Məhkəmə qərarları › İş №2-1(103)-2694/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2694/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2694/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X1 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işəburaxmaya görə hesablanmış əmək haqqının ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2268/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edilənə qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqının ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2268/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət vergi orqanlarına qəbul qaydalarına uyğun olaraq test imtahanı və müsahibədən uğurla keçərək xx.xx.2019cu il tarixli əmək müqaviləsi imzalamaqla xx.xx.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin Birbaşa cavablandırma Şöbəsində dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdə o, hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir. İddiaçı xidməti vəzifələrini icra etməyə başladıqdan sonra bilavasitə tabe olduğu rəhbəri - Çağrı Mərkəzinin Birbaşa cavablandırma Şöbəsinin rəisi Əli Qənbərov tərəfindən tabeliyində olan digər xanım işçilər kimi, ona da qarşı qeyri-etik hərəkətlər edilməyə başlanılmış, əxlaqsız təkliflər irəli sürülmüş və o, dəfələrlə həmin şəxs tərəfindən seksual qısnamaya məruz qalmışdı. Bununla da kifayətlənməyən Əli Qənbərov öz xidməti vəzifəsindən sui-istifadə etməyə başlamış və nəticədə iddiaçı ilə bilavasitə tabe olduğu rəhbəri arasında mütəmadi hal alan münaqişələr baş vermişdir. Əli Qənbərov yaxın qohumları olan vəzifəli şəxslər vasitəsilə hər dəfə məsuliyyətdən yayınmağa nail olmuş və onun barəsində olan müraciətlər rəhbərlik tərəfindən ört-basdır edilmişdi. İddiaçının işlədiyi müddətdə Mərkəzdə Nazirlik tərəfindən daxili audit həyata keçirilmiş və 2019-cu il üzrə fəaliyyətinin daxili auditi nəticəsi olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ”Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində aparılmış daxili auditin nəticəsi barədə Aktı” tərtib edilmişdir. Həmin Aktın 11-ci səhifəsinin 2-ci abzasında, habelə 11-12-ci səhifələrində, o cümlədən həmin Aktın nəticə hissəsinin 16-cı, 17-ci və 28-ci bəndlərində rəhbərlik tərəfindən iddiaçıya qarşı dəfələrlə haqsızlıq edildiyi, natamam iş vaxtı ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Nazirliyin xx.xx.2019-cu il tarixli **********756300 nömrəli əmrinin tələblərinin və iddiaçının hüquqlarının şüurlu surətdə pozulduğu, işçilərə mükafat təqdim edilən zaman iddiaçıya münasibətdə ayrı-seçkiliyə (diskriminasiyaya) yol verilərək ona mükafatın qanunsuz olaraq təqdim edilmədiyi və bu kimi digər pozuntu halları öz təsdiqini tapmışdır. İddiaçıya qarşı törədilən bütün bu pozuntuların səbəbi onun bilavasitə rəhbəri olan Əli Qənbərovun ona qarşı irəli sürdüyü əxlaqsız təkliflərin rədd edilməsi və bu səbəbdən iddiaçıya qarşı onun həyata keçirdiyi qərəzli fəaliyyəti olmuşdu. Buna baxmayaraq, Çağrı Mərkəzinin rəhbərliyi tərəfindən də Əli Qənbərovun dəfələrlə qanunsuz hərəkətlərinə və fəaliyyətinə hər hansı hüquq qiymət verilməmiş, pozuntular daima pərdələnmiş və bu səbəbdən həmin şəxs tərəfindən xanım işçilərə, o cümlədən iddiaçıya qarşı seksual qısnama hərəkətləri davam etmişdi. Nəticədə xx.xx.2021-ci il tarixində iddiaçı öz səhhəti ilə bağlı təcili həkimə getmək istəyən zaman onun rəhbəri Əli Qənbərov növbəti dəfə ona qarşı qərəzli hərəkətlərə yol vermiş və iddiaçının işdən ayrılmasına qanunsuz olaraq qadağa qoymuşdu. İddiaçı buna etiraz edən zaman isə Əli Qənbərov ”Mənim təkliflərimi qəbul etsən sənə hər imkanı yaradaram” deməklə yenidən öz əxlaqsız təkliflərini irəli sürməyə başlamışdır. Bu səbəbdən tərəflər arasında növbəti dəfə geniş mübahisə olmuş və Əli Qənbərov tərəfindən iddiaçı barəsində qərəzli və əsassız olaraq xx.xx.2021-ci il tarixi **********431600 nömrəli xidməti məruzələr hazırlanmışdır. Öz növbəsində iddiaçı da növbəti dəfə əxlaqsız təkliflərə və seksual qısmanaya məruz qalma halları barədə rəhbərliyə sübutlar və yazılı şikayətlər təqdim etdiyinə görə tərəflər arasında xx.xx.2021-ci il tarixli Protokol imzalanmaqla rəhbərliyin təkidi və israrı nəticəsində münaqişə yekunlaşmışdı. Buna baxmayaraq, hər dəfə cəzadan yayınan Əli Qənbərov iddiaçıya qarşı daha da aqressiv olmağa, qərəzli hərəkətlər etməyə və onu daha intensiv seksual qısnamaya məruz qoymağa başlamışdır. İddiaçı öz biliyi ilə imtahanlardan müvəffəqiyyətlə keçərək vəzifəyə təyin olduğunu, habelə himayəsində iki azyaşlı uşağı olduğunu, onu qoruya biləcək yüksək vəzifəli qohumunun olmadığını və çətin maliyyə vəziyyətini nəzərə alaraq məruz qaldığı bu qanunsuz hərəkətlərə çətinliklə də olsa, məcburən dözməyə cəhd etmiş və iş yerini itirməmək üçün əlindən gələni etməyə səy göstərmişdir. Lakin bir müddət sonra Əli Qənbərovun özbaşınalığı və əxlaqsız təkliflərindən tənə gələrək artıq Çağrı Mərkəzinin rəhbərliyinə deyil, bilavasitə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin rəhbərliyinə onun barəsində müraciət etməyə məcbur olmuşdur. Nəticədə iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinə yazılı müraciətlər təqdim etmiş və seksual qısnamaya məruz qaldığı üçün iş yerinin dəyişdirilməsini rəhbərlikdən xahiş etmişdir. İddiaçının iş yerinin dəyişdirilməsi barədə müraciətinə baxılan zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2021-ci il tarixli F-177 nömrəli əmri qəbul edilmiş və Çağrı Mərkəzi Azərbaycan Respublikası DVX-nin strukturundan çıxarılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Bu əmrdən sonra könüllülük əsasında bəzi işçilərin, o cümlədən Əli Qənbərovun dövlət vegi orqanı ilə olan əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilmiş və Nazirliyin strukturuna keçən Çağrı Mərkəzi ilə yeni əmək müqavilələri imzalanmışdır. Lakin iddiaçı və bir neçə digər əməkdaşlar dövlət vergi orqanında işləmək istədiklərinə görə cavabdeh tərəfindən sərəncama götürülmüşlər. Sərəncama götürülmüş şəxslərin əsas narazılığı İqtisadiyyat Nazirliyinə keçəcəyi halda xüsusi rütbədən məhrum olunacağı, əmək haqqının məbləğinin aşağı düşəcəyi və bir sıra təminatlar ilə bağlı olmuşdur. Digər əməkdaşlardan fərqli olaraq bəhs edilən təminatlarla yanaşı iddiaçının əlavə tələbi iş yerinin dəyişdirilməsi ilə bağlı daha əvvəlki tarixdə etdiyi müraciətin nəzərə alınması və Əli Qənbərovun rəhbərliyi altında işləməyin artıq qeyri-mümkünlüyü ilə bağlı olmuşdur. Bilavasitə rəhbərin qanunsuz hərəkətləri barədə iddiaçının çoxsaylı müraciətlərinin araşdırılması Çağrı Mərkəzinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna keçməsi və Əli Qənbərovun artıq dövlət vergi orqanın deyil, Nazirliyin əməkdaşı olması nəzərə alınaraq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daxili Nəzarət Şöbəsinə həvalə edilmişdir. Nəticədə daxili nəzarət qaydasında aparılan araşdırmanın nəticəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri tərəfindən xx.xx.2022-ci il tarixli **********359700 nömrəli xidməti məruzə hazırlanmışdır. Həmin xidməti məruzədə Əli Qənbərovun dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə yol verdiyi, onun fəaliyyətinin nəzarətdə saxlanılmalı olduğu və sərəncamda olan iddiaçının isə ona müvafiq işlə təmin edilməli olduğu qeyd edilmiş və bu məruzədə qeyd edilən tələblərin icra edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin birinci müavininin dərkənarına (göstərişinə) əsasən aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İnsan Resursları Şöbəsinin müdirinə (Əli Qənbərova münasibətdə) və Azərbaycan Respublikası DVX-nin rəisinə (iddiaçıya münasibətdə) həvalə edilmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmrinə əsasən iddiaçı ”Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsi rəhbər tutulmaqla xx.xx.2022-ci il tarixindən etibarən vəzifədən azad edilmiş və əmək haqqı saxlanılmaqla3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Vəzifədən azad edilməsinə əsas olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin ”Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların strukturlarının və ştat cədvəllərinin təsdiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli F-177 nömrəli əmri göstərilmişdir. Daha sonra cavabdehin xx.xx.2022-ci il tarixli **********459300 nömrəli və xx.xx.2022-ci il tarixli **********874000 nömrəli əmrlərinə əsasən iddiaçının sərəncamda olma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Nəhayət, cavabdehin xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrinə əsasən ”Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsi rəhbər tutulmaqla və iddiaçının vergi orqanında digər vəzifəyə təyin edilməsinin qeyri-mümkün olduğu əsas gətirilməklə onun əmək müqaviləsinə qanunsuz xitam verilmiş və o, DVX-nin sərəncamından çıxarılmışdır. Cavabdeh əmri qəbul edərkən bəhs edilən Əsasnamənin tələblərinə riayət etməmiş, iddiaçıya öz vəzifəsinə uyğun olaraq vergi orqanında vəzifə təklif etməmiş, Çağrı Mərkəzinin bir çox sabiq əməkdaşlarını vergi orqanında müvafiq digər vəzifələrə keçirilsələr də, cavabdeh iddiaçıya münasibətdə bunu etməmişdi. Bundan başqa, iddiaçının sərəncama götürüldüyü tarixdən birinci instansiya məhkəməsinin qərarı qəbul edilən tarixədək (xx.xx.2022-xx.xx.2023) iddiaçının vəzifəsinə uyğun müvafiq vəzifələrə 40-dan çox digər şəxsləri vəzifəyə təyin etmiş və Əsasnamənin tələbi pozulmaqla bu vəzifələrin heç biri iddiaçıya təklif edilməmişdi. Cavabdeh hal-hazırda iddiaçıya dövlət vergi orqanı strukturuna daxil olmayan qurumda, həmçinin seksual qısnamaya məruz qaldığı şəxsin tabeçiliyində işləməyi təklif etdiyini rəhbər tutaraq əmrin qanuni olduğunu iddia edir. İddiaçı isə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun 4-cü, 7.2.5-ci, 11-ci, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin g bəndinə və ”Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə istinad edərək, dövlət vergi orqanı statusuna malik olmayan qurumda, habelə seksual qısnamaya məruz qaldığı vəzifəli şəxsin tabeçiliyindəki vəzifənin ona təklif edilməsinin qanunsuz olduğunu bildirir və bu səbəbdən vəzifəsinə uyğun olaraq dövlət vergi orqanında digər vəzifəyə təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim edilmiş yazılı izahatlara, ona əlavə edilmiş sənədlərə ümumiyyətlə hər hansı hüquqi münasibət bildirməmiş, bu sübutları heç araşdırmamış, bu sübutların qəbul edilməməsi barədə məhkəmə qərarında hər hansı bir əsaslandırma aparmamışdı. Bunun əvəzində məhkəmə öz qərarında akkreditasiya attestatı və uyğunluğun qiymətləndirilməsi ilə bağlı işə aidiyyəti olmayan məsələlərə istinad etmiş, qərarın əsaslandırılmasını mübahisəyə aid olmayan absurd hallarla əlaqələndirmişdi. Bu hal birinci instansiya məhkəməsinin formal keçirildiyini, iş materiallarından xəbərsiz olduğunu və nəyinsə müqabilində tələm-tələsik qərar verildiyini aydın şəkildə ifadə edir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə uyğun olaraq iddia tələbi, iş üzrə bütün sübutlar yenidən araşdırılmalı və hüquqi qiymət verilməlidir. Hazırki apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrində iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin səbəbini və hüquqi əsasını aydın şəkildə qeyd etmişdi: 1. Səbəb - iddiaçının uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü. 2. Hüquqi əsas - ”Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsi. Məlum olduğu kimi ”Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Hüquq normasının tələbindən də aydın olduğu kimi vergi orqanınn vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməsi üçün iki mühüm hüquqi əsasdan (şərt) biri mövcud olmalıdır: a) vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmalıdır və ya b) vəzifəli şəxs vergi orqanında digər vəzifəyə keçməkdən imtina etməlidir. Aydın olduğu kimi cavabdeh mübahisələndirilən əmrdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsini məhz onun vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə əlaqələndirmiş və bu hal ilə əsaslandırmışdı. Lakin məhkəmə baxışı zamanı cavabdeh iddiaçıya dövlət vergi orqanı statusuna malik olmayan və onun strukturuna daxil olmayan, habelə iddiaçının qanunvericilikdən irəli gələrək işləməmək hüququna malik olduğu qurumda vəzifə təklif edildiyini və iddiaçının bu vəzifədən imtina etməsi səbəbindən onun əmək müqaviləsinə xitam verildiyini iddia etmiş və bu hal ilə bağlı sənədləri (iş təklifi barədə məktublar, aktlar və s.) məhkəmə araşdırmasına təqdim etmişdi. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrində iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olaraq iddiaçının digər vəzifəyə keçməkdən imtina etməsi deyil, məhz onun vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması göstərilmişdi. Bu fakt cavabdehin iddiaçıya vergi orqanı hesab edilməyən digər orqanda iş təklif edilməsinin qanunsuz olduğunu və iddiaçının isə belə bir təklifdən haqlı olaraq imtina hüququnun olduğunu tam təsdiq edir. Çünki cavabdeh mübahisələndirilən əmrdə vəzifə təklifindən imtina halına istinad etməmişdi. Başqa sözlə, cavabdeh Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən halları, yəni iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması barədə əsasları sübut etməli və bu baədə sənədləri məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh nəinki bu halları sübut edə bilməmiş, əksinə məhkəmənin diqqətini əsas pozuntudan yayındırmaq məqsədilə iddiaçının aidiyyəti olmayan vəzifə təklifindən imtina etməsinə dəfələrlə toxunmuşdu. Nəticədə mübahisələndirilən əmrin qanunsuzluğunu təsdiq edən hallar, yəni iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması halı məhkəmə tərəfindən ümumiyyətlə, araşdırılmamış və iddiaçının bununla bağlı təqdim etdiyi sübutlar (yazılı izahatlar, işə qəbul əmrləri və s.) nəzərə alınmamışdı. Bu baxımdan, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********026100 nömrəli, xx.xx.2022-ci il tarixli **********022300 nömrəli, xx.xx.2022-ci il tarixli **********150700 nömrəli, xx.xx.2022ci il tarixli **********223400 və **********228900 nömrəli , xx.xx.2022-ci il tarixli **********258000 nömrəli , xx.xx.2022-ci il tarixli **********278400 nömrəli və digər işə qəbul barədə dövlət vergi orqanının əmrlərinə əsasən iddiaçının sərəncama götürüldüyü tarixdən birinci instansiya məhkəməsinin qərarı qəbul edilən tarixədək ( xx.xx.2022xx.xx.2023 ) iddiaçının vəzifəsinə uyğun müvafiq vəzifələrə 40-dan çox digər şəxslər təyin edilmiş və Əsasnamənin tələbi pozulmaqla bu vəzifələrin heç biri ilkin olaraq iddiaçıya təklif edilməmişdi. Habelə tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 1.3-cü bəndinə və Azərbaycan Respublikası ƏM-nin 78-ci maddəsinə uyğun olaraq iddiaçının iki azyaşlı uşağı olması nəzərə alınmamış və bu səbəbdən vakant vəzifələrə təyin edilən digər şəxslərə münasibətdə iddiaçının işdə saxlanmasına üstünlük hüququ cavabdeh tərəfindən təmin edilməmişdi. Bununla da birinci instansiya məhkəməsi iddiaçının yazılı izahatlarını və ona əlavə edilmiş sənədləri araşdırmamış və mübahisəyə aidiyyəti maddi hüquq normalarını tətbiq etməmişdi. Digər tərəfdən cavabdeh dövlət vergi orqanlarına digər şəxsləri təyin etdiyini təkzib etmir və əksinə iddiaçıya vergi orqanında vəzifə təklif edilmədiyini də etiraf edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli vəsatətə uyğun olaraq məhkəmə cavabdehə xx.xx.2022-ci il tarixli 2-1(112)- 11972/2022 nömrəli sorğu göndərmiş və sərəncamda olduğu dövrdə iddiaçıya uyğun vakant vəzifələrin mövcud olub-olmaması barədə məlumatların təqdim edilməsi ondan tələb edilmişdi. Lakin məhkəmənin sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli **********90900 nömrəli məktubda sorğuya aidiyyəti olmayan məsələlərdən bəhs edilərək yenidən diqqətdən yayınmağa cəhd edilmiş və sadəcə həmin məktubun sonuncu abzasında keçmiş dövrə aid vakant vəzifələr barədə məlumatın təqdim edilməsinin imkan xaricində olması qeyd edilmişdi. Cavabdehin belə mövqeyi onun qərəzli münasibətini əks etdirir. Məktubda qeyd edilən hal sadəcə gülüş doğura bilər. Bu fakt heç bir sağlam məntiqə sığmır. Sual : Vergi orqanında olan vakant vəzifələr barədə məlumat hansı orqandan əldə edilməlidir? Bu absurd bir əsaslandırmadı. Lakin məhkəmə bu halı da nəzərə almamışdı. Bundan əlavə iddiaçı tərəfindən müvafiq vakant vəzifələrə təyinat barədə cavabdehin çoxsaylı əmrləri məhkəməyə təqdim edilmiş və cavabdehin qərəzli olaraq məhkəməyə məlumat təqdim etməkdən yayınmağa cəhd etməsi faktı sübuta yetirilmişdi. Beləliklə, cavabdeh mübahisələndirilən əmri qəbul edərkən iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasına dair əsaslandırma və sübutları əmrdə göstərməmiş və bu barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq iddiaçı tərəfindən məhkəməyə vakant vəzifələrin mövcudluğu barədə sübutlar təqdim edilmişdi. Bu sənədlərə əsasən iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsi mümkün olmuşdu və sadəcə cavabdeh ona qarşı qərəzli davranaraq bu vəzifələri iddiaçıya təklif etməmişdi. Eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-2268/2023 nömrəli qərardadına əsasən ”Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq iddiaçının öz vəzifəsinə uyğun vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdehə 15 gün müddət təyin edilmişdi. Lakin cavabdehin xx.xx.2023-cü il tarixli **********808800 nömrəli məktubuna əsasən yenidən iddiaçıya eyni vəzifənin təklif edildiyi qeyd edilmişdi. Aydın olduğu kimi cavabdeh məhkəmənin sorğu və qərardadlarına cavab olaraq dövlət vergi orqanı struktruna daxil olmayan digər orqanda vəzifə təklif edilməsinə istinad etmiş və dövlət vergi orqanlarında müvafiq vakant vəzifələri iddiaçıya təkrarən təklif etməmişdi. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmrlərə əsasən məhkəmənin aralıq qərardadı icra edilərkən cavabdeh tərəfindən iddiaçının vəzifəsinə uyğun vakant vəzifələrə 17-dən çox yeni işçi xidmətə qəbul edilmiş və bu vakant vəzifələr yenidən iddiaçıya təklif edilməmişdi. Bununla da cavabdeh öz qərəzli hərəkətlərinə davam etmişdi. Beləliklə, cavabdehin mübahisələndirilən əmri qəbul edilərkən maddi hüquq normalarının kobud pozulmasına yol verilmiş və iddiaçının dövlət vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması barədə sübutlar mövcud olmamışdı. Qeyd edildiyi kimi cavabdeh mübahisələndirilən əmrdə onun hüquqi əsası olaraq iddiaçının dövlət vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasına istinad etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdi. Bunun əksinə olaraq dövlət vergi orqanı strukturuna daxil olmayan Çağrı Mərkəzində iddiaçının haqlı olaraq işləyə bilmədiyi vəzifəni ona təklif etməkdə israr edir. Bununla bağlı qeyd edilməlidir ki, "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsinə əsasən prokurorluqda, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair " 5 iyun 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə görə qanunverici sadalanan dövlət qulluğunun xüsusi növü olan orqanların fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, həmin orqanlarda xidmətin qaydalarını, orada çalışan şəxslərin hüquqi vəziyyətini, maddi və sosial təminat məsələlərini ayrıca qanunlarla və ya əsasnamələrlə tənzimləmişdir. Beləliklə, vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğunun xüsusi növünə aid orqanlarda qulluq edən şəxslər kimi digər dövlət qulluqçuları ilə bərabər hüquqlara malik olmalı və müvafiq sahəni tənzimləyən qanunvericilik aktında ayrı qayda nəzərdə tutulmamışdırsa, “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçuları üçün müəyyən olunmuş təminatlardan istifadə etmək imkanına malik olmalıdırlar. Bununla bağlı nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Həmçinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Qeyd edilənlərdən də aydın olduğu kimi vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi qaydası Əsasnamədə (75-80-ci maddələr) tənzimləndiyi üçün bu hallara münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun tələbləri tətbiq edilə bilməz. Digər tərəfdən ”Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının ” 6-ci bəndinə əsasən dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Dövlət orqanının və ya onun bölmələrinin digər dövlət orqanlarının tərkibində yenidən təşkili ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin analoji vakant vəzifəyə təyinatı bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq aparılır və bu barədə Mərkəzə məlumat verilir. Həmin Qaydanın 2-ci bəndinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Aydın olduğu kimi bu qaydalara əsasən yenidən təşkil olunan dövlət orqanının bölməsinə şəxsin təyin edilməsi iki şərt gözlənilməklə həyata keçirilə bilər: belə vəzifəyə şəxsin özünün razılığı olmalıdır və şəxs dövlət qulluğuna xitam verilmiş statusuna malik olmalıdır. Başqa sözlə, iddiaçının dövlət vergi orqanına aid olmayan digər qurumla əmək münasibəti qurmaq istəməsi onun könüllü seçimidi və o, buna məcbur edilə bilməz. Lakin iddiaçının yalnız dövlət vergi orqanlarında vəzifəsinə uyğun digər vəzifə təklifindən imtina etməsi onun üçün müəyyən mənfi hüquqi nəticələr yarada bilər. Bununla yanaşı xüsusilə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş əmrlərdən də aydın göründüyü kimi iddiaçı ilə yanaşı sərəncamda olan Çağrı Mərkəzinin bir qrup sabiq vəzifəli şəxsləri məhz dövlət vergi orqanlarında digər vəzifələrə keçirilmiş və müvafiq işlə təmin edilmişlər. Halbuki Azərbaycan Respublikası ƏM-nin 78-ci maddəsi məhz iddiaçının vəzifəyə təyin edilməkdə üstünlük hüququnu tanıyır. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********542900 nömrəli məktuba əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə xidməti məktub təqdim edilmiş və iddiaçının Çağrı Mərkəzində təkrarən vakant vəzifə təklif edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh özünün bəhs edilən məktubuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş cavabı məhkəməyə bilərəkdən təqdim etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və cavabdehin xx.xx.2023-cü il tarixli **********542900 nömrəli məktubuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 3- 21\3-5-11671\2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-5-1270\2023 nömrəli məktublarında xx.xx.2023-cü il tarixli 2-1(112)-2268/2023 nömrəli qərardadının icrasının məhz cavabdehə aid olması, habelə iş üzrə cavabdehin məhz vergi orqanı olması və iddiaçıya Çağrı Mərkəzində vakant vəzifə təklif edilməsindən imtina edildiyi aşkar surətdə öz əksini tapmışdır. Başqa sözlə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi rəsmi olaraq iddiaçıya hər hansı vəzifə təklif etməyib və vergi orqanı əməkdaşı olduğu üçün iddiaçıya belə təklif irəli sürməyi də məqsədəmüvafiq hesab etmir. Bununla da cavabdehin tələblərinin əsassız olması bir daha öz təsdiqini tapır. Bundan əlavə cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı etirazda o, "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsinə istinad edərək hazırki mübahisəyə və əmrə münasibətdə bu qanunun deyil, xüsusi qanun hesab edilən məhz ”Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tətbiq edilməli olduğunu bildirmişdir. Yəni cavabdeh özü normativ hüquqi aktın tətbiqi ilə bağlı iddiaçının mövqeyi ilə razılaşmışdı. Bütün qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu və birinci instansiya məhkəməsinin qanunsuz qərar qəbul etdiyini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarlarında haqlı olaraq qeyd etmişdir ki, faktiki və hüquqi cəhətdən analoji hallara münasibətdə artıq formalaşmış məhkəmə təcrübəsindən məhkəmənin fərqli yanaşması Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxarır. Bu baxımdan iddiaçı tərəfindən iş materiallarına Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il taixli 2-1(102)- 480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)- 1453/2022 nömrəli, xx.xx.2021-ci il tarixli 2-1(102)-1694/2021 nömrəli və digər müvafiq qərarları əlavə edilmiş və anoloji hallarla bağlı formalaşmış məhkəmə təcrübəsi diqqətə çatdırılmışdı. Lakin birinci instansiya məhkəməsi vahid məhkəmə təcrübəsini də nəzərə almamışdı. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli **********8900 nömrəli əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixindən başlayaraq işə bərpa edilənə qədər məcburi buraxmaya görə hesablanmış əmək haqqının ona ödənilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2268/2023 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı ilə razılaşmayan iddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Cavabdeh aşağıda qeyd olunanlara əsasən şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin halları ilə bağlı bildiririk ki, İddiaçı Dövlət vergi Xidmətinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma şöbəsinin (inbound) dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixindən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Sonradan xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrlə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sərəncamda saxlanılma müddəti 3 ay uzadılmışdır. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********874000 nömrəli əmri ilə sərəncamda saxlanılma müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 ay müddətinə uzadılmışdır. DVX-nın xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin inzibati binasında qəbul edilmiş və onun şikayətlərində qaldırdığı məsələlərlə bağlı fikirləri dinlənilmişdir. Eyni zamanda, şikayətlərində qeyd edilən hallarla bağlı qanunamüvafiq tədbirlər görülmüş, xx.xx.2022-ci il tarixində iddiaçıya İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma sektoru istisna olmaqla digər sektorlarında müvafiq vakant inzibati vəzifə təklif edilsə də, bu təklifi qəbul etməkdən iddiaçı imtina etmişdir. Qeyd olunan hal müvafiq aktla rəsmiləşdirilmiş və iddiaçıya bu barədə rəsmi məlumat göndərilmişdir. Həmçinin iddiaçı bir sıra müraciətlərində ona İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzində müvafiq vəzifənin təklif edildiyini, lakin subyektiv səbəblərə görə imtina etdiyini də etiraf etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, əməkdaşla o zaman əmək müqaviləsinə xitam verilə bilər ki, ya onun vergi orqanında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olsun, yaxud o vergi orqanında digər vəzifəyə keçməkdən imtina etsin. Bununla bağlı bildiririk ki, iddiaçı işlədiyi Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzi ləğv edilərək başqa orqanın tərkibində yaranması və yeni yaradılan İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində ona təklif olunan müvafiq vəzifədən imtina etməsi əsası ilə işdən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli əmrinin 3-cü hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir (əlavə 3). 28 dekabr 2021-ci il tarixli əmrin əsasını isə Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il 1382 nömrəli fərmanı təşkil etmişdir. Həmin fərmanın 2-ci bəndinə əsasən “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Nazirliyin strukturuna daxil edilmişdir. Qeyd olunan normalardan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il 1382 nömrəli Fərmanının 2-ci və 18.1-ci bəndlərinə əsasən iddiaçının işlədiyi qurum olan Çağrı Mərkəzi DVX-nın strukturundan çıxarılmış (ləğv edilmiş) və İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Bu səbəbdən ona vergi orqanında deyil, təbii olaraq İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Çağrı Mərkəzində vəzifə təklif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının təsdiq edilməsi barədə 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanının 6-cı bəndində qeyd edilmişdir ki, dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Göründüyü kimi, iddiaçının Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzində işlədiyindən və işlədiyi qurum ləğv olunduğundan təbii olaraq onun digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmuş və yuxarıda istinad olunan normaların tələbinə uyğun olaraq iddiaçıya müvafiq yeni yaradılan qurumda vəzifə təklifi edilsə də iddiaçı tərəfindən vəzifə təklifindən imtina edilmişdir. Bu səbəbdən hesab edirik ki, iddiaçının hazırkı tələbi qanunsuz və əsassızdır. Yuxarıda istinad etdiyimiz qanunvericilik aktları, təsvir etdiyimiz işin faktiki halları və bu halları təsdiq edən iş materiallarına əlavə etdiyimiz digər sübutlar (əmrlər, məktublar və aktlar) iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasını və onun tərəfindən təklif olunan vəzifədən imtina etməsini əsaslandıran və təsdiq edən sübutlardır. Bununla yanaşı iddiaçı şikayətində qeyd etmişdir ki, yeni təşkil olunan dövlət orqanının bölməsinə şəxsin təyin edilməsi iki şərt gözlənilməklə həyata keçirilə bilər: belə vəzifəyə şəxsin özünün razılığı olmalıdır və şəxs dövlət qulluğuna xitam verilmiş statusuna malik olmalıdır. Bununla bağlı bildiririk ki, qeyd olunan şərtlər cavabdeh tərəfindən gözlənilmiş və məhz iddiaçının özünün razılığı olmadığından və təklif olunan vəzifədən imtina etdiyindən o, yeni təşkil olunan dövlət orqanının bölməsinə təyin olunmamışdır. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi qaydası Əsasnamədə tənzimləndiyi üçün bu hallara münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun tələbləri tətbiq edilə bilməz. Qeyd olunan dəlilin əsassız olduğunu görmək üçün iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrə nəzər yetirilməsi kifayət edir. Belə ki, həmin əmrin əsası qismində məhz iddiaçının qeyd etdiyi Əsasnamənin müvafiq normaları çıxış etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, yəni iddiaçının sərəncamda olduğu müddət ərzində dövlət vergi orqanlarında iddiaçının ixtisasına, vəzifə maaşına, xidməti yerinə (Bakı şəhəri) və vəzifəsinə uyğun 30-dan çox müvafiq vakant yeri olmuş, bu vakant yerlərin heç biri iddiaçıya təklif edilməmiş, iddiaçı belə bir təklifdən imtina etməmiş və bunun əksinə həmin vakant vəzifələrə digər şəxslər təyin edilmişdir. Bununla bağlı bildiririk ki, iddiaçının nümayəndəsinin qeyd olunan məsələləri xatırlatması və müdaxilə etməsi ümumiyyətlə əsassızdır və vergi orqanlarında çalışan digər əməkdaşların rotasiya edilməsi və onlara vəzifə təklifi məsələsi inzibati orqanın diskresion səlahiyyətində olmaqla orqandaxili işidir. Belə ki, qanunvericilik inzibati orqanın müvafiq məsələdə seçim azadlığını qadağan etmir və ona hər hansı öhdəlik qoymur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2005-ci il 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnamənin 4.6-cı maddəsinə uyğun olaraq müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin sayı dövlət vergi orqanlarında boş olan ştatların sayından artıq olduqda işə qəbul edilməsi barədə qərar qəbul edilməyən namizəd Xidmətin kadr ehtiyatına daxil edilir və müvafiq ştat üzrə vakant yer yarandıqda həmin vəzifəyə təyin edilir. Namizədlərin kadr ehtiyatında saxlanılma müddəti iki ildir. Kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi qaydası Xidmət tərəfindən müəyyən olunur. Göründüyü kimi kadr ehtiyyatının yerləşdirilməsi, istifadəsi, təyinatlar Dövlət Vergi Xidmətinin müstəsna səlahiyyətindədir. İddiaçı gəldikdə isə ona münasibətdə cavabdeh qanunla nəzərdə tutulan imperativ öhdəliyini icra edərək ona yeni yaranmış strukturda vəzifə təklif etmiş və iddiaçı isə bu vəzifədən imtina etmişdir. İddiaçı şikayətində bildirir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan işçilərin işdə saxlanmasına üstünlük hüququ vardır. Hazırkı izahata əlavə edilmiş doğum haqqında şəhadətnamələrə əsasən iddiaçının öhdəliyində iki azyaşlı uşağı vardır. Qeyd edilən normaların tələbinə əsasən dövlət vergi orqanlarında müvafiq .vakant üzrə vəzifələrə təyin edilməkdə iddiaçının mübahisəsiz üstünlük hüququ olmuşdur, lakin cavabdeh tərəfindən iddiaçıya ixtisasına, vəzifəsinə və vəzifə maaşına uyğun vergi qanlarında müvafiq vakant vəzifələr ilk öncə təklif edilməli olduğu halda bunu etməmiş, iddiaçının üstünlük hüququnu nəzərə almamış və qanunvericilik aktlarının tələblərini açıq şəkildə pozmaqla qanunsuz olaraq mübahisələndirilən əmri qəbul etmişdir. İddiaçının bu tələbinə münasibətdə bildirmək istəyirik ki, xx.xx.2022-ci il tarixində iddiaçıya İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma sektoru istisna olmaqla digər sektorlarında müvafiq vakant inzibati vəzifə təklif edilmiş və iddiaçı tərəfindən nüvafiq vəzifə təklifindən imtina edilmiş və bunun barəsində akt tərtib edilmişdir. Bundan əlavə olaraq iddiaçının inzibati orqana ünvanladığı bir sıra müraciətlərində ona İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzində müvafiq vəzifə təklif edildiyini, lakin subyektiv səbəblərə görə imtina etdiyini etiraf edir. Həmçinin son olaraq İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavinin imzası ilə iddiaçıya verilən cavab məktubunda xx.xx.2022, xx.xx.2022-ci il müraciətlərə aidiyyəti üzrə baxıldığını, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma sektoru istisna olmaqla digər sektorlarında iddiaçıya müvafiq vakant inzibati vəzifə təklif edildiyi və onun bu təklifdən imtina etdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya müvafiq vəzifənin təklif edildiyi halda cavabdeh tərəfindən hər hansı bir üstünlük hüququnun pozulmasında söhbət gedə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən iddiaçının öhdəsində üç yaşınadək uşağının olması halı əmək müqaviləsinə müəssisənin ləğvi əsası ilə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsini istisna etmir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş izahatda qeyd olunan tamamilə qanunsuz və əsassız olmaqla iddianın təmininə heç bir halda əsas vermir. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X2 və X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Vergilər Nazirliyinin “Stajçı kimi vəzifəyə təyin edilmə haqqında” xx.xx.2019-cu il tarixli **********255900 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin Birbaşa cavablandırma şöbəsinin (inbound) dövlət vergi müfəttişi vəzifəsinə altı ay müddətinə stajçı təyin edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmrindən çıxarışdan görünür ki, 2-ci dərəcəli müfəttiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma şöbəsinin (İnbound) dövlət vergi müfəttişi İddiaçı 05 yanvar 2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Əsas: İqtisadiyyat nazirinin «İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların strukturlarının və ştat cədvəllərinin təsdiq edilməsi haqqında» 28 dekabr 2021ci il tarixli F-177 nömrəli əmri. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Sərəncamda saxlanılma müddətinin uzadılması barədə” xx.xx.2022-ci il tarixli **********459300 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzi Birbaşa cavablandırma şöbəsinin (İnbound) dövlət vergi müfəttişi İddiaçı sərəncamda olma müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Sərəncamda saxlanılma müddətinin uzadılması barədə” xx.xx.2022-ci il tarixli **********874000 nömrəli əmri ilə İddiaçı Dövlət Vergi Xidmətinin sərəncamında saxlama müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 (bir ) ay müddətinə uzadılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Sərəncamdan çıxarılaraq əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamında olan İddiaçı hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.5.6-cı yarımbəndini rəhbər tutaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülümüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 avqust 2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılması əmr edilmiş; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı bu əmrlə tanış olmasını, ona əmək kitabçasının təhvil verilməsini və ya təhvil götürülməsi barədə bildirişin göndərilməsinin təmin edilməsi; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinə qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı ilə son haqqhesabın və təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi tapşırılmışdır. Əsas: Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmri. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********890900 №-li məktubda qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Fərmanın icrası ilə əlaqədar İqtisadiyyat nazirinin 22 noyabr 2021-ci il tarixli F-161 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Çağrı Mərkəzinin strukturu və ştat cədvəli təsdiq edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının 6-cı bəndində qeyd edilmişdir ki, dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Buna əsasən Vergilər Nazirliyinin strukturuna daxil olmuş Çağrı Mərkəzinin əməkdaşları İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində dövlət qulluğu vəzifələrinə təyin edilmiş, lakin İddiaçı və daha beş əməkdaş İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində təklif olunan vəzifələrdən imtina etmişlər. İddiaçı istisna olmaqla digər əməkdaşlar daha sonra təklif olunan vakant vəzifələrə təyinatla əlaqədar razılıqlarını bildirmiş və İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində müvafiq dövlət qulluğu vəzifələrinə təyin edilmişlər. İddiaçı İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində müvafiq dövlət qulluğu vəzifəsindən imtina etməsinə səbəb olan halların araşdırılması məqsədilə o, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmri ilə Xidmətin sərəncamına götürülmüşdür. İddiaçı sərəncamda olduğu müddətdə onu narahat edən hallarla bağlı qanunamüvafiq tədbirlər görülmüş və ona bir daha İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin hər hansı sektorunda müvafiq vakant inzibati vəzifə təklif edilsə də, o, yenə də verilən təklifi qəbul etməkdən imtina etmişdir. Bununla əlaqədar İddiaçı iştirakı ilə akt tərtib edilmiş, lakin o, aktı imzalamaqdan da imtina etmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətində vakant ştatların hesabatı cari tarixə aparıldığından keçmiş tarixə mövcud olan vakant vəzifələr barədə məlumatın təqdim edilməsi imkan xaricindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”:

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir.

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi»: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.26. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək; 3.0.27. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək; 3.0.28. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək. 5.1. Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. 5.2. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını Nazirlik təsdiq edir. 5.5. Rəis: 5.5.6. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini (Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmrinə əsasən iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma şöbəsinin (İnbound) dövlət vergi müfəttişi İddiaçı 05 yanvar 2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən (Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar) tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. İddiaçının sərəncamda olma müddəti Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********459300 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək, xx.xx.2022-ci il tarixli **********874000 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Sərəncamdan çıxarılaraq əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamında olan İddiaçı hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə 05 avqust 2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə 05 yanvar 2022-ci il tarixdən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş və sərəncamda olma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır, xx.xx.2022-ci il tarixli əmrlə iddiaçının hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü qeyd olunmaqla onunla bağlanmış əmək müqaviləsinə 05 avqust 2022-ci il tarixdən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Cavabdeh orqan iddiaçıya müvafiq vəzifələrin təklif edilməsinə baxmayaraq, imtina etdiyini bildirsə də, konkret olaraq hansı vəzifələrin təklif edilməsini və iddiaçının imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, əmrdə həm iddiaçının hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü, həm də “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75ci maddəsinin 3-cü hissəsində göstərilmiş əsaslar qeyd edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsində isə vergi orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilə bilməsinin 2 halı göstərilmişdir: 1. vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya 2. belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə bir neçə əsasla xitam verilmişdir. Bundan başqa, cavabdeh inzibati orqan əmrdə qeyd olunan əsasların nədən ibarət olmasını açıqlamamış, ümumi şəkildə yazmaqla kifayətlənmiş, ümumiyyətlə əmr əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ona təklif edilmiş vəzifələrdən imtina etdiyini bildirsə də, əmr iddiaçının hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü ilə əsaslandırılmışdır. Həmçinin cavabdeh iddiaçının hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyünün nədən ibarət olmasını qeyd etməmişdir. İddiaçının uyğun vəzifəyə təyin edilməsinin mümkün olub-olmaması halları cavabdeh tərəfindən araşdırılmamışdır və bununla əlaqədar sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanla əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin «iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edilənə qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqının ona ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmrinə əsasən iddiaçı 05 yanvar 2022-ci il tarixdən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş və Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Uyğun iş yerlərinin təhlili, sərəncamda olan əməkdaşların müvafiq işə qəbul edilməsi, onlarla əmək müqaviləsinin bağlanılması isə işəgötürənin səlahiyyətlərinə aiddir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Sərəncamdan çıxarılaraq əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmri ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2268/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Sərəncamdan çıxarılaraq əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmri ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar