Məhkəmə qərarları › İş №2-1(103)-2699/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2699/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2699/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-329/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” cavabdehin 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə kameral yoxlama nəticəsində cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ilə ilə iddiaçıya aşağıdakı kimi əlavə vergilər hesablanmışdır: 1) 27 avqust 2020-ci il tarixli **********667100 nömrəli qərarı ilə 2017-ci ilin mənfəət vergisi üzrə - 43.644.98 manat; 2) 04 sentyabr 2020-ci il tarixli **********893600 nömrəli qərarı ilə 2018-ci ilin mənfəət vergisi üzrə - 5.985.76 manat; 3) 03 noyabr 2020-ci il tarixli **********362600 nömrəli qərarı ilə 2019-cu ilin may ayı üçün ƏDV üzrə - 9371,45 manat; 4) 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarı ilə 2020-ci ilin mart ayı üçün ƏDV üzrə - 4.312,86 manat. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan kameral yoxlama qərarları ilə ona hesablanmış əlavə vergilər qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, həmin kameral yoxlama nəticəsində qəbul edilmiş qərarları ilə iddiaçıya hesablanan vergilər Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun hesablanmış, qəbul edilmiş qərarlar onun elektron qaydada vergi ödəyicisinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-329/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlar ləğv edilmiş, 200 manat ekspertiza xərcin, cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabina ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qərarında yalnız ekspert rəyində qeyd edilənlərə istinad edilmiş və bunun əsasında iddia təmin edilmişdir. Ekspert rəyində müvafiq dövrlər üzrə vergi ödəyicisinin bəyannamədə göstərdiyi rəqəmlərə uyğun vergi məbləği göstərilsə də, vergi ödəyicisinin təqdim etdiyi müvafiq bəyannamələr üzrə azalmanın səbəbləri göstərilməmişdir.Eyni zamanda sadəcə gəlir və xərcə dair məbləğlər qeyd edilməklə mənfəət vergisi müəyyən edilmişdir. Müvafiq dövrlər üzrə hesablamalara dair hər hansı araşdırma aparılmadan vergiyə cəlb edilən dövriyyənin yaranma səbəbləri və məbləğləri barədə sübutlara istinad edilmədən ekspert rəyi verilmişdir.Ekspert düzgün nəticəyə gəlməmiş və rəyini səhv əsaslandırmışdır. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır. Eyni zamanda mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********362600 saylı qərar xx.xx.2020-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir.İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixdə oxunmasına baxmayaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Eyni zamanda mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********893600 saylı saylı qərar xx.xx.2020- ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixdə oxunmasına baxmayaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bunlarla yanaşı mübahisələndirilən 02 dekabr 2020-ci il tarixli **********910900 saylı qərar xx.xx.2020-ci il tarixində vergi ödəyicisinə electron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixdə oxunmasına baxmayaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Prosessual müddətlərin ötürülməsinə baxmayaraq məkhəmə tərəfindən qeyd edilən hallara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cəmiyyət tərəfindən aparılan əməliyyatların həcmi və vergi orqanı tərəfindən hesablamanın əsaslarına qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin qərarı əsaslandırılmadan sadəcə ekspert rəyinə istinad edilməklə qəbul edilməsi işin faktiki hallarına uyğun gəlmir və məhkəmə qərarı ekspert rəyində qeyd edilən məlumatlardan ibarətdir...” Məhkəmə kollegiyasının iclarında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi vəkil R.Əlizadə onunla razılaşmamış, iddiaçıya hesablanmış vergilərin əsassız olduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının qeyd olunan iddia tələbindən göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh dəlillərindən göründüyü kimi, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qeyd olunan xx.xx.2020, 04.09. 2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, iddiaçı tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qərarlarını mübahisələndirmək üçün qanunla müəyyən edilən iddia müddəti ötürılmüşdür. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia xx.xx.2020-ci il tarixdə qaldırılaraq, ilk öncə vergi orqanının yeddi qərarını mübahisələndirilmiş, daha sonra o, məhkəmə araşdırması gedişatında cavabdehin qanunsuz qərarlarının axtarışı istiqamətində, iddia ərizəsinə etirazları, təqdim etdiyi sənədlər və vergi məsuliyyətinə cəlb edən yeni qərarlarını aşkara çıxarmaqla, 5 dəfə iddia tələbini dəqiqləşdirmək məcburiyyətində qalmış, əl-nəhayət cavabdehin qeyd olunan dörd qərarı ilə hüquqlarının pozulduğunu müəyyənləşdirərək, həmin qərarların ləğv edilməsini məhkəmədən tələb etmişdir. Belə olan halda, yəni, tərəflər arasında mübahisəli hüquq münasibətləri məhkəmə araşıdırması çərçivəsində davam etdiyi və xx.xx.2020-ci il tarixdə iddia qaldırıldıqdan sonra, cavabdehin elektron qaydada oxunduğunu mübahisələndirdiyi həmin qərarları ilə hüquqlarının pozulduğunu aşkar edərək, onları mübahisələndirdiyi halda, iddiaçı tərəfindən qanunla müəyyən olunan 30 günlük iddia müddətinin buraxılmasından söhbət gedə bilməz. İşin mahiyyətinə gəldikdə isə sonuncu dəqiqləşdirmə ərizəsi üzrə iddiaçının mübahisələndirdiyi qərarların, işin halları və vergi qanunvericiliyinin tələbləri baxımından, əsaslılığı müəyyən olunmur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: 61.1.Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Cavabdehin kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi qərarlarından görünür ki, 27 avqust 2020-ci il tarixli qərarı ilə 2017-ci ilə görə 43.644.98 manat əlavə mənfəət vergisi, 04 sentyabr 2020-ci il tarixli qərarı ilə 2018-ci il üçün 5.985.76 manat əlavə mənfəət vergisi, 03 noyabr 2020-ci il tarixli qərarı ilə 2019-cu ilin may ayı ƏDV üzrə 9371,45 manat və 02 dekabr 2020-ci il tarixli qərarı ilə 2020-ci ilin mart ayı üçün 4.312,86 manat- əlavə dəyər vergisinin azaldılmasına görə əlavə vergilər hesablansa da, həmin qərarlar Qanunun qeyd olunan tələblərinə uyğun əsaslandırılmamıdır. Belə ki, qərarların hər birində iddiaçıya hesablanmış əlavə vergilərin əlaqədi məlumatlara əsasən hesablandığı bildirilsə də, hansı əlaqəli məlumatlardan söhbət getdiyi, həmin əlaqəli məlumatlarda hansı gösətricilərin aşkar olunduğu və bu göstərictilərin iddiaçının hesabatının və onun fəaliyyətinin hansı meyarlarına uyğun gəlmədiyi, eləcə də iddiaçı tərəfindən vergilərin hesablanmasında hansı pozuntulara verildiyi, hansı əsasa görə hesablayıb ödəməli olduğu vergilərdən yayındığı sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən həmin qərarların sonradan, cavabdeh vergi orqanının iddia ərizəsinə etirazında, nümayəndəsinin izahatlarında və hazırkı apellyasiya şikayətin dəlillərində müxtəlif versiyalarda əsaslandırılmağa çalışılması, heç də həmin qərarların əsaslılığını ehtiva edə bilməz. Cavabdeh vergi orqanının iddia ərizəsinə etirazında və apellyasiypa şikayətinin dəlilərində mövqeyindən belə anlaşılır ki, iddiaçıya əlavə vergilər Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddəsinin tələbləri qaydasında hesablanmışdır. Lakin bu zaman, cavabdeh istinad etdiyi Məcəllənin 67.14-cü maddəsinin tələbləri qaydasında bu Məcəllənin 83.9-cu maddəsinə əsaslanaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydanı tətbiq edənə qədər həmin Məcəllənin 67.1-ci maddəsində təsbit olunan halların müəyyən edilməsi istiqamətində araşdırma apardığı və hansı əsaslara görə Məcəllənin həmin norması ilə müəyyən edilən imkanlardan istifadə etmədiyini əsaslandırmadan, iddiaçının gəlirlərinin hesablanmasının mümkünsüz olması qənaətinə gəlməsini yetərincə sübuta yetirməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin imperativ göstərişindən isə görünür ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ekspert rəyinə əsaslanan mövqeyi ilə razılaşmayan dəlilləri ilə əlaqədar qeyd edir ki, işə baxan hakim tərəfindən işin həcmi və əhəmiyyət kəsb edən mahisabatlıq sənədələrinin çoxluğu nəzərə alınmaqla, məhkəmə -mühasibatlıq ekspertizası təyin etməsi və bu sahədə zəruri biliyiə malik ekspert tərəfindəin verilmiş rəyin sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirib qəbul etməsi, prosessual qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, İPM-in 1.2-ci və 29-1-ci maddələri baxımından, MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən, xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından da məhz görünür ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin qeyd olunan tələbğləri çərçivəsində məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspert tədqiqatı aparılaraq nəticələrinə dair məhkəməyə 08 sentyabr 2021-ci il tarixli, 9/5133 nömrəli ekspert rəyi təqdim olunmuşdur. Sözügedən ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (elektron qaimə fakturalar, bank sənədləri, hesab fakturalar, YGB-lər, bəyannamələr, müqavilələr və s.) əsasən: - “Şurataz LTD" MMC tərəfindən 2017-ci il üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisinin məbləği 67113,09 manat məbləğində, 2018-ci il üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisinin məbləği 9985,74 manat məbləğində müəyyən olunmuş, tədqiqat zamanı hesablanan vergilər ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV bəyannamələrinin göstəriciləri arasında fərq aşkar edilməmiş, həmçinin vergi ödəyicisınin vergi orqanına təqdim etdiyi 2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində də fərq aşkar edilməmiş, mübahisələndirilən (o cümlədən, xx.xx.2020, xx.xx.2020, 04.09. 2020, xx.xx.2020 - ci il tarixli) qərarları ilə İddiaçı MMC-yə hesablanmış vergi borcunun düzgünlüyü müəyyən edilməmişdir.” Qeyd olunmalıdır ki, rəydə qeyd olunan xx.xx.2020-ci il (No**********715900) qərarla 2020-ci ilin mart ayı üçün iddiaçıya 4.1130,31 manat əlavə vergi hesablanmış, həmin qərar sonrdan cavabdeh tərəfindən (hazırda mübahisələndirilən) xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilərək, əvvəlki (xx.xx.2020) qərarında göstərilən əsaslarala yenidən həmin vergi dövrü üçün eyni məbləğdə əlavə vergi (ƏDV) hesablanmışdır. Birinci instansiya məhkəməsi qərarında ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirərək, həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, işə əlavə olunmuş sözügedən ekspert rəyində ekspert onun qarşısında suallar üzrə vergi ödəyicisinin mühasibat uçotu sənədələrinə və vergi qanunvericiliyinin tələblərinə müvafiq elmi metodlar əsasında tədqiqat aparmaqla, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilən hesabatlarla dövlət büdəsinə ödənilməli olan vergilərin düzgünlüyünə aydınlıq gətirmiş, cavabdeh tərəfindən hesablanmış vergilərin düzgün olmadığını müəyyən etmişdtir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ekspertin rəyində gəldiyi nəticənin birinci instansiya məhkəməsi tərəfindən sübut əhəmiyyətli mötəbrli məlumatlar kimi qəbul edilməsi əsaslıdır. Beləliklə də cavabdehin qeyd olunan “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə iddiaçının ələavə vergi məsuliyyətinə cəlb olunması vergi qanunvericiliyinin tələblərinə zidd olduğu sübuta yetirilir. İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını faktlar nöqteyi-nəzərindən, mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin, məhkəmə tərəfindən vergi ödəyicisinin əməliyyatlarının həcminə və vergi orqanının hesablamalarına qiymət verilmədiyini və ekspert rəyi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayan dəlillərini əsassız sayır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-329/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-329/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar