Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2698/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, 09.05.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1888/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, 09.05.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. Lakin Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, 09.05.2020-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) və 10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) bədləri ilə daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı həmin əmri qanunsuz, əsassız və ədalətsiz hesab etməklə yanaşı sözügedən əmrinin məhkəmənin qərarı ilə ləğv edilməsini və beləliklə xidmətə bərpa olunmasını zəruri hesab edir. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, Yasamal RPİ-nin PPXB-nin sabiq polis nəfəri İddiaçı barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqatın nəticələrinə dair tərtib olunmuş arayışa əsasən İddiaçı Azərbaycan Respublikası “Polis haqqında” Qanunun 5 və 29- cu, DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4, 13 və 17-ci maddələrinin və DİN-in 16.06.2009-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq edilmiş “DİON-da intizam nizamnaməsinin” 3.2 və 3.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə Yasamal RPİ-nin 19.03.2020-ci il tarixli Ə96-91-20 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi də nəzərə alınmaqla Yasamal RPİ-nin 09.05.2020-ci il tarixli Ə145-091-20 nömrəli əmri ilə “daxili işlər orqanlarında xidmətdən xaric” edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia ərizəsinin baxılmasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1888/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o hazırkı iddia ərizəsi ilə 24 sentyabr 2020-ci il tarixdə müraciət etmiş, lakin 11 ay 1 gün müddət keçəndən sonra yəni, 25 avqust 2021-ci il tarixdə hakim müəyyən edə bilmişdir ki, iddia müddətini buraxdığına görə iddianı mümkün saymamalıdır. Açıq-aydın süründürməçiliyə yol verilməklə təxminən bir il ərzində qəbul edilmiş hazırkı məhkəmə qərardadı ilə onun Konstitusiya ilə təmin edilmiş əsas hüquqlarından olan əmək hüququnun və hüquq, azadlıqlarının inzibati və məhkəmə təminatı hüququ kobudcasına pozulmuşdur. Məhkəmə onun 11 ay bir gün ərzində işsiz və məvacibsiz qalmağını nəzərə almayıb iddia ərizəsini və ona əlavə edilmiş sənədləri faktiki olaraq hərəkətsiz saxlamaqla əslində cavabdehlə eyni səviyyədə hüquqlarını pozmuşdur. İşə bərpa olunma və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına daxil olandan sonra ağlabatan müddətdə deyil, 11 ay 1 gün müddət keçəndən sonra mümkün sayılmaması nə qanuna, nə də ədalətə uyğun deyil. O, cavabdehin Ə40 ş/h-091-20 nömrəli əmrilə 09.05.2020-ci il tarixdə polis orqanlarından xaric edilsə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə 24.09.2020-ci il tarixdə müraciət etmişdir. O, həm də, iddia qaldırmaq müddətinin bərpa edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edərək, iddia qaldırmaq müddətinin ötürülməsi səbəblərini göstərərək onların üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi birtərəfli mövqe tutaraq qeyd edilən vəsatəti müzakirə edib ona hüquqi mövqeyini bildirmək əvəzinə belə bir vəsatətin mövcudluğunu öz qərardadında ümumiyyətlə göstərməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)- 1888/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Ə40 ş/h-091-20 nömrəli, 09.05.2020-ci il tarixli əmrinin mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından və iddia tələbinin qalan hissəsi isə həmin əmrin nəticəsi ilə bağlı olduğundan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, 09.05.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, 28.04.2021-ci il tarixdə iddiaçı 09.05.2020-ci il tarixli əmrdən şikayət vermək müddətinin buraxılmasının üzrlü hesab edilib iddiaya baxılmasını xahiş etmiş, məhkəmə isə prosessual qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmamış, 19.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında “müddətin bərpasına dair vəsatət”in təmin edilmədiyi qeyd edilmişdir. Daha sonra 29.07.2021-ci il tarixdə iddiaçı yenidən ərizə ilə müraciət edərək, iddia qaldırmaq müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilərək onun bərpa edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən bu vəsatətə hər hansı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətin üzrsüz səbəbdən buraxılmasına əsaslanmışdır. AR İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Belə ki, birinci instansiya məhkəməsinin iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair birinci vəsatətinə dair hər hansı qərardad qəbul etməməsi, ikinci vəsatətinə münasibət bildirməməsi, yekunda isə iddianı müddətin ötürülməsi əsası ilə mümkünsüz sayması prosessual qanunvericiliyin tələbləri baxımından qanuni olmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətlərə prosessual qanunvericilikdə qeyd edilən formada münasibət bildirilməli, daha sonra iddianın mümkünlük şərtlərinə qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1888/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2698/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2698/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver