Məhkəmə qərarları › İş №2-1(103)-27/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-27/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-27/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-2939/2018 saylı qərarından cavabdehin nümayəndəsi B.Müslümov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2939/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin imtinası qanunsuz sayılmış, İddiaçıu Ukrayna Respublikası Kiyev Milli İnşaat və Memarlıq Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Дİ 004712 nömrəli magistr diplomu üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan cavabdehin nümayəndəsi B.Müslümov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı «diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi» barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 2 (iki) aylıq müddət təyin edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə iddiaçı Kiyev Milli İnşaat və Memarlıq Universitetini “sənaye və mülki inşaat” ixtisası üzrə bitirmiş və ona xx xxxx 2015cı il tarixli Д1 004712 nömrəli magistr diplomu verilmişdir. Bundan əvvəl o, Azərbaycan Memarlıq və İnşaat Universitetini həmin iştisas üzrə fərqlənmə diplomu ilə bitirmişdir, iddiaçı xx xxxxxx 2017-ci ıl tarixdə müvafiq sənədləri lazımi qaydada təsdiqlətməklə hazırkı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmiş və diplom üzrə tanınmasını xahiş etmişdir Müvafiq sorğulara cavab aldıqdan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi x xxx 2018-cı il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, onun sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinın müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun gəlmədiyindən, aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Cavabdehin x xxx 2018-ci il tarixli məktubundan görünür ki, guya onun sənədlərinə həmin Qaydalara uyğun baxılaraq Ekspert Qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Lakin sözügedən Qaydalarla diplom üzrə ixtisasın tanınmasından imtina üçün əsaslar konkret müəyyən olunmuşdur. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən məlum olmuşdur ki, təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğyn sayılmamışdır. Eksprt rəyində qeyd edilir ki, ki, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Ekspert rəyində qeyd edilir ki, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan tədris dilini bilmədiyi halda diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Onun tədris dilini bilməməsi bu sahədə keçirilən dərslərin öyrənilməsini, həbelə diplom üzrə lazım olan dərsləri öyrənməsi və müvafiq birliklərə yiyələnməsini istisna etmir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, omnun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Ukrayna Respublikası Kiyev Milli İnşaat və Memarlıq Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini “sənaye və mülki inşaat” ixtisası üzrə bitirməsi barədə xx xxxx 2015-ci il tarixli Д1 004712 nömrəli magistr diplomu verilmişdir. Diplom həmin ölkənin səlahiyyətli qurumu tərəfindən apostillə təsdiqlənmişdir.İddiaçı həmin diplom üzrə ixtisasm tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin cayabdeh məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, Nazirliyin nəzdində fəaliyyət göstərən müvafiq komissiya onun (iddiaçının) ixtisasını mənimsəməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx xxxx 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları’’nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bır şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətinə baxzılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu hakda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah olunur. Həmin Qaydalatın 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində İxtisasının tanınmasından sonra). - Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin -Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. - Azərbaycan Respublikasının xx xxxx 2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edilmişdir. - Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. - Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli 595-1İQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5- də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər) Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Cavabdeh inzibati orqanda inzibati icraat üzrə qanunvericilik (AR NK-nın xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü bəndinə görə) 1 ay müddət müəyyən etdiyi halda, iddiaçının müraciətinə baxılmasının nəticələrinə dair cavabı (imtinası) 4 aydan çox vaxt keçdikdən sonra vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının xx xxxx 2000-cı il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı məsələyə həmin Sazişin 5-ci maddəsinə əsasən ərizəçinin (iddiaçının) aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə (1 ay müddətində) münasibət bildirməli idi. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdehin dəlili (iddiaçının ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması) imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli xx xxx 2003- cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla tam şəkildə uzlaşmır və onların dairəsinə daxil deyil. İddiaçının ixtisası mənimsəməsi üçün tədris dilini qənaətbəxş səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın dəlili əsaslı sayıla bilməz. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı Ukrayna Respublikası Kiyev Milli inşaat və Memarlıq Universiteti tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli Д1 004712 nömrəli magistr diplomu üzrə ixtisasın tanınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İV.7-ci maddəsinə əsasən razılığa gələn tərəflərə belə bir diskresion səlahiyyət verilmişdir ki, ali təhsil üzrə ixtisasın tanınması - ərizəçinin kifayətedici həcmdə təhsil aldığı dili və ya dilləri bilmə qabiliyyətinə malik olması barədə sübutlarından asılılıq altına qoyula bilər. İddiaçının ali təhsil haqqında sənədlərinə və cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi sübutlara əsasən müəyyən edilir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na, «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın müddəalarına uyğunluğu yoxlanılarkən, onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının xx.xx.2019cu il tarixli 2-1(103)-781/2019 saylı qərardadı ilə iddiacının “diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə (müraciətinə) AR Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 2 (iki) aylıq müddət təyin edilmişdir. AR Təhsil Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, 18-18-54/12 saylı məktubunda İddiaçı ekspert komissiyası tərəfindən dəfələrlə müsahibəyə dəvət edilməsinə baxmayaraq, o müsabəyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə idarəyə heç bir məlumat verməmişdir. İddiaçı müsahəbəyə gəlmədiyindən qərardadın icrası mümkünsuz olmuşdur. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2939/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi B.Müslümov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2939/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar