Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2695/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2710/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100 nömrəli Qərara əsasən 2022-ci ilin iyul ayının Əlavə dəyər vergisi üzrə 7,270.16 manat, xx.xx.2023-cü il tarixli **********617900 nömrəli Qərara əsasən 2022-ci ilin iyun ayının Əlavə dəyər vergisi üzrə 8,803.27 manat, xx.xx.2023-cü il tarixli **********591600 nömrəli Qərara əsasən 2022-ci ilin avqust ayının Əlavə dəyər vergisi üzrə 2,041.19 manat, xx.xx.2023-cü il tarixli **********178300 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayının Əlavə dəyər vergisi üzrə 10,290.87 manat, xx.xx.2023-cü il tarixli **********171400 nömrəli Qərara əsasən 2022-ci ilin aprel ayının Əlavə dəyər vergisi üzrə 6,280.99 manat, xx.xx.2023-cü il tarixli **********611000 nömrəli Qərara əsasən 2022-ci ilin may ayının Əlavə dəyər vergisi üzrə 7,681.71 manat, xx.xx.2023-cü il tarixli **********541100 nömrəli Qərara əsasən 2022-ci ilin mart ayının Əlavə dəyər vergisi üzrə 7,074.28 manat əlavə vergi məbləği hesablanmışdır. Başqa sözlə, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2022-ci ilin mart-sentyabr aylarına ƏDV üzrə ümumilikdə 49,442.47 manat əlavə vergi məbləği hesablamışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 Qərarları qanunsuz və əsassız hesab edirik: Həyata keçirilmiş hesablamalar ilə bağlı ilk öncə qeyd edim ki, cavabdeh vergi orqanının ƏDV məqsədləri üçün əlavə dövriyyəni necə müəyyən etdiyi qeyri-müəyyəndir və həmin dövriyyə ilə razılaşmırlar. Digər yandan, İddiaçı vergi orqanında sadələşdirilmiş verginin ödəyicisi kimi qeydiyyatdan keçdiyi halda, vergi orqanı iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə aldığı malların satışından əldə olunan gəlirini ƏDV-yə cəlb edə bilməzdi. Halbuki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Göründüyü kimi, iddiaçı malları sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə aldığından və həmin mallara görə əvəzləşdirmə hüququna malik olmadığından, həmin malların satışı ƏDV məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Daha sonra, iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, 2022-ci ilin yanvar, fevral ayları üzrə NKA-nın onlayn dövriyyəsinə və bank hesablarına daxil olan məbləğlərə əsasən 2022-ci ilin fevral ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduğundan müvafiq dövrlər üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla bağlı iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə xx.xx.2023-cü il tarixdə **********970400 saylı məktubla izah verilmiş və Bank və NKA üzrə çıxarışları təqdim edilmişdir. Cavabdeh hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2710/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2710/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********541100 nömrəli Qərara əsasən 2022-ci ilin mart ayına Əlavə dəyər vergisi üzrə 7,074.28 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********171400 nömrəli Qərara əsasən 2022-ci ilin aprel ayına Əlavə dəyər vergisi üzrə 6,280.99 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********611000 nömrəli Qərara əsasən 2022-ci ilin may ayına Əlavə dəyər vergisi üzrə 7,681.71 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********617900 nömrəli Qərara əsasən 2022-ci ilin iyun ayına Əlavə dəyər vergisi üzrə 8,803.27 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100 nömrəli Qərara əsasən 2022-ci ilin iyul ayına Əlavə dəyər vergisi üzrə 7,270.16 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********591600 nömrəli Qərara əsasən 2022-ci ilin avqust ayına Əlavə dəyər vergisi üzrə 2,041.19 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********178300 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayına Əlavə dəyər vergisi üzrə 10,290.87 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********838900 nömrəli Qərara əsasən 2022-ci ilə Gəlir vergisi üzrə 64.125,04 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarlar kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş, həmin qərarlar əsasında ona əlavə vergilər hesablanmışdır. Mübahisələndirilən qərarlar 2022-ci il üzrə gəlir vergisinin və əlavə dəyər vergisi ilə bağlı olmuşdur ki, Kollegiya hər hissəyə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçıya 2022-ci il üzrə hesablanmış gəlir vergisinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçı 2022-ci il üzrə təqdim etdiyi cari gəlir vergisi bəyannaməsində ümumi gəlirlərini 314,135.39 manat, gəlirdən çıxılan xərclərini 261,779.49 manat, vergiyə cəlb olunan gəlirini 52,355.90 manat, ödənilməli gəlir vergisini isə 10,471.18 manat bəyan etmişdir. Daha sonra cavabdeh vergi orqanı qeyd olunan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirmiş və bəyanamədə öz əksini tapmış 249,698.05 manat xərclər öz təsdiqini tapmadığından, iddiaçıya xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərmişdir. Qeyd olunan kənarlaşmalar aradan qaldırılmadığından cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********838900 nömrəli Qərara əsasən iddiaçıya 2022-ci ilin Gəlir vergisi üzrə 64.125,04 manat əlavə vergi məbləği hesablamışdır. Göründüyü kimi, mübahisənin yaranmasının səbəbi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı tələbin əsası kimi qeyd edir ki, vergi ödəyicisinin xərclərinə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə ödənilməli gəlir vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik norması əsasında hesablanmışdır. Cavabdeh vergi orqanı isə iddiaçının dəlili ilə razılaşmayaraq qeyd edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası cavabdeh vergi orqanın dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz. İmtina olunduğu halda isə inzibati orqan diskresion səlahiyyətlərini niyə bu şəkildə həyata keçirdiyini əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan cavabdehin imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi hazırki iş üzrə cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırmamış və iddiaçının malların satışından əldə etdiyi gəlirləri qəbul etdiyi halda, həmin malların alışı ilə bağlı faktiki olaraq çəkilmiş, lakin rəsmiləşdirilməmiş xərclərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını tətbiq etmək hüququndan, hər hansı əsaslandırma olmadan imtina etməkdə haqlı olmamış və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçıya 2022-ci ilin mart-sentyabr ayları üzrə hesablanmış əlavə dəyər vergisinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, iddiaçının vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200,000.0 manatı keçdiyindən, cavabdeh vergi orqanı iddiaçını xx.xx.2023-cü il tarixdə məcburi olaraq əvvəlki - xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya məxsus onlayn kassa və bank hesabı üzrə əməliyyatları əsas götürərək, 2022-ci ilin mart-sentyabr aylarına ƏDV üzrə əlavə vergi məbləğləri hesablamışdır. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən kameral vergi yoxlaması nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləğlərini əsassız hesab edir: İlk öncə qeyd edilməlidir ki, iddiaçı kameral vergi yoxlaması ilə əhatə olunan, başqa sözlə satış əməliyyatlarının baş tutduğu dövrdə (2022-ci ilin mart-sentyabr aylarında) sadələşdirilmiş verginin ödəyicisi olmuş və satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etməmişdir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən aydın olur ki, əgər vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməmişdirsə, həmin şəxsin apardığı əməliyyat o halda ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilir ki, həmin şəxs satdığı mallara ƏDV tətbiq (əlavə) etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı 2022-ci ilin mart-sentyabr ayları ərzində sadələşdirilmiş vergi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmişdir. Bu isə o deməkdir ki, iddiaçının həmin satış əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Qeyd olunan normadan aydın olduğu kimi, vergi ödəyicisi malları alarkən ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ mövcud olmamışdırsa, bu halda həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı malları aldığı tarixdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, əvəzləşdirmə hüququ olmamış və nəticədə həmin malların satışına ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat qismində baxıla bilməz. Həmçinin, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Qeyd olunan normadan belə nəticə əldə olunur ki, malların satışı, eləcə də qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, oğurlanması, itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi (fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa) o halda vergi tutulan əməliyyat hesab edilir ki, vergi ödəyicisi həmin malları ƏDV-ni ödəməklə əldə etmiş və müvafiq əvəzləşdirmə almış və ya almaq hüququna malik olmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Bu isə o deməkdir ki, iddiaçının həmin malların satışı üzrə əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi dövrdə satdığı malların dəyərinə hər hansı ƏDV məbləği tətbiq (əlavə) etmədiyindən, malları aldığı dövrdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, aldığı mallar üzrə müvafiq əvəzləşdirmə almadığından və almaq hüququna malik olmadığından, həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, işin faktiki hallarına əsasən cavabdeh vergi orqanı iddiaçını xx.xx.2023-cü il tarixdə əvvəlki tarixdən – xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata almış və iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə (2022-ci ilin mart-sentyabr ayları ərzində) ƏDV tətbiq etmədən satdığı mallara görə 18% dərəcə ilə ƏDV hesablamışdır. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 10 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200,000.0 manat həddini keçməsi cavabdeh vergi orqanına xx.xx.2023-cü il tarixdən əvvəl, satış əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını məhz satış əməliyyatları tam baş tutduqdan sonra məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Halbuki, cavabdeh vergi orqanı iddiaçının ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmək öhdəliyinin yarandığı barədə məlumatı vergi ödəyicisinə əvvəlki tarixdə (xx.xx.2022-ci il tarixdə) vermiş olsaydı, iddiaçı satdığı malların dəyərinə ƏDV tətbiq etmək imkanına və aldığı mallar üzrə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olardı. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh orqanın verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2710/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2695/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2695/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver