Məhkəmə qərarları › İş №2-1(103)-2694/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2694/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2694/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı işi üzrə (Açar sözlər: iddianın ümumi və xüsusi mümkünlük şərtləri) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X7 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-819/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamının 1200 kv.m hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X8 və X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) və Azərbaycan Respublikasının Baş Prokurorluğu (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli sərəncamı ilə iddiaçının mərhum atası X3 Mərdəkan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır. Atası həmin torpaq sahəsində ev tikmiş və ailəlikcə orada yaşamışdırlar. Sonradan Bakı İnzibati Məhkəməsində “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə baxılan zaman məlum olmuşdur ki, cavabdehin hazırda mübahisələndirilən sərəncamı ilə həmin torpaq sahəsi başqa şəxslərə verilmişdir. Həmin sərəncamın qanunsuz olduğundan ləğv edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir və ona bu məzmunda imtina cavabı vermişdirlər: “Sizin Rayon icra Hakimiyyətinə ünvanladığınız ərizəniz araşdırılmışdır. Ərizənizdə keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli Sərəncamı ilə mərhum atanız X3 Mərdəkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsinin X1 ayrılmasına dair Cavabdeh başçısı tərəfindən 15 aprel 1994-cü il tarixli, 096 nömrəli Sərəncam İmzalandığı bildirilir, həmin Sərəncamın maraqlarınıza toxunduğunu əsas gətirərək ləğv edilməsinə köməklik göstərilməsini xahiş edirsiniz. Nəzərinizə çatdırırıq ki, Cavabdeh başçısının 15 aprel 1999-cü il tarixli, 096 nömrəli Sərəncamı iiə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin (bundan sonra işlər idarəsi) nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu ayrılmışdır. Həmin torpaq işlər İdarəsinin nəzdində olan, tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlilik əsasında verilmişdir. Göründüyü kimi ləğv edilməsini xahiş etdiyiniz Sərəncam Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinə torpaq sahəsi ayrılmasını nəzərdə tutur və vətəndaşlaraovxozunun direktorunun əmri ilə həyata keçirildiyi üçün Sizin həmin əmrin ləğv edilməsi xahişi ilə məhkəmədə iddia qaldırmaq hüququnuz mövcuddur.” Belə olan halda cavabdehin xx.xx.1999-cu il Sərəncamı əvvəllər qanunla mərhum atama verildiyindən tam qanunsuz və əsassızıdr. O, bu haqda 1 ay bundan qabaq məhkəmədə məlumat almışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə hər ailə üçün; 0,10 hektar hesabı İlə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu ayrılmışdır. Həmin torpaq İşlər idarəsinin nəzdində olan, tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmrinə sas (ondan əvvəl) cavabdehin qanunsuz mübahisələndirdiyim inzibati aktı olmuşdur. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisəiəndirilən sərəncamla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə həmin idarənin nəzdində olan Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssisləri üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinə nəzdində olan tərəvəzçiliksüdçülük sovxozunun direktorunun əmri ilə hər ailə üçün 0,10 ha olmaqla 50 ailəyə ayrılmalı idi. İddiaçı həmin sovxozun direktorunun əmrini mübahisələndirmək əvəzinə Rayon icra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə nəzdində olan tərəvəzçilik-südçülük sovxozuna torpaq sahəsi ayrılmasına dair sərəncamın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddianın mümkün sayılmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-819/2025 nömrəli (sədrlik edən hakim H.A.Ağalarov) qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli Sərəncamı ilə mərhum atası X3 Mərdəkan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır. Sonradan Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli Sərəncamı günü bu gün də qüvvədə ola-ola, sonradan Cavabdeh başçısının 15 aprel 1999-cü il tarixli, 096 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin (bundan sonra İşlər İdarəsi) nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozuna ayrılmışdır. Müraciətlərinə cavab verən cavabdehin özü bildirmişdir ki, sözügedən torpaq sahəsi onlara məxsus deyil. Xəzər rayon İcra hakimiyyətinin yurisdiksiyasına aiddir. Bundan başqa məhkəmənin sorğusuna cavab verən DƏDRX-in də cavabı eyni ilə olmuş və həmin torpaqların barəsində sərəncam verdiyi Abşeron rayonuna yox, məhz Xəzər rayon icra hakimiyyətinə aiddir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı əsasında mülkiyyət hüququ qeydiyyata alınmış şəxslərə məxsus çıxarışlar və digər sənədlər veriləndə DƏDR Xidməti həmin aktın etibarsız olduğunu bilə bilməzdi. Bu torpaq sahəsi yuxarıda qeyd 3-cü şəxslərə ayrılan zaman yerində torpaq sahəsinə, qanuna uyğun olaraq baxış keçirilsəydi, oranın yüklü olduğunu, yəni orada evlər olduğunu ailələr yaşadığını görərdilər. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-819/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (xx.xx.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Bu, aşağıdakı hallardan irəli gəlir. İlk növbədə qeyd etmək lazımdır ki, İddiaçı tələbi Cavabdeh xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamının 1200 kv.m hissədə etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi yalnız o zaman mümkün sayıla bilər ki, iddiaçı iddia ərizəsində inzibati aktların qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktlarının qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin hallarından müəyyən edilir ki, iddiaçı özünü subyektiv hüququn sahibi kimi qəbul etməsini Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli sərəncamı ilə iddiaçının mərhum atası X3 Mərdəkan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılması ilə əsaslandırır. Nəzərə almaq lazımdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan xx.xx.1991ci il tarixli Torpaq Məcəlləsinin: -7-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. -10-cu madəsinə görə, torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -22-ci maddəsinə görə, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 3) torpaq kadastrının aparılmasını təşkil etmək... 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək... -29-cu maddəsinə görə, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Beləliklə, qanunvericiliyin tələblərinə görə, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçının atasına Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli sərəncamı ilə torpaq sahəsi ayrılsa da, ancaq onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçı bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının mübahisəlli əraziyə dair plan-ölçü sxemi (yerləşmə cizgisi) olmadan üçünçü şəxsə aid olan hissədə xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamın etibarsızlığı ilə bağlı iddia qaldırmaq səlahiyyəti yoxdur. Başqa sözlə, hazırkı iddia tələbinə münasibətdə iddiaçı subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Əks hüquqi mövqe ona gətirib çıxarar ki, iddiaçı plan-ölçü sxemi (yerləşmə cizgisi) olmadan qonşuluqda yerləşən digər torpaq mülkiyyətçilərinin də hüquqmüəyyənedici sənədlərini (qərar, sərəncam və s.) mübahisləndirməkdə özünü subyektiv hüququn sahibi kimi qəbul etsin. Bu isə çox sayda məhkəmə mübahisələrinə mahiyyəti üzrə baxılması ilə nəticələnəcək. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, hazırkı tələb iddianın ümümi mümkünlük şərtlərinə cavab vermir. Digər tərəfdən, şərti olaraq qəbul etsək ki, hazırkı tələb ümumi mümkünlük şərtlərinə cavab verir, bu hal belə, iddianın mümkün sayılması ilə nəticələnməməlidir. Çünki hazırkı tələb həm də xüsusi mümkünlük şərtlərinə də cavab vermir. Belə ki, hazırkı tələb Cavabdeh xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamının 1200 kv.m hissədə etibarsız hesab edilməsindən ibarətdir. Başqa sözlə, hazırkı tələb etibarsızlığın tanınması barədə iddiadır. İnzibati Prosessual Məcəllənin 36-cı maddəsinin 1-ci cümləsində qeyd olunur ki, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddia tələbinin xüsusi mümkünlük şərtlərindən biri də iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olmasıdır. Məhkəmə tərkibi, hazırkı iddia tələbinin xüsusi mümkünlük şərtlərinə cavab verməməsini aşağıdakılarla əsaslandırır. İş materiallarından görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli sərəncamı ilə iddiaçının mərhum atası X3 torpaq sahəsi ayrılıb. İş materiallarından müəyyən olunur ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, xx.xx.2018-ci il tarixdə İddiaçı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. İş materiallarında olan müxtəlif məhkəmə aktlarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələri barədə mübahisələr mövcuddur və iddiaçı həmin işlər üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının (ondan əvvəl isə atası X2) yaşadığı torpaq sahəsinin hüquqi rejimi ilə 20 ildən artıq müddət ərzində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının həmin torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatlı olmaması barədə nəticəyə gəlmək çətindir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Eyni zamanda 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəslin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. Beləliklə, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə imkanı 2011-ci il 1 yanvar tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (o cümlədən, yeni qanunda bu növ iddialarla bağlı məhkəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı artıq həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2116/2023 və 2-1(102)-512/2024 saylı qərarlarında da eyni hüquqi mövqe ifadə edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-819/2025 nömrəli qərarı ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı “sərəncamın qismən etibarsız hesab edilməsi” iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-819/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar