Məhkəmə qərarları › İş №2-1(103)-2694/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2694/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2694/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli **********991194 saylı qərarın, o cümlədən, **********434000 saylı xx.xx.2016-cı il tarixli qərarın ləğv edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli **********937066 №li səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti xx.xx.2015-ci il tarixli **********931402 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********1; təsisçi X2) Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilər və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbəti səyyar vergi yoxlaması aparılmışdır. Aktın surəti imza edilməklə və İddiaçı MMCnin möhürü ilə təsdiq olunmaqla cəmiyyətin qanuni təmsilçisi X1 təqdim olunmuşdur. İşdə olan xx.xx.2016-cı il tarixli **********937066 №li səyyar vergi yoxlaması aktının nəticələrinə uyğun olaraq Vergilər Nazirliyi Bakı Vergilər Departamenti tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********991194 saylı qərarı ilə "xxxx" MMCyə mənfəət, əlavə dəyər və ödəmə mənbəyindən tutulan vergilər üzrə 109.402,02 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 54.701,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Qərarın surəti imza edilməklə və İddiaçı MMC-nin möhürü ilə təsdiq olunmaqla cəmiyyətin qanuni təmsilçisi X1 təqdim olunmuşdur. Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********434000 saylı qərarı ilə "xxxx" MMC-yə kameral vergi yoxlaması nəticəsində 28.502,58 manat məbləğində vergi borcu hesablanmışdır. Qeyd olunan qərar vergi orqanı tərəfindən elektron poçt vasitəsilə xx.xx.2016-cı il tarixdə iddiaçı cəmiyyətə rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan Vergilər Nazirliyi Bakı Vergilər Departamenti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubda vergi ödəyicisinə bildirilmişdir ki, xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandrırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. "xxxx" MMC tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubların məzmunundan müəyyən olunur ki, qeyd olunan məktublarda iddiaçı ona kameral qaydada hesablanmış vergiləri mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: 1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində; 2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, lazımi qaydada çatdırılmış sayılır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşin araşdırılan hallarından da göründüyü kimi iddiaçı mübahisələndirilən xx.xx.2016-ci il qərarı xx.xx.2016-cı il tarixdə rəsmi qaydada almış, xx.xx.2016-cı il tarixli qərarı isə xx.xx.2018-ci il tarixdə rəsmi qaydada artıq əldə etmişdir. İddia ərizəsinin üzərinə vurulmuş məhkəmənin daxilolma ştampından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə 30 günlük müddət ötürülməklə yəni, müvafiq olaraq 5 ildən və 3 üldən artıq bir müddət keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur (elektron qaydada göndərilmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə müvafiq olaraq iddia müddətini ötürdüyündən və məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmayan qərarı mübahisələndirdiyindən iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar