Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2698/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3482/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxx 1964-cü ildə andan olmuşdur. O, əmək fəaliyyətinə 1982-ci ildən başlamışdır, bundan əvvəl orta ixtisas təhsili (1979-1982) var. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Xidmətdən qayıtdıqdan sonra xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək Bakı Soyuducular zavodunda işləmişdir. xx.xx.1992-ci ildən halhazıra kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" MMC-də 6-ci dərəcəli qalvanik (qaplaınaçı) peşəsində işləyir. Ona 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə əlvan metallar bölməsi duz və qələvi məhlulların elektrolitik üsulu ilə metalların alınması yarımbölməsi 10714000a-19628, elektrolit vannaların şlamçıları, 10714000a-19771 sulu məhlulların elektrolizçiləri, 1072103a-16657 məmulatların qaplamaçıları üzrə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdən cavabdeh tərəfindən iddiaçının pensiyası faktiki olaraq dayandırılmış və bu barədə iddiaçıya məktub göndərilmişdir. Həmin məktubda iddiaçıya 52 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının səbəbi kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (Vİİ) duz və qələvi məhsullarında elektrolitik üsul ilə metalların alınması yarımbölməsində 10714000a-19628 kodu üzrə xammal və skrapın yuyulması ilə məşğul olanlardan başqa elektrolit vannalarının şlamçıları, 10714000a19771 kodu üzrə sulu məhlulların elektrolizçiləri, 1072103a-16657 kodu üzrə məmulatların qaplamaçıları nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1992-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “Zərgərsənaye” İB-də örtükləyici halvanik peşəsində işlədiyi müəyyən olunmuşdur. Örtükləyici halvanik peşəsi isə yuxarıda qeyd olunan 1 №-li Siyahının yuxarıda istinad edilən peşələrinə aid deyil. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur. Həmçinin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********9 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar qəbul olunmuş və qərara əsasən xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 15814,31 manat məbləğində artıq ödənilmiş məbləğin geri qaytarılması tələb edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********9 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarın ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, həm pensiyanın dayandırılması, həm də guya artıq hesablanmış pensiya məbləğinin geri qaytarılması barədə qərar qanunsuzdur. Belə ki, xx.xx.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi halvanik peşəsi eyni zamanda qaplamaçı peşəsidir. Peşənin mahiyyəti ondan ibarətdir ki, o, qiymətli metalların sulu elektroliz məhlullarında əlvan və qiymətli metallardan olan məmulatlara dekorativ və qoruyucu örtükləmə və laklama işləri, qiymətli metalların sulu elektroliz məhlulların hazırlanması, elektrolitin işlək vəziyyətdə olması üçün gündəlik analizi və mürəkkəb kimyəvi tərkiblərinin normativə uyğun olması, əlvan və qiymətli metallardan olan medal və ordenlərin örtüklənməsi zamanı yüksək keyfiyyəti təmin etmək üçün məmulatları aşındırma məhlullarında aşındırmasını və metal şotkalarla təmizlənməsinin təmin edilməsidir. İş fəaliyyəti zamanı o, orqanizmə zərərli təsir edən lak, boya (kraska) amiyak, kaustik soda, iondəyişdirici qətran, tosfar, sulfat, ftor, azot, xlorid turşuları, mislisinkli birləşmələr, sian, rodan, kükürd birləşmələri, qiymətli metallardan preparatlar və digər zərərli konsaragenlərdən istifadə edir. İş şəraiti və işlədiyi peşə zərərli olduğu üçün ona əlavə olaraq 6 gün məzuniyyət verilir və gündəlik südlə də təmin olunurlar. İşlədiyi müəssisə tərəfindən də, gördüyü işlər barədə ətraflı arayış da, vardır. Arayışa əsasən onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahsı” üzrə Vİİ Metallurgiya istehsalı (əlvan metallar): 10714000 -12. Duz və qələvi məhlullarda elektrolitik üsulu ilə metalların alınması, 10714000a-19628- elektrolit vannaların şlamçıları, 10714000a-19771- sulu məhlulların elektrolizçiləri; 1072100-18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı; 10721020 2) Azot turşulu gümüşün istehsalı, kimyəvi təmiz metalın alınması və onların emalı; 1072102a - 19771 - Sulu məhlulların elektrolizçiləri; 1072103a - 16657 Məmulatların qaplamaçıları (metalın üzərinə qızıldan, gümüşdən və sair qiymətli metaldan təbəqə çəkən usta) 1072103a-188897 metalın və metal şotkalarla təmizlənməsi ilə məşğul olan məhsul təmizləyiciləri; 1080A010-Antikorroziya tərkiblərinin və örtük sexlərin, bölmələrin, sahələrin işçiləri; Halvanik sözü ruscadan raxiBamiK - azəricə tərcümədə bir metalın (eyni zamanda qiymətli metalın) digər metalın üzərinə yerləşdirilməsi, əlvan metalın üzərinə örtüyün çəkilməsidir. Həmçinin, qaplamaçı - metal və s. üzərinə qızıldan, gümüşdən və sdən təbəqə çəkəndir. Hesab edir ki, ona 2016-cı ildə düzgün olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh orqanın pensiyasının dayandırması və ödənilən haqlı pensiya məbləğinin geri qaytarılması barədə qərarı ədalətsiz və qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh birinci instansiya məhkəməsindəki icraatla bağlı məlumatlı olsa da, iddiaya heç bir münasibət bildirməmiş, lakin apellyasiya şikayətində iddiaya etiraz etmiş və öz etirazını şikayətdə göstərilən dəlillərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3482/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.2021-ci il tarixli, **********9 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarın ləğv edilməsi və İddiaçı təyin edilmiş 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən verilməsinin davam etdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (Vİİ) duz və qələvi məhlullarında elektrolitik üsulu ilə metalların alınması yarımbölməsində 10714000a-19628 kodu üzrə xammal və skrapın yuyulması ilə məşğul olanlardan başqa elektrolit vannalarının şlamçıları, 10714000a-19771 kodu üzrə sulu məhlulların elektrolizçiləri, 1072103a-16657 kodu üzrə məmulatların qaplamaçıları nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim edilmiş "xxxx" MMC-nin arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1992-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində onun “Zərgərsənaye” İB-də örtükləyici halvanik peşəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi örtükləyici halvanik peşəsi yuxarıda qeyd olunan 1 №-li Siyahının yuxarıda istinad edilən peşələrinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15814,31 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının pensiya işinin surətindən görünür ki, müvafiq qərarla İddiaçı xx.xx.2016-cı il tarixdən olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********9 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar qəbul olunmuşdur. Apellyasiya baxışında isə müəyyən edildi ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” Qərar qəbul olunmuşdur. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli **********9 saylı qərarın ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdən İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair qərar qəbul edilmiş, sonradan cavabdeh orqanın müvafiq qurumu tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsində yanlışlığa yol verildiyi nəticəsinə gəlinmiş, xx.xx.2021-ci il tarixli **********9 saylı qərar qəbul edilərək pensiya ödənişi dayandırılmış, xx.xx.2021-ci il tarixli **********9 saylı qərarla isə artıq ödənilmiş 15814,31 manat əmək pensiyası məbləğinin geri qaytarılması tələb olunmuşdur. İşdən göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişi dayandırılmış, iddiaçıya yalnız bundan sonra məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir. Vətəndaş xeyrinə olan inzibati aktın qanunsuzluğuna dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Kollegiya qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən pensiya təyin edilməsi inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Digər tərəfdən, qeyd edilir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız iddiaçının “Zərgərsənaye” İB-də işlədiyi örtükləyici halvanik peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahıda göstərilən kodlarda nəzərdə tutulmamasına dair mülahizə xarakterli məlumat göstərilmişdir. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri də əsassızdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, iddiaçının işlədiyi peşələrin xarakteristikası və funksiyaları ətraflı şəkildə göstərilmiş, onun işlədiyi peşələrin xarakteristikası və funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1-li siyahısının Vİİ bölməsində (Metallurgiya istehsalatı) (10714000- 12. Duz və qələvi məhlullarında elektrolitik üsulu ilə metalların alınması; ******* a - 19628 - Elektorolit vannaların şlamcıları; ******* a - 19771 - Sulu məhlulların elektrolizçiləri; ******* - 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı: 10721020 2) Azot turşulu gümüşün istehsalı, kimyəvi təmiz metalın alınması və onların emalı. ******* a -19771-Sulu məhlulların elektrolizciləri; 1072103a - 16657- Məmulatların qaplamaçıları (Metalın üzərinə qızıldan, gümüşdən və sair qiymətli metaldan təbəqə çəkən usta); 1072103a - 188897 - Metalın metal şotkalarla təmizlənməsi ilə məşğul olan məhsul təmizləyiciləri; 1080A010 - Antikorroziya tərkiblərinin və örtük sexlərin, bölmələrin, sahələrin işçilər) nəzərdə tutulduğu, həmin peşələrdə işləyən şəxsin, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmasının zərərli sahəyə uyğun olduğu bildirilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi peşələrin xarakteristika və funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında Vİİ. Metallurgiya istehsalatı sahəsində nəzərdə tutulmuş yuxarıda qeyd edilən peşələrlə eynilik təşkil etməsi, iddiaçının zərərli maddələrlə, zərərli iş şəraitində işləməsi onun işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışla öz təsdiqini tapır. Bu hallar isə müvafiq əlverişli akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.9-cu maddəsinə əsasən, maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göründüyü kimi inzibati orqan yuxarıda sadalanan tələbləri nəzərə almamış, daxili araşdırma əsasında qanunsuzluğa yol verildiyini bildirdiyi əlverişli inzibati aktı ləğvetmədən, icrasını dayandırmışdır. Nəticədə qanuni qüvvəsini saxlamaqda olan aktın icrası nəticəsində ödənilmiş məbləğin qanunsuz olaraq iddiaçıdan geri alınması ilə bağlı qərar qəbul edilmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, həmin qərar ləğv edilməli və xx.xx.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3482/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-2698/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2698/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver