Məhkəmə qərarları › İş №2-1(103)-2693/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2693/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2693/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı "siyahıya alınmış əmlakın satılması" tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh (VÖEN **********) qarşı "siyahıya alınmış əmlakın satılması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2024, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Vergi orqanı vergi ödəyicisi Cavabdeh (VÖEN **********) əmlakının siyahıya alınması barədə 11 noyabr 2021-ci il tarixli qərar çıxarmışdır.

2. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 30799.8 manat borcuna görə 60620 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021ci il tarixli **********0 saylı protokol tərtib edilmişdir.

3. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə sahəsi 86.6 kv.m, dəyəri 60.620 manat olan limonat sexi olan ********** reyestr nömrəli daşınmaz əmlak siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, imza edərək əmlakı təhvil almışdır. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 20352,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 60620 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsində bildirilir ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 30799.8 manat borcuna görə 60620 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 20352,96 manat ödənilməmiş borcu qalmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı (hakim A.Əhədova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 857,06 manat borcuna görə “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli, **********0 nömrəli protokolla siyahıya alınmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi ev 32A (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması qərara alınmışdır.

7. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gedişində iddiaçı əvvəlcə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə məktubla müraciət edərək, qalıq borcun 15652.96 (on beş min altı yüz əlli iki manat doxsan altı qəpik) manat təşkil etdiyini bildirmişdir.

9. Daha sonra, iddiaçının məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubunda həmin dövrə olan qalıq borcun 857.06 (səkkiz yüz əlli yeddi manat altı qəpik) olduğu göstərilmişdir.

10. Yəni, iddiaçının təqdim etdiyi məktublardan göründüyü kimi, cavabdeh borc məbləğini ödəməkdə davam etmiş, lakin dəfələrlə iddiaçıdan telefonla zəng edərək xahiş etsə də, sonuncu ödənişi ilə bağlı məhkəməyə yazılı məlumat verilməmişdir.

11. Belə ki, sonuncu ödəniş məhkəmə prosesindən 3 gün əvvəl olmuşdur və hətta şikayətə əlavə edilən qəbzdən də göründüyü kimi, qalıq məbləğdən artıq ödəniş etmişdir. Bununla bağlı məhkəməyə məlumat verilsə də, hakim iddiaçı tərəfindən məktub daxil olmadığı üçün cavabdehin ödənişini nəzərə almamışdır. Məhkəmə işə ədalətli və hərtərəfli yanaşmamışdır.

12. Belə ki, qətnamədə qeyd edilmişdir ki, guya cavabdeh tərəfindən iddiaya yazılı etiraz bildirməmişdir. Lakin işin içinə diqqətlə baxıldıqda görünür ki, hələ xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən yazılı etiraz təqdim edilmiş və həmin etirazda da qeyd edilən iddia məbləğinə görə 60620 manatlıq əmlakın satılmasının ədalət prinsipinə uyğun olmadığı bildirilmişdir. Lakin məhkəmənin yekun qərarında cəmi 857.06 manat məbləğdə borca görə (hansı ki cavabdeh tərəfindən artıqlaması ilə ödənilmişdir) dəyəri dəfələrlə kiçildərək 60620 manata endirilmiş cavabdehin əmlakının satılması qərara alınmışdır.

13. Qeyd edir ki, cavabdeh xırda sahibkarlıqla məşğul olur və satışa çıxarılmış əmlak yeganə gəlir yeri olan sahibkarlıq obyektidir. Cavabdeh əsas gətirir ki, iddia edilən qalıq borcunun ödənilməsi və vergi orqanı qarşısında hər hansı borcunun olmaması qərarın ləğv edilməsi üçün əsasdır.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

15. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: Maddə 23.1.6. Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; Maddə 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; Maddə 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 89.12. Əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

18. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanı: 1.40-1-ci bənd. Həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

21. İnzibati işin araşdırılmış hallarından aydın olur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli, **********0 nömrəli qərarı ilə vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır.

22. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə sahəsi 86.6 kv.m, dəyəri 60.620 manat olan limonad sexi olan ********** reyestr nömrəli daşınmaz əmlak siyahıya alınmışdır.

23. Cavabdeh apellyasiya şikayətində göstərilənləri, yəni vergi borcunun tam ödənildiyini sübut edərək məhkəmənin gedişində qalıq borcun 857.06 (səkkiz yüz əlli yeddi manat altı qəpik) ödənilməsini təsdiq edən qəbzi əlavə etmişdir.

24. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilmiş maddi hüquq normalarından görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergilər, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.

25. Göründüyü kimi borc məbləği cavabdeh tərəfindən ödənildiyindən mübahisələndirilən qərarın icrası mümkün olmayacaqdır.

26. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2024, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı "siyahıya alınmış əmlakın satılması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. .

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar