Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2698/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin və prezident təqaüdünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7755/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranının verilməsindən əvvəlki üç il üçün sosial müavinətin və prezident təqaüdünün (xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Sosial müavinətlər haqqında” Qanuna əsasən sosial müavinətin, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək prezident təqaüdünün) ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ Müharibəsində iştirak etmişdir. Lakin ondan asılı olmayan səbəblərə görə ona “müharibə veteranı” adı və vəsiqəsi yalnız xx.xx.2021-ci il tarixdə verilmişdir. Həmin tarixdən ona müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməyə başlanılmışdır. Lakin hesab edir ki, ona əvvəlki üç il üçün də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Sosial müavinətlər haqqında” Qanuna əsasən sosial müavinət, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək prezident təqaüdü ödənilməlidir. Bu xahişlə o cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2021-ci il tarixdə verilmişdir. Həmin tarixdən də təqüd ödənilir. Cavabdeh əvvəlki dövrlər üçün də sosial müavinət və təqaüdün verilməsini tələb edir. Lakin bu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə ziddir. Belə ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verilən andan yaranır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-7755/2023 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hələ 2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində yaradılmış müvafiq komissiyaya müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin ona komissiyanın xx.xx.2018-ci il tarixli qərarı və eyni tarixli imtina məktubu ilə imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bir müddət keçdikdən sonra isə, yəni xx.xx.2021-ci il tarixdə heç bir əlavə sənəd etmədən ona müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İzah olunanlardan görünür ki, o ən azından müraciət etdiyi vaxtda, yəni 2018-ci ildə tarixdə “müharibə veteranı” adı və vəsiqəsi ala bilərdi. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin günahı ucbatından o, “müharibə veteranı” adı və vəsiqəsi ala bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı ona müharibə veteranı vəsiqəsi verildikdən sonra əvvəlki üç il üçün də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Sosial müavinətlər haqqında” Qanuna əsasən sosial müavinət, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Prezident təqaüdü verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh ona veteran vəsiqəsi xx.xx.2021-ci il il tarixində verildiyindən ərizəsində qeyd etdiyi dövrlər üzrə təqaüdün təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ərizəsinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı ona müharibə veteranı statusunun verilməsindən əvvəlki üç il üçün sosial müavinətin və prezident təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İş materiallarında olan AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1959-cu ildə Ağdam şəhərində doğulmuşdur. İddiaçıya məxsus vəsiqənin surətindən müəyyən edilir ki, ona 21 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən M/V seriyalı, 089122 №-li “müharibə veteranı” vəsiqəsi verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat (AZM) məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2021-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). Əlavə olaraq bildirilir ki, veteran vəsiqəsi xx.xx.2021-ci il il tarixində verildiyindən ona ərizəsində qeyd etdiyi dövrlər üzrə təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət edərək ona müharibə veteranlığına görə prezident təqaüdü təyin edilməsi və təqaüdün DSMF-nin Yasamal filialına köçürülüməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, 17530/**********4 №-li qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətisz olaraq 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1019 №-li arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır. (Əsas: Vəsiqə M/V№089122). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Qanunvericilik aktlarından müəyyən edilir ki, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Bu səbəbdən müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyil və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından (21 may 2021-ci il) və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun Prezident təqaüdünün və sosial müavinətin müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinətin hesablanaraq ödənilməsi barədə tələbi, o cümlədən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7755/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7755/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2698/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2698/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver