Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2696/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1968-ci il tarixində Masallı rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 66 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4763/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 03.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.09.1985-25.07.1986-cı il tarixlərində Azərbaycan Dövlət Texniki Peşə Təhsili Komitəsinin Sumqayıt şəhəri 35 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə ona 05.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 10 ildən artıq hissəsini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın (bundan sonra - 1 nömrəli Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4763/2021 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, İddiaçı 01.09.1985-01.07.1986-cı il tarixlərində Sumqayıt şəhəri 35 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə ona 05.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.Həmçinin iddiaçının ümumi iş stajı 20 ildən az təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil (Sumqayıt Regional Vəkil Bürosu) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4763/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, İT-İ seriyalı, ******* №li, 18.08.1986-cı il tarixində doldurulmuş əmək kitabçasına əsasən 01.09.1985-ci il tarixdən 01.07.1986-cı il tarixədək Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində təhsil almış, 11.08.1986-cı ildən 17.11.1986-cı ilədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun Polimir-120 istehsalatının sintez sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru işləmiş, NZ seriyalı, ******* №li, 05.12.1986-cı il tarixində verilmiş hərbi biletə əsasən 05.12.1986-28.11.1988-ci illərdə hərbi xidmətdə olmuşdur. 26.12.1988ci il tarixdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavoduna (hazırkı “Etilen-Polietilen” zavodu) işə qəbul edilmiş, həmin tarixdən 02.07.2000-ci il tarixədək poliefir qətranları sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, 03.07.2000-ci ildən 31.07.2001-ci ilədək dixloretan, epixlorhidrin, qliserin və xlorsulfitləşdirilmiş polietilen sexində energetik, 01.08.2001-15.05.2005-ci il tarixlərində qliserin, ferroxromsulfanat, epixlorhidrin və izobutilen sexində energetik, 16.05.2005-ci ildən 24.08.2005-ci ilədək epoksid qətranları sexində energetik, 25.08.2005-03.11.2008-ci il tarixlərində qliserin, epixlorhidrin və izobutilen sexində energetika sahəsi üzrə baş usta, 04.11.2008-25.06.2013-cü il tarixlərində mexaniki-təmir sexində energetik işləmiş, 27.06.2013-cü il tarixdə “Azərkimya” İstehsalat Birliyinin “Təmir-Tikinti” İdarəsinin avadanlıqların təmiri və xidməti sexinə energetik vəzifəsinə qəbul edilmiş, 30.08.2013-cü il tarixdə işdən azad olunmuşdur. 03.04.2014-cü il tarixdə "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin təmizləyici qurğular sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə təyin edilmiş, 07.04.2015-ci ildən bugünədək orada çilingər-elektrik peşəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 24.11.2021-ci il tarixli, 414 №li arayışına əsasən qeyd edilmişdir ki, verilir İddiaçı, ondan ötrü ki, o, həqiqətən 01.09.1985-ci il tarixində Sumqayıt 35 №li Texniki Peşə Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq 25.06.1986-cı il tarixində Sumqayıt 35 №li Texniki Peşə Məktəbinin (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) “Elektrik montyoru” ixtisasını əyani bitirmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcuddur. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının güzəştli iş stajı əmək kitabçası və iş yerindən verilmiş güzəştli arayışla öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının iş yeri olan “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X3 tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair həmin arayışlardan (21.06.2013-cü il tarixli 01/09-972-01/09-977 nömrəli və 03.06.2021-ci il tarixli, 219-225 nömrəli arayışlar) görünür ki, iddiaçı 11 avqust 1986-cı il tarixdən 17 noyabr 1986-cı il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun Polimir-120 istehsalatının sintez sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (kod-1080A010; iş stajı 3 ay, 7 gün) vəzifəsində; - 26 dekabr 1988-ci il tarixdən 02 iyul 2000-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun poliefir qətranları sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (kod-1080A010; iş stajı 11 il, 6 ay, 7 gün) vəzifəsində; - 03 iyul 2000-ci il tarixdən 31 iyul 2001-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dixloretan, epixlorhidrin, qliserin və xlorsulfitləşdirilmiş polietilen sexində energetik (kod-1080A010; iş stajı 1 il, 29 gün) vəzifəsində; - 01 avqust 2001-ci il tarixdən 15 may 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun qliserin, ferroxromsulfanat, epixlorhidrin və izobutilen sexində energetik (kod-1080A010; iş stajı 3 il, 11 ay, 15 gün) vəzifəsində; - 16 may 2005-ci il tarixdən 24 avqust 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun epoksid qətranları sexində energetik (kod-1080A010; iş stajı 3 ay, 9 gün) vəzifəsində; - 25 avqust 2005-ci il tarixdən 04 noyabr 2008-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun qliserin, epixlorhidrin və izobutilen sexində baş usta (kod-1080A010; iş stajı 3 il, 2 ay, 10 gün) vəzifəsində işləmişdir. 93-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü bölməsində («Ümumi peşələr») 23200000-11620 və 23200000-19906 kodu (qaz qaynaqçıları) ilə öz əksini tapmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 10 ildən artıq güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın və apellyasiya şikayətinin əsası olan ümumi iş stajının olmamasına və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə münasibətdə aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsindən də müəyyən olunduğu kimi həmin Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edildiyindən və pensiya kapitalı ilə bağlı tələb qanunvericiliyə sonradan (01.07.2017), Qanunun 9.1-ci maddəsinə daxil edildiyindən, 9.8-ci maddədə bununla bağlı hər hansı bir göstəriş olmadığından həmin şərt hazırkı halda iddiaçıya tətbiq edilə bilməz. Eyni zamanda Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzindən verilmiş 07.05.2021-ci il tarixli 288 nömrəli arayışda iddaçının 01.09.1985-ci il tarixdən 01.07.1986cı il tarixədək təhsil aldığı göstərilmişdir. Qeyd edilən dövrdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956- cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya 05.09.2020-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4763/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4763/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.