Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2698/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3427/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ukrayna Təhsil və Elm Nazirliyi X8 Qida və Ticarət Universiteti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş Дİ № 030593 nömrəli diploma əsasən İddiaçı “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Diploma əlavə iş materiallarına əlavə edilmişdir.
2. Ukrayna Təhsil və Elm Nazirliyi Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universiteti Beynəlxalq Təhsil və Əməkdaşlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MTSMOtaS 674/13 nömrəli arayışda bildirilmişdir ki, Azərbaycan vətəndaşı, pasportu P № 4200233, Dövlət İxtisas Komissiyasının qərarı ilə “mühasib-iqtisadçı” ixtisası verilmiş, “Mühasibat uçotu və audit” ixtisası üzrə Bakı Dövlət Sosial-İqtisad Kollecinin məzunu 22 avqust 1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixli 754-C nömrəli əmrə əsasən 6.030504 “Müəssisə iqtisadiyyatı” ixtisasının “İqtisadiyyat və sahibkarlıq” hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması ilə 1-ci kurs tələbəsi kimi qəbul edilmişdir. Bədəlova X3 mütəxəssis ixtisasına uyğun olan ixtisasa yiyələnməklə əlaqəli ixtisas üzrə kollec diplomuna malik olduğuna görə xx.xx.2010- cu il tarixdən xx.xx.2012-ci il tarixinədək universitetdə sürətləndirilmiş proqram üzrə təhsil almışdır. Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində sürətləndirilmiş proqram üzrə bakalavr iqtisadiyyat (proqramı üzrə) təhsil müddəti 2,5 ildir. Sürətləndirilmiş qiyabi təhsil forması üzrə təhsil alan tələbələrin təhsil planları kiçik mütəxəssislər hazırlayan texnikum və kolleclərin təhsil planları ilə inteqrasiya edilmişdir. Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universiteti Ukrayna, Xarkov şəhəri, Kloçkovskaya küçəsi 333 ünvanında eyni korpusda yerləşir. İddiaçı təhsil aldığı müddətdə imtahan və zaçotlardan uğurla keçmiş və dövlət imtahan komissiyasının xx.xx.2012-ci il tarixli 2 saylı qərarı ilə ona “İqtisadiyyat üzrə bakalavr” ixtisası verilmişdir. İddiaçı 6 noyabr 2012-ci il tarixli, 38/12 qeydiyyat nömrəli Дİ № 030593 bakalavr diplomunu almışdır. Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universiteti Xarkov şəhərinin Dzerjinski rayon Sovetinin icraiyyə komitəsi tərəfindən verilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında 23 dekabr 2002-ci il tarixli şəhadətnaməyə, habelə 15 fevral 2008-ci il tarixli Ukraynanın müəssisə və təşkilatlarının vahid dövlət reyestrinə daxil edilməsi haqqında arayışa əsasən dövlət təhsil müəsissəsidir. Universitet xx.xx.2012-ci il tarixli Ukrayna Elm və Təhsil Nazirliyinin AД № 072862 lisenziyasına və X9 Təhsil Müəssisəsi statusu üzrə akkreditasiya haqqında xx.xx.2010-cu il tarixli PД № ******* sertifikata malikdir.
3. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək, bakalavr diplomunun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamə verilməsini xahiş etmişdir.
4. Cavabdeh 27 sentyabr 2023-cü il tarixli 3-29-61/2-B-481- 4/2023 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda minimum tələb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) nəzərdə tutulur. Nəticə etibarilə, xarici təhsil aldığı müddətdə yuxarıda qeyd olunmuş təhsilin normativ müddətləri üzrə minimum tələbləri ödəyəcək qədər xarici təhsil aldığı ölkədə olmuşdursa Yeni Qaydalar əsasında yenidən tanınma üzrə müraciət edə bilər.
5. Cavabdeh tərəfindən iddiaçının sərhədkeçmə məlumatları və inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı 12 noyabr 2012-ci il tarixli Dİ 030593 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci illərdə X8 Qida və Ticarət Universitetində “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili almışdır. Ali təhsil müəssisəsini bitirdikdən sonra ona 12 noyabr 2012-ci il tarixində Dİ 030593 nömrəli bakalavr diplomu təqdim edilmişdir. Qeyd edir ki, Universitetdən əvvəl 2004-2007-ci illərdə Bakı Dövlət Sosial İqtisadi Kollecində “mühasib-iqtisadçı” ixtisası üzrə orta ixtisas təhsili aldığı üçün, X10 və Ticarət Universitetinə qəbul olduğu zaman barəsində 2 illik tədris müddətini əhatə edən fərdi tədris qrafiki tətbiq edilmiş və o, fərdi tədris qrafikinə uyğun olaraq “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. Əldə etdiyi kvalifikasiyanın tanınması məqsədi ilə xx.xx.2013-cü ildə Elm və Təhsil Nazirliyinə müraciət etsə də, 2 il icraat apardıqdan sonra Elm və Təhsil Nazirliyi tərəfindən tanınmadan imtina edilmişdir. Halbuki həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən tanınmadan imtina üçün heç bir səbəb yox idi. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması Qaydaları” qüvvəyə mindikdən sonra əldə etdiyi kvalifikasiyanın tanınması ilə bağlı yenidən Agentliyə müraciət etsə də, Agentlik “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1 -ci maddəsinin tələblərini nəzərə almadan faktiki olaraq müraciətinə baxmaqdan imtina etmişdir. Belə ki, o, təhsil aldığı 2010-2011-ci tədris ilində ailə vəziyyəti ilə əlaqədar olaraq dərslərin bir hissəsini qeyri-ənənəvi formada mənimsəmiş və sadəcə imtahanlarda əyani formada iştirak edə bilmiş, 2011- 2012-ci tədris ilində isə bütün dərslərdə iştirak etmişdir.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının diplom əlavəsinə əsasən onun təhsilə cəlb olunduğu müddətin xx.xx.2010-cu ildən başladığını və təhsilinin qısaldılmış proqram üzrə müddətinin 2,5 il (iki il yarım) olduğunu nəzərə alaraq təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2010/2011-ci tədris ili üzrə - 18 gün, 2011/2012-ci tədris ili üzrə - 10 gün olmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2015-ci il tarixdə imtina barədə məlumat ərizəçinin yaşayış yeri üzrə ünvanına poçt rabitəsi vasitəsi ilə göndərilmişdir. Hesab edirlər ki, imtina qanuni və əsaslıdır.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş etiraz ərizəsinə iddiaçı tərəfindən mülahizə təqdim edilərək bildirilmişdir ki, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi etirazda onun sərhədkeçmə məlumatlarına istinad edərək Ukraynada olduğu illərdə tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığını vurğulayır. Halbuki, cavabdeh özü də etirazda onun bir tədris ilində 18 gün, digər tədris ilində isə 10 gün Ukraynada olduğumu təsdiq edir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010- cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma tələblərinə aiddir. O, həmin müddət ərzində dərslərdə və imtahanda iştirak etməsə idi, ona hər hansı bir diplom verilməzdi. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarına istinad edərkən nəzərə almır ki, bu qərarla təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 1.1-ci bəndinə əsasən dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Söhbət məhz Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən gedir və bu proqram Ukrayna ali təhsil müəssisələri üçün əsas kimi çıxış edə bilməz. Şübhəsiz ki, Ukrayna ali təhsil müəssisələri tədrisi Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun təşkil etməyə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsi dəfələrlə öz qərarlarında (2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli; 2-1(102)-2084/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) qeyd etmişdir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə olan halda, 180 saatlıq illik dərs yükününün yarısı 90 saat təşkil edir ki, bu dərs yükünü də (90 saat: 6 saat = 15 gün) 15 günə yerinə yetirmək mümkündür. Eyni zamanda Ukraynada davamiyyətlə bağlı qanunvericiliklə təsbit edilmiş hər hansı bir normanın olmaması bir daha tədris yükünü yerinə yetirə bilməməsi ilə bağlı mülahizələrin sadəcə müxtəlif dəqiq olmayan mülahizə və tələblərə əsaslandığını göstərir. Cavabdeh etirazında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə ümumiyyətlə istinad etməmişdir. Halbuki həmin bəndin tələbləri barəsində tətbiq olunsa onun dərs yükünün 2/3 hissəsini ənənəvi (dərslərdə iştirak etməklə) şəkildə yerinə yetirdiyi isbat edilir. Ukraynanın “Ali Təhsil haqqında” Qanunun (2004-cü ildə qəbul olunub) 49-cu maddəsinə əsasən distant təhsil təhsilin əsas formalarından biridir ki, təhsilinin qalan 1/3 hissəsini isə distant əsaslarla yerinə yetirmişdir. Təəssüf ki, cavabdeh barəsində Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 24-cü maddəsinin tələblərini tətbiq etmək əvəzinə, müraciətini yalnız formal əsaslara söykənən qaydada cavablamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3427/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3427/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi iş üzrə bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, İddiaçı Ukrayna Respublikası X10 və Ticarət Universitetində “Müəssisə iqtisadiyyatı ” ixtisası üzrə bitirməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından, iddiaçının həmin təhsil müəssisəsini bitirməsi barədə Dİ 030593 saylı, xx.xx.2012-ci il tarixli diplom üzrə ixtisasının tanınmaması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməməsi qanuna ziddir.
13. Təəssüflər olsun ki, cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq iddiaçının ali təhsil almağı haqqında olan diplom üzrə ixtisası tanımamışdır. Bu isə İddiaçı gələcəkdə normal karyera qurmağına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqına töhvələr verməyinə ciddi maneə törədir. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında konvensiya” iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub. Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiva olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi səkildə oxuyaraq diplomu almasıdır. Əsər bu sərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur.
14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
15. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1 -ci bəndinə əsasən hazırlanmışdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
18. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə miivafıq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur.
19. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (ekstemat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
20. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.
21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır.
22. Qiyabi və distant təhsilalma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqləndirilən anlayışlardır. Müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı səruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması anlamına gəlmir. Mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qanunvericilik tərəfindən qadağan olunması qeyd edilməmişdir.
23. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələbinə cavab verməsi şərtdir.
24. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar”ında nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır.
25. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.
26. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasiyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın imtinası əsassızdır.
27. Beləliklə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hal mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. İddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.
28. Odur ki, iddiaçı tədris yükiinii yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanuni qərar qəbul edilmişdir. Belə ki, sərhəd məlumatlarına əsasən iddiaçı 10 gün və 18 gün təhsil aldığı ölkədə olmuşdur. İddiaçı qiyabi və distant təhsil deyir. Qiyabi və distant ayrı təhsil formalarıdır. Son zamanlar bununla bağlı Ali Məhkəmənin qərarları var. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
32. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
33. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:
5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
37. İnzibati Prosessual Məcəllə:
Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakılar qeyd edir.
40. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Ukrayna Təhsil və Elm Nazirliyi X8 Qida və Ticarət Universiteti tərəfindən ona verilmiş xx.xx.2012-ci il tarixli 030593 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasına və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına) yönəlmişdir.
41. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçının ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətnə uyğun gəlmir. İddiaçının təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün yetərli hesab oluna bilməz. Belə ki, iddiaçının tədris aldığı proqram üzrə 2.5 ildən ibarət olmuşdur. İddiaçının təhsil aldığı ölkədə olması müddətləri isə aşağıdakı kimi müəyyən edilmişdir: 2010/2011-ci il tədris ili üzrə -6 gün; 2011/2012-ci tədris ili üzrə - 12 gün; 2012/2013-cü tədris ili üzrə (xx.xx.2012-ci il tarixədək) – 7 gün.
42. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
43. Kollegiya hesab edir ki, hazırki işin xüsusi halları baxımından məhkəmələrin gəldiyi iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyinə və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair nəticə əsaslı hesab edilə bilər. Belə ki, iddiaçı 2010/2011-ci il tədris ili üzrə -6 gün; 2011/2012-ci tədris ili üzrə - 12 gün; 2012/2013-cü tədris ili üzrə (xx.xx.2012-ci il tarixədək) – 7 gün həmin ölkədə olmuşdur.
44. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, qiyabi-distant təhsil almış, mənimsəmə üzrə imtahanları internet üzərindən yerinə yetirmiş, mütəmadi olaraq ölkəyə gedib-gəlməyə zərurət olmamışdır, ona görə də iddiaçının dərs və imtahanlarda distant iştirakı yetərli hesab edilməlidir.
45. Göstərilənlərə münasibətdə kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)- 2762/2023 saylı xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri bilir: “28. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. 29. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. 30. İddiaçı İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. Deməli, o, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur. 31. Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.”
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı Ukrayna Respublikasında olmadığı dövrlərdə, dərsləri qeyri-ənənəvi formada mənsimsədiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Hətta etsə idi belə, qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Qanunvericilikdə təsbit olunmuş şərtlər ödənilmədiyindən, məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoya bilməz, odur ki, mövcud tələb üzrə cavabdehin imtinası əsaslı olmuşdur.
47. Qeyd edilməlidir ki, iddiaçı qeyri-ənənəvi formada, distant texnologiyalardan istifadə edərək təhsil aldığını bildirsə də, universitet tərəfindən distant texnologiyalardan istifadəyə dair müqavilə, distant texnologiyanın tətbiqi mexanizminə dair hər hansı sənəd (hansı müddətdə dərslərın online olması, imtahanların hansı qaydada verilməsi və s.), məlumat təqdim edilməmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir. Oxşar hüquqi mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2377/2023 saylı inzibati iş qərarında öz əksini tapmışdır.
49. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.
50. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3427/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Aytən Oruczadə