Məhkəmə qərarları › İş №2-1(103)-2696/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2696/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2696/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsinə qarşı “yas mərasiminin təşkili üçün maliyyə yardımının verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X3 ölməsi ilə əlaqədar yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımının ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının mərhum qardaşı X7 xx.xx.2006-cı ildə ölmüşdür. xx.xx.2024-cü il tarixdə qardaşının döyüş tapşırığını yerinə yetirməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş vermiş qəzada yaralanması nəticəsində vəfat etməsi müəyyən edildiyindən ona “şəhid” adı verilmişdir. Bundan sonra onun tərəfindən Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 333, 334-cü maddələrinə, həmin Nizamnamənin 16 saylı Əlavəsi ilə və Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli, 374 nömrəli Qərarına uyğun olaraq mərhum qardaşının dəfninə çəkilən xərclərin əvəzində maliyyə yardımı almaq üçün Səfərbərlik vı Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə müraciət edilmişdir. Cavabdeh tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarına istinad edilərək maliyyə yardımının ödənilməsi qanunvericiliyin tələblərinə zidd hesab edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun Qərarının bu hala şamil edilməsi düzgün hesab edilə bilməzdi. Belə ki, həmin Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarının tətbiqi istisna edilir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 1991-2016-cı illərdə həlak olmuş və məhz həmin illərdə şəhid statusu verilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilə bilər. Mərhum qardaşı Abas Azadəliyev isə 2006-cı ildə vəfat etsə də, ona yalnız 2024-cü ildə şəhid adı verilmişdir. Başqa sözlə, qeyd edilən Qərarın müddəalarının ona aid edilməsinin əsaslı olmadığını düşünür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsinə qarşı “yas mərasiminin təşkili üçün maliyyə yardımının verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin:

333. Aşağıdakı şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir: 333.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin; 333.2 ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 (iyirmi) təqvim ili və daha çox xidmət etmiş ali və baş zabitlərin; 333.3. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlərin; 333.4. Azərbaycan Respublikasının “X6” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarabağ” ordeni, “Şöhrət” ordeni və ya “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin; 333.5. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər şəxslərin.

334. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları bu Nizamnamənin 16 saylı əlavəsi ilə müəyyən edilir.

335. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimində hərbi ehtiramın göstərilməsi üçün təyin edilmiş bölmələr fəxri mühafizə dəstəsi adlanır. Taqım və ondan böyük bölmə heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz matəm lentləri taxılmış Döyüş Bayrağı ilə təmin olunmalıdır. Fəxri mühafizə dəstəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tərkibdə təyin edilir: 335.1. əsgər (matros), çavuş və gizirləri (miçmanları) dəfn etmək üçün - manqa, taqım, yaxud bunlara uyğun bölmə; 335.2. zabitləri dəfn etmək üçün – bölük, yaxud buna uyğun bölmə; 335.3. hərbi hissə komandiri vəzifəsində xidmət keçən, habelə ali zabit heyətindən olan və bu Nizamnamənin 333.4-cü maddəsində göstərilən şəxsləri dəfn etmək üçün - qarnizon rəisinin sərəncamına görə. ... Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın: 1.1 Bu Qaydalar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin (bundan sonra - Nizamnamə) 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir. 1.2. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslər onların valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) seçdikləri qəbiristanlıqda dəfn edilirlər 1.3. Bu Qaydaların 1.4-cü və 1.5-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı şəhidin “Şəhidlər Xiyabanı”nda dəfn edilməsi üçün məzar yerinin ayrılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 1.4. Aşağıdakı hallarda vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər onların valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında “Şəhidlər Xiyabanı”nda dəfn edilirlər: 1.4.1. hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Şəhid” adı verildikdən sonra; 1.4.2. həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. 1.5. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında cənazənin “Şəhidlər Xiyabanı”na aparılması və yenidən dəfn edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 1.6. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir. 1.7. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.2016-cı il tarixli, 374 nömrəli qərarının:

1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilsin.

2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsinə əsasən hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) tərəfindən yaşadığı yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə aşağıdakılar təqdim edilməlidir: 2.1. həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlilərin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmri; 2-1. Hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımı verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 2.2. ehtiyatda və istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə;

3. 2.1-ci və 2.2-ci yarımbəndlərdə göstərilən sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinin, Azərbaycan Respublikası Strateji X2 Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi hissə (müəssisə, idarə və təşkilatı), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən verilir. 3-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına 2.1-ci və 2.2-ci bəndlərdə göstərilən sənədlər Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibinin xidməti tərəfindən verilir. 3-2. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi qulluqçularına 2.1- ci və 2.2-ci bəndlərdə göstərilən sənədlər Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilir.

4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, 3 (üç) iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ödənilməsini təmin edir.

5. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Hazırkı işin hallarından görünür ki, X7 xx.xx.2006-cı il tarixdə ölmüşdür, ona xx.xx.2024-cü il tarixdə “şəhid” statusu verilmişdir. İddiaçı X3 qardaşı kimi onun ölməsi ilə əlaqədar yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımının ona ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla tələbin qanunvericiliyə zidd olması səbəbi ilə imtina cavabı vermişdir. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanunu ilə Nizamnaməyə “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” adlanan 16 saylı əlavə daxil edilmişdir (“Respublika" qəzetində 17 yanvar 2016-cı il tarixində dərc edilməklə qüvvəyə minmişdir). Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsi ilə 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımının göstərilməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarı ilə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 manat məbləğində maliyyə yardımının verilməsi təsbit edilmişdir. Məhkəmə kollegiyası göstərilən məbləğin müvafiq akt qəbul edilməzdən əvvəl ölən şəxslərin yaxın qohumlarına verilib-verilməməsi ilə bağlı qeyd edir ki, müvafiq məsələyə Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023cü il tarixli Qərarı münasibət bildirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, “Qeyd olunanlar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) dəfn və yas mərasimlərinin təşkili üçün müəyyən edilmiş birdəfəlik maliyyə yardımının ödənilməsinin şərtsiz olaraq təmin olunmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın qəbulunda güdülən məqsəd, normanın yerinə yetirdiyi hüquqi funksiya diqqətə alınmalıdır. Nizamnamənin 16 saylı əlavəsinin – “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinin əsas məqsəd və təyinatını isə həlak olmuş hərbi qulluqçuların xatirəsinə ehtiram olaraq onların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) hərbi qulluqçuların məhz dəfn və yas mərasimlərinin təşkili və keçirilməsi üçün birdəfəlik dövlət yardımının ayrılması təşkil edir. Odur ki, 2016-cı il tarixinədək həlak olmuş və dəfn olunmuş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsi üzrə birdəfəlik maliyyə yardımının ödənilməsi həmin aktın hüquqi təyinat, məqsəd və funksiyası ilə də uzlaşmır. Göstərilənlərə əsasən, dəfn və yas mərasiminin təşkili üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən bu yardım vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) həmin şəxslərin sosial rifahının yaxşılaşdırılmasına yönələn vəsait və ya kompensasiya kimi qiymətləndirilə bilməz.” Sözügedən Qərarla Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarının tətbiqinin istisna edilməsi qərara alınmışdır. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. İddiaçının qardaşı xx.xx.2006-cı il tarixdə öldüyündən cavabdeh tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarına istinadən maliyyə yardımının verilməsindən imtina edilməsi qanuni olmuşdur. İddiaçının qardaşına 2024-cü ildə “şəhid” statusunun verilməsi qeyd edilən mövqedən fərqli qərar qəbul edilməsi əsas verən hal deyildir. Göründüyü kimi maliyyə yardımı dəfn mərasiminin keçirilməsi üçün nəzərdə tutulmuş pul məbləğidir. X5 ölümündən illər sonra “şəhid” statusunun verilsə belə, onun ölümü xx.xx.2006-cı il tarixdə olmuşdur. Həmin vaxt çəkilmiş xərcin əvəzində bugünkü gündə yardım istənilməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında göstərildiyi kimi həmin şəxslərin sosial rifahının yaxşılaşdırılmasına yönələn vəsait və ya kompensasiya istənilməsi rolunu oynayır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4431/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar