 1686,5 kv.m təşkil edən və qeyriyaşayış sahəsi 1.1028 ha torpaq sahəsindən ibarət əmlak kompleksinin (reyestr nömrəsi **********9-12301) xx.xx.2018-ci il tarixli və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsindən ibarət 2259 saylı bağ sahəsinin üzərinə qoyduğu xx.xx.2019-cu il tarixli məktubları əsasında qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilərək həmin məhdudiyyətin götürülməsi” kimi dəyişdirilmiş, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir.

Cavabdehin etirazı:

10. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan ünvanında yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13N saylı əmlak kompleksi kimi müəssisə üzərinə Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin ********* nömrəli, xx.xx.2018-ci il tarixli və ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubları əsasında məhdudiyyət, həmçinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2967/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında həbs qoyulmuşdur. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu. V yaşayış sahəsi. 13N saylı əmlak kompleksi kimi müəssisə üzərində Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1528/2020 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsindən 2(009)-827/2019 saylı mülki işləri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmışdır. Bu səbəblərdən ərizənin icrası tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022ci il tarixli, **********23 saylı cavab məktubu ünvanlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində göstərilən məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. "Daşınmaz əmlakın dövlət reyestr haqqında" Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərın bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. "Daşınmaz əmlakın idŞylət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu. əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsim təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmuəyyənedici sənədlər əsasında aparır və Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət lə daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2259 saylı bağ sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13N ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktubları əsasında qoyulmuş məhdudiyyət qanunsuz hesab edilərək həmin məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

12. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan ünvanında yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13N saylı əmlak kompleksi kimi müəssisə üzərinə Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx.xx.2018-ci il tarixli və ********* nömrəli, xx.xx.2019-cu il tarixli məktubları əsasında məhdudiyyət, həmçinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2967/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında həbs qoyulmuşdur. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13N saylı əmlak kompleksi kimi müəssisə üzərində Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1528/2020 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsindən 2(009)-827/2019 saylı mülki işləri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmışdır. Qeyd olunan səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış., qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi

16. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

17. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

21. Məhkəmənin hazırkı iş üzrə qənaəti X20 Məhkəməsinin Rafiq Əliyevin Azərbaycana qarşı işinə (Şikayət № 45875/06, 06 dekabr 2011-ci il tarixli qərar) əsaslanır.

22. Həmin qərardan: 119. Məhkəmə bildirir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (baxın, digər qərarlarla yanaşı, Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 39 və Frizen Rusiyaya qarşı, no. 58254/00, 24 mart 2005-ci il, § 33). 120. “Qanun” anlayışını təfsir edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Konvensiyanın digər müddəalarında qeyd olunan eyni konsepsiyaya istinad edir (baxın, Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54 və yuxarıda qeyd edilən Baklanov Rusiyaya qarşı, § 40). Həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (baxın, Beyeler İtaliyaya qarşı (BP), no. 33202/96, § 109, İHAM 2000-İ).

23. Daha sonra məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə).

24. Azərbaycan Respublikası CPM-dən: 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. 249.3. Əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında aşağıdakılar öz əksinin tapmalıdır: 249.3.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 249.3.2. qərarı çıxarmış hakimin soyadı, adı, atasının adı və vəzifəsi; 249.3.3. əmlak üzərinə həbs qoyulması üçün əsas olmuş obyektiv halların və motivlərin əsaslandırılması; 249.3.4. əmlakın üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı; 249.3.5. üzərinə həbs qoyulmalı olan konkret əmlak, habelə mülki iddianın təmin edilməsinə kifayət edən əmlak; 249.3.6. əmlak üzərinə qoyulan həbs müddəti. 249.4. Üzərinə həbs qoyulması üçün əmlakın könüllü verilməsinə əsaslı şübhələr olduqda, əmlak üzərinə həbs qoyulması haqqında qərarda axtarış aparılmasının mümkünlüyü də göstərilir. 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 249.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.

25. Məhkəmə hesab edir ki, məhkəmənin hazırkı işin hallarına uyğun olaraq müəyyən etməli olduğu hal Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin məktubları əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının daşınmaz əmlakları üzərinə qoyulmuş məhdudiyyətinin qanuniliyinə qiymət verməkdir.

26. Məhkəmə qeyd edir ki, istintaq orqanının məktubu əsasında əmlak üzərinə həbsin qoyulmasının mümkünlüyünü əsaslandıran qanuni müddəa yoxdur. Belə ki, əmlak üzərinə həbs məhkəmənin və ya təxirə salına bilməyən hallarda müstəntiqin əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərarı əsasında qoyula bilər.

27. Məhkəmə qeyd edir ki, istintaq orqanın məktubu əsasında hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağa qanunvericilikdə nəzərdə tutulmamışdır.

28. Odur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2018-ci il tarixli məktubları əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının mülkiyyət hüququna müdaxilə qanunun mənası baxımından dəqiq və əvvəlcədən görünən deyil.

29. Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 5(001)-428/2019 nömrəli qərarına əsasən ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2, 32.5, 308.2 və 178.2-ci maddələri ilə təqsirləndirilən şəxs İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəklan qəsəbəsi, 2259 saylı bağ sahəsi, Şəki şəhəri, F.X.Xoyski küçəsi, 98 saylı yaşayış evi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13N ünvanında yerləşən əmlak kompleksi üzərinə həbs qoyulmuşdur. Təqdim edilən məhkəmə qərarlarına əsasən isə qeyd edilən cinayət işi üzrə İddiaçı bəraət verilmişdir. Cavabdeh qurum məhkəməyə ünvanladığı mülahizədə məhdudiyyətin qoyulması əsası kimi Binəqədi rayon məhkəməsinin qərarına deyil, məhz istintaq orqanının xx.xx.2019-cu il tarixli və xx.xx.2018-ci il tarixli məktublarına əsaslanır.

30. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə araşdırmanın predmeti məhz Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin məktubları ilə qoyulmuş məhdudiyyətin qanuniliyinə qiymət verməkdir. Əmlak(lar) üzərində mövcud olan digər məhdudiyyət, həbs hazırkı məhkəmə araşdırmasının predmeti deyil.

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

32. Məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

33. Məhkəmə Kollegiyası bir daha vurğulayır ki, apellyasiya şikayətində istinad olunan dəlillər (Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2967/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında həbs qoyulmuşdur. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13N saylı əmlak kompleksi kimi müəssisə üzərində Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1528/2020 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsindən 2(009)-827/2019 saylı mülki işləri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmışdır.) hazırkı məhkəmə baxışının və iddia tələbinin predmetindən kənarda qalır.Belə ki, məhkəmənin hazırkı işin hallarına uyğun olaraq müəyyən etməli olduğu hal Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin məktubları əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının daşınmaz əmlakları üzərinə qoyulmuş məhdudiyyətinin qanuniliyinə qiymət verməkdir.Hazırkı iş üzrə araşdırmanın predmeti məhz Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin məktubları ilə qoyulmuş məhdudiyyətin qanuniliyinə qiymət verməkdir. Əmlak(lar) üzərində mövcud olan digər məhdudiyyət, həbs hazırkı məhkəmə araşdırmasının predmeti deyil.

34. İstintaq orqanının məktubu əsasında əmlak üzərinə həbsin qoyulmasının mümkünlüyünü əsaslandıran qanuni müddəa isə yoxdur. Belə ki, əmlak üzərinə həbs məhkəmənin və ya təxirə salına bilməyən hallarda müstəntiqin əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərarı əsasında qoyula bilər.

35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

37. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar