Məhkəmə qərarları › İş №2-1(103)-2693/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2693/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2693/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə qarşı “əmək haqqından tutulan məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 2171/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 noyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək cavabdehdən xx.xx.1994-cü il tarixdən xx.xx.2012-ci il tarixə kimi ondan gəlir vergisi kimi tutulmuş pulun Azərbaycan manatı məzənnəsi ilə tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2171/2022 nömrəli qərarı ilə (hakim: Pərviz .Hüseynov) iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, atası Nəcəfqulu Rzaqulu oğlunun 1941-1945-ci illər ərzində böyük Vətən müharibəsində iştirak etməsi, müharibədən sonra 1956-cı ildədək zabit rütbəsində SSR-in Silahlı Qüvvələrində xidmətini nəzərə alıb onun övladının əmək haqqlarından və digər məbləğlərindən vergi ödəmələrindən azad edilməli olduğu halda iddiaçı barəsində Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinin müddəalarının tətbiq olunmaması halında tutulmuş vergi məbləğlərinin iddiaçıya qaytarılmasını tələb etmişdir. Məhkəməyə verilmiş iddia ərizəsində səhvən cavabdeh qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi əvəzinə, iddiaçının iş yeri olmuş Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyinin Xəzər X3 xidməti göstərilmişdir. İddiaçının məhkəmə iclası gedişatı zamanı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə vəsatətinə baxmayaraq Bakı İnzibati Məhkəməsi iddianı təmin etmədi. Yəni vəsatət nəzərə alınmamış, cavabdeh əsl cavabdehlə əvəz olunmamışdır. Ona görə də həmin qərarın ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisənin inzibati xarakterli, yəni publik hüquq sahəsinə aid olub-olmaması subyekt tərkibindən, iddianın predmetindən, mübahisənin hansı hüquq münasibətindən irəli gəldiyindən asılı olaraq müəyyənləşdirilir. İnzibati icraat qaydasında baxılmalı olan mübahisələr Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi dövlət orqanı olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə qarşı yönəlsə də, iddiaçı cavabdehlə əmək müqaviləsi qüvvədə olduğu dövrdə işəgötürən olaraq onun əmək haqqından vergilərin düzgün tutulmadığını iddia edir. Yəni cavabdehi inzibati orqan kimi deyil, işəgötürən orqan kimi qanunun tələbini pozmaqda təqsirləndirir. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən - xx.xx.2012-cı il tarixinədək Xidmətin “Svetlomor-2" qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində işləmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı izahatında göstərmişdir ki, işlədiyi dövrdə onun dövlət qulluqçusu statusu və hərbi rütbəsi olmamışdır. Məhkəmə hesab edir ki, hazırkı halda mübahisə publik hüquq sahəsinə aid hüquq münasibətindən irəli gəlmədiyindən iddaya inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında cavabdehin hüquqi ünvanı üzrə ümumi məhkəmə tərəfindən baxılmalı idi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 17-ci bəndinə qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2171/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə qarşı “əmək haqqından tutulan məbləğin geri qaytarılması” barədə iddia tələbi mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar