Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2699/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarların ləğv edilməsi, əlilliyin bərpa edilməsi və səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(112)-4784/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qərarının ləğv edilməsi, əlilliyinin dayandırıldığı 10 may 2023-cü il tarixdən bərpa edilməsini, əlillyin təyinatı barədə qərarda əlilliyin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ifadəsi ilə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət keçərkən yaralanmış, səhhətinə zərər dəymiş, bununla əlaqədar 01 mart 2021-ci il tarixində 5 il müddətinə ona ikinci qrup əlillik təyin edilmişdir. Əlilliyin səbəbli əlaqəsi hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar qeyd edilmişdir. Səbəbli əlaqə ilə razı olmama səbəbindən məhkəməyə müraciət edilmiş, Mərkəzi Hərbi Həkim Komissiyasının 296 nömrəli qərarı ləğv edilmiş yeni qərar verilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” göstərilmişdir. Bundan sonra qeyd olunanların nəzərə alınması üçün cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən ümumiyyətlə əlillik qrupunun ləğv edilməsi qərara alınmışdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinin müayinəsi zamanı diaqnozun əlillik təyin etməməsi müəyyən edilmişdir. Belə ki, iddiaçıya 01 mart 2021-ci il tarixdən əlillik təyin edilmiş, səbəbli əlaqə barədə iddiaçı cavabdehə müraciət etmiş,10 may 2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı tam reabilitasiya olma barədə qərar qəbul edilmişdir. Sonrakı müayinələr zamanı da əlillik təyinatına əsas müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(112)-4784/2024 saylı qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbinin təmin edilməsi, cavabdehin iddiaçıya əlilliyin təyinatından imtina barədə 20 sentyabr 2023-cü il tarixli və 16 avqust 2023-cü il tarixli qərarlarının ləğv edilməsi, iddiaçıya təyin edilmiş 01 mart 2021-ci il tarixli ikinci dərəcə 05 il müddətinə təyin edilmiş əlilliyinin tam reabilitasiya olunması (elektron sistemdən çıxarışlarda 10 may 2023-cü il tarixli qərarı kimi göstərilən) qanunsuz hesab edilməklə həmin əsasla dayandırıldığı 10 may 2023-cü il tarixdən bərpa edilməsi və həmin əlilliyin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ifadəsi ilə dəyişdirilməsi vəzifəsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi» X9 həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək baxılmış və “diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı xx.xx.2014-cü il tarixdə TSEK tərəfindən "Keçirilmiş serebral araxnoidit tez-tez təkrarlanan krizlərlə” diaqnozu ilə ilkin əyani müayinə olunmuş və hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Vətəndaş növbəti dəfə xx.xx.2015-ci il tarixində TSEK tərəfindən "Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri - mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə" diaqnozu ilə təkrar əyani müayinə olunmuş və ona hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdən həmin əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixədək əlillik AS-də avtomatlaşmış qaydada 5 il müddətinə uzadılmışdır. Daha sonra tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 2786003AAEG6 nömrəli göndəriş DTSERA-da əyani müayinə əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar verilmişdir. Vətəndaş əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciəti əsasında DTSERA-da xx.xx.2021-ci il tarixdə əyani müayinədə olmuş və xx.xx.2021-ci il tarixli əlillik təyinatının səbəb əlaqəsinin “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” kimi dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və tam reabilitasiya olması barədə qərar verilmişdir. Vətəndaş İddiaçı növbəti dəfə əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciəti əsasında xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində yenidən əlavə əyani müayinənin araşdırılması aparılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yenilənmiş xx.xx.2022-ci il tarixli 884 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Şəraitlə əlaqədar nevrotik reaksiyalar. Keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit, kəllədaxili təzyiqin artması ilə. Hər iki gözün sadə miopik astiqmatizmi. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Veqetativ damar distoniyası. Dissirkulyator ensefalopatiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Başın sağ təpə nahiyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş DTSERA-da əyani müayinələri zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 606 nömrəli “Hipertoniya xəstəliyi İ mərhələ. Keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit və kəllədaxili təzyiqin artması. Hər iki gözün miopik astiqmatizmi. Vegetativ damar distoniyası. Dissirkulyator ensefalopatiya” diaqnozlu və “Hərbi xidmət dövründə alınmışdır” səbəbəlaqəli, Azərbaycan Respublikası MN MHHK xx.xx.2021-ci il tarixli 296 nömrəli “Şəraitlə əlaqədar nevrotik reksiyalar. Keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit. kəllədaxili təzyiqin artması ilə. Hər iki gözün sadə miopik astiqmatizmi. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Vegetativ damar distoniyası. Dissirkulyator ensefalopatiya” diaqnozlu “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” səbəb-əlaqəli və “Başın sağ təpə nahiyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi" diaqnozlu “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəli Qərarlarını təqdim etmişdir. Təqdim olunmuş hərbi sənədlərdə (Qərarlar və ******* nömrəli hərbi biletdə) qeyd olunmuş məlumatlara əsasən vətəndaş 2007-ci ildən xəstələnməsinə və 2010-cu ildən baş travması almasına baxmayaraq xx.xx.2013-cü il tarixədək hərbi xidmətdə olmuş və xidməti uyğunsuzluğa görə təxris olunmuşdur. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaş və diqqət pozğunluğu əlamətləri, stereotipik hərəkətlər (stulda oturarkən irəli-geri yellənmə), koqnitiv pozuntular, suallara çox düşünərək cavab verməyini nümayiş etdirmiş, baş ağrılarından şikayətlənmişdir. Klinik əlamətlərin epikrizlərdəki və Tibbi Rəydəki diaqnozlarla, həmçinin nevroloji statusun KT müayinəsi ilə uyğunsuzluğu nəzərə alınaraq, vətəndaşdan KT şəkillərinin təqdim olunması tələb edilmişdir. Sonradan təqdim olunmuş baş-beyin KT şəkillərində patologiyanın aşkarlanmaması, vətəndaşın koqnitiv funksiyalarının enikliyini qabarıq nümayiş etdirməsi, lakin diaqnozlarda əksini tapmaması, həmçinin hərbi sənədlərdəki uyğunsuzluq nəzərə alınaraq tibbi sənədlərdə hiperdiaqnostikaya yol verildiyi düşünülmüş və hazırkı vəziyyəti əlillik səviyyəsində qiymətləndirilməmişdir” kimi qeyd olunmuş, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı güclü baş ağrılarından şikayətlənmişdir. Anamnestik məlumatlarında başağrıları zamanı görməsinin qaraldığını, gözünü yumduğu zaman qarabasmaların olduğunu (yarasa-qarğalar uçub gəldiyini) bildirmiş, medikamentoz preparatlardan "Roksizapin”, “Finlepsal, “Kavinton” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı alının tüklü hissəsinin sağ hissəsində çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaş xx.xx.2022-ci il tarixdə əyani müayinə zamanı ciddi psixiatrik şikayətlər bildirməmiş, həmçinin psixi müayinə və müalicə sənədləri təqdim etməmiş, təqdim olunmuş yeganə Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli, 2753 nömrəli “Üzvi mənşəli emosionallabil pozuntu, Nevroloji xəstəliyə görə ixtisaslaşdırılmış müayinə tövsiyyə olunub” diaqnozlu Tibbi Rəyində əlillik təyinatına əsas verə biləcək ağır psixiatrik diaqnozlar qeyd olunmamışdır. Hazırda təqdim olunmuş psixi sənədlər 2023-cü ilin iyun-iyul-avqust aylarına məxsus olması müəyyənləşdirilmiş, həmçinin 2 X6 Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 6774/23 nömrəli Tibbi Rəyində “suisidal fikirlər və cəhd” məlumat qeyd olunsa da, vətəndaş özü bu barədə heç bir məlumat verməmişdir. Müayinə gedişatında heç bir koqnitiv gerilik müşahidə edilməmiş, simulyasiya əlamətləri izlənilmiş, hazırda psixi statusunda psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixdə əyani müayinə zamanı ciddi psixiatrik şikayətlər bildirməmiş, həmçinin psixi müayinə və müalicə sənədləri təqdim etməmiş, təqdim olunmuş yeganə Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli, 2753 nömrəli “Üzvi mənşəli emosionallabil pozuntu. Nevroloji xəstəliyə görə ixtisaslaşdırılmış müayinə tövsiyyə olunub” diaqnozlu Tibbi Rəyində əlillik təyinatına əsas verə biləcək ağır psixiatrik diaqnozlar qeyd olunmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 390 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş kəllədaxili travmanın nəticələri. Koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 687 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 X6 Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli, 6774/23 nömrəli Tibbi Rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi, (AR müdafiəsi zamanı aldığı travma) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində suisidal fikirlər və cəhd” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 6275 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş kəllə-beyin daxili travmanın nəticəsi. Koqnitiv funksiyaların pozulması. Postravmatik ensefalopatiya. Keçirilmiş neyroinfeksiyadan sonrakı vəziyyət. Tez-tez təkrarlanan qarışıq tipli krizlərlə. Qabarıq asteno-nevrotik sindrom” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 xx.xx.2023-cü il tarixli MRT müayinəsinin nəticəsi “Baş beyinin hər iki hemisferində periventrikulyar ağ maddəsində sentrum semiovalidə korona radiatada, beyincik hemisferlərində yerləşən, T2 və FLAİR hiperintens, bir-biri ilə birləşməyə meyilli glial ocaqlar, sağ təpə payında kortiko-subkortikal yerləşimli 11 mm ölçüdə ensefalomalazik sahə-ensefalopatiya MR görüntüsü (anamnezə əsasən posttraymatik olması inkar edilmir). Hər iki hemisferdə qiruslar arası məsafələrin artışı, beyin suİkusları dərinləşmişdir, İİİ mədəciyin transverzal ölçüsü və lateral mədəciklərin ölçülərinin artması, periventrikulyar leykoaraiozis-beyin atrofiyası MR dəyişiklikləri (orta dərəcəli)”. kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliyin müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırki işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlilliyin müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 390 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş kəllədaxili travmanın nəticələri. Koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 687 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə ’’kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 X6 Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6774/23 nömrəli Tibbi Rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi, (Azərbaycan Respublikası müdafiəsi zamanı aldığı travma) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində suisidal fikirlər və cəhd” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 6275 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş kəllə-beyin daxili travmanın nəticəsi. Koqnitiv funksiyaların pozulması. Postravmatik ensefalopatiya. Keçirilmiş neyroinfeksiyadan sonrakı vəziyyət. Tez-tez təkrarlanan qarışıq tipli krizlərlə. Qabarıq asteno-nevrotik sindrom” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki halları tam hərtərəfli araşdırılmamış, bununla da prosessual normaların tələbləri pozulmuş, nəticədə qanunsuz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(112)-4784/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən qanuni qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(112)-4784/2024 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: • Tibbi Sosial Ekspert Komissiyasından sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, iddiaçıya 01 mart 2021-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. • Mərkəzi Hərbi Həkim Komissiyasının 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Komissiya özünün 296 nömrəli qərarını ləğv etmiş, səbəbli əlaqənin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” formasında qeyd edilməsi barədə qərar qəbul edilmişdir. • Tibbi Sosial Ekspert Komissiyasından sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, 16 avqust 2023-cü il tarixli qiymətləndirmə əsasında diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. • 06 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 16 avqust 2023-cü il tarixdə iddiaçı qəbulda olmuş, əlillik əlaməti təyin edilməmə barədə qərar qəbul edilmişdir. • Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia təmin edilərək səbəbli əlaqənin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması barədə qərar qəbul edilməsi öhdəliyi müəyyən edilmişdir. • Əlillik altsistemindən elektron çıxarışlardan görünür ki, iddiaçıya 01 mart 2026-cı il tarixədək 5 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, 10 may 2023-cü il tarixli müayinə əsasında onun tam reabilitasiya olması barədə qərar qəbul edilərək əlilliyin təyinatından imtina edilmişdir. • 16 avqust 2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, iddiaçıya əlilliyin təyinatından imtina verilmişdir. • 20 sentyabr 2023-cü il tarixli Komissiyanın qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi qərara alınmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə müvafiq olaraq, əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nında aşağıdakılar göstərilmişdir: " ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda aşağıdakılar göstərilmişdir: “ ... 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya: - xx.xx.2014-cü il tarixdə "Keçirilmiş serebral araxnoidit tez-tez təkrarlanan krizlərlə” diaqnozu ilə (G4-47 kodlar üzrə) hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində "Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri. Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə" diaqnozu ilə (G00- G09 kodlar üzrə) “Hərbi xidmət dövrü ilə əlaqədar” 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə "Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri. Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə" diaqnozu ilə (G00- G09 kodlar üzrə) “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixdə "Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri. Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə" diaqnozu ilə (G00- G09 kodlar üzrə) “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciəti əsasında əyani müayinə olunaraq "Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə" diaqnozu ilə (G00-G09 kodlar üzrə) xx.xx.2021-ci il tarixli əlillik təyinatının səbəbəlaqəsinin “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” kimi dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixdə göndərişlə iddiaçının əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciəti əsasında əyani müayinə olunaraq "Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri-Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə" diaqnozu ilə (G00-G09 kodlar üzrə) “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixdə iddiaçının müraciəti əsasında əyani müayinə olunaraq "Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri-Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə" diaqnozu ilə (G00-G09 kodlar üzrə) “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. - 20.09.2023-cü il tarixdə iddiaçının müraciəti əsasında yenidən əyani müayinəsi aparılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçının stasionarda müalicəsi zamanı anamestik kliniki, laboratorinstrumental müayinələrin nəticələri barədə tibbi sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 02 dekabr 2022-ci il tarixli, 884 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Nizami RHK tərəfindən 2001-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Şəraitlə əlaqədar nevrotik reaksiyalar”; xx.xx.2007ci ildən xx.xx.2007-ci ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: “Keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit, kəllədaxili təzyiqin artması ilə”; xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu xəstəlikdiaqnoz: “Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Keçirilmiş neyroinfeksiyadan sonrakı qalıq əlamətləri”; xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu xəstəlik diaqnoz: “Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit, kəllədaxili təzyiqin artması. Hər iki gözün sadə miopik astiqmatizmi”; xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu xəstəlik-diaqnoz: Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Vegetativ damar distoniyası” xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu xəstəlik diaqnoz: Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Dissirkulyator ensefalopatiya”; xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu xəstəlik-diaqnoz: Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Vegetativ damar distoniyası” ( Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2022-ci il tarixli 11 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli, 19 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalında verilmiş xx.xx.2007-ci il tarixli, xx.xx.2007-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və hərbi xidmət dövründə döyüş postlarını yoxlayarkən xx.xx.2010-cu ildə aldığı və N nömrəli hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu travma diaqnoz: “Başın sağ təpə nahiyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi” (Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3528 nömrəli qərarı, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 726 nömrəli travma haqqında arayışı və N nömrəli hərbi hissənin zədələnmələr kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 19 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Keçirilmiş serebral araxnoidit tez-tez təkrarlanan krizlərlə. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => Digər: Keçirilmiş serebral araxnoidit. X1: Vİ Sinif-Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G44 - Baş ağrısının digər sindromları => G44.3 - Xroniki posttravmatik baş ağrısı” - 1 il müddətlə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni:Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu.... X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri” - 1 il müddətlə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, qarışıq tipli krizlərlə. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu.... X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri” - 5 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-cı il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit (2007). Postkontuzion sindrom, Qabarıq asteno-nevrotik sindrom. Kəskin ifadəli vegetativ damar distoniyası. Mnestik funksiyaların enməsi (yaddaş, qavrama). Kəllədaxili travmaların nəticələri. Travmadan sonrakı ensefalopatiya. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan veg....” - 5 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni:Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit (2007). Postkontuzion sindrom, Qabarıq asteno-nevrotik sindrom. Kəskin ifadəli vegetativ damar distoniyası. Mnestik funksiyaların enməsi (yaddaş, qavrama). Kəllədaxili travmaların nəticələri. Travmadan sonrakı ensefalopatiya. X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G00 – Digər rubrikalarda təsnif olunmayan bakterial meningit => G00.9 – Dəqiqləşdirilmiş bakteri.... Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Tam reabilitasiya olması-Səbəb: Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir”. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-2699/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: iddiaçı müvafiq diaqnostik müayinə metodları əsasında canlı müayinə olunmaqla hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin dinamikası, klinik proqnozlarına əsaslanan sağlamlıq vəziyyətinin real və obyektiv qiymətləndirilməsini aparılmaqla onda müəyyən edilən xəstəlik və ağırlaşmaları hansılardır?; İddiaçıda aparılan müayinənin nəticəsində göndərişində göstərilən diaqnozlar öz əksini tapırmı?; İddiaçıda aparılan müayinənin nəticəsində göndərişində göstərilən diaqnozlar təsdiqini tapdığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (ləğv edilmiş) və ya hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin beynəlxalq təsnifat üzrə hansı kodlarına uyğundur?; İddiaçının sağlamlıq vəziyyəti (xəstəlik və ağırlaşmaları) bərpa olunandır mı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 08 oktyabr 2024-cü il tarixli, 4502 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli, 2561 saylı ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Ekspert qarşısında qoyulan suallara aşağıdakı formada cavab verilmişdir: “ ... yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla müəyyən edilir. ... Yoxlanılan şəxs İddiaçı müayinənin nəticəsində göndərişində göstərilən diaqnozlar öz əksini tapır. ... Yoxlanılan şəxs İddiaçı əmək qabiliyyətinin olub-olmamasının mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan əlilliyin təyin edilməsi meyarlarına istinadən dəyərləndirilir. Müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən meyarlarla yanaşı, həyat fəaliyyəti kateqoriyaları da dəyərləndirilir. Əlilliyə əsas verən həyat fəaliyyəti kateqoriyalarından, 1. Özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları, 2. Sərbəst hərəkət etmə bacarığı - sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı, 3. İstiqamətseçmə bacarığı - ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyin qiymətləndirilməsi bacarığı, 4. Ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurma bacarığı, 5. Davranışına nəzarətetmə bacarığı – özünü dərk etmək, sosial hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı, 6. Öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədənivə məişət xarakterli təcrübəni) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı, 7. Əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi istiqamətlərdə kənar şəxs nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilmir. İstinada əsasən, əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar (yəni situasiyanı mühakimə qabiliyyəti, özünə tənqidin, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı –mövcud vəziyyət tibbi sənədlərdə təsdiqini tapmır), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərə çarpan dəyişikliklərə (müfəssəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq), təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi hallar izlənilmir. Yekun olaraq, müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analız qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. ... Yoxlanılan şəxs İddiaçı göstərilən psixi pozuntunun müalicə olunaraq sağalması barəsində qoyulan suala cavab olaraq bildirmək olar ki, onda müəyyən edilən “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” aldığı müalicələrə baxmayaraq pozuntu əlamətləri təkrarlandığı üçün həmin psixi pozuntunun dəqiq proqnozunu vermək mümkün deyildir”. Məhkəmə kollegiyası bununla yanaşı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əlilliyi 01 mart 2021-ci il tarixdən 5 il müddətinə, yəni 01 mart 2026-cı il tarixədək təyin edilmişdir. Bu o deməkdir ki, iddiaçının əlilliyinə əsas olan xəstəliklə əlaqədar sağlamlıq vəziyyəti yaxşılaşa bilər və tam reabilitasiya olunma səbəbindən növbəti dəfə ona əlillik təyinatı aparılmaya bilər. Lakin bu zaman cavabdeh, həmçinin onu da nəzərə almalıdır ki, 01 mart 2026-cı il tarixədək iddiaçının sağlamlıq vəziyyəti müxtəlif dövrlər üzrə həm yaxşılaşa, həm də pisləşə bilər. Odur ki, tam reabilitasiya olunma nə qədər ki, əlilliyin təyinatına dair qərar qanunsuz və əlverişsiz inzibati akt kimi müəyyən edilməklə ləğv edilməyib, təyin edilmiş əlilliyin hüquqi nəticələrinin aradan qaldırılması əsası qismində çıxış edə bilməz. Cavabdeh 01 mart 2026-cı il tarixdə, yəni əlilliyin müddəti bitdikdə şəxsin reabilitasiya vəziyyətini yoxladıqdan sonra növbəti təyinatın aparılıb-aparılmaması barədə qərar qəbul etmək səlahiyyətinə malik olmuşdur ki, cavabdeh isə həmin halı nəzərə almadan, ilkin təyinatın qanunsuz və əsassızlığına qiymət vermədən tamamilə ayrı müraciət üzrə icraat zamanı tam reabilitasiya olma barədə mövqeyə gəlmişdir. Tam reabilitasiya olma barədə qərar qanuni və əsaslı olmadığından, iddiaçı barəsində sonradan əlillik təyinatından imtina barədə qərarların da qanuni və əsaslılığından söhbət gedə bilməz. Göstərilən qanunsuz və əsassız yanaşma, həmçinin cavabdeh tərəfindən inzibati icraatla bağlı qanunvericiliyin tələblərinin pozulmasından irəli gəlir. Belə ki, iddiaçının müraciətinin mahiyyətindən aydın olur ki, müraciət əliliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə əlaqədardır. Cavabdeh isə səbəbli əlaqənin dəyişdirilməsi ilə əlaqədar inzibati icraat aparmaq əvəzinə, iddiaçının etimad hüququna istinadı istisna edilməyən əlverişli inzibati aktın faktiki olaraq iddiaçıya münasibətdə hüquqi nəticələrini aradan qaldırmağa yönəlmiş icraat aparmış, iddiaçının hüquqi vəziyyətini daha da ağırlaşdıraraq ümumiyyətlə əlillik statusunun itirilməsinə səbəb olmuşdur. Göründüyü kimi iddiaçının müraciəti əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlı olmuş, cavabdeh həm həmin müraciətin təminindən dolayısı ilə imtina etmiş, həm də özünün əlillik təyinatı barədə qərarında növbəti müayinə tarixinin müəyyən edilməsinə əhəmiyyət vermədən onun müraciəti əsasında iddiaçının vəziyyətini daha da ağırlaşdıran qərar qəbul etməklə inzibati icraat aparmışdır. Halbuki qərarda növbəti müayinə tarixi konkret olaraq göstərmişdir. Həmin müayinə tarixi iddiaçının sağalması, vəziyyətinin yenidən ağırlaşması kimi halların həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi və ya digər formada əlillik statusunun itirilməsi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun əlillik təyinatından 5 il müddətində səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin mövcudluğun zərurət yaranmazdır ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməli olmasına münasibətdə də birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qanuni və əsaslıdır. Belə ki, nə qədər ki, əlilliyin təyinatı qanuni və əsaslı olmuş və əlillik təyin edildiyi vaxtdan 5 il müddətində qüvvədə olmalı olmuşdur ki, bu zaman həmin əlilliyin təyinatı ilə əlaqədar səbəbli əlaqənin dəyişdirilməsinə münasibətdə də inzibati icraatın aparılmasına cavabdeh borclu olmuşdur. Həmin icraat çərçivəsində təqdim edilən Komissiyanın qərarından isə görünür ki, əlilliyin təyinatına əsas olmuş xəstəliyin səbəbli əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olmuşdur. Həmin qərar inzibati aktdır, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədən salınmamışdır. Odur ki, əlilliyin səbəbli əlaqəsinin hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar olmasına əsas olmuş Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının ləğv edilərək Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar hərbi travmanın göstərilməsi ilə bağlı inzibati akt cavabdeh üçün qanuni və əsaslı əlillik təyinatı barədə qərarda səbəbli əlaqənin dəyişdirilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətləri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4784/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4784/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-2699/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2699/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver