Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2697/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti qarşı “məktubun qanunsuz hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati- Məhkəməsinin 2-1(112)-5906/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 1-732-003 saylı xx.xx.2022-ci il tarixli məktubunun onların hüquq və azadlıqlarını pozduğundan qanunsuz hesab edilməsi və aradan qaldırılmasının həmin orqana həvalə edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə iddiaçılar “Müdafiə Xətti” X2 həmtəsisçiləridir. Təşkilatın həmtəsisçisi kimi hüquq pozulmuş şəxslərin hüquq müdafiəçisi olaraq müdafiəsini təşkil edirlər. Həmçinin ictimai əhəmiyyət kəsb edən məhkəmə işlərinin monitorinqini həyata keçirirlər. İddiaçılar “Sərbəst Toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq həbs edilmiş ictimai fəal X1 hüquqlarının müdafiəsi üçün Bakı şəhərinin Fəvvarələr Meydanınnda 23 dekabr 2022-ci il tarixdə saat 16-00-da etiraz aksiyası təyin etmişdir. Bununla bağlı cavabdehə müvafiq müraciət ünvanlanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 1-732-003 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd edilmişdir ki, planlaşdırılan aksiyanın keçirilməsi məqsədəuyğun deyil. Həmin gün həmtəsisçilər və digər şəxslər də aksiya keçirmək istəsələr də buna imkan verilməmiş, iddiaçılar aksiyadan əvvəl tutularaq Yasamal rayon Polis İdarəsininin 29-cu Polis Bölməsinə aparılmış və burada axşam saatlarına qədər, beş saatdan artıq saxlanılmışlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5906/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmaqla, təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar apellyasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 49-cu və 60cı, Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddələrinə istinad onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuzdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi halda işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş iddiaçılar, həm də cavabdeh (nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələbləri çərçivəsində, müvaiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlarını da əlavə edilməklə) formal olaraq əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, İPM-in 35.3-cü maddəsinin tələbinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçılar tərəfindən qaldırılan iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçılar cavabdehə müraciət edərək xx.xx.2022-ci il tarixində Fəvvarələr Meydanında aksiyanın keçiriləcəklərini bildirmiş, sonuncu “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən 5 və 7-ci maddələrinin 1-ci bəndlərinin tələblərinə əsasən onların müraciətinin təmin olunmasını məqsədəuyğun hesab etməmişdir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Lakin iddiaçılar tərəfindən iddia Qanunun qeyd olunan tələbləri qaydasında əsaslandırılmamışdır. Halbuki, İPM-in 46.2.1-46.2.4-cü maddələri nəzərədə tutur ki, iddiaçı öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri, arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Digər tərəfdən, adıçəkilən “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7.1-ci maddəsinin tələbinə görə sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Onu da qeyd etmək lazımdır ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejimi davam edir. Qeyd olunanlar baxımdan, iddia ərizəsində cavabdehin ünvanladığı imtina məktubunun qanunsuz olması ilə bağlı əsaslanırmanın mövcudluğu müəyyən olunmur. Bundan başqa, iddiaçılar aksiyadan əvvəl onların Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə aparılaraq axşam saatlarına qədər 5 saatdan artıq orada saxlanılmalarını iddia etsələr də, aksiyanın keçirilməsinə polisin (o cümlədən,Yasamal rayon Polis İdəarəsinin) müdaxiləsi vurğulandığı halda, cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti seçilmişdir. Aksiyanın keçirilməsinə polis müdaxiləsi ehtiva olunduğu halda isə Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə qaldırılan iddianın məhkəmə icraatı mümkün sayıla bilməz. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıların hazırkı iddia tələbi, İPM-in 35-ci maddəsinin qeyd olunan tələbi baxımından, əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir və bu baxımdan, iddiaçıların apellyasiya şikayətinin həmin qərardadın qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5906/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5906/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2697/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2697/2023
20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver