Məhkəmə qərarları › İş №2-1(103)-2699/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2699/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2699/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzilin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5114/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 5-ci mərtəbədə olan 1 otaqlı mənzilin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Ticarət İdarəsində sürücü vəzifəsinə işə düzəlmiş və Hərbi Ticarət İdarəsi 1992-ci ildə Müdafiə Nazirliyinin tərkibinə keçdikdən sonra həmin idarədə işləməyə davam etmiş və xx.xx.1996-cı il tarixdə öz arzusu ilə işdən çıxmışdır. 1973-cü ildə ona Müdafiə Nazirliyinin mənzil fondundan 1 otaqlı yaşayış sahəsi ayrılmışdır. Həmin yaşayış sahəsi ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşir. O, hazırda həmin ünvanda pasport qeydiyyatındadır və həmin ünvanda 2022-ci ilin avqust ayınadək yaşamışdır. Həmin yataqxana hal-hazırda Müdafiə Nazirliyinin balansındadır. Lakin təxminən bir neçə ay əvvəl o, yataqxananın komendantından xahiş etmişdir ki, qızı xəstədir, 5-ci mərtəbəyə qalxıb-düşmək onun üçün çətindir, ona görə ona 1-ci və ya 2-ci mərtəbədən 1 otaqlı mənzil verilməsini xahiş etmişdir. Təbii ki, hazırda qeydiyyatda olduğu və 2 ay əvvələ qədər yaşadığı 1 otaqlı mənzilin təhvil verilməsi şərtilə. O, bu barədə yataqxananın komendantı ilə razılığa gəlmişdir. Lakin o, 1 otaqlı mənzilini 2 ay əvvəl yataqxananın komendantına təhvil versə də ona bunun əvəzinə başqa mənzil verilməmişdir. O, hazırda qızı ilə kirayədə yaşayır. O, ünvan 1 ünvanında 5-ci mərtəbədə olan 1 otaqlı mənzilinin ona qaytarılmasına köməklik edilməsi xahişi ilə xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinə mənzil məsələsi ilə bağlı ünvanladığı xx.xx.2022-ci il tarixli müraciəti Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsinə daxil olmuş, baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Qarnizonu Mənzil-istismar hissəsinə göndərilmiş və nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Daha sonra Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar İdarəsi tərəfindən ona 1966 №-li, xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabında göstərilir ki, «guya o, xx.xx.2011-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 1 A nömrəli yataqxanaya daimi pasport qeydiyyatına alınmasına baxmayaraq, onun yataqxananın 83 nömrəli otağına heç bir hüququ sənədi yoxdur və həmin otaqda uzun müddət yaşamadığına görə 83 nömrəli otağın boşaldılması üçün yoxlama komissiyası tərəfindən xəbərdar olunmuşdur. O, otağın boşaldılması üçün bir həftə vaxt istəyərək, həmin otağı özü boşaldaraq, aidiyyəti üzrə təhvil vermişdir. Lakin o, imtina məktubunda göstərilənlərlə razı deyil. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-5114/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tələb etdiyi 1 otaqlı mənzili məhkəmə qərarında göstərildiyi kimi, könüllü qaydada yox, yataqxananın 1-ci və 2-ci mərtəbəsində ona 1 otaqlı mənzilin verilməsi şərti ilə təhvil vermişdir. Onunla bargə yaşayan qızı xəstədir, 5-ci mərtəbəyə qalxıb-düşmək onun üçün çətindir. O, bu barədə yataqxananın komendantı ilə razılığa gəlmişdir. Lakin o, 1 otaqlı mənzili yataqxananın komendantına təhvil versə də, ona bunun əvəzinə başqa mənzil verilməmişdir. O, hazırda qızı ilə kirayədə yaşayır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş 4/2-3856 №-li, xx.xx.2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən 11 №-li hərbi ticarət rəisinin xx.xx.1972-ci il tarixli 167/1 №-li əmrilə (əsas: §-37, səh-78) 3-cü dərəcəli sürücü vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) sürücü İddiaçı, 1 №-li hərbi ticarət rəisinin 27.12 1996-cı il tarixli 130/1 №-li əmrilə əmri ilə (əsas: §-6, səh- 164) işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Bakı Qarnizonu Mənzil İstismar hissə rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Rəşid İsmayılov küçəsində yaşayaraq, 82 nömrəli mənzildə əvvələr qeydiyyatda olmuşdur, hal-hazırda ailə vəziyyətinə görə kirayədə yaşayır. Otağı təhvil verməyə etirazı yoxdur. Bir həftə möhlət verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən iddiaçıya ünvanlanmış 1966 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov ünvanında yerləşən 1a nömrəli yataqxananın 83 nömrəli 1 (bir) otaqlı otağın boşaldılması haqqında bildirirlər - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 2 saylı Qərarını əsas tutaraq - Bakı Qarnizonu Mənzil-İstismar hissə rəisi tərəfindən verilmiş əmrinə əsasən yoxlama komissiyası tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, o, arxiv sənədlərinə əsasən SSRİ dövründə Müdafiə Nazirliyinin tərkibində Ticarət İdarəsində sürücü vəzifəsində işləyərək 1a nömrəli yataqxanaya xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinə kimi və xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinə kimi Bakı şəhəri, Binəqədi rayonu, pasport masası tərəfindən müvəqqəti olaraq pasport qeydiyyatına alınmışdır. xx.xx.2011-ci il tarixində Bakı şəhəri Binəqədi rayonu, Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 1a nömrəli yataqxanaya daimi pasport qeydiyyatına alınmasına baxmayaraq, onun yataqxananın 83 nömrəli otağına heç bir hüququ sənədi yoxdur və həmin otaqda uzun müddət yaşamadığına görə, 83 nömrəli otağın boşaldılması üçün, yoxlama komissiyası tərəfindən xəbərdar olunmuşdur. Otağın boşaldılması üçün, bir həftə vaxt istəyərək, həmin otağı özü boşaldaraq, aidiyyəti üzrə təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin rəisinin “Xüsusi təyinatlı yaşayış sahələrində yaşayan Müdafiə Nazirliyi ilə xidməti münasibətləri olmayan şəxslərin araşdırılması haqqında” xx.xx.2022-ci il tarix 60 nömərli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 2 nömrəli qərarının 1.13 yarımbəndinə əsasən tabelikdə olan 1A nömrəli yataqxanada yaşayan, Müdafiə Nazirliyi ilə xidməti münasibətləri və ya yaşadığı otağa hüquqi sənədi olmayan şəxslərin araşdırılması və bu məqsədlə komissiyanın yaradılması əmr edilmişdir. Həmin məktuba əlavə edilmiş xəbərdarlıqdan görünür ki, Bakı Qarnizonu Mənzil- İstismar Hissəsi tərəfindən İddiaçı müvafiq xəbərdarlıq göndərilərək, bildirilmişdir ki, o, 1A nömrəli yataqxananın 83 nömrəli 13 kv.m ölçülü otağını yaşamayıb saxlayır, yaşamadığı otağı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərinə olan müddət ərzində boşaldılması İddiaçı tələb edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı tərəfindən Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Rəşid İsmayılov küçəsində yaşayaraq, 82 nömrəli mənzildə əvvələr qeydiyyatda olmuşdur, hal-hazırda ailə vəziyyətinə görə kirayədə yaşayır. Otağı təhvil verməyə etirazı yoxdur. Bir həftə möhlət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri.

92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1972-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi ticarət idarəsində sürücü vəzifəsinə təyin olunmuş və 27.12 1996-cı il tarixdə işdən azad edilmişdir. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinə kimi və xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinə kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 1A nömrəli yataqxanaya müvəqqəti olaraq pasport qeydiyyatına alınmışdır, xx.xx.2011-ci il tarixdə isə daimi pasport qeydiyyatına alınmışdır. İddiaçı qeyd olunan otaqda uzun müddət yaşamadığı üçün, Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən ona otağın boşaldılması təklif olunmuş və iddiaçı ərizə ilə müraciət edərək, otağın boşaldılması etiraz etmədiyini bildirmiş və könüllü surətdə otağı təhvil vermişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5114/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar